Ermənistan və Azərbaycan yeni Şərq-Qərb qarşıdurmasında Siyasət

Ermənistan və Azərbaycan yeni Şərq-Qərb qarşıdurmasında

Avropanın əsas enerji mənbəyi olan Azərbaycanın mövqeyi Qərb üçün həlledici amilə çevrilir

Cavid

Rusiyanın Ukrayna xalqının azad seçim etmələrinə və Avroatlantik məkana inteqrasiyaya doğru irəliləmələrinə mane olmaq üçün gücünü göstərməsi, Ukraynaya qarşı təcavüz qarşısında Qərbin cəkingən mövqeyi Cənubi Qafqaz regionunda Qərblə bağlı mövqeləri haçalandırıb. Ermənistan onsuz da Qərb ölkələrinin sanksiyaları altında təcrid olunan Rusiya ilə xarici və iqtisadi siyasət və əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiqləmişdi .
ABŞ-ın "Daily Caller" qəzetinin yazdığına görə, Azərbaycan bu gün xüsusilə Obama administrasiyasının zəifliyi, vahid xarici siyasətin olmaması və səmərəsiz tədbirlərilə üz-üzədir. Ona görə də, Azərbaycan xarici siyasətdə mövqeyini yenidən müəyyənləşdirməlidir. Belə ki, ölkə Avropanın Rusiya enerjisindən asılılığını azaltmaq üçün nəzərdə tutulmuş müxtəlif enerji layihələri vasitəsilə bir sıra Avropa ölkələri ilə daha sıx ikitərəfli əlaqələr yaradır. Bundan başqa, Azərbaycan İsrail, Türkiyə və daha çox Avropa ölkəsi daxil olmaqla, mövcud qonşu və müttəfiq ölkələrlə əlaqələri möhkəmləndirməyə çalışır.
NATO-nun ABŞ komandiri Qərbin Rusiya ilə getdikcə pisləşən hərbi böhranda mövqeyi haqqında fikir bildirib. O bildirib ki, Şərqi Ukraynada mövqelərini dəyişmək üçün son atəşkəsdən istifadə edən Rusiya və ruspərəst separatçı qüvvələr indi də Ukraynanın hərbi qüvvələrinə qarşı yeni bir hücuma hazırlaşırlar. Hərbi Hava Qüvvələrinin Generalı Filip Bridlav aprel ayının 30-da Konqresə verdiyi bəyanatda millət vəkillərinə deyib ki, onların Rusiyanın irəliləməsinin qarşısını almaq üçün Ukraynanı hücum xarakterli hərbi texnika ilə təmin etmək təkliflərini dəstəkləyir.
"Washington Times" qəzetinin verdiyi məlumatlara görə, general Rusiyanın tərəfdaş yox, böyük bir təhlükə olduğu ilə bağlı NATO-da fikir birliyi olduğunu vurğulayıb: "Rusiyanın yaratdığı təhlükə regional və müvəqqəti yox, qlobal və davamlı xarakter daşıyır".
General Bridlav Vaşinqtonu Rusiya qüvvələrinə və Şərqi Ukraynadakı separatçılara qarşı mübarizə aparmaq üçün Ukraynanın hərbi texnika ilə təmin edilib-edilməməsini yaxşı düşünməyə çağırıb.
Qərb ölkələrinin qətiyyətinin möhkəmləndiyi bir şəraitdə qəribədir ki, NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında qoşulmuş Ermənistan xarici siyasətdə Rusiya ilə daha da yaxınlaşaraq buna zidd hərəkət edib. "Rossiya 24" xəbər kanalının verdiyi məlumata əsasən, Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanın xarici siyasətdə Rusiya ilə əməkdaşlıq etmək istədiyini bildirib. Sarkisyan müsahibədə təsdiqləyib ki, Rusiya beynəlxalq məsələlərdə Ermənistanın dəstəyinə etibar edə bilər. Ermənistan prezidenti bunu da əlavə edib: "Əgər ittifaqlara daxil oluruqsa, istər-istəməz öhdəliklər götürürük."
Serj Sarkisyan Ermənistanın Rusiya ilə ikitərəfli əlaqələrə və NATO-ya müxalif Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakına verdiyi əhəmiyyəti xüsusi vurğulayıb. Bütün bunlar göstərir ki, Ermənistan Rusiyanı beynəlxalq platformalarda və Moskvanın Qərb ölkələrindən getdikcə daha da uzaqlaşmasında dəstəkləməyə qətiyyətlidir. Ermənistan Rusiyanın onu qondarma və Ermənistanın özü tərəfindən belə tanınmayan, Azərbaycanın suveren ərazisinə daxil olan Dağlıq Qarabağ üzrə münaqişədə dəstəkləyəcəyini gözləyir.
Vladimir Putinin Rusiyanın "S-300" hava hücumundan müdafiə sisteminin İrana satışına qoyulan qadağanın ləğv edilməsi ilə bağlı verdiyi qərar beynəlxalq sülh və stabillik üçün daha böyük təhlükə yaradır. Bu sistemin İrana satılması Yaxın Şərq regionunda nüvə silahlanması yarışına yol açacaq. Polkovnik Klint Hinot 20 aprel 2015-ci il tarixində "National Interest" jurnalında çıxan məqaləsində yazıb ki, bu qərar "regionda hərbi qüvvə baxımından əsaslı dəyişiklik yaradacaq."
Yaxın Şərqdə geosiyasi reallığın sürətlə dəyişdiyi şəraitdə Avropanın əsas enerji mənbəyi olan Azərbaycanın mövqeyi Qərb üçün həlledici amilə çevrilir. Sovet İttifaqından sonra müstəqillik əldə etməsindən bu yana Azərbaycanın inkişaf etməkdə olan demokratiyaya sahib etibarlı tərəfdaş olmasının heç bir zərəri yoxdur.
Ermənistan və Azərbaycan kimi kiçik ölkələrin qlobal səviyyəli qarşıdurmadan çəkinmələri başadüşülən olsa da, hər iki ölkə yeni Şərq-Qərb qarşıdurmasında tərəflərini müəyyənləşdirməyə məcburdurlar.