Qənirə Paşayeva həmsədr ölkələri tənqid edib Siyasət

Qənirə Paşayeva həmsədr ölkələri tənqid edib

"Onlar Dağlıq Qarabağ münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar"

Türkiyə KİV-ləri Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə daha fəal olmalıdırlar.
Bunu millət vəkili Qənirə Paşayeva Türkiyənin bir sıra televiziya kanaları A Haber, Türkiyem TV, Ufuk TV, Vuslat TV, ER TV və bir sıra digər kanalların canlı yayımında və onlara geniş müsahibələrində Qarabağ həqiqətləri və bölgədə baş verən son hadisələrlə bağlı geniş müsahibə verərkən deyib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur.
Millət vəkili Ermənistanın neçə aylardır girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən də danışıb və jurnalistlərin suallarını geniş cavablandırıb. Azərbaycan həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.
Millət vəkili Qənirə Paşayeva televiziyalara müsahibələrində Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları barədə də danışıb. Bunun tarixi bir hadisə olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu böyük yarışı keçirmək üçün hazır olduğunu deyib və jurnalistləri, o cümlədən qardaş Türkiyə insanını Avropa Olimpiya Oyunlarını izləməyə və qədim Azərbaycanı daha yaxından tanımağa dəvət edib. Millət vəkili həmçinin Türkiyədə nəşr olunmuş kitabları ilə də bağlı jurnalistlərin suallarını cavablandırıb.