Azərbaycan-Türkmənistan münasibətlərinin yeni zirvəsi Siyasət

Azərbaycan-Türkmənistan münasibətlərinin yeni zirvəsi

Azərbaycan və Türkmənistan arasında münasibətlər möhkəm tarixi təmələ, ortaq kökə və mədəniyyətə, yaxın qonşuluq prinsiplərinə əsaslanır. Əsrlərin sınağından çıxmış qardaşlıq münasibətləri son illərdə yeni mərhələyə daxil olub, siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə sıx münasibətlər qurulub.

Prezident İlham Əliyevin Türkmənistana səfərləri, eləcə də, Türkmənistandan ölkəmizə ali səviyyəli səfərlər, imzalanmış sənədlər əməkdaşlığın yeni istiqamətlərdə inkişafına güclü siyasi-hüquqi və iqtisadi zəmin yaradıb, qarşılıqlı etimadı ən yüksək səviyyəyə çatdırıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22–23-də Azərbaycana dövlət səfəri isə əməkdaşlığın müasir gündəliyinə uyğun nəzərdə tutulan prioritetləri həyata keçirmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlət başçıları arasında keçirilən geniş tərkibli görüşdə və mətbuata bəyanatlarda səsləndirilən fikirlərdən də aydın olur ki, tərəflər qarşılıqlı fəaliyyəti daha da irəliyə aparmaqda qətidirlər.

Hər iki ölkə regional və qlobal məsələlərdə ümumi maraqlara söykənən mövqeyə sadiqdir, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, habelə Azərbaycan + Mərkəzi Asiya formatı çərçivəsində həmrəylik nümayiş etdirirlər. Sərdar Berdiməhəmmədovun vurğuladığı kimi,Azərbaycan Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi həmişə yüksək qiymətləndirib, eyni zamanda, Türkmənistan da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini tam dəstəkləyir.

Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlər sırasında ön planda yer alan nəqliyyat və enerji təhlükəsizliyinin dayanıqlılığı və inteqrasiya prosesləri Azərbaycan və Türkmənistan üçün daha strateji əhəmiyyət daşıyır. Rəsmi Aşqabad və Bakı regionun geoiqtisadi mənzərəsini dəyişən mühüm nəqliyyat-enerji-kommunikasiya layihələrində fəal yer almaqla regional və qlobal inkişafa dərin töhfələr verirlər.

Nəqliyyat-tranzit sahəsində hər iki ölkənin əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni tələbləri meydana çıxarır. Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyəti bu istiqamətdə mühüm platforma kimi çıxış edir. Eləcə də, Orta Dəhlizin və logistika infrastrukturlarının, limanların əlaqəli fəaliyyətinin genişləndirilməsi, kommunikasiyaların vahid zəncirdə birləşdirilməsi birgə koordinasiyanı daha da aktuallaşır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətdən asılı olacaq. Bu konteksdən yanaşdıqda, qeyd edilən strateji layihələr, həmçinin Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi, Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması, eləcə də, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi Bakı və Aşqabadın geostratejinüfuzunu daha da möhkəmləndirib, çoxtərəfli formatda qarşılıqlı fəaliyyətinə əlavə güc qatıb.

Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub. Xəzər dənizi ilə bağlı əməkdaşlıq təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyəti təmin etməklə bərabər, enerji həmrəyliyini də genişləndirir.

Bir neçə il əvvəl Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” Xəzərdə birgə əməkdaşlıq üçün uzunmüddətli perspektivlər vəd edir. Yeri gəlmişkən, səfər çərçivəsində Azərbaycanın qardaş Türkmənistana“Dostlug” adlı neftdaşıyan tanker hədiyyə etməsi bu sahədə əməkdaşlığın uğurlu rəmzlərindən biri sayıla bilər.

Tərəflər iqtisadi-ticari əməkdaşlığı münasibətlərin əsas istiqamətlərindən biri kimi dəyərləndirərək mövcud potensialın daha səmərəli reallaşdırılması üçün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsinivacib hesab edirlər. Kimya, tekstil sənayesi və digər sahələrdə işbirliyinin inkişaf etdirilməsi üçün geniş imkanların səfərbər olunması nəzərdə tutulur. Gələn ay Türkmənistanda keçiriləcək Komissiya həmin layihələrin reallaşdırılmasımərhələsinə keçidi təmin edəcək.

Türkmənistanın işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində Azərbaycanın yanında yer alması,xalqımıza hədiyyə olaraq Füzulidə məscid inşa etməsi bu sarsılmaz qardaşlığın qürurverici nümunəsidir. Prezident İlham Əliyevin xatırlatdığı kimi, bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dost münasibətinin daha bir göstəricisidir.

Ümumilikdə, Türkmənistan Prezidentinin Azərbaycana səfəri, aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsindəyeni mərhələ olmaqla, müəyyənləşdirilmiş hədəflərə çatmaqda mühüm rol oynayacaq.

Ramid Namazov

Milli Məclisini deputatı