FT: Ukrayna ABŞ kəşfiyyatının dəstəyi ilə Rusiyanın NEZ-lərini vurur Gündəm

FT: Ukrayna ABŞ kəşfiyyatının dəstəyi ilə Rusiyanın NEZ-lərini vurur

Ukrayna Silahlı Qüvvələri ABŞ kəşfiyyatının dəstəyi ilə Rusiyanın dərinliklərindəki neft emalı zavodlarına (NEZ) və hərbi obyektlərə zərbələr endirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzetinə məlumatlı mənbələr bildiriblər.

Onların sözlərinə görə, Kiyevin qərbli müttəfiqləri Vaşinqtonu hücumlar üçün kəşfiyyat məlumatlarının verilməsini bundan sonra da davam etdirməyə çağırıblar. Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammitində Ukraynanın endirdiyi zərbələrdən "son dərəcə heyran olub və ruhlanıb". FT-nin mənbələrindən biri qeyd edib ki, Ağ Ev rəhbəri tədbir çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu barədə uzun-uzadı söhbət edib.

2026-cı ildə Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft infrastrukturuna zərbələri gücləndirib, may ayında isə bütün dövrlər üçün rekord sayda — 30 hücum həyata keçirib. "Energy Intelligence" təşkilatının qiymətləndirməsinə görə, Ukrayna dronlarının neft zavodlarına zərbələri nəticəsində Rusiyada neft emalının həcmi iyunun əvvəlində sutkada 4 milyon barreldən aşağı düşüb ki, bu da son 21 ilin minimum səviyyəsidir. Bu zaman Rusiyanın NEZ güclərinin demək olar ki, üçdə biri — gündə 2,14 milyon barrel fəaliyyətsiz qalıb. Bu fonda, iyunun 23-nə olan məlumata görə, 89 regiondan 61-də yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.

Məryəm Quliyeva