Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir Hadisə

Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir

Azərbaycan coğrafi yerləşməsi baxımından Airbus şirkəti üçün mühüm əhəmiyyət daşıyan ölkələrdən biridir.

"APA-Economics"in Hamburqa ezam olunmuş müxbiri xəbər verir ki, bunu Airbus şirkətinin nümayəndəsi Malhar Pens Azərbaycan Hava Yolları (AZAL) üçün ilk “Airbus A321neo” təyyarəsinin təqdimatı çərçivəsində keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkəni aviasiya baxımından strateji mərkəzlərdən birinə çevirir.

“Azərbaycan coğrafi mövqeyinə görə Airbus üçün mühüm ölkədir. Ölkə Şərqlə Qərb arasında körpü rolunu oynayır və bu da hava nəqliyyatının inkişafı baxımından böyük üstünlüklər yaradır”, - deyə Malhar Pens qeyd edib.

Şirkət rəsmisinin sözlərinə görə, Airbus Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə və ölkənin mülki aviasiya sektorunun inkişafına dəstək verməyə xüsusi önəm verir.