Fransada ilk Ebola yoluxması qeydə alınıb Dünya

Fransada ilk Ebola yoluxması qeydə alınıb

Fransada ölkə ərazisində ilk təsdiqlənmiş Ebola qızdırması virusuna yoluxma halı qeydə alınıb. Xəstəlik Demokratik Konqo Respublikasındakı humanitar missiyadan qayıdan həkimdə aşkar edilib.

Xalqcebhesi.az xəbər verir ki, "BBC"-nin Fransa Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, pasiyent dərhal ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Konqo DR-də Ebola epidemiyası rəsmən ötən ay elan edilib. Son məlumatlara görə, ölənlərin sayı 260 nəfəri ötüb, ümumi yoluxanların sayı isə 1000-ə çatıb.

Fransa rəsmiləri ölkə əhalisi arasında infeksiyanın yayılma riskinin "çox aşağı" olaraq qaldığını vurğulayıblar. Hazırda müvafiq xidmətlər xəstə ilə təmasda olan bütün şəxslərin müəyyən edilməsi və nəzarətdə saxlanılması istiqamətində iş aparır.

Fransa Səhiyyə Nazirliyi həmçinin bildirib ki, ölkədə yüksək epidemioloji riskli bölgələrdən qayıdan humanitar missiya əməkdaşlarının sağlamlıq vəziyyətinin monitorinqi üçün xüsusi sistem fəaliyyət göstərir.

Məryəm Quliyeva