Suriyaya döyüşə gedənlər... Siyasət

Suriyaya döyüşə gedənlər...

"Cihad" adı altında muzdla döyüşənlər mücahiddirmi?

Cavid

Suriyada döyüşən azərbaycanlılar ölkə müsəlmanlarına müraciət ediblər. Furkan Azəri ləqəbli azərbaycanlı döyüşçü tərəfindən yayılan müraciət radikal dini qruplara məxsus saytlarda yayımlanıb. Müəllif müraciəti Suriyada döyüşən azərbaycanlılar barədə Əbu-Bəkr məscidinin imamı Qamət Süleymanovun bəyanatına cavab olaraq yaydıqlarını bildirib.
Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, Suriyada 250-dən artıq azərbaycanlının döyüşdüyü bildirilir. Bu məsələ mətbuatın gündəmindən düşmür. Hələ də Suriyada döyüşənlərin terrorçu, yoxsa mücahid olub-olmadığı müzakirə obyektinə çevrilib.
Yeri gəlmişkən, Azərbaycan gənclərinin qanunsuz yollarla Suriya ərazisinə keçməsi, silahlı birləşmələrin tərkibində vuruşması, indiyədək onlarla gəncin həlak olması ölkənin hər yerində olduğu kimi cənub bölgəsində də geniş müzakirə mövzusu olub.
Bölgədən olan gənclərin də radikal dindarlar tərəfindən müxtəlif vasitələrlə aldadılaraq "cihad" adı ilə Suriyaya göndərilməsinə etiraz əlaməti olaraq Masallı rayonunda Həsənli kənd məscidinin qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Suriyaya döyüşməyə gedən vətəndaşların ölkədən getməsinin qarşısını almaq üçün əməli tədbirlərin görülməsini vacib hesab etdiklərini bildiriblər.
Aksiya iştirakçıları bütün aidiyyatı qurumlara, o cümlədən KİV-ə müraciət ünvanlayıb.
Onu da bildirək ki, Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Qazilər Şurası da bu məsələ ilə bağlı fətva verib. Fətvada qeyd edilib ki, şəhidlik fəlsəfəsinə görə, müqəddəs Hədisi-Şərifdə buyrulduğu kimi vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. Fətvaya görə, İslam dinində cihad və şəhidliyin əsas şərti təcavüz edənlərə qarşı özünümüdafiədir: "Lakin təəssüflə qeyd etməliyik ki, son dövlər cihad və şəhadət kimi İslamda müqəddəs məqamlara dair təhrifi düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər müşahidə olunur. Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlilərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır".
QMİ bəyan edir ki, bu şəxslərin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, "fətva" xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq, ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir.
Milli Təhlükəsizlik Nazirliyindən isə məsələ ilə bütün lazımi tədbirlərin həyata keçirilirdiyi bildirilib.
Xarici İşlər Nazirliyi isə Suriyada döyüşməyə gedən azərbaycanlılarla bağlı məsələnin dərindən araşdırıldığını bəyan edib. XİN-in mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, məsələnin araşdırılması üçün müəyyən çətinliklər mövcuddur. Suriyada gərgin vəziyyətlə bağlı Azərbaycan səfirliyi Beyruta köçürülüb. Bu da araşdırmalara mane olur.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Suriyada döyüşən azərbaycanlılar vətənə döndükdən sonra daha təhlükəli olacaqlar.
Ərəstun Oruclu açıqlamasında Azərbaycandan Suriyaya üz tutanların konkret təyinatlar üzrə getdiklərini söyləyib. Onun sözlərinə görə, bu insan alveri şəbəkəsinə bənzəyən mükəmməl şəkildə qurulmuş bir şəbəkədir: "Bunun arxasında hansısa ölkələrin xüsusi xidmət orqanları dayanır və bu şəbəkələrdən istifadə edir. Bunun qarşısını almağın yolu həmin şəbəkəyə rəhbərlik edənləri ifşa etməkdir. Onlar çox təhlükəlidirlər. Artıq Azərbaycandan Suriyaya gedənlər beynəlxalq terror təşkilatları ilə əlaqələr qurmağı, silah əldə etmək imkanlarını öyrənirlər. Onlar sabah Azərbaycana dönəndə ölkəmizin təhlükəsizliyini ciddi təhlükə qarşısında qoyacaqlar. Bunları indidən düşünmək lazımdır".
Ə.Oruclu Azərbaycandan Suriyaya gedənlərin qarşısını almaq üçün dövlətin müəyyən addımlar atmalı olduğunu söyləyib.
"Suriyada vuruşan azərbaycanlılara cinayət işi açılmalıdır" - deyən Ərəstun Oruclu, Azərbaycan vətəndaşının gedib hansısa başqa bir ölkədə əlinə silah alıb döyüşməsinin cinayət olduğunu söyləyib.
Əbu-Bəkr məscidinin imamı Qamət Süleymanov da Azərbaycan vətəndaşlarının Suriyaya gedib döyüşmələrinin əleyhinə olduğunu söyləyib: "Suriyaya getmək düzgün deyil, məsləhət də deyil. Bu təkcə mənim fikrim deyil, böyük alimlərin fikridir".
Qamət Süleymanov Suriyaya gedən Azərbaycan vətəndaşlarının müxtəlif məzhəblərin nümayəndələri olduğunu deyib: "Təkbir, cihad camaatı, hətta müəyyən sufi təriqətinə məxsus adamlar da oradakı döyüşlərdə iştirak edirlər. Bəzən adi adamlar da uşaqların, qadınların ölümünü görəndə müxtəlif hisslər keçirir və Suriyaya yollanırlar".
Qamət Süleymanov belə halların qarşısının alınması üçün mübarizə tədbirlərinin görülməli olduğunu da söyləyib: "Bunun qarşısını almaq üçün maarrifləndirmə işləri aparmaq lazımdır. Sosial şəbəkələrdən maarifləndirmə ilə bağlı xüsusilə aktiv istifadə etmək lazımdır. Suriyada cihad olması bir az sual işarəsi altındadır. Cihad müsəlmanlar və kafirlər arasında ola bilər. Orada müsəlmanlar bir-birlərini öldürürlər. Orada iqtidarla müxalifət bir-birlərini öldürürlər".
Əbu-Bəkr məscidinin imamı həmçinin qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu bir vaxtda azərbaycanlıların Suriyada döyüşə getməsi düzgün deyil.
Qamət Süleymanovun fikrincə, Suriyaya gedib vuruşanların fikirləri ancaq cihad etməkdir: "Onlar elə başa düşürlər ki, İslam ancaq cihaddır, harda döyüş oldu, gedib orda ölməlisən. Əsasən bu kimi fikirlər onları Suriyaya çəkir".
İlahiyyatçı Hacı Şahin Həsənli isə Suriyaya döyüşməyə gedənlərin bir sıra radikal qruplaşmalar tərəfindən maliyyələşdirilərək təhrik edildiyini deyib: "Suriyada xalqla hakimiyyət arasında müəyyən problemlər var. Bu məsələ Suriyanın daxili məsələsidir. Bəzi dövlətlər Suriyanın daxilində qarşıqlıq yaratmağa cəhd göstərirlər. Bir sıra radikal qruplaşmaları silahlandırıb, döyüşlərə təhrik edirlər və bunu da təəssüf ki, müqəddəs müharibə adlandırırlar. Suriyada baş verənlərin cihadla heç bir əlaqəsi yoxdu. Suriyada müqəddəs savaş getmir. Suriyada məzhəblərarası ixtilaflar salınır. Guya müqəddəs amallar uğurunda vuruşan quruplaşmalar əslində uşağa-böyüyə rəhm etmədən insanları öldürürlər".
Hacı Şahin qeyd edib ki, cihad etmək lazımdırsa, Azərbaycanın özü müharibə vəziyyətindədir və cihad etmək istəyənlər Qarabağa yollansalar daha yaxşı olar: "Öz torpaqlarını düşmən tapdağından azad etmək Azərbaycan gənclərinin üzərində bir vəzifədir. Dini hökmlərdə də belə qeyd olunur ki, hər hansı bir müsəlman bir xalqın torpaqları təcavüzə məruz qalıbsa, xalqın torpaqlarını azad etməsi dini nöqteyi nəzərdən vacib hesab olunur. Bu məsələrin qabardılması daha mühümdür. Azərbaycan özü zorakılığa məruz qalan bir ölkədir. Azərbaycan xalqı bu təcavüzdən uzun illərdir ki əziyyət çəkilər. Bu dərdləri unudaraq hər hansı bir ölkədə döyüşmək oyundur və bu oyunun iştirakçısı olan insanlar əslində kiminsə oyununun qurbanına çevrilirlər. Gedib başqa bir dövlətdə qarşıdurmalarda iştirak etmək oyunbazlıqdan başqa bir şey deyil".
Hacı Şahin həmçinin övladı Suriyaya gedən və geri qayıtmayan valideynlərin onlara müraciət etdiklərini də söyləyib:
"Övladlarının geri qayıtması üçün bir neçə valideyn bizim məscidə müraciət ediblər. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Onlar bizi eşitməzlər də...".
Sonda Hacı Şahin bildirib ki, dini etiqad və vicdan azadlığı haqqında qanuna görə hər bir Azərbaycan vətəndaşı öz ölkəsi ərazisində dini görüşünü təbliğ edə bilər: "Bu görüşlər zorakılığı təbliğ etməməlidir".
Hacı Şahin Həsənli bildirib ki, Suriyada özünü mücahid adlandırıb ölənlər şəhid hesab oluna bilməz: "Bəzi dövlətlər Suriyadakı vəziyyətdən öz maraqları üçün istifadə edərək, radikal təfəkkürlü insanları o ölkədə baş verənlərə cəlb edir, ölkə daxilində silahlı qarşıdurma yaradırlar. Suriyada baş verənlərin müqəddəs müharibəyə, cihada heç bir aidiyyəti yoxdur. Cihad Qurani-Kərimdə işlənmiş sözdür və təcavüzə məruz qalanın özünü qoruması mahiyyətini daşıyır. Yəni hansısa müsəlman xalq təcavüzə məruz qalırsa, torpaqları zəbt olunursa, işğal olunursa, xalqın vəzifəsidir ki, öz dəyərlərini qoruyaraq təcavüzkara cavab versin. Bunların isə heç birinin bu gün Suriyada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, azərbaycanlılar da bu gün oradakı döyüşlərdə iştirak edir".
Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli isə bildirib ki, çoxları Suriyaya axını insanların maddi sıxıntısı ilə əlaqələndirir: "Amma bu belə deyil. Məsələ imanın zəifləməsidir. Onlarda iman zəifləyib ki, belə addım atırlar. İman zəif olanda insan vətəninə və din qardaşına xəyanət edir, silah qaldırır. Təəssüf ki, bu gün bunların sayı çoxalır".