Fikir və söz azadlığının müdafiəsi Layihə

Fikir və söz azadlığının müdafiəsi

II yazı

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsində fikir və söz azadlığının müdafiəsi ilə bağlı bildirilir ki, "son illər ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl tədbirlər informasiya texnologiyalarının cəmiyyətin həyatındakı rolunu xeyli artırıb, yeni media cəmiyyətdə aşkarlığın, sərbəst və fərqli düşüncənin tribunası kimi özünü təsdiq edib. Ölkədə mətbuatın özünü tənzimləməsini həyata keçirən Mətbuat Şurası fəaliyyətini davam etdirib, Jurnalistlərin Etik Davranış Kodeksinin tələblərinə əməl edilməsi üzrə tədbirlər görülüb. Müasir dövrdə bütün dünyada olduğu kimi, ölkəmizdə də informasiya texnologiyalarının inkişafı və səmərəli tətbiqi milli mətbuatın tərəqqisində mühüm rol oynamaqdadır. Nəşr olunan qəzet və jurnallarla yanaşı, elektron informasiya şəbəkəsi də inkişaf etdirilməkdədir. İnsan hüquqlarına hörmətlə yanaşan hər bir jurnalist cəmiyyətin həyatında baş verən bütün hadisələrin şərhinə obyektiv yanaşmağı və təhlil etməyi, istər aidiyyəti ünvanlara, istərsə də oxucuya qərəzsiz və düzgün informasiya çatdırmalıdır. Qeyd edilməlidir ki, mətbuatın imkanlarından heç də həmişə lazımi səviyyədə istifadə edilmir, mətbuat azadlığı sahəsində yaradılmış geniş imkanlara baxmayaraq, cəmiyyətə ötürülən informasiyanın mahiyyəti və məzmunu zəruri və obyektiv informasiyaya olan tələbatı ödəmir. İnsanlarda bədbinlik və ümidsizlik yaradan, bəzən də qeyri-peşəkar tərzdə hazırlanan məlumatların kütləvi informasiya vasitələrindən istifadə edilməklə onların şüur və düşüncəsinə təsir etmək qeyri-qanuni davranışlara, psixoloji pozuntuların yaranmasına, faciələrə, əxlaqsız hərəkətlərə və digər mənfi hallara səbəb olur. Təbii ki, baş vermiş hadisələrlə bağlı məlumatların verilməsinə ehtiyac var. Lakin bu məlumatlar cəmiyyətdə baş verən müsbət hadisələri kölgədə qoymamalı, informasiya birtərəfli olmamalıdır.
Məlumatın cəmiyyətə böyük təsir göstərdiyi, habelə operativ olaraq internet vasitəsilə əldə edildiyi nəzərə alınsa, onun nəticələrinə görə mətbuat nümayəndələrinin, ictimai xadimlərin, ziyalıların məsuliyyəti daha da artır. Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən fikir və söz azadlığına hörmət, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması hər bir demokratik dövlətin ümdə vəzifələrindəndir. Təhqir, reketçilik, böhtan xarakterli, yoxlanılmamış və qeyri-dəqiq məlumatların yayılması yolverilməz olduğu kimi, peşə etikası və peşəkarlıq tələblərinə riayət edilməsi də zəruridir. Odur ki, jurnalistlər qanunun tələblərinə əməl etməli, öz yazılarında vətəndaşların şəxsi və ailə həyatına müdaxilə edilməsi, onların işgüzar nüfuzuna xələl gətirilməsi, razılığı olmadan vətəndaşın şəxsi həyatı barədə, habelə həqiqətə uyğun olmayan məlumatların yayılması kimi hallara yol verməməli, bununla yanaşı, daim öz peşəkarlığının artırılması, cəmiyyətə dəqiq, qərəzsiz informasiyanın çatdırılması yönümündə çalışmalıdırlar. Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün müxtəlif vaxtlarda insan hüquqları sahəsində maarifləndirmə tədbirləri, o cümlədən jurnalist yazıları üzrə müsabiqələr də keçirilib. Ənənəvi olaraq "10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü" münasibətilə parlament üzvlərinin, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə "Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində Ombudsmanın rolu" mövzusunda konfrans keçirilmiş, konfrans çərçivəsində "Hüquqlar - hamı üçün!"" adlı jurnalist yazıları müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıblar. Təsisatda elektron və yazılı medianın, rəqəmsal və online-jurnalistikanın inkişafı, jurnalistlərin, o cümlədən hüquq mövzusunda yazan media nümayəndələrinin peşə hazırlığının təkmilləşdirilməsi, müasir İKT-dən istifadəsi imkanlarının artırılması, informasiya açıqlığı və şəffaflığı, internet resurslarının, ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi istiqamətində silsilə tədbirlər keçirilir, media təmsilçilərinin fikir və mülahizələri nəzərə alınır.
Fikir və söz azadlığının müdafiəsini, söz və ifadə azadlığının təmin olunmasını daim diqqətdə saxlayan Müvəkkil jurnalistlərə qarşı kobud rəftar hallarını ötən dövrdə də nəzarətdə saxlayıb, onların vəziyyətinə xüsusi diqqətlə yanaşıb. Media hüquqlarının etibarlı müdafiəsi, fikir, söz və ifadə azadlığının səmərəli təmin olunması məqsədilə Müvəkkil jurnalistlərə qarşı kobud rəftar hallarının yolverilməz olduğunu bildirir, bu hallara yol verən şəxslərin, o cümlədən məmurların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını vacib hesab edir. Hüquq pozuntusuna yol vermiş kütləvi informasiya vasitələri nümayəndələrinin də tənbeh olunması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsulların tətbiq edilməsi məqsədəmüvafiq sayılır.
Müvəkkilin tapşırığına əsasən, aparatın əməkdaşları Penitensiar Xidmətin müəssisələrinə baxışlar zamanı digər məhkumlarla yanaşı, məhkum jurnalistlərlə görüşüb, onların saxlanma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib.
İnformasiya əldə etmək azadlığının təmin edilməsi məqsədilə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində görülən işlər ötən il də uğurla davam etdirilib, xüsusilə informasiya bazarının yaradılması istiqamətində mühüm addımlar atılıb. Qeyd edilən ardıcıl fəaliyyətin nəticəsidir ki, Dünya İqtisadi Forumunun "The Global Information Technology Report" hesabatında ölkəmizin müvafiq sahədəki nəticələri nəzərə alınaraq, 2013-cü ilin hesabatında "İKT-yə dəstəkdə hökumətin uğurları" və "Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət" indekslərinə görə respublikamız dünya üzrə ilk onluqda, şəbəkə hazırlığı indeksi üzrə 144 ölkə arasında 56-cı yerdə, MDB ölkələri arasında isə liderlər qrupunda bərqərar olub. Təsisatın informasiya sahibi kimi fəaliyyəti səmərəli olub, kütləvi informasiya vasitələri, o cümlədən daha üstün keyfiyyətlərə malik olan çevik, dinamik yeni media strukturları, elektron qəzetlər və xəbər portalları ilə əlaqələrə mühüm yer verilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.3-cü bəndində 2013-2014-cü illərdə "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Müvəkkil Aparatının strukturunun təkmilləşdirilməsi, aidiyyəti əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi nəzərdə tutulub. İnformasiya əldə etmək hüququ ilə bağlı 21 müraciət daxil olub, bu müraciətlər təhlil edilib, müvafiq qurumlara sorğular göndərilib, səlahiyyətlər çərçivəsində həmin müraciətlərin həlli üçün tədbirlər görülüb, əksər hallarda öz həllini tapıb. Bununla belə, qeyd edilməlidir ki, vətəndaşların informasiya sorğusunun cavablandırılmasında ciddi problem qalmaqdadır. İnformasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirən Müvəkkil informasiya əldə edilməsi sahəsində təcrübənin öyrənilməsi və aşılanması üzrə fəaliyyətini davam etdirib. Müvəkkil dövlət qurumları və vətəndaş cəmiyyəti üçün paytaxt və regionlarda birgə silsilə maarifləndirici treninqlərin təşkilini, müvafiq tədris proqramları və modullarının hazırlanaraq çap olunmasını, informasiya sahibləri olan dövlət qurumlarının struktur bölmələrinin əməkdaşları tərəfindən müvafiq qanunun müddəalarının dərindən öyrənilməsi və tətbiqini, jurnalist kadrların yetişdirilməsinə, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlığının yüksəldilməsinə, peşə etikası qaydalarına əməl etməsinə, ixtisaslaşmasına diqqətin artırılmasını, vəzifəli şəxslər, mətbuat xidmətlərinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri və ümumilikdə əhali üçün paytaxt və regionlarda geniş hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasını, informasiya sahibləri olan dövlət qurumlarına ünvanlanmış sorğuların tam, obyektiv və operativ cavablandırılmasını, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsini, dövlət qurumlarının fəaliyyəti ilə bağlı öz internet resurslarında dolğun məlumatların yerləşdirilməsini, dövlət qurumlarında elektron məlumat toplusunun (reyestrin) yaradılmasını, informasiya sahibləri olan dövlət orqanlarının müvafiq informasiya strukturlarının işinin, həmçinin elektron resurslarının daha da təkmilləşdirilməsini, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təhlillərin aparılmasını, teleradio kanallarında verilişlərin təşkilini, davamlı əməkdaşlığın qurulmasını, ümumən canlı şəbəkə şəklində fəaliyyət göstərərək müntəzəm görüşlərin keçirilməsini məqsədəmüvafiq hesab edib.
Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsi sahəsində vəziyyət də Müvəkkilin diqqətində olub. Ötən il vicdan azadlığının pozulması ilə bağlı daxil olmuş 9 müraciətin hər biri araşdırılıb. Vicdan və əqidə azadlığına həsr edilmiş tədbirlərdə dini tolerantlıq, müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri, din vasitəsilə sülh mədəniyyəti, milli və dini dözümlülüyün bu sahədə rolu, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, uşaq və gənclərə dini tolerantlığın aşılanması məqsədilə təhsil müəssisələrində dinşünas və ilahiyyatçı alimlərin də qatıldığı maarifləndirmə tədbirlərində Müvəkkil də məruzə və çıxışlar edib, təkliflər verib.


Uğur