Şəki-Zaqatala bölgəsi əhalisinin mənəvi mədəniyyəti Layihə

Şəki-Zaqatala bölgəsi əhalisinin mənəvi mədəniyyəti

Araşdırmaçı N.Quliyevanın Şəki-Zaqatala bölgəsi əhalisinin mənəvi mədəniyyət məsəllərinə dair fikirlərini təqdim edirik. Tədqiqatda polietnik mühitdə etnik-mədəni proseslərin əsas istiqamətləri, vahid etnik-mədəni sistemin formalaşma imkanları etnoqrafik tədqiqata cəlb olunub: "Azərbaycan Respublikasının şimal-şərq ərazilərini əhatə edən Şəki-Zaqatala etnoqrafik bölgəsinə Şəki, Zaqatala, Balakən, Qax və Qəbələ rayonları daxildir. Keçmişdə bölgə etnoqrafik baxımdan orijinal ictimai quruluşa malik olub. "Car-Balakən camaatlığı" adı ilə məlum olan ictimai quruluşa yalnız bu bölgədə təsadüf edilib. Polietnik tərkibə malik Şəki-Zaqatala bölgəsində Azərbaycan türkləri ilə bərabər avarlar, ləzgilər, ingiloylar, udinlər, saxurlar, rutullar və bir sıra başqaları da yaşamaqdadır. Bu etnoslar öz etnik adlarını qorumaqla bərabər, Azərbaycan ərazisində məskun olduqlarına görə özlərini həm də azərbaycanlı hesab edirlər. Etnik rəngarənglik bu bölgə əhalisinin ənənəvi həyat tərzi, maddi mədəniyyət və təsərrüfat məişəti ilə bərabər, mənəvi mədəniyyətinə sirayət edib və milli-mənəvi dəyərlərin maraqlı sintezini yaradıb".
Araşdırmaçılar bildirirlər ki, çoxəsrlik birgəyaşayış bölgədə məskun olan xalqları bir-birinə çox yaxınlaşdırıb: "Etnik müxtəliflik və təxminən eyni sosial-iqtisadi və mədəni inkişaf şəraitində oxşar, məzmun etibarilə identik proseslərin baş verməsi tamamilə mümkündür".
N.Quliyevanın tədqiqatında bildirilir ki, bölgənin mənəvi mədəniyyəti zəngin və coxcəhətlidir. Dini inanclarına görə bölgə əhalisinin 95%-dən çoxunu müsəlmanlar təşkil edir. Ə.Məmmədov "Zaqatala dairəsinin əhalisi (XIX əsrin sonu – XX əsrin əvvəllərində)" adlı yazısında həmin dövrdə əhalinin inancla bağlı vəziyyətini belə ifadə edir: "İslam onların şüurunda dərin kök salmış, şəriət və adət yerli əhali arasında davranışı tənzim edən tam qanunlar külliyyatına çevrilmişdir. İri ruhanilər cəmiyyətin ali təbəqəsi hesab olunurdular. Təsadüfi deyil, dairənin qədim yaşayış məskəni Qoloda Yaxın və Orta Şərqdə tanınmış ərəb mədəniyyəti mərkəzlərindən biri olmuşdu. Burada məşhur alim-ilahiyyatçıların böyük bir nəsli yetişmişdi. Müxtəlif dildə danışan yerli əhalini çoxəsrlik İslam mədəniyyəti sıx surətdə bir-birinə bağlamışdı".
N.Quliyeva yazır: "İslam dini ilə bərabər bölgədə islamaqədərki inamların təzahürləri də günümüzə qədər gəlib çatıb. Burada insanların kosmoqonik, animistik inamları və müxtəlif heyvan, quş və ağaclarla bağlı totemistik təsəvvürləri bu və ya digər formada insanların həyat və məişətinin ayrılmaz tərkib hissəsi kimi çıxış etməkdədir. Məlum olduğu kimi, Azərbaycan tarixən bəşər sivilizasiyasının təşəkkül tapdığı ərazilərdən biri kimi səma cisimlərinə inam və sitayişin də ocaqlarından biri olub". Qədim yunan alimi Strabon hələ o zaman qeyd etmişdi ki, albanlar allahlardan Heliosa (Günəş allahı), Zevsə (Göy allahı) və İberiya yaxınlığında məbədi olan Selenaya (Ay ilahəsi) sitayiş edirdilər. Məlumat üçün bildirək ki, haqqında bəhs olunan həmin məbəd məhz Şəki-Zaqatala bölgəsi ilə həmsərhəd ərazidə yerləşir. Arxeoloji qazıntılar zamanı Yoloylutəpədə (Qəbələ) üzərində aypara və günəş təsvirləri olan daşların və müxtəlif məişət əşyalarının tapılması da bu fikirləri möhkəmləndirir. Aya, günəşə və ulduzlara inamın təzahürlərinə məscid qüllələrində, qəbir daşlarında, insanların üzərində gəzdirdikləri müxtəlif amulet və talismanlarda, həmçinin ad və soyadlarda bu günün özündə də rast gəlmək mümkündür. Bundan başqa, Ay və Günəşlə bağlı müxtəlif andlar, alqışlar, yasaqlar və tabular mövcud olub ki, onların da çoxu günümüzə qədər yaşamaqdadır. Bölgə əhalisi arasında üçgünlük ay daha müqəddəs sayılıb və ona sitayiş edilib. Qadınlar aya baxanda yaşmaqlanıb salavat çevirirdilər".
Daş, qala, uca zirvələrlə bağlı inamlar bölgədə geniş yayılıb: "Daşa inam gündəlik həyat, təsərrüfat, mifoloji inamlarla sıx bağlı olduğundan, daşa hörmətsizliyin insanlara bədbəxtlik gətirəcəyinə inanırdılar. İnsanlar daşı çevirməklə, hətta göydə uçan quşlara təsir etməyin mümkünlüyün zənn edirdilər. Başqa sözlə desək, inanclara görə, durna qatarı uçanda daşa dilək edib, onu çevirərsənsə, durna qatarı öz yolunu azıb aşağıya – yerə enməyə məcbur olacaq".
N.Quliyeva yazır: "Çöl-etnoqrafik məlumatlarından aydın olur ki, bölgə əhalisi arasında "Pəri qalası", "Kiş məbədi", "Xızır daşı", "Çingiz qalası", "Sirt qalası" və başqa daşlar və qalalar da müqəddəs sayılıb, haqqında müxtəlif inamlar, əfsanə və rəvayətlər yaranıb. Həmin əfsanə və rəvayətlərin süjet xətti və əsas məzmunu ümumazərbaycan kontekstində qalalarla bağlı bizə yaxşı məlum olan əfsanə və rəvayət süjetlərinin analoqunu təşkil edir ki, bu da mənəvi düşüncədə varislik prinsipinin davamlı olduğuna işarədir. Məsələn, "Pəri qalası" əfsanəsində qeyd olunur ki, Pəri adlı qız Şah Abbasın əlinə düşməmək üçün özünü qaladan yerə atır və həmin qala xalq tərəfindən onun şərəfinə belə adlanır. Burada həmçinin qadın namusunun və ləyaqətinin hər şeydən yüksək tutulması diqqəti cəlb edir.
İbtidai inam və etiqadların böyük bir qismi ağaclarla bağlıdır. N.Quliyeva: "Məlum olduğu kimi, ulu babalarımız hələ uzaq keçmişdən bir sıra ağacları - palıd, dağdağan, heyva və əncir ağaclarını müqəddəs sayıb və onlara sitayiş ediblər. Bu barədə antik müəlliflərin əsərlərində və qaynaqlarda da məlumatlar var. Məsələn, qədim alban tarixçisi M.Kalankatuklu yazır ki, "…Hunlar ağaca at qurban kəsir, onun qanını yarpaqlara çiləyir, kəlləsini və dərisini isə onun budaqlarından asırdılar. Palıd ağacı bütün digər ağacların anası sayılırdı və bu ağaca Hun ölkəsində knyazın özü və əyanları da daxil olmaqla hamı sitayiş edirdi". Bütün Azərbaycanda olduğu kimi, Şəki-Zaqatala ərazisində də pir hesab olunan ağaclar var. Məsələn, Balakənin Mahamalar kəndindəki Hüzüley piri belələrindəndir. İnsanlar bu ərazidə bitən ağaclara təkcə əski parçaları bağlayıb dilək diləmir, eyni zamanda təzə parça və paltar da gətirirdilər".
E.Kərimov "Zaqatala, Balakən və Qax rayonlarına etnoqrafik səfərin yekunları" adlı tədqiqatında yazır: "Bölgə xalqları arasında mövcud dini inamlarının tədqiqi göstərir ki, onların əksəriyyəti islamdan və xristianlıqdan əvvəl yaranıb və təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlıdır. Ən çox diqqəti cəlb edən cəhət isə odun müqəddəsləşdirilməsi, ata yurdunun "ocaq" adlandırılmasıdır. Keçmişdə bölgənin bəzi kəndlərində odun, günəşin şərəfinə təntənəli "Qorqud bayramı" adlı mərasimin keçirilməsi də fikirlərimizin təsdiqi kimi çıxış edir".
N.Quliyeva: "Bütün bunlar isə öz növbəsində Azərbaycanda tarixən formalaşmış vahid etnik-mədəni sistemin mövcudluğuna işarə edir və etnik identikliklə bağlı yuxarıdakı fikirlərimizi bir daha qüvvətləndirir. İllərin, əsrlərin təcrübəsindən keçib gələn, xalqın məişət həyatında təsdiqini tapan və onun ayrılmaz hissəsinə çevrilən sınamalar, yasaqlar, qadağalar da böyük maraq doğurur. Burada insanların empirik bilikləri, hər hansı bir təbiət hadisəsinə görə olanları yozmaq istəyi və olacaqları proqnozlaşdırmaq bacarığı bütün qabarıqlığı ilə nəzərə çarpır. Məsələn, "Sağsağan oxuyanda, xamır sıçrayanda qonaq gələr" deyərlər. Bayquşun "ayağını kəsmək" üçün siniyə su, çörək və duz qoyaraq ucadan söyləyərdilər:

Bay quşu
Baylar quşu.

İnanclara görə, vəfat etmiş insanı son mənzilə yola salarkən "gözü evdəkilərdə qalmasın" deyə dalınca bir daş atıb deyərdilər:

Altın torpaq, üstün daş,
Yağış yağar, kəfənin olar yaş,
Bu dünyadan apardığın olsun,
Bir dənə daş.

Şifahi xalq yaradıcılığı bölgə əhalisinin mənəvi mədəniyyətinin mühüm bir hissəsini təşkil edir. Məlum olduğu kimi, şifahi xalq yaradıcılığı – folklor xalqın həyat və məişətinin güzgüsü olub, onun sevinc və kədərini, ağrı və acılarını, şikayət və etirazlarını, pak və təmiz məhəbbəti, qəhrəmanlıq mübarizəsini, ümumiyyətlə, bütün daxili aləmini obrazlı şəkildə ortaya çıxarır. Atalar sözləri və məsələlər, bayatılar, nağıl və dastanlar, layla və oxşamalar və s. formalarda təzahür edən bütün bu hisslər etnoqrafik baxımdan da maraqlı olub, bir çox məsələlərin araşdırılmasında mühüm rol oynayır. Əldə olunan etnoqrafik materialların tədqiqi göstərir ki, araşdırılan bölgədə şifahi xalq ədəbiyyatı nümunələrinin çoxu Azərbaycan folklorunun təsiri altında formalaşmış və böyük bir hissəsi Azərbaycan türkcəsindədir. Layla və ağılar bir qayda olaraq sərbəst vəzndədir, əksəriyyəti Azərbaycan türkcəsində, bir hissəsi də yerli xalqların dilində səslənir. Şəki-Zaqatala bölgəsində XIX əsrdə rus işğalına qarşı qəhrəmancasına mübarizə aparmış Şeyx Şamil və onun naibi Hacı Murad, Şəki xanı Hacı Çələbi xan, Süleyman peyğəmbər haqqında, həmçinin toponim xarakterli əfsanə və rəvayətlər də diqqəti cəlb edir. Onların bəziləri yerli xalqların ana dilində səslənsə də, əsas ruhu saxlanıb.
Bölgə əhalisi arasında aşıq yaradıcılığı geniş yer tutub. Azərbaycanlılarla bərabər, yerli xalqların içərisindən çıxmış aşıqlar olub ki, onlardan Aşıq Əlixan, Aşıq Əzim, Aşıq Məhəmməd, Aşıq Darçın, Aşıq Hüseyn, Aşıq Salam, Aşıq Murtuzəli, Aşıq Dibrov (Kamal), Muxtarlı Aşıq Əli, aşıq Ramazan, zəyəmli aşıq Camal, Əliabadlı aşıq Hüseyn, Aşıq Məhəmməd, Aşıq Cəmaləddin və başqalarının adlarını çəkmək olar. İnformatorların məlumatına görə, aşıq yaradıcılığında gərayı, qəhrəmanı, çəlili havaları, "Qəndab və Novruz" dastanı mühüm yer tuturdu. Xüsusilə "Molla Cuma" dastanı aşıqların repertuarında geniş yer alırdı. Keçmişdə toylarda dastanların ifası bəzən bir neçə gün çəkirdi. Əliabad aşıqları gözəlləmə aşıq havalarına daha geniş yer verirdilər. Bölgənin ən məşhur aşıqlarından olmuş Molla Cuma Şəki-Zaqatalada deyil, Dağıstanda da toylara, el şənliklərinə dəvət olunurdu. Onun yaradıcılığı burada aşıq sənətinin inkişafına güclü təsir göstərib".
Bölgə folklorunun mühüm bir qismini də lətifələr təşkil edir: "Xalqın məişətindən doğan, əsrlər boyu dildən-dilə keçən, satira və yumorla zəngin lətifələr şəkililərin gündəlik danışıqlarının, ünsiyyətlərinin ayrılmaz tərkib hissəsidir. Xalq müdrikləri lətifələr vasitəsilə paxıllığı, düşmənçiliyi, ədavətnifaq toxumu səpənləri, şöhrətpərəstləri, var-dövlət hərislərini, özünü çoxbilmiş kimi qələmə verən diletantları, naşıları, nadanları, qanmazları satira və yumor atəşinə tuturlar".

Uğur