Cənubi Qafqazda dayanıqlı sülhün formulu: tarixi həqiqətlər və yeni reallıqlar Layihə

Cənubi Qafqazda dayanıqlı sülhün formulu: tarixi həqiqətlər və yeni reallıqlar

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər regionda tamamilə yeni geosiyasi mənzərə formalaşdırıb. Hazırda Cənubi Qafqazda sülh və sabitlik gündəliyini diktə edən əsas güc məhz Azərbaycandır. Dövlətimiz bir tərəfdən işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramını uğurla icra edir, digər tərəfdən isə Ermənistanla münasibətlərin normallaşması üçün ardıcıl sülh təşəbbüsləri ilə çıxış edir. Lakin dayanıqlı və ədalətli sülhə nail olmaq üçün təkcə kağız üzərindəki razılaşmalar kifayət etmir; Ermənistanın törətdiyi müharibə cinayətləri və tarixi həqiqətlər həm qarşı tərəf, həm də beynəlxalq ictimaiyyət tərəfindən açıq şəkildə qəbul edilməlidir. Mövzu ilə bağlı Milli Məclisin deputatları regionda yaranmış yeni reallıqları və sülh prosesinin mühüm detallarını şərh ediblər.

“Ermənistan məsuliyyətini dərk etməlidir”

Millət vəkili Ceyhun Məmmədov “Xalq Cəbhəsi”nə deyib ki, “Cənubi Qafqazda sülh prosesində müəyyən irəliləyişlər müşahidə olunur və Azərbaycan uzun müddətdir bu istiqamətdə ardıcıl addımlar atır: “Lakin prosesin uğurlu nəticələnməsi üçün Ermənistan da öz üzərinə düşən məsuliyyəti dərk etməli və sülh gündəliyinə töhfə verməlidir: “Azərbaycan müharibə cinayətləri ilə bağlı həqiqətlərin beynəlxalq və regional gündəmdə saxlanılması istiqamətində mühüm addımlar atır. Bu məsələlərin daim gündəmdə saxlanılması Azərbaycanın danışıqlar masasında mövqeyini daha da gücləndirir və haqlı mövqeyimizi bir daha ortaya qoyur. Söhbət ciddi və böyük miqyaslı cinayətlərdən gedir”.
Ceyhun Məmmədov qeyd edib ki, Ermənistan tərəfindən müxtəlif dövrlərdə törədilmiş cinayətlərin unudulmaması vacibdir: “Azərbaycan xalqına qarşı çoxsaylı qətliamlar və soyqırımı aktları həyata keçirilib. Təəssüf ki, onların bir qismi hələ də lazımi səviyyədə tanınmayıb. Bu baxımdan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar olduqca mühüm əhəmiyyət daşıyır”.

Deputat vurğulayıb ki, bu istiqamətdə aparılan fəaliyyət Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasına və sülh prosesində mövqeyinin möhkəmlənməsinə xidmət edir.

“Qisas yox, ədalət və sülh”

Millət vəkili Elnarə Akimova nəzərə çatdırıb ki, Azərbaycanın qazandığı tarixi Zəfər Cənubi Qafqazda yeni siyasi reallıqlar yaradıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionun geosiyasi mənzərəsini də dəyişib.
Bu gün bölgədə formalaşan yeni düzən Azərbaycanın yaratdığı reallıqlar əsasında qurulur və sülh gündəliyinin əsas müəllifi məhz Bakı şəhəridir. Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı terror siyasəti, yaşayış məntəqələrinin dağıdılması, mina terroru, eləcə də ekoloji və mədəni vandalizm faktlarının beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız tarixi həqiqətlər qəbul edildiyi və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərildiyi halda mümkündür. Müharibə cinayətlərinin unudulmaması Azərbaycanın siyasi və hüquqi mövqeyini daha da gücləndirir”.
O qeyd edib ki, bu faktların dünya ictimaiyyətinə çatdırılması revanşizm meyillərinin qarşısının alınmasına, bölgədə etimad mühitinin formalaşmasına və gələcək sülhün möhkəm əsaslar üzərində qurulmasına xidmət edir: “Azərbaycan qalib dövlət kimi qisas deyil, ədalət və davamlı sülh istəyir. Ədalət isə həqiqətlərin gizlədilməsi ilə deyil, onların açıq şəkildə qəbul olunması ilə təmin edilir. Bu yanaşma həm Azərbaycanın milli maraqlarının qorunmasına, həm də Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir”.

“Köhnə ritorikaya yer yoxdur”

Millət vəkili Pərvanə Vəliyeva söyləyib ki, İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir: “Prezident İlham Əliyevin birbaşa tapşırıq və göstərişləri əsasında həyata keçirilən “Böyük Qayıdış” proqramı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, sakinlərin doğma yurdlarına qayıdışı dövlət başçısının yüksək siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində mümkün olub. Prezident İlham Əliyevin bölgəyə mütəmadi səfərləri, yeni layihələrin təməlini qoyması, görülən işlərlə yerində tanış olması və sakinlərlə görüşləri bərpa prosesinin mühüm tərkib hissəsidir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri dünyada post-münaqişə dövründə həyata keçirilən ən böyük layihələrdən biridir.
Bu gün regionda sülhün, sabitliyin və rifahın təmin olunması əsas siyasi prioritetdir. Sülh təşəbbüsünün müəllifi və əsas tərəfi Azərbaycandır. Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar və formalaşan de-fakto sülh yeni reallıqlar yaradıb”.
Pərvanə Vəliyeva əlavə edib ki, Ermənistanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsi və mövzunun bağlanması ilə bağlı mövqeyi bölgədə yeni mərhələnin başladığını göstərir: “Bəzi xarici dairələr və erməni lobbisinin təsiri altında olan qüvvələr regionda yaranmış reallıqları qəbul etmək istəmir, köhnə münaqişə ritorikasını davam etdirməyə çalışırlar. Bu cür yanaşmalar bölgədə sülh və sabitliyə xidmət etmir. Azərbaycan isə yeni reallıqlar əsasında Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühiti yaratmaq istiqamətində fəaliyyətini davam etdirir”.

Günel Elxan