Azərbaycan tatlarının dili ilə bağlı araşdırma Layihə

Azərbaycan tatlarının dili ilə bağlı araşdırma

Bu yazıda Azərbaycan tatlarının dilinin etnoqrafik leksikasına dair araşdırma təqdim olunur. Filologiya üzrə elmlər doktoru Gülsüm Hüseynovanın araşdırmasında bildirilir ki, Azərbaycan tatlarının etnoqrafiyasına mövcud tədqiqatlarda, o cümlədən, A.Əlizadə, M.Əfəndiyev, H.Quliyev, N.Quliyeva və s. tədqiqatlarında toxunulub. Etnik mədəniyyəti ifadə edən sözlərin araşdırılması hər bir xalqın mənəvi və maddi mədəniyyət tarixinin, məişətinin həyat tərzinin, etnogezinin, etnik tarixinin, eləcə də, ədəbi dil tarixinin qədim dövrlərinin öyrənilməsi üçün əsaslı faktlar verir. Etnoqrafik leksikanın öyrənilməsi xalqın mədəniyyətinin, onun adət-ənənə və mərasimlərinin izahına da xidmət edir.
Tat dilinin etnoqrafik terminləri sırasında aşağıdakı yemək və xörək adlarını göstərmək olar: nun "çörək", nimik "duz" öü "su", şir "süd", şirəvo "südlü sıyıq", vürü "umac", qurqut "qovrulmuş yarma", tüvəlos "quymaq", siyə həlva "qara halva" (səmənidən hazırlanır), tara həlva "un halvası", duğ "ayran", duvavo "dovğa", həsi "əriştə", kolanun "göyərtidən hazırlanmış çörək", darungərgi "zoğal qurusundan hazırlanmış qiymə", ruğananun "fəsəli", xoyəkərg "yumurta", xoyəginə "şirin qayğanaq", sərəpö "xaş" (baş-ayaq), aş futolı "əvəlik aşı", qilinpiyoz "kartof-soğan qızartması", nun tari "kartof supu", həlisə "ətli hədik", mixləmə "qayğanaq" və s. paltar, ayaqqabı və parça adları: (şe "köynək", ru şey "üst köynəyi", zir şey "alt köynəyi", zir şalvar "alt şalvarı", ostin "köynəyin qolu", püstin "şuba", kisə "cib", çarşö "çarşab", çaxşür "corab", olat "paltar", ləçəy "ləçək", şalvor "şalvar", çit "çit parça", külmaxmar "gülməxmər", qeyiş "qayış, toqqa", paltok "palto", dəsmol "dəsmal", sədəf "düymə"), məişətdə istifadə olunan əşyalar və qab-qacaq adları: (bilmə "boşqab", bəsti "güyüm", satıl "mis su qabı", qaqala "saxsı banka", ləif "yorğan", nolin "döşək", abgərdun "abgərdən", nəəlbəki "nəlbəki", məştəfə "aftafa", aşpəlö "aşsüzən", ərsin "ərsin", istikon "stəkan", qəməti "ət baltası", müqayisə et: azərb. qəməlti "böyük çörək bıçağı", korda "bıçaq", qeyçi "qayçı", qaşuğ "qaşıq", qacqun "qazan", bolış "balış, yastıq", xolinçə "xalça", miz "stol", ustul "stul", qəndob "qəndqabı", qəfədon "çaynik", dəmkeş "dəmkeş", bisg "kabab şişi", kirsin "kətil" xüsusi yer tutur. Etnoqrafiyaya aid bu terminlərin bəzilərinin izahı vacibdir".
Ş.Musayev yazılı abidələrdə klassiklərimizin əsərlərində etnoqrafiyaya aid terminlərin işləndiyini qeyd edib və nümunələr verib. Bu nümunələr arasında tat dilində istifadə edilən ümumiran mənşəli terminlər də var: "Loşbəbər "üstündə xəmir yaymaq üçün taxta", "yayan". Bu söz əsasən, Bakı dialektində qeydə alınıb. Tat dilinin Abşeron ləhcəsində bu söz xəmobər şəklində işlənir. Sarə xəmovərə avard bəreymu. "Sara yayanı bizə gətirdi"və s.
Sənət sahələrində hazırlanan əşyaların məişətdə istifadə olunması onların adlarını bildirən sözlərin etnoqrafik leksikanın vahidləri kimi araşdırılmasına da imkan verir. Kündəgir "xəmir kündələyən" Naxçıvan dialektində geniş şəkildə işlənir. Bu söz iki tərkib hissəsindən ibarətdir: kündə + gır (giriftan//giriftən feilindən) və s. Beybut "qatlanmayan iri bıçaq". Tat dilinin Lahıc ləhcəsində beybut sözü mənasında qeydə alınıb. Kirsin "qışda qızışmaq üçün evin ortasında xüsusi düzəldilmiş ocaq". Tat dilinin Şamaxı şivəsində bu söz geniş işlənir.
Çömçə ağac və metal emalı prosesində hazırlanan məmulatdır. Çömçə sözü müasir Azərbaycan dilində və başqa türk dillərində geniş işlənir: azərb. çömçə, türk. çömçe və s. Orta əsr türkcəsində və əski qıpçaqcada çömçə lekseminin işlənməsi və onun fars dilindən (çamçə) alınması göstərilir. Türk dilində o, kepçe sözü ilə paralel işlənir. Qeyd etmək lazımdır ki, kepçə sözü tat, talış və fars dillərindəki keçə "qaşıq" sözü ilə mənşəcə eyni ola bilər.
Qəmçı "qamçı". Bu söz Azərbaycan ədəbi dilindəki qamçı variantı ilə yanaşı, dial. qəmçi variantına da malikdir. Onun fonetik siması yəqin ki bununla bağlıdır.
Bu sözlərin qarşılığının təhlili də maraqlıdır: "Təsək "təsək" (gecə papağı). Qədim pəhləvi dilində təsik, ümumiyyətlə, paltar, bundan əmələ gəlmiş təşkuk sözü isə "müqəddəs paltar" mənasını daşıyıb. M.Hacıyev göstərir ki, "tatlar da gecə yuxusundan qabaq başlarındakı papağı çıxarıb təsək qoyardılar ki, gecə yatanda pis yuxular görməsinlər, onların açıq başına bəd ruhlar qonmasınlar. Onlar, deməli, təsəkdə bir müqəddəslik, bir nicatvericilik görüblər (o) tas//təs (başın ortası, qafası) sözündən və ək kiçiltmə ədatından yaranmış düzəltmə sözdür".
Təsək sözü eyni formada, eyni mənada və aid olduğu əşya ilə birlikdə azərbaycanlılar arasında yaşayır. Bu isə xalqımızın təsəvvür və inamlarının nə qədər qədim olduğunu bir daha təsdiqləyir. Qir "quyudan su çıxartmaq üçün işlədilən ucu əyri ağac", "ağacın uca budaqlarını aşağı əymək üçün istifadə edilən ucu əyri ağac", (koğa, "qarmaq") və s. Bu sözə talış dilində bu sözə "qəloskonə" şəklində rast gəlinir. Gərənay "dudkeş", "buxarının tüstü çıxan yeri". Müq. et: azərb. gərənay "nəfəsli musiqi aləti". Carçılar çağrışır, gərənay bozlar, Ərəb atlar macal tapmaz qaşana ("Koroğlu") və s.
Məzrəhə "xəlbir". Məfrağ "çuğun suqabı". Nimdər//nimdar "döşəkçə", nimdərçə//nimdarçə "kiçik döşəkçə". Həmin söz formalarda "kiçik həcm" təsəvvürü yerinə görə həm ayrıca leksik vahidlə, həm də kiçiltmə bildirən şəkilçi ilə ifadə edilib.
Taz "nazik, uzun tir". Şətəl "yun corab". Küşə "çarığın bağı keçirilən yer, dəlik". Müq. et: azərb. köşə "çarıq tikmək üçün göndən çəkilmiş bağ". Kala "2-3- litrlik şüşə qab, banka". Tilat "ağzı yeyilmiş və sapı düşmüş köhnə bıçaq", "çaqqu". Qirabli "qaloş". Qalağ "bozdamacı çevirmək üçün ağac alət". Qafun "yavanlıq (pendir, yağ və s.)"; "duru, yüngül xörək". Xudur "sulu xörək". Tax-tax "çox nazik bişirilmiş quru çörək" (təqlidi söz). Kal//kol "yumurta, yağ və qoz vurulmuş xəmirdən bişirilən çörək". Zərdou//zərdo "ayranın qaynatdıqdan və şoru götürüldükdən sonra qalan su "şur suvu" (zərd "sarı", su//o "su"). Yağlipiyaz "soğanqovurması". Müq. et: yağlı və piyaz. Pindirpiyaz "soğan qovurmasının üzərinə pendir tökməklə hazırlanan xörək".
Dülə qoğal (Ab.) "iç qoğal". Bu ad başqa yerdə də bizə təsadüf edib. Birinci tərkib hissəsi dül sözü "ürək", məs. "iç" deməkdir. İkinçi tərkib hissəsinin izaha ehtiyacı yoxdur: Bə id Noruz dülə qoğal boş həmsiya impezim "Novruz bayramında qonşularla birlikdə iç qoğal (şorqoqal) bişirərik". Pezirən (Ab.) "bişirmək". Əsasən, Balaxanı və Suraxanı tatlarının dilində qeydə alınıb.
Nezilə əyəlü, nə mutanı xurak pezirən "Nazilə uşaqdır, xörək bişirə bilməz". Tat dilinin digər şivələrində bu söz "bürcundan" formasında işlənir. Tso (Ab.) "doşab". Əsasən, Balaxanı tatlarının dilində qeydə alınıb. Saxtə xəşilə muxardim boş tşo boş rağan ve lezzəti. "Bərk xəşili doşabla, yağla ləzzətlə yeyərdik". Halə "gəlinin otağında bəylik yatağın üstünə salınan bəzəkli örtük.
Nosi-nosi "novruz payı" (Ab.). Əyəlun müamarund bə nosi-nosi xonçə muxastund. "Uşaqlar gəlib xonçadan novruz payı istəyərdilər". Nuhəvar, tirəçu (Qon. k.) "yelləncək". İmi bə hamin bə Qonaqkənd bəraftəni boş əyalun ətütdar tirəçi. "Biz yayda Qonaqkəndə gedəndə uşaqlarla tut ağacından yelləncək asardıq" və s. Küfarə, borley (yə) (Q.) "beşik". Ə küfarə tə bə qabr elm vamurind (Həzrəti Əlinin kəlamı). "Beşikdən qəbrədək elm öyrənin" və s.
Ləbbadə (Ab.) "uzun üst paltarı", "plaş". Poy ləbbadə xaştənə dəkünü. "Qoy plaşını geyinsin" və s. Cannığ "sırıqlı", "canlıq". Tat dilinin Lahıc, Məlhəm, Quba ləhcələrində geniş işlənir. Əği cannığ na ımbı "Bundan sırıqlı olmaz" və s.
Çaxçur//carcur "qadın şalvarı". Tat dilində bu söz çaxçür//çaxçur kimi işlənərək, "corab" mənasını bildirir. Ye cift çaxçur boft be man. "Mənim üçün bir cüt corab toxudu" və s. Düriyə "ikiüzlü naxışlı gecə papağı"; (dü//di "iki" + ru/rü "üz") tərkib hissələrindən əmələ gəlib.
Həfsər (Kil.) "yeddibaşlı". Mürəkkəb söz olub, həf (t) "yeddi" və sər "baş" sözlərinin birləşməsindən yaranıb.
Ə pişe anu ye dər bu, dərə vakart vind ki, incə ye həfsəri döü nişte. "Qarşısında bir qapı var idi, açdı, gördü ki, bir yeddibaşlı div oturub və s.
Cora//coru (Ab.) "süpürgə". Quba, Qon. k., Xaç. ləhcələrində coru, Lahıc ləhcəsində isə cezi formasında işlənir. Əyal boş coru vozi saxtən "Uşaq süpürgə ilə oynayır" və s.
İnqarçu (Q.) "çəngəl". Bərey arsi inqarçu-kardəhanə xub-xub şustim. "Toy üçün çəngəl-bıçaqları yaxşı-yaxşı yuduq" və s.
Nühəvar (Q., Qon. k.) "çörək yaymaq" (nü (n) "çörək" + həvar "yaymaq"). Munün həvardənüm "Mən lavaş yayıram" və s.
Başdığ//başdüğ "başlıq". Toy ərəfəsində qız evinin oğlan evindən aldığı pul, heyvan.
Xırş "ağuz (doğmuş inəyin ilk südü)" (Lah.). Mərəgö bizəndəni xırşirə bədi-şündənim. "İnək doğanda ağuzunu qaynadırıq". Talış dilində hış formasında işlənir. Övərə "evdə çimmək üçün istifadə edilən yer" (Lah.). Bu sözü təşkil edən komponentlərdən birincisi -ö İran dillərində olan ab "su" sözünün fonetik variantı, ikincisi vərə isə "yer" mənasını verən leksik vahiddir. Göstərilən mənada övərə sözünə digər İran dillərində təsadüf olunmayıb.
Bə qədimiyə xunahona bə həmmeyi övərə bire. "Qədimi evlərin hamısında çimmək yeri olub və s. Xiş barundan "yer şumlamaq". Bə marta mohi bə Löyic xori xiş barundənund, gəndim başundənund. "Mart ayında Lahıcda yeri xışla əkirlər, buğda səpirlər". Dağar/dəğər "dağar, dağarcıq". Həm tat, həm də Azərbaycan dialektlərində eyni mənada "qoyun-keçi dərisindən hazırlanmış taxıl qabı" mənasında işlənir. Bu söz türkdilli lügətlərdə müəyyən fonetik dəyişikliklə eyni mənada qeydə alınır. Vəçanüm "dilənçi" (Q.). Sekinə xalə bə dər amarə vəçanumə dəst bə tihi rahə nə dərəbü. "Səkinə xala qapıya gələn dilənçini əliboş yola salmazdı" və s".
Araşdırmaçı bu qənaətə gəlir: "Azərbaycan tatlarının dilində qeydə alınmış etnoqrafizmlərin tədqiqi təkcə ümumlinqvistik baxımdan əhəmiyyət daşımayıb, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin təşəkkül tapması və fəaliyyət göstərməsində mühüm rol oynamış amillərdən birinin də öyrənilməsi kimi qiymətləndirilə bilər".

Uğur