İşğalçı ölkənin hədəsi sərt və ağır cavablandırılacaq Layihə

İşğalçı ölkənin hədəsi sərt və ağır cavablandırılacaq

Beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun Ermənistanın işğalçılıq siyasətinə göz yummasının nəticələrindən biri də rəsmi İrəvanın Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportunun istifadəyə veriləcəyi ilə bağlı xəbərlər yaymasıdır.
Məlumata görə, "Yell Extreme Park" layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək. "Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub", - deyə "Yell Extreme Park" layihəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.
İşğalçı ölkə kiçiktutumlu təyyarələri Xocalı aeroportuna gətirməklə Azərbaycanın reaksiyasını yoxlamaq, buna uyğun olaraq digər qərarlarını vermək istəyir. 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan İrəvana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları həyata keçirməyə cürət etməmişdi. Üstəlik, o zaman Azərbaycan tərəfinin kəskin reaksiyası, xəbərdarlıqları, beynəlxalq qurumlara çağırışları İrəvanı bu həyasız addımından geri çəkilməyə vadar etdi.
Rəsmi Bakının cavabı keçikmədi. Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki,Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır.
O vurğulayıb ki, Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir:
"Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub.
Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir".
XİN sözçüsü deyib ki, Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının Aviasiya haqqında Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır:
"Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirilməyə və tədbirlər görülməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan edilməsi, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafiq vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı (anneksiya) məqsədi daşıyır.
Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək".
Onu da qeyd edək ki, işğalçı ölkənin belə bir mövqeyi və xəbərindən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib.
"Joğovurd" xəbər verir ki, görüşün detalları gizli saxlanılır.
Görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya bu silahları terrorizmlə mübarizə aparan KTMT üzvlərinə verəcəyini açıqlayıb:"Hazırda KTMT üzvü olan Ermənistan Azərbaycanın ərazilərini işğal edib, faktiki Azərbaycanla müharibə vəziyyətindədir. Bu kontekstdən yanaşdıqda Rusiyanın verdiyi silahlarin birbaşa Azərbaycan əleyhinə istifadə olunacağını düşünmək olar. Rusiyanın Ermənistana planlaşdırdığı silahlara döyüş helikopterləri, zirehli transportyorlar, havadan müdafiə sistemləri və digər silahlar daxildir. Şimal qonşumuzun Ermənistana bu reveransı Azərbaycan əleyhinə yönəlmiş addımdır, həmçinin rəsmi Kremlin Qarabağ münaqişəsinin həllində rəsmi-siyasi bitərəf mövqeyinə tamamilə ziddir".
Politoloq bildirib ki, Rusiya son iki ayda Azərbaycanın maraqlarına zidd olan silsilə addımları ilə yadda qalır:"Bunun nəticəsidir ki, İrəvan ritorikasını dəyişərək, münaqişə ətrafında bütün danışıqları sıfırlayan bəyanatlar səsləndirir. Bunların ən basilica səbəbi isə Rusiyanın Ermənistana silah partiyaları göndərməklə, işğala dəstək verməsidir. Ermənistan Rusiyanın bu dəstəyi ilə Azərbaycanın işğal olunmuş ərazilərində təxribatlara başlayıb. Xocalı aeroportundan Şuşaya turistik aviareyslərin təşkilinə başlanılıb. Görünən odur ki, Ermənistan və Rusiya Azərbaycan əleyhinə birgə siyasi-hərbi fəaliyyət göstərir, status-kvonu möhkəmləndirməyə çalışır".
Politoloq bildirib ki, may ayında ermənilərin cəbhədə aktivləşməsi, bir neçə təxribat cəhdinin də arxasında bu amil dayanır:"Məqsəd Azərbaycanı təxribata çəkib, danışıqlardan yayınmaqdır. İyun ayında Minsk Qrupunun regiona səfəri gözlənilir. Həmsədrlər çalışacaq ki, prezidentlərin görüşünü təşkil etsinlər. Növbəti danışıqlarda maraqlı olmayan Ermənistan rəhbərliyi hər vəchlə görüşdən yayınmaq üçün cəbhədə gərginliyə yol açmağa çalışır. Bu fonda Ermənistan Prezidenti Serj Sərkisyanın ötən gün Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları ilə qapalı görüş keçirməsi də maraqlı məqamdır. Mümkündür ki, bu görüşdən sonra işğalçı ölkə təxribatları intensivləşdirsin".
Politoloq xatırladıb ki, Sərkisyanın Müdafiə Nazirliyinə gedərək, mediaya qapalı görüş keçirməsi bir neçə gün bundan əvvəl onun parlamentdəki çıxışının məntiqi davamıdır:"Sərkisyan bir neçə gün öncə Ermənistan parlamentində çıxışı zamanı danışıqlara zərbə vuracaq fikirlər səsləndirdi, faktiki olaraq kompromisə və danışıqlara hazır olmadığını göstərdi. Baş verən proseslər irəlləyən aylarda hərbi eskalasiyanı qaçılmaz edir".
Politoloq Mirsamir Məmmədov bildirib ki, ermənilər həmişə hədələyici bəyanatlar verirlər: "İşğal olunmuş ərazilərimizi geri qaytarmamaq üçün min cür bəhanələr gətirən ermənilər əslində sərsəm bəyanatları ilə qarşı tərəfi qorxudacaqlarını zənn edirlər. Növbəti dəfə general-leytenant Norat Ter-Oriqoryans sərsəm bəyanatları ilə gündəmə gəlib. Erməni general deyib ki, Ermənistanın güclü hərbi mexanizmi olmalıdır: "Deyərdim ki, bütün Ermənistan boyunca hərbi nöqteyi-nəzərdən vacib sistem yaratmaq lazımdır, qisas silahı və xəbərdarlıq silahları olmalıdır". Açıqlamadan da göründüyü kimi Ermənistan Azərbaycanı qisasla hədələyir. Xocalı aeroportunun açılması ilə bağlı xəbər də hədələyicidir. Yadınızdadırsa, bir neçə il öncə də belə bir fikir irəli sürmüşdülər. Hətta deyirdilər ki, təyyarəyə minəcək ilk erməni Sarkisyan olacaqdı. Azərbaycan onları yerində oturtdu. Bu dəfə də işğalçı ölkə Bakı tərəfindən layiqli cavabını ala bilər".
Yeri gəlmişkən, Avropa Komissiyasının xarici məsələlər və təhlükəsizlik üzrə komissarı Federika Moqerini Avropa Birliyi-Ermənistan əməkdaşlığının növbəti şura iclasında türk-erməni münasibətlərinə toxundu və qeyd etdi ki, Brüssel münasibətlərin düzəlməsinə kömək etməyə hazırdır.
Moqerini ilə görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da türk-erməni münasibətləri haqda təxmini eyni ifadələri işlətdi.
Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi ilə bağlı məsələnin indi gündəmə gəlməsi suallar yaradır. Çünki Türkiyə Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ və digər əraziləri işğal etməsini əsas tutaraq, İrəvanla heç bir diplomatik əlaqələr qurmur, həmçinin, artıq 20 ildən çoxdur ki, sərhədlərini bağlayıb. 2009-cu ildə münasibətlərin düzəlməsi ilə bağlı imzalanmış Sürix protokolları da arxivə göndərilib. Ermənistan prezidenti Serj Sarkisyanın dəfələrlə Türkiyəyə "ilkin şərt olmadan münasibətləri düzəldək" çağırışı havada asılı qalıb. Maraqlıdır ki, vəziyyətin belə olduğu haqda Ermənistanla Avropa Birliyinin münasibətlərinə həsr olunmuş iclasda türk-erməni məsələsi niyə yenidən gündəmə gətirilir, hədəf nədir?
Burada ilkin səbəbin Brüsselin siyasəti olduğu görünür. Avropanın Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarmaq planı həmişə mövcud olub. Bunun üçün mütləq mənada Türkiyə ilə sərhədlərin açılması və İrəvana Avropaya çıxış üçün dəhliz verilməlidir. Lakin bu məsələdə təkcə Brüsselin yox, İrəvanın da öz maraqları var.
Erməni jurnalist Sarqis Artsruninin dedikləri bu kontekstdə diqqət çəkir.
"İrəvan bütün imtinalara rəğmən Ankaradan hələ də xahişlərini edir. Çünki Ermənistan Avropa Birliyinə çıxış üçün Türkiyənin əsas dəhliz olduğunu anlayır. Güman ki, iclasda türk-erməni münasibətləri məhz İrəvanın istəyi ilə gündəmə gətirilib. Nalbandyan da Moqerini ilə arxa planda bunu müzakirə edib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinə görə qapılarını İrəvanın üzünə bağlayıb. İrəvan Ankaradan dəfələrlə xahiş edib ki, "Qarabağ olmadan müzakirə edək". Görünür, bu xahiş yenidən ediləcək. Buna görə də əvvəlcə Brüsselin bəyanatının səslənməsi lazımdır. Çünki Ermənistan hakimiyyəti hələ də ümidini itirməyib", - deyə jurnalist qeyd edir.

Cavid