“Ermənistan keçən ilin aprel döyüşlərindən sonra özünə gələ bilmir” Layihə

“Ermənistan keçən ilin aprel döyüşlərindən sonra özünə gələ bilmir”

Emin Həsənli: "Ermənistan ictimaiyyəti, erməni əsgərlərin anaları haqlı olaraq hakimiyyətdən tələb edirlər ki, bu biabırçılığa son qoyulsun"

Azər Həsrət: "Həmin qurumlar artıq o qənaətə gəlib ki, Ermənistanı müdafiə etmək üçün imkanlar tükənib"

Şair Ramaldanov: "Ermənistan təxribata əl atmaqla danışıqlar prosesini pozmağa çalışır"

Ermənistan cəbhə xəttində təxribatlarını davam etdirir. Alxanlıda baş verən hadisədən sonra təxribatlar intensiv xarakter almağa başlayıb. Erməni silahlı birləşmələrinin bütün təxribat cəhdlərinini qarşısı alınsa da təcavüzkar ölkə vəziyyəti gərginləşdirməkdə martaqlıdır.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Ermənistan keçən ilin aprel döyüşlərindən sonra özünə gələ bilmir. Ermənistan ictimaiyyəti, erməni əsgərlərin anaları haqlı olaraq hakimiyyətdən tələb edirlər ki, bu biabırçılığa son qoyulsun: "Ermənistanda həddindən çox gərgin bir vəziyyət yaranıb. 25 ildir ki, bir mif yaratmışdılar və özləri də inanırdılar ki, cəbhədə "Ohanyan xətti" keçilməzdir, orduları güclüdür, Azərbaycan torpaqlarını öz ordularının gücünə işğal ediblər. Keçən il aprel ayının 2-də bir neçə saatlıq döyüş sübut etdi ki, Azərbaycan həmin haqqında mif yaradılan xətti darmadağın etməyə qadirdir. Ermənistan cəmiyyəti və dünya ictimaiyyəti də bunu gördü. Ermənistanda siyasi hakimiyyət böhranı vardı, ölkədən əhali köçüb gedirdi, ölkə regional layihələrdən kənarda idi, müstəqil siyasət aparmırdı. Yerli əhali isə bütün bunlara məcburən dözürdü ki, guya bunların hansısa ordusu var, nəsə əldə edəcəklər. Qarabağ məsələsində də siyasi baxımdan heç bir nəticə əldə edə bilməmişdilər. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini nə özləri tanıya bilmişdilər, nə də bu qondarma qurum hər hansı bir dövlət tərəfindən tanınıb. Nə də bu bölgəni Ermənistana birləşdirə biliblər. Dünyada da bunun qeyri-qanuni bir qurum olduğu, Azərbaycanın işğal altındakı əraziləri olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində, Avropa İttifaqının və Avropa Şurasının qərarlarında öz əksini tapıb. Belə bir vəziyyətdə Ermənistan ancaq xəyallara ümid edirdi, ordusunun mifini yaratmışdı. Həmin mif Mübariz İbrahimovun qəhrəmanlığı, 2014-cü ilin avqust və 2016-cı ilin aprel hadisələri ilə darmadağın olundu. 2014-cü ilin avqustunda Ağdam səmasında Ermənistanın hərbi vertolyotu vuruldu, aprel ayında isə Ermənistan ordusu 500-dən artıq canlı qüvvə itirdi, məğlub olaraq Lələtəpə və Talış yüksəkliklərindən geri çəkildi. Qarabağdan erməni hərbçiləri qaçmağa başladı. Apreldə Rusiya prezidentinin, baş nazirinin, müdafiə nazirinin israrlı xahişləri olmasaydı, beynəlxalq aləm bu işə qarışmasaydı, bir neçə günə Qarabağ məsələsində geriyədönməz proses başlayacaqdı. Bunu artıq Ermənistanda hər kəs bilir, başa düşür, erməni mətbuatı da yazır, ekspertlər də deyir. Aprel hadisələrindən sonra Ermənistan müdafiə naziri Ohanyan, onlarla general istefa verdi, Ermənistanda parlament seçkiləri biabırçı vəziyyətdə keçirildi. Bu vəziyyətdə Ermənistanda daxildə böyük bir gərginlik var. Bu gərginliklə bağlı, həm də öz aləmlərində aprel hadisələrinin qisasını almaq üçün təmas xəttində təxribatlar törədirlər ki, ölkə daxilində ictimaiyyətin diqqətini yayındırsınlar. Yəni iki aspektdən düşünürlər. Birinci, düşünürlər ki, hanısısa formada qisas alsınlar. Ələ keçirilən kəşfiyyatçının söylədikləri də bunu göstərir. Diversiya qrupları göndərmişdilər ki, səngərdəki Azərbaycan hərbçilərini qətlə yetirsinlər. İkinci məqsədləri odur ki, erməni cəmiyyətində xof yaratmağa çalışırlar ki, guya hazırkı hakimiyyət olmasa, Azərbaycan bütün Ermənistanı işğal edər. Ona görə də təmas xəttində təxribatlara əl atırlar. Ermənistandan fərqli olaraq, Azərbaycan Ali Baş Komandanın əmri ilə torpaqları işğaldan azad edəcək. Keçən ilin aprelində də Ermənistanın diversiya qruplarının qarşısını almaq üçün addımlar atıldı. Qarşıya məqsəd qoyulmamışdı ki, bütünlükdə Qarabağın azad edilməsi üçün əməliyyat keçirilsin. Amma bu dəfə zərbə daha ağır, kəskin olacaq. Ermənistan hələ aprel şokundan ayıla bilmir, ikinci belə bir hadisə olsa, nə Ermənistan silahlı qüvvələri, nə onun şəxsi heyəti, nə də Ermənistan əhalisi mənəvi-psixoloji cəhətdən özünə gələ bilməyəcək. Azərbaycan ordusunun isə döyüş əzmi, peşəkarlığı var, qarşısına qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə hazırdır". Onun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı prezident İlham Əliyev Silahlı Qüvvələrimizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər görür: "Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin qoyduğu yoldur, hərbi elmin əsaslarına uyğun ordu yaradılıb. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir texnika, hərbi aviasiya, hava hücumundan müdafiə sistemləri, quru qoşunlarımız, artilleriyamız var. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuzun silahlanması günün tələblərinə cavab verir. Bütün hərbi kazarmalar müasir dövrə uyğun tikilib, yenidən qurulub, əsaslı təmir və bərpa işləri aparılıb. Hərbi tibbi vəziyyət həddindən artıq yüksəkdir, müasir standarta uyğun hospitallarımız, tibb məntəqələrimiz, peşəkar həkimlərimiz var. Dünyanın ən məşhur universitetlərində oxumuş, kurslar keçmiş, qardaş Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında təhsil, rezidentura oxumuş həkimlərimiz var. Bu gün hospitallarımızda ən müasir əməliyyatlar peşəkar səviyyədə həyata keçirilir. Bu, digər ölkələr üçün nümunələr olmalıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri öz istehsalımız olan silahlardan istifadəyə üstünlük verir. Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünya müdafiə sənayesi sərgilərində nümunəvi yerlər tutur, milli silahlar istehsal olunur. Bunlar hamısı qürurvericidir. Ən əsası Azərbaycan Silahlı Qüvvələri peşəkardır, nizami ordumuz var, peşəkarlığını günü gündən artırır. Son illər bu istiqamətdə sistemli və ardıcıl iş görülür. Bu gün Silahlı Qüvvələrimizdə xidmət edən şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. 2016-cı ilin aprel hadisələri də göstərdi ki, ordumuzun çox böyük döyüş əzmi var. Orduda əvvəlki illərdən fərqli olaraq əsgərin qarşısında ancaq təlim və döyüşə hazırlıq əsas məqsəd kimi qoyulub. Əsgərin digər işlərini mülki işçilər görür. Əsgərin yeməyinin hazırlanması və digər belə işlər mülki işçilərə tapşırılıb. Bir çox işlər artıq peşəkar hərbçilərə, müddətdən artıq hərbi qulluqçulara, gizirlərə tapşırılıb. Bu gün Azərbaycanın Hərbi Akademiyası, hərbi ali təhsil müəssisələri, dənizçilik və təyyarəçilik ali hərbi məktəbləri, Təlim-Tədris Mərkəzi, Daxili Qoşunların Məktəbi, Fövqəladə Hallar Akademiyası müasir tələblərə uyğundur, müasir kadrlar hazırlanır. Dünyanın ən müasir orduları ilə ikitərəfli əməkdaşlıq qurulub. Ordumuz Əfqanıstanda və İraqda beynəlxalq sülhyaratma missiyalarında layiqincə təmsil olunur. Silahlı Qüvvələrimiz geniş beynəlxalq əlaqələri var. Gələn il Silahlı Qüvvələrimizin, Cümhuriyyətimizin 100 illiyi olacaq. İnşallah, bunu böyük təntənə ilə qeyd edəcəyik. Bu isə o deməddir ki, Azərbaycan Silahlı Qüvvələrinin potensialı yüksək səviyyədədir".
Siyasi şərhçi Azər Həsrət isə diqqətə çatdırıb ki, cəbhədə baş verənlər barəsində beynəlxalq təşkilatların susqunluğuna, yerinə yetirilməyən BMT qətnamələri kimi məsələlərə adətən əsəbi reaksiya veririk: "Çünki ədalət istəyirik. Amma bu dəfə əsəbi deyil, pozitiv yanaşmaq istərdim"..
Onun sözlərinə görə, beynəlxalq təşkilatların bəzilərinin susqunluğu bizim mövqeyimizlə razılaşmaq əlamətidir: "Yəni bizə qarşı deməyə söz tapsaydılar, mütləq deyərdilər. Tapa bilmirlər. Eyni zamanda belə düşünə bilərik ki, həmin qurumlar artıq o qənaətə gəlib ki, Ermənistanı müdafiə etmək üçün imkanlar tükənib. Azərbaycan öz bildiyi yolla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edib işğal faktını aradan qaldıra bilər. Bu isə bizə ən qısa müddətdə hərbi güclə işğalçını torpaqlarımızdan qovub ədaləti bərpa etməyə haqq verir. Biz belə edərsək, yəqin ki, o təşkilatlar susmağa davam edəcəklər".
Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, Azərbaycan yeni silah-sursat və döyüş texnikaların alınmasını davam etdirir. Ermənistan tərəfi bundan narahatdır: "Çünki Ermənistan və onun havadarları Azərbaycana hərbi yoldan başqa seçim qoymurlar".
Polkovnik bildirib ki, güc vasitəsilə torpaqların işğaldan azad edilməsi gündəmdədir: "Erməni işğalçıları tərəfindən 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsinə bütün dünya münasibət bildirdi. Bu hal onu göstərir ki, Ermənistandan sülh gözləmək mümkün deyil. Ermənistan hələ də dinc sakinlərə atəş açır. Aprel hadisələri də dinc sakinlərin atəşə məruz qalmasından sonra baş vermişdi. Nəticədə ordumuz əks həmlə edərək bir neçə strateji yüksəkliyi işğaldan azad etdi və düşmənə ağır zərbələr vuruldu".
Ş.Ramaldanovun fikrincə, Ermənistan təxribata əl atmaqla danışıqlar prosesini pozmağa çalışır: "Düşmən zamanı uzatmağa çalışır. Onlar anlamalıdırlar ki, bu hərəkətlərin sonu görünmür". Polkovnik qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə və düşmən qüvvələrini darmadağın etməyə hazırdır: "Ordumuz ən müasir silahlarla silahlanır. Bu, bütün dünyaya və Ermənistana bir ismarıcdır ki, Azərbaycan güc yolu ilə Qarabağ məsələsi istənilən an həll edə bilər. Buna heç kimin şübhəsi olmasın".

Əli