Ermənilər kəndləri qarət edir, mülki vətəndaşları girov götürürdülər... Layihə

Ermənilər kəndləri qarət edir, mülki vətəndaşları girov götürürdülər...

3-cü yazı

Bu gün Ermənistan özünü dünyaya "humanist" olaraq təqdim etsə də, havadarlarının əliylə Azərbaycanın tarixi torpaqlarını işğal etməsi faktı ortadadır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov tədqiqatında ermənilərin 1980-ci illərin sonlarından SSRİ-nin süqutundan fürsət taparaq torpaqlarımızın işğalı üçün min bir planlar qurmasından, açıq şəkildə dövlət səviyyəsində terror yoluyla istəklərini gerçəkləşdirməsindən danışılır. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib: "Azərbaycanlı döyüşçülər Şuşa yüksəkliyindən Xankəndi-Şuşa şose yolu ilə Şuşa istiqamətində hərəkət edən 422 №-li tankı izləyirdilər. Erməni tankı döngələrdə gah itib, gah da açıq-aşkar görünə-görünə bütün sürəti ilə Şuşa qalasına yaxınlaşırdı. Elə bu zaman heç kimin gözləmədiyi bir hadisə baş verdi, Şuşa qalası yaxınlığında gizlədilmiş bir azərbaycanlı tankı da mövqeyindən çıxaraq Şuşa-Xankəndi yolu ilə Xankəndi istiqamətində hərəkətə başladı. Elə ilk döngənin yaxınlığında dayanıb gözlədi, 5-6 dəqiqə sonra döyüşçülərimizlə qarşılaşan erməni tankını təqribən 50-60 metr məsafədən cəmi bir sərrast atəşlə vurdular. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu, ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar.
Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət, mayın 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. 9 may 1992-ci il tarixdə Ermənistan Silahlı qüvvələrinin bir qrup yüksək rütbəli zabitləri və jurnalistlər Şuşukənddən Şuşaya erməni silahlıları ilə bərabər bu "qələbə"ni qeyd etmək üçün gedirdilər. Elə həmin gün səhər tezdən general Qurgen Dalibaltayana məxsus "Niva" markalı maşında Feliks Qzoyan, Robert Koçaryan və Anatoli Zineviç qonaqlardan qabaq Şuşaya gəlmişdilər. Sonralar Zori Balayan bu hadisəni xatirələrində yazarkən belə bir ifadə işlətmişdi: "O gün həyatında ilk dəfə olaraq əyninə hərbi paltar geyən Robert Koçaryanın çox qəribə görkəmi vardı".
May ayının 7-8-də Şuşa əhalisi və Azərbaycanın özünümüdafiə dəstələrinin döyüşçüləri mühasirənin nəzarətsiz yerlərindən keçərək məğlub durumda Laçın şose yoluna çıxa bilirdilər: "Turşsu-Laçın istiqamətindəki bu yol hələlik təhlükəsiz idi. Çünki bizim hərbi bölmələrimiz Turşsu – Lesaqor dolayları istiqamətindəki yüksəkliklərdən Laçına qədər olan yola nəzarət edə bilirdilər. O zaman Azərbaycanın bu mövqelərdəki hərbi birləşmələri bu istiqamətdən erməni ordusuna Laçın istiqamətdə hücuma keçməyə imkan vermir, hələ üstəlik Şuşanın azad edilməsi üçün cəhdlər də edirdilər. Çünki bu zaman erməni ordusunun başı Şuşada mülki əhalinin sahibsiz qalan əmlakının qarət edilməsinə qarışdığından Azərbaycan ordusuna qarşı elə də ciddi müqavimət göstərmirdilər.
İngiltərədə fəaliyyət göstərən "Ümumdünya xristian həmrəyliyi" təşkilatının rəhbərlərindən olan Baronessa Koks böyük bir qrupla Qarabağa gələrək erməni terrorçularına İngiltərənin dəstəyi barədə məruzələr edirdi. Baronessa Koks məhşur terrorçu ASALA terror təşkilatının üzvü Monte Melkonyanın müşayəti ilə Qarabağın azərbaycanlılar yaşayan kəndlərində ermənilər tərəfindən öldürülüb eybəcər hala salınan qadın, uşaq və qoca insanların meyitləri yanında xatirə şəkilləri çəkdirməklə insanlığa yaraşmayan hərəkətlərə yol verirdi".
İşğal təhlükəsi Laçına yaxınlaşırdı... "Qarabağda ermənilərin görünməmiş cinayətləri, özbaşınalıqları, talanları, qətllərı, biri digərinin ardı ilə işğal olunan şəhər, kənd və qəsəbələr Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən çox adi qarşılanırdı. Bütün dünyanın gözü qarşısında Qarabağda və ətraf rayonlarda yüzlərlə insan kütləvi şəkildə qırılır və var-yoxdan çıxırdı. Bu bölgədə azərbaycanlılara qarşı törədilən erməni vandalizminin qarşısının alınmasında hökumət acizlik çəkirdi. Eyni zamanda hökumət bu cinayətlərin qarşısını almaq üçün müvafiq tədbirlər planına malik deyildi. Hökumət özünü elə göstərirdi ki, sanki bu cür ağır bədbəxtçiliyə düçar olmuş vətəndaşlarının ən adi Konstitusiya hüquqlarını qorumağa borclu deyil. Lakin ədalət naminə etiraf etmək lazımdır ki, hökumət üzvləri arasında qaçqın və məcburi köçkünlərə kömək edənlər, əl tutanlar da az deyildi".
F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır, 1992-ci ilin mayın 17-nə qədər Laçın şəhərindən bizim ermənilərlə təmas xəttimizə qədər olan məsafə minumum 35 km, maksimum isə 60-80 və bəzən də 100 kilometrə bərabər idi. Bu təmas xəttində demək olar ki, hər gün mövqe döyüşləri gedirdi və bunun səsi əlbəttə ki, Laçın şəhərində çox vaxt eşidilmirdi. Hər gün olmasa da günaşırı təcili yardım maşınları cəbhə xəttində yaralananları rayon mərkəzinə daşıyırdılar. O zaman Mərkəzi Xəstəxananın baş həkimi Elçin İsgəndərovun rəhbərliyi ilə yenicə təşkil olunmuş Laçın şəhər qospitalında onlarla yaralı əsgər müalicə olunurdu.
Ön mövqelərdəki əsgərlərimiz əsl qəhrəmanlara layiq səbr nümayiş etdirərək həftələrlə əvəz olunmamaları və onlara sursat və qida ehtiyatının ləng göndərilməsi barədə azacıq da olsa belə narazılıq etmirdilər. Şuşanın işğalından sonra fəlakət kabusu Laçının başı üzərində fırlanırdı. Laçın şovinist İrəvanla seperatçı Xankəndi arasında böyük strateji əhəmiyyətə malik tarixi bir ərazi idi.
Ermənilərə görə Laçın, Qarabağla Ermənistan arasında bir qida borusu idi. Laçınsız Qarabağı əldə saxlamağın isə mümkünlüyü sıfıra bərabər idi. Bu səbəbdən də onlar bu ərazini strateji əhəmiyyətinə görə Qarabağ ermənilərinin "həyat yolu" adlandırır və bu ərazi uğurunda vuruşmağı özlərinin müqəddəs vəzifələri sayırdılar. Burada haqlı bir sual ortalığa çıxır, əgər Laçın ermənilər üçün bu qədər əhəmiyyətli bir ərazi idisə onda, bəs nəyə görə ermənilər Laçının işğalını Qarabağın işğalından sonraya planlaşdırılmışdılar? Nəyə görə ermənilər Laçının işğalını Şuşanın və Qarabağın bir çox strateji məntəqələrinin işğalından qabağa sala bilmədilər?
Çoxlarına məlumdur ki, ermənilər hələ 1988-ci ildən etibarən Laçın ərazilərinə vaxtaşırı silahlı müdaxilələr edir, kəndlərdən mal-qara qarət edir və hətta mülki vətəndaşları girov götürürdülər. Ermənilərin Laçın ərazilərinə etdikləri hər bir hücumun qarşısı laçınlı gənclər tərəfindən çox kəskin şəkildə alınır və bunun əvəzini çıxmaq üçün ermənilərin ərazilərinə yeni daha kəsərli hücumlar təşkil edilirdilər. Laçınlılar ermənilərin elədiklərinin əvəzi ikiqat çıxdıqlarından onlar bu əraziyə genişmiqyaslı hücumlar təşkil edə bilmirdilər. Onların Laçına bütün hücumları məğlubiyyətə düçar olurdu. Məhz bunun nəticəsi idi ki, 80-ci, 90-cı illərdə respublikamızın hər bir yerində Laçının adı fəxrlə çəkilir, burada yaşayan insanların hünərindən, qəhrəmanlığından danışılırdı. O dövrdə hər bir laçınlı, laçınlı olmağından qürur duyurdu.
Ermənilər bilirdilər, nə qədər ki, Laçının arxasında Qarabağ dayanır, onun üzərində qələbə çalmaq mümkün olmayacaq. Məhz bu səbəbdən də onlar Laçının işğalını Qarabağın işğalından sonraya saxladılar. Çünki Laçın üzərində qələbəyə Rusiyanın xeyir-duasından sonra daha bir təminat lazım idi. Bu təminat isə Gorus – Laçın – Şuşa yoluna nəzarət edə bilən bütün strateji yüksəkliklərə sahib olmaqdan keçirdi. Bu təminatı əldə etmək üçün Sovetlər dönəmində 70 il fasiləsiz mübarizə aparıb uğursuzluğa düçar olan ermənilərin qarşısında Laçın, açılması çətin olan "Qara qapı" idi.
… Şuşanın süqutu ərəfəsində Xüsusi Təyinatlılar və Nail Kazımovun silahlıları Kirs dağındakı döyüş mövqelərini özbaşına tərk edərək Bakıya qayıtdılar. Bu xəyanətkarlığın nəticəsində ermənilər bu istiqamətdən hücum edərək Laçının Köhnəkənd kəndini yandırdılar, Köhnəkənd kənd sakini Allahverdi kişini öldürdülər və həmin kəndin sakini Suren adlı şəxsi girov götürdülər. 811 saylı Laçın polkunun döyüşçüləri əks hücumla ermənilərin bu hücumunun qarşısını alıb, Kirs dağındakı postları ermənilərdən təmizləməyə nail oldular. Bu döyüşdə İsmayılov Yaqub, Muradov Şəfa və Səlimov Laçın, Səlimov İzzət qardaşları xüsusi olaraq fərqləndilər. Məhz 811 saylı polkun nəzarətində olan Kirs dağına E.Orucov öz silahlılarıını yerləşdirib, Laçın polkunun döyüşçülərinin Azərbaycan-Ermənistan sərhəddinə göndərilməsinə iddialı idi və sonda o buna nail oldu.
06 may 1992-ci il tarixdən Ermənistan ərazilərindən Laçın, Qubadlı və Zəngilan rayonlarına başlanan intensiv artilleriya atəşləri getdikcə daha da şiddətlənirdi. Hərbi nöqteyi-nəzərdən bunu belə hesab etmək olardı ki, bu atəşlər Şuşanı mühasirədə saxlayan erməni qoşunlarına dəstək məqsədi daşıyır və bu hücum Azərbaycan ordu birləşmələrinin dislokasiyasına, yəni Şuşaya ehtimal olunan hərbi köməyə mane olmaq məqsədi ilə edilir.
Hadisəyə siyasi nöqteyi-nəzərdən baxanada, bu, Ermənistanın Azərbaycan dövlətinə qarşı hərbi təcavüzü idi. Çünki həmin tarixdə Ermənistanın Azərbaycanla həmsərhəd əraziləri olan Gorus, Qafan, Mehri rayonları istiqamətlərindən Azərbaycanın 100 km-lik ərazisi atəş altında saxlanırdı".

Uğur