Rusiya Ermənistanı silahlandırır Layihə

Rusiya Ermənistanı silahlandırır

XİN rəhbərləri isə yenidən görüş təyin ediblər

Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 6 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi (Anjey Kaspişik) ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçiriblər.
"Sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi, 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin. Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib", - deyə o vurğulayıb.
İşğalçı Ermənistan bir yandan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həllini istəyir, digər tərəfdən isə Azərbaycanın müharibə variantına əl atacağından ehtiyatlanıb silahlanır.
Belə ki, Ermənistan parlamenti Rusiyadan silah alış-verişi üçün ayrılan növbəti 100 milyon dollarlıq krediti ratifikasiya edib. Silah satışı barədə razılıq oktyabr ayında - Ermənistan və Azərbayсan prezidentlərinin Сenevrə görüşü önсəsi əldə edilib. Sənədin leyhinə 92 deputat səs verib.
Rusiya öz istehsalı olan silah-sursatı əldə etmək üçün Emənistana 100 milyon dollarlıq kredit ayırıb. Kredit 15 il müddətinə (2023-2037) verilib.
İllik faiz dərəcəsi isə 4 faizdir. Ermənistan kredit vəsaitindən 2018–2022-ci illərdə istifadə edə bilər.
Bənzər müqavilələrdən biri də ötən il bağlanılıb. Ermənistan – Azərbaycan təmas xəttində aprel ayında baş verən döyüş toqquşmalarından sonra İrəvan hökuməti Moskvadan silah alışı prosesini sürətləndirmək üçün hərbi kredit sazişinin həyata keçirilməsini tələsik təsdiqləyib. Təsdiqlənən kredit müqaviləsinin dəyəri 200 milyon dollardır.
Rusiya bu yolla yetərinсə güzəştli şərtlərlə Ermənistan ordusunu da silahlandırır. Azərbayсana dünya bazarı qiymətinə satılan silahlar, Ermənistana daxili bazar qiymətlərinə güzəştli kreditlə (illik 3%-lə, 15 ilə) verilir.
Ermənilər günbəgün yox, saatbasaat silahlanırlar. Almaniyada Konversiya üzrə Bonn Beynəlxalq Mərkəzinin hesabatı belə deməyə əsas verir. Silahlanma üzrə qlobal indeksə görə, Ermənistan bu siyahıda 3-cü yeri tutub. O, şimal qonşusu Rusiya , Türkiyə, İran, Azərbaycan kimi ölkələri geridə qoyub. Ermənistandan qabaq isə ancaq İsrail və Sinqaapurun adı siyahıda yer alıb.
Kremlin bir müddət öncə İrəvana silah alışı üçün ayırdığı 100 milyon dollarlıq kredit bu ölkəni tezliklə 2 və ya 1-ci yerə çıxara bilər.
Göründüyü kimi, Ermənistan rəhbərliyi üçün müharibə sülhdən daha vacibdir. Düzdür onun nümayəndələri qatıldıqları beynəlxalq forumlar, tədbirlərdə Ermənistanı sülhsevər ölkə kimi təqdim etməyə çalışırlar. Amma bu hesabatdan sonra dünya ictimaiyyəti erməni siyasətçilərinin yalan danışdığından bir daha əmin olacaq.
Silahlanma yarışının qurbanları isə ilk növbədə bu ölkənin sadə vətəndaşlarıdır. Yerli sosiolqlar artıq hesablayıblar ki, hər 10-cu erməni ailəsi ac yatır. Gələcəkdə isə ekspertlərin proqnozlarına görə, ölkə üçün daha ağır il olacaq.
Politoloq İlqar Vəlizadə Ermənistan parlamentinin Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə kreditini ratifikasiya etməsinə münasibət bildirərkən deyib ki, bütün hallarda vəziyyət acınacaqlıdır. Ona görə ki, Ermənistan məsələnin sülh yolu ilə həllindən uzaqlaşaraq, yenə də müharibə hazırlıqları görür. 100 milyon dollarlıq silah-sursatın da Qarabağda yerləşdiriləcəyi gözlənilir.
O bildirib ki, Azərbaycan tərəfi Ermənistanın hansı silah-sursatları əldə etdiyini, həmin silahların harada yerləşdirdiyini diqqətlə izləyir:
"Azərbaycan bununla bağlı dərhal cavab tədbirləri görmək niyyətində deyil. Çünki Azərbaycanın öz hərbi texniki proqramı var və həmin proqramın prioritetləri də məlumdur. Bu məsələ diqqət mərkəzində saxlanılır, hətta onların Rusiya ilə imzaladığı müqavilənin şərtləri ilə də Azərbaycan tərəfi izləyir. Amma Ermənistanın imkanları yoxdur ki, Azərbaycanla bu sahədə rəqabət aparsın. Çünki biz Rusiyadan qat-qat müasir və daha yeni texnikalar alırıq. Aldığımız silahların qiyməti də Ermənistanın Rusiyadan əldə etdiyi silah kreditinin həcmindən qat-qat çox olur. Ermənistan bundan əvvəl Rusiyadan 200 milyon dollar həcmində, indi isə 100 milyon dollarlıq kredit əldə edib. Müqayisə üçün deyim ki, Azərbaycanın Rusiyadan əldə etdiyi ümumi hərbi texnikanın, hərbi məhsulların dəyəri 5 milyard dollar həcmindədir".
Politoloq qeyd edib ki, burada əsas diqqətçəkici məqam Ermənistan tərəfinin hər dəfə Rusiyanın onlara daha yumşaq şərtlərlə kredit verdiyini, hətta bəzən təmənnasız silah yardımı etdiyini səsləndirməsidir:
"Belə hallar baş verdikdə Azərbaycan Rusiyadan bunun səbəbləri ilə bağlı konkret açıqlamalar tələb etmək iqtidarındadır. Ona görə də bunu bilən Rusiya tərəfi bu cür açıq yardımlardan, addımlardan çəkinir və dolayı yollar axtarır. Amma əlbəttə ki, Ermənistanın belə addımları vəziyyətin mürəkkəb olduğundan xəbər verir. Bu da bizə müharibə üçün daha ciddi səylərlə hazırlaşmağımıza əsaslar verir".
Ekspert Elşən Həsənovun fikrincə, Dağlıq Qarabağ münaqişəsini yaradan Rusiyadır və onun həllinə də mane olan dövlətdir: "Rusiya hər zaman Ermənistanı dəstəkləyib, həm iqtisadi, həm siyasi sahədə. Rusiyanın Ermənistanı silahlandırması və yaxud da müxtəlif şərtlərlə böyük məbləğdə kreditlər verməsi bu günün söhbəti deyil. Ermənistanı bataqlıqa salan da Rusiyadır, onu bataqlıqdan çıxaran da. Rusiya Ermənistana yardım əlini uzatmaqla işğalçı ölkəni dəstəklədiyini və Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın yanında olduğunu bird aha nümayiş etdirir".
Ekspert hesab edir ki, Rusiyanın Minsk Qrupunun həmsədr ölkəsi olaraq Ermənistanı silahlandırması ilk növbədə bu ölkənin təcavüzkar və işğalçılıq siyasətinin dəstəklənməsi kimi qəbul edilməlidir. Bu faktor regionda təhlükəsizliyi təhdid edən amil olaraq bir tərəfdən gərginliyin daha da artırılmasını stimullaşdırır, digər tərəfdən Rusiyanın həmsədr ölkə kimi imicinə xələl gətirir.
Ermənistanın "Smerç" reaktiv sistemləri, "İqla-S" zenit raket kompleksləri, "Avtobaza-M" radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar alacağı bildirilir. Ekspertin fikrincə, Rusiyanın bu silahları faktiki olaraq bağışlaması onun münaqişə tərəflərinin birinə hərtəfərli yardım göstərməklə bağlı bitərəflik prinsipinə əməl etmədiyini göstərir.
E.Həsənov bildirirb ki, Rusiyanın Azərbaycanla hərbi-texniki əməkdaşlığının arxasında ilk növbədə biznes maraqları dayanır: "Ermənistanla hərbi-texniki əməkdaşlıq isə siyasi maraqlar üzərində qurulub. Rizvan Hüseynov bildirir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanla yaratdığı qruplaşmanın dəstəklənmədiyini gördükdən sonra bu əməkdaşlığı ayrı bir müstəvidə dərinləşdirməyə başlayıb.
Rusiyanın bu addımı Dağlıq Qarabağda işğalın möhkəmlənməsinə, münaqişənin sülh yolu ilə həllinin uzanmasına xidmət edir. Hərbi ekspert Ramil Məmmədli deyir ki, bu məsələ Azərbaycan cəmiyyətində Rusiyaya qarşı mənfi münasibətin yaranmasına səbəb olacaq".
Qeyd edək ki, bu, Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı nə birinci, nə də sonuncu faktdır. 2015-ci ildə də Rusiyanın Ermənistana silah-sursat alınması və hərbi modernizasiya məqsədilə 200 milyon dollar güzəştli kredit ayırması və "İsgəndər-M" operativ-taktiki raketləri ilə təchiz edilməsi haqda məlumat yayılıb.
Cavid