“Pakistanın həyata keçirdiyi əməliyyat tamamilə normaldır” Dünya

“Pakistanın həyata keçirdiyi əməliyyat tamamilə normaldır”

“Əfqanıstan Pakistan sərhədində döyüşlərin baş verməsinə səbəb Taliban hərəkatı ilə bağlıdır. Məlum olduğu kimi, Taliban hərəkatının bir qolu da Pakistanda fəaliyyət göstərirdi və bu müddət ərzində Pakistanda çox ciddi hadisələr törətdi. Xüsusilə də Pakistan Talibanına Beytullah Məsudun rəhbərlik etdiyi dövrdə hərəkat çox geniş şəkildə aktivləşmişdi və faktiki olaraq Pakistanda ümumi siyasi qüvvələri nəzarətdə saxlamağa çalışırdı”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib.

Siyasi şərhçinin sözlərinə görə, ən böyük hadisələrdən biri də 2007-ci ildə Pakistanın keçmiş baş naziri artıq seçkilərdə qalibiyyəti şübhə doğurmayan Bənazir Bhuttonun sui-qəsdlə qətlə yetirilməsi oldu: “Həmin dövrdə məhz bunu təşkil edən Pakistan Talibanı idi. Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistandakı Taliban yenidən aktivləşib və sanki ölmüş hüceyrələri bərpa edirlər. Heç bir halda da bunu müəyyənləşdirmək mümkün deyil. Pakistan hökuməti də taliblərə qarşı məhz bu cür davranışlar sərgiləyir və Əfqanıstan sərhədindən ölkə ərazisinə sızan qruplara qarşı əməliyyat keçirir. Pakistanın həyata keçirdiyi əməliyyat tamamilə normaldır və öz sərhəd təhlükəsizliyini bərpa etmək üçün bu prosesi həyata keçirir”.

Z.Əmrəliyev vurğulayıb ki, burada daxili səbəblərdən başqa bir neçə xarici səbəb də var: “İlk növbədə məlum olduğu kimi, bir müddət əvvəl Pakistan və Səudiyyə Ərəbistanı arasında nüvə sazişi ilə bağlı anlaşma imzalanıb və bu anlaşma kifayət qədər məsələləri özündə ehtiva edir. Pakistan artıq konkret olaraq Yaxın Şərqdəki proseslərdə aktiv iştirak edir. Buna görə Əfqanıstan vasitəsilə Pakistana təzyiq edilməsi də gündəmə gələ bilər. Yəni bu variant da istisna edilməməlidir deyə düşünürəm”.

Röya İsrafilova