Paşinyanın Qarabağ qorxusu Layihə

Paşinyanın Qarabağ qorxusu

Ermənistanda keçirilən mitinqlərin müəllifi, baş nazir postuna iddialı Nikol Paşinyan BBC-yə Qarabağ münaqişəsinin həlli ilə bağlı bildirib ki, Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır. Mən düşünürəm ki, ilk növbədə dialoq, danışıqlar üçün müvafiq atmosfer yaratmaq lazımdır: "Biz hesab edirik ki, bunu mütləq etmək lazımdır. Həm Ermənistan, həm, ümumiyyətlə, dünya birliyi bununla bağlı müəyyən nəticələr çıxarmalıdırlar. Ermənistan həmişə dialoqa meyilli olub və həmişə Ermənistanın hər bir hakimiyyəti hesab edib ki, Dağlıq Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır və biz kiminsə bu məsələni güc tətbiqiylə çözmək qərarında olduğu qənaətinə gəlməyə əsas verən ritorikanı istisna etməliyik. Belə şey olmamalıdır. XXI əsrdir, biz mədəni ölkələrik, hər halda Ermənistan... Ümidvaram, siz bunu son 20 ildə görmüsünüz. Lakin bu, o demək deyil ki, mədənilik zəiflik kimi yozulmalıdır. Azərbaycan tərəfindən Dağlıq Qarabağda hər hansı təxribat törədilsə, biz bütün daxili siyasi problemlərimizi bir yana qoyub, yalnız vətənimizin müdafiəsi ilə məşğul olarıq".
Onu da qeyd edək ki, Ermənistanın şimal şəhərlərinə - Gümrüyə, Vanadzora, İcevana və Dilicanda etiraz mitinqləri keçirən Nikol Paşinyan Rusiya qarşısında yeni Qarabağ şərti qoyub.
Gümrüdə çıxış edən Paşinyan Rusiya ilə bağlı açıq danışıb:
"Biz Rusiyanın düşmənləri deyilik. Xüususilə də öz düşmənimiz deyilik ki, ölkəni avantüra yolu ilə aparaq. Mən hakimiyyətə gəldikdən sonra heç bir geo-siyasi dəyişiklik olmayacaq",- deyə "news.am" Paşinyanın sözlərini dərc edib.
O, mitinq iştirakçılarına söz verib ki, baş nazir olarsa, Ermənistan KTMT-dən çıxmayacaq. Lakin o, Qarabağdakı işğal rejimi və Ermənistanın özü üçün daha böyük zəmanətlər tələb edəcəyini və KTMT ilə münasibətləri təkmilləşdirəcəyini bildirib. Dolayısı ilə o, Dağlıq Qarabağı KTMT zonasına salmağı, yəni daha doğrusu Dağlıq Qarabağı, tanınmamış olsa da, Abxaziya və Cənubi Osetiya kimi KTMT-yə üzv eləməyə çalışacağını bildirib.
Ola bilər ki, Rusiya Paşinyanın vədləri qarşısında müəyyən qədər şirnikə bilər. Çünki Rusiyanın inandığı kadr Karen Karapetyan hələ partiyalarının baş nazirliyi konkret nümayəndələrinin adını açıqlamaqdan çəkinib. Yəni Moskva Paşinyanı öz tərəfinə çəkməklə bağlı tərəddüd edə bilər. Amma Paşinyanı Gümrü və digər şəhərlərdə Kanada ermənilərinin müşayiət etməyi də Moskvanın diqqətindən qaça bilməz.
İrəvana səfər etmiş Rusiya deputatları da Ermənistan parlamentində Paşinyan barədə elə də hörmətlə danışmayıblar. "Qraparak" qəzetinin yazdığına görə, Nikolay Rıjkov hətta Paşinyanı "axmaq" adlandırıb. Müxalifətçi deputatlar Naira Zohrabyan və Edmon Marukyan buna etiraz edərək parlamenti tərk etsələr də, Ermine Naqdalyan və başqa hakim partiya təmsilçiləri Rıjkovu müdafiə ediblər.
Daha öncə də "RBK"ya müsahibə verən Paşinyan nə Avrasiya İttifaqını, nə də KTMT-in tərk etmək niyyətlərində olmadığını bildirmişdi. Sadəcə, o, Avrasiya İttifaqında Ermənistan üçün daha əlverişli şərtlər istədiyini demişdi. Tələbi bu idi ki, Rusiya ilə Ermənistan bir-birlərinə eyni səviyyədə dəstək versinlər. Yəni iddia edir ki, Ermənistan Krımın Rusiya tərəfindən ilhaqını legitim sayırsa, Rusiya da Qarabağla bağlı eyni addımı atıb onun Ermənistan tərəfindən ilhaqını qəbul eləsin. Yəni o, Rusiyadan Qarabağda müharibə zamanı Ermənistan tərəfdən açıq müharibəyə girməyi tələb edirdi.
Belə görünür ki, Rusiya Azərbaycanı və bütün türk-islam aləmini qarşısına almaq niyyətində deyil və Qarabağda Ermənistana gizli dəstəyi ilə kifayətlənmək istəyir. Bu cür təzyiq vasitəsi ilə Azərbaycanı da öz neo-imperiya qurumlarına daxil etmək niyyətindədir. Yoxsa Paşinyanın əyilmiş boynuna çoxdan qul xaltası keçirərdi.
Əlavə edək ki, Ermənistanda qərb yönümlülərin hakimiyyətə gələ bilmək ehtimalı Rusiyanın bəzi ermənipərəst ekspert dairələrində Qarabağ qorxusu yaradıb.
Bir vaxt Qarabağ klanının lideri Serj Sarkisyana bəy tərifi yağdıran bu ermənipərəst ekspertlər indi Azərbaycanı Ermənistanın Rusiyanın təsirindən çıxmasından sonra Qarabağ münaqişəsini Rusiyanın iştirakı olmadan həll etməməyə çağırırlar.
Belə ekspertlərdəni biri - Rusiyanın ermənipərəst "Regnum" portalının Azərbaycanda böyümüş analitiki Stanistlav Tarasov iddia edir ki, rəsmi Bakı Ermənistanda hakimiyyətə hansı qüvvələrin gələcəyini bilir və Azərbaycan rəhbərliyi Qarabağ məsələsini Rusiyanın moderatorluq etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində deyil, Ermənistanın yeni liderləri ilə həllə etmək niyyətindədir.
Tarasov Azərbaycan rəhbərliyinə bunu etməməyi məsləhət görür. Sən demə, onun fikrincə, rəhbərliyə kimin gəlməsindən asılı olmayaraq Qarabağ məsələsi erməniləri birləşdirə bilər və onlar siyasi fikir ayrılıqlarını kənara qoyaraq Qarabağ ideyası ətrafında birələşərlər, yəni yenidən Rusiyanın önəmini anlayarlar və Moskva tərəfdarları hakimiyyətə gələr. Amma Tarasov özü də izah edə bilmir ki. Azərbaycan bundan nə itirər? Elə indi də hakimiyyətdə Rusiya aşiqləridir, Paşinyan geri çəkildikdən sonra nə dəyişə bilər ki?
Müəllif həm də Bakıya məsləhət görür ki, qərbyönümlülər hakimiyyətə gələndən sonra İrəvanla hətta Qarabağı qaytarsalar belə xoş münasibət qurmasın, çünki qərbyönümlü İrəvan xoş münasibətlərdən istifadə edərək Bakıya narıncı inqilab ixrac edə bilər.
Tamamilə məntiqsiz iddiadır. Birincisi, Paşinyanın və ya hansısa digər qərbyönümlünün hakimiyyətə gəldikdən sonra Qarabağı siniyə qoyub Azərbaycana qaytaracağına heç bir inam yoxdur. Azərbaycan istər, istəməz Qarabağda müharibə eləməli olacaq. Sülh, ərazilərin qaytarılması yalnız müharibədən sonra mümkün olacaq.
İkincisi, Azərbaycanın ən dost olduğu ölkələrdən biri kimi Gürcüstanın nümunəsi göstərir ki, narıncı inqilablar heç də yolxucu deyil və ölkədən ölkəyə keçmir, onu daxili problemlər yaradır. Əks halda, Rusiyadan başqa heç bir ölkə ilə təmasa girməyən Ermənistan bu problemlə üzləşməzdi.
Sadəcə, Tarasov anlayır ki, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ klanının sonu deməkdir və bu, Qarabağın Azərbaycanın nəzarətinə qayıtmasının şansını artırır. Çünki Rusiya əvvəlki müharibələrdə olduğu kimi məsələyə fəal müdaxilə etməyəcək. Qarabağ klanının aşiqi Tarasov buna görə öz aləmində bu cür nəticələrdən qaçmaq üçün preventiv təbliğat maşını qurur.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə Moskva ermənilərinin aprelin 24-ü ərəfəsində Yerevanda müxalifətin mitinqlərinə dəstək aksiyası barədə cəhdlər göstərdiyini deyib: "Ənənəvi qaydada, məşəl yürüşü ilə Türkiyə səfirliyinin qarşısında aksiya keçirmək yalnız İran İslam Respublikasının paytaxtı Tehranda və Gürcüstanın paytaxtı Tbilisidə müşahidə olundu. Gürcüstan demokratik dövlətdir. Müəyyən bir qrup əhalinin xarici siyasət məsələlərində fərqli düşüncəyə malik olması mümkündür. İranda ermənilər hər şeyi rəsmilərlə razılaşdırırlar. Bu həm hakimiyyətin total nəzarəti ilə, həm də ermənilərin fəaliyyət prinsipi ilə bağlıdır. Ermənistanın "erməni soyqırımı" kimi ümummilli məsələni unutduğu vaxtda Tehran və Tbilisidə bu aksiyaların keçirilməsi həmin dövlətlərin ermənlərlə xüsusi münasibətlərinin olduğunu sübut etdi".
Politoloqun fikrincə, İran və Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsinə real tövhə verə bilərlər. Gürcüstan erməni və azərbaycanlı vətəndaşlarının birgə yaşayışını dünyaya nümayiş etdirə, Azərbaycan və Ermənistan prezidentlərin görüşü üçün təşəbbüs irəli sürə bilər, amma etmir. Ola bilər, Ermənistan-Azərbaycan münaqişəsinin davamında Gürcüstanda müəyyən dairələr maraqlıdır.
İran Dağlıq Qarabağ münaqişəsi regionun yeganə qonşusudur. İran erməniləri bundan Dağlıq Qarabağ ermənilərinə dəstək məqsədilə istifadə edir. Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyanın Dağlıq Qarabağa dəfələrlə səfərləri bunun bariz sübutudur.
Gürcüstanda savadlı siyasətçilərin olduğu bəllidir. İran siyasətçilərinin və diplomatların savadlı və məntiqli olmasını arzulayırıq. Hər iki dövlətin rəsmiləri bilirlər ki, ermənilər üçün Dağlıq Qarabağ problemi "erməni soyqırımının" tanınması mövzusundan sonrakı yerdədir. Əgər ermənilər çətin vəziyyətdə "soyqırım" mövzusunu unudublarsa, deməli Qarabağ məsələsini də unutmuş kimidirlər.
Hər iki dövlətin rəsmilərinin, xüsusilə İranın diqqətini ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatlarına yönəltmək istərdik. 2018-ci ilin aprelində yayılmış hesabatın həm Azərbaycan, həm də Ermənistan bölmələrində Dağlıq Qarabağ tənzimlənməsinə dair tezis var: "Ermənistanın dəstəklədiyi separatçılar Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarını nəzarət altında saxlayırlar". ABŞ bu tezisdən 10 ildən çoxdur istifadə edir. ABŞ-dakı ermənilər İran və Gürcüstan ermənilərindən daha güclüdür. Bəlkə İran və Gürcüstan XİN-lərini bu tezisdəki "nəzarət" sözünü "işğal"sözü ilə əvəzləyib yaysınlar?!
Dağlıq Qarabağ münaqişəsi başlayanda Azərbaycanın dövlət olacağı şübhə yaradırdı. Bu gün həm İran, həm də Gürcüstanla gördüyü işlər nəticəsində Azərbaycan dünya miqyasında olan dövlətə çevrilib. Kimlərsə bunu mətbuatdan oxuyursa, İran və Gürcüstan bunu əyani şəkildə bilir.
Azərbaycan daha da inkişaf edəcək, Qarabağ problemini həll edəcək, Ermənistanla münasibətlərini normallaşdıracaq. O zaman Ermənistan İran və Gürcüstanın siyasətləri barədə Azərbaycana daha çox məlumat verəcək".
Cavid