Qarabağ ayağa qalxıb Layihə

Qarabağ ayağa qalxıb

Dağlıq Qarabağda son günlər etiraz aksiyası Qarabağ ermənilərinin rəsmi İrəvana olan inamını itirib. Etirazçılar separatçı rejimin güc strukturlarının istefasını tələb edirlər.
Erməni millətçiləri işğal edilmiş ərazilərdə yaranmış bu qarşıdurma üzündən Ermənistan ordusunun həmin Qarabağı tərk etməsi ilə nəticələnəcəyindən qorxurlar.
Mətbuatın buna münasibəti fərqlidir və Ermənistan xüsusi təyinatlılarına etiraz edən yerli əhalini dəstəkləyənlər çoxdur.
İndiyə kimi Qarabağda 10 nəfərlik bir qrupun etiraz aksiyası keçirməyə risk etmədiyini bildirən şərhçi Aram Amatuni "1in.am"dakı məqaləsində yazır: "İndi onlarla, yüzlərlə insan etiraz aksiyası vasitəsi ilə siyasi gündəliyi açıqlayır".
"Lragir"ə müsahibə verən yerli, yəni qarabağlı siyasətçi Tiqran Qriqoryan isə indi Qarabağ sakinlərinin qorxmadığını və işğal reciminə etiraz etməyə cürət etdiklərini bildirir: "İnsanların söz deməyə qorxduğu əvvəlki vəziyyət artıq yoxdur. Əvvəllər insanlara təzyiq etmək üçün müxtəlif cür inzibati təzyiq və güc resurslarından istifadə edirdilər".
Təbii ki, işğal rejiminə etiraz etmiş Qarabağ erməniləri vətəndaşı və sakini olduqları ölkənin - Azərbaycanın rəhbərliyinə yardım üçün müraciət edə bilərlər və ya işğal rejiminin bayraqların hər yerdən söküb ataraq Azərbaycan bayrağı qaldıra bilər ki, İrəvan bundan qorxur.
Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan belə vəziyyətə qarışıb və o, əslən Qarabağdan olan siyasətçilərə - Robert Koçaryana, Serj Sarkisyana müraciət edərək təcili Xənkəndiyə gedərək camaatı sakitləşdirməyə çağırıb. O hətta indi həbsdə olan Qarabağ ermənisi Samvel Babayanı türmədən çıxarmağa və xalqı sakitləşdirmək üçün Xankəndiyə yollamağı məsləhət verib.
Amma bütün bu məsləhətlər artıq əbəsdir. Cin artıq küpədən çıxıb. Sovet illərində Azərbaycanın ən rifalı və abad bölgəsində yaşamış Qarabağ erməniləri artıq faşistlərdən qorxmurlar və vətəndaş kimi sözlərini deyə bilirlər. Ola bilsin ki, günlərin birində Qarabağ ermənilərinin Şuşada və Xankəndidə Azərbaycan bayraqları ilə etiraz mitinqinə çıxacaqlarını görəcəyik.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Qarabağdakı hadisələr onu göstərir ki, artıq Ermənistanda başlayan proseslər işğal olunmuş ərazilərimizdə də davam edir.
"Birincisi, etirazlar yaxşı təşkil olunub və onların məqsədləri var. Ancaq burada bir məqamı yada salmalıyıq. Bako Saakyan vaxtilə Ermənistanın təhlükəsizlik xidmətini Moskvada təmsil edib. Yəni o, xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı olub və Rusiya dairələrinə çox yaxındır və Moskva tərəfindən ona etibar böyükdür. İndi Qarabağda Saakyana qarşı başladılan hadisələr onu göstərir ki, artıq Ermənistanda başlayan proseslər işğal olunmuş ərazilərdə də davam edir. Bu da təbiidir, çünki eyni siyasi, iqtisadi və hərbi strukturları olan ərazilərdir. Onlar bu ərazini separatçı rejim adlandırırlar, ancaq bütün bunlar həqiqəti gizlətmək üçün istifadə edilən vasitələrdir. Qarabağdakı aksiyalar nəticəsində ruslara və Qarabağ klanına aid şəxslərin ardıcıl şəkildə hakimiyyətdən uzaqlaşdırılcağını düşünürəm. Bu proses davamlı olacaq", - T.Zülfüqarov bildirib.
T.Zülfüqarov hesab edir ki, Rusiya Qarabağdakı proseslərə ciddi müdaxilə etməyəcək:
"Çünki artıq Rusiya Ermənistana marağını itirib. Moskva bu və ya digər şəkildə İrəvandan uzaqlaşmaq istəyir. Əslində, ermənilər son olaylarla Rusiyanın əlinə yaxşı bəhanə vermiş oldu. Ümumiyyətlə, proseslər göstərir ki, Ermənistanda və işğal olunmuş ərazilərdə idarəetmə sistemi böhran vəziyyətindədir. Təbii ki, belə olan halda da dövlət funksiyalarını həyata keçirən təşkilatların imkanları ciddi şəkildə azaldılacaq".
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayevin fikrincə, Dağlıq Qarabağda baş verən hadisələrə real səbəblərinə görə qiymət vermək doğru olmazdı.
O bildirib ki, iki nəfərin xüsusi təyinatlılar tərəfindən döyülməsinə etiraz olaraq keçirilən aksiyaları siyasiləşdirməyə cəhd edənlər olacaq:
"Amma niyə indi?! İllər ərzində orada belə hallar olmamışdımı?! Olmuşdu və bundan daha ağırları haqqında məlumatımız var idi. Amma o zamanlar bu şəkildə etirazları görmədik. Deməli, bu gün orada baş verənlərə səbəb olan amillər o zaman yox idi. Ermənistanda etiraz nümayişləri nəticəsində baş verən hakimiyyət dəyişikliyi, son günlər Gürcüstanda təxmini eyni səbəblərlə olmuş etirazlar bir təcrübə olaraq Qarabağ ermənilərini də ürəkləndirib".
Ekspert qeyd edib ki, bundan istifadə etmək istəyəcək güclər isə, sözsüz ki, olacaq:
"Hadisələrin inkişafı Paşinyan əleyhinə də, lehinə də istiqamətləndirilə bilər. Paşinyanın son Qarabağ səfərində separatçı rejimin rəhbərləri ilə görüşdə nədə razılaşıb-razılaşmadığı da sonrakı mərhələdə çox hadisələrə təsir edə bilər. Yəni orada baş verən hadisələri Qarabağ klanı bilərəkdən inkişaf etdirməklə, təhlükəli durum yarandığını bildirərək, Paşinyanın zəif hakimiyyətini bunda günahlandıra bilərlər. Eyni zamanda ola bilər ki, Qarabağın özündə Bako Saakyana müxalif olan güclər bundan istifadə etməklə, həmçinin, Paşinyandan dəstək almaqla rejim dəyişikliyinə getməyə çalışsın. Qarabağ kartı problem davam etdiyi müddətdə Ermənistanda hər zaman aktual olacaq. Separatçı rejimin başında Sərkisyana yaxın bir adamın qalması isə Paşinyanın idarəetməsində ona mane olacaq əsas əngəllərdən biridir və əslində özünə yaxın birisinin separatçı rejimin başında olması onun üçün çox vacibdir. Odur ki, bu gün proqnoz vermək tezdir. Amma etirazlar davam edəcəyi halda gedişatda söylədiyim fikirlərdən hansının üzərində dayanmağın mümkünlüyü də bilənəcək".
Politoloq Arzu Nağıyev isə bildirib ki, Paşinyan hakimiyyətə gələndən Dağlıq Qarabağ kartından istifadə edir:
"Bu gün Serj Sərkisyanın partiyası parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq, müxalifətdə olan partiyadır. Bako Saakyan isə birbaşa Sərkisyanın təyin etdiyi şəxsdir. Dağlıq Qarabağla bağlı özünün "daha prinsipial" olduğunu göstərmək üçün Paşinyan ilk səfərini bu bölgəyə etdi, daha sonra oğlunu Azərbaycanın işğal altında saxlanılan ərazisinə hərbi xidmət keçməyə göndərəcəyini açıqladı. Bu gün Bako Saakyanı vəzifədən uzaqlaşdırmaq variantı birbaşa separatçı qurumun özünə aiddir. Çünki Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə daha əvvəl görüşmüşdü. Bununla da Rusiya separatçı rejimi dəstəklədiyini bir daha sübut etmişdi. Paşinyan təbii ki, Bako Saakyandan istifadə edə bilər. Lakin Saakyanın Sərkisyanın komandasına daxil olması buna əngəldir. Ona görə də onun dəyişdirilməsi məsələsi ancaq içəridən baş verən hazırkı hadisənin təhlilindən sonra mümkündür. Hazırda qondarma rejimdə baş verən aksiyalara səbəb olan hadisə sadəcə bir vasitə ola bilər".
Onu da qeyd edək ki, vəziyyətə Ermənistanın baş naziri Nikol Paşainyan müdaxilə etməli olub. Özü nazir seçilənə qədər insanları meydanlara, küçələrə, yolları bağlamağa çağıran Paşinyan bu dəfə əks addım atıb. O, Xankəndində erməni özbaşınalığına, reketliyinə qarşı çıxan yerli əhalidən aksiyaları dayandırmağı tələb edib.
Bu barədə o özünün "Facebook" səhifəsindəki canlı yayımında deyib: "Güc sturukturları nümayəndələrinin əməllərinin narahatlıq doğurması barədə heç bir şübhə yoxdur. Bu vəziyyətin konkret həll yolu olmalı və bu konkret nəticələrə gətirməlidir". Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izlədiyini qeyd edib.
O, deyib ki, separatçı rejimin rəhbərliyi ilə razılaşama olub. İndi onların addımlarını gözləmək lazımdır. Əəgər vəziyyət əldə edilən razılaşmaya uyğun həll edilməzsə onda yenidən top nümayişçilərin meydanında olacaq: "Qardaş kimi çağırış edirəm - Qarabağdakı aksiyaları dayandırın. Əminəm ki, məsələ sülh yolu ilə həll ediləcək".
Paşinyanın bu çağırışından sonra iddiaya görə, etiraz aksiyaları dayandırılıb. Düzdür bunun nə dərəcədə doğru olub-olmadığını bilmək mümkün deyil. Hətta qondarma rejimin baş naziri hesab edilən Araik Arutunyan deyib ki, əgər xalq istəsə hamı istefa verməyə hazırdır.
Xatırladaq ki, hazırda Ermənistanın özündə də vəziyyət elə də sakit deyil. Ölkədə Paşinyanın çağırışlarına baxmayaraq etiraz edənlərin sayı günü-gündən artır, müxtəlif səbəblərlə insanlar küçələrə çıxaraq etirazlarını dilə gətirilər. Məsələn, "Nairit" zavodunun əməkdaşları yanvar ayından maaşlarını ala bilməməkdən şikayət edirlər. Söhbət 200-ə yaxın işçidən gedir. Onlar yeni hökumətə məsələnin həlli üçün iki gün vaxt veriblər.
Kassasiya Məhkəməsi önünə toplaşanlar isə həbsdə olan Qarabağ ermənisi Samvel Babayanı həbsinə etiraz edirlər. Onlar hətta Babayanı xalqı sakitləşdirmək üçün Xankəndiyə yollamağıda tövsiyyə edirlər.
Bir qrup isə dövlət məmurlarının istefaya getməsi üçün etirazlarına davam edir.
Cavid