“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsini həll etmək niyyətində deyil” Layihə

“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsini həll etmək niyyətində deyil”

Mübariz Əhmədoğlu: "Türkiyə Dağlıq Qarabağ məsələsinin həllini ilkin şərt kimi irəli sürür"

Paşinyan seçkilərdə qələbə qazansa da Ermənistanda gərginlik davam edir. Bu isə onu deməyə əsas verir ki, proseslər Paşinyan üçün yaxşı günlər vəd etmir. Bunu başa düşən Paşinyan müxtəlif addımlar atmaqla ölkədəki iqtisadi durumu stabilləşdirmək və gərginliyi qismən azaltmaq istəyir. Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bəyan etməsi də bu qəbildəndir. Amma Paşinyan hökuməti anlamalıdır ki, Ermənistanın ayaq üstə qalması üçün işğaldan əl çəkməkdən başqa alternativ yoxdur. İşğal olunan torpaqlar azad olunmayınca Ermənistanda iqtisadi böhran və tənəzzül davam edəcək. Bundan başqa Rusiya ilə gərginləşən münasibət, KTMT-də təklənmə də İrəvan üçün müsbət perspektiv vəd etmir.
Politoloq Mübariz Əhmədoğlu deyib ki, Paşinyan hökuməti Serj Sərkisyan komandası kimi İrəvanın Türkiyə ilə əlaqələrin qurulması, sərhədlərin açılması üçün hazır olduğunu bəyan edir və bu zaman ilkin şərtin olmamasını tələb edir: "Ermənilərin Türkiyəyə münasibətinin xəstə və məntiqsiz olması indi əksər dünya ölkələri tərəfindən qəbul edilir. Amma bu ayrıca bir mövzudur". Onun sözlərinə görə, Ermənistanda ilkin şərt sürmək dəbdir. Hətta onun Türkiyəyə qarşı belə mövqeyi ilkin şərt deməkdir.
M.Əhmədoğlu deyib ki, Dağlıq Qarabağ məsələsinə baxanda S.Sərkisyan hökumətinin 4-5 il atəşkəs rejiminə riayət olunması, qoşunların təmas xəttində monitorinq mexanizmlərinin yaradılmasını ilkin şərt kimi irəli sürmüşdülər: "Paşinyan hakimiyyəti Dağlıq Qarabağ tənzimlənməsində bir neçə ilkin şərt irəli sürür: Dağlıq Qarabağ ermənilərinin danışıqlara qatılması, atəşkəs rejiminə riayət, konstruktiv dialoq və s. Erməni rəsmiləri və siyasətçiləri Türkiyə ilə münasibətləri normallaşmasına maneçilik edən ilkin şərt dedikdə Dağlıq Qarabağ məsələsinin həllini nəzərdə tuturlar".
Politoloq əlavə edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə beynəlxalq ictimaiyyətin digər təmsilçiləri ilə Paşinyan və Ermənistanın xarici işlər naziri Z.Mnasakanyan görüşərkən Dağlıq Qarabağ məsələsini ATƏT-in himayəsi altında yalnız dinc yolla tənzimlənməyə hazır olduqlarını canfəşanlıqla bildirirlər: "Bəllidir ki, Ermənistan xarici işlər naziri qarşısındakı tərəfdaşının Dağlıq Qarabağ tənzimlənməsini detallı şəkildə bilməməsindən su-istifadə edir. Amma hər yerdə Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır olduğunu bəyan edən Ermənistan rəhbərliyinin qarşısına Türkiyə ilə münasibətlər çıxan kimi deyirlər ki, Türkiyə Dağlıq Qarabağ məsələsinin həllini ilkin şərt kimi irəli sürür. Ona görə də Türkiyə ilə münasibətlər normallaşmayacaq. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsini həll etmək niyyətində deyil. Türkiyəyə belə münasibət rəsmi İrəvanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqenin təhtəlşüur göstəricisi hesab oluna bilər".
Politoloq Nəzakət Məmmədova diqqətə çatdırıb ki, Ermənistan sonsuz bir qarışıqlıq, siyasi mübarizə, parçalanma, qarşıdurma dövrünə qədəm qoyub: "Paşinyanla Qarabağ separatçıları arasında ziddiyyətlər dərinləşib. Erməni diasporu da iki yerə bölünüb: Rusiyadakı ermənilər bu dövlətin Ermənistanda möhkəmlənməsi üçün iş aparır, Avropada olan erməni icması isə Paşinyana dəstək olmaqla, Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə yönləndirmək istəyirlər". O bildirib ki, belə bir məqamda Paşinyanın atdığı bir sıra addımlar da Rusiyanı ondan narazı salıb: "Bunun nəticəsidir ki, Ermənistan bu dövlətin, eləcə də onun rəhbərlik etdiyi KTMT-nin dəstəyindən tam məhrum edilib. Ermənilər daim Azərbaycanla müharibənin başlayacağı təqdirdə KTMT-nin onları müdafiə edəcəyini bəyan edirdilər. Lakin nəinki Ermənistanı müdafiə etmək, KTMT üzvləri Ermənistana təşkilatın baş katibi vəzifəsinə öz namizədini irəli sürmək imkanı da vermədilər, üstəlik, Azərbaycana silah satmağa davam etdilər və Azərbaycanın təşkilatla daha yaxın əməkdaşlıq formatına tərəfdar çıxdılar".
Ermənistanın dərin təbəddülatlar erasına qədəm qoyduğunu dilə gətirən N.Məmmədova söyləyib ki, bu ölkənin bütün müttəfiqləri, əslində, de-fakto Azərbaycanla müttəfiq səviyyəsinə yüksələn münasibətlər qurublar: "Azərbaycan artıq beynəlxalq aləmdə proseslərə təsiretmə gücünə malik bir ölkəyə çevrilib. Bütün bu və digər amilləri çox yaxşı bilən ölkəmiz Ermənistana digər dövlət başçılarının inamının zəif olmasını, Azərbaycanı dəstəkləməsini müşahidə edir. Məhz bu səbəbdən də Azərbaycan Prezidenti son çıxışında münaqişənin həllində hazırda əlverişli şərait yarandığını vurğulayıb. Ermənistan qarşısında biz təbii ki, haqlıyıq. Lakin dünya tarixində də, müasir dünyada da haqq-ədaləti bərqərar etmək üçün iqtisadi güc, hərbi qüdrət əsas rol oynayır. Morgentaunun maraqlı bir fikri var, o deyir ki, bir diplomatiyanın arxasında hərbi güc dayanmırsa, bütün danışıqlar, masa arxasında gedən proseslər mənasızdır. Bu baxımdan Azərbaycanın öz ordusunu gücləndirməsi, iqtisadi potensialını yüksəltməsi, siyasi nüfuzunu artırması olduqca mühüm amillərdir".
Millət vəkili Sona Əliyeva deyib ki, Nikol Paşinyan parlament seçkilərində qələbə qazansa da, əhalinin yarıdan çoxu seçkilərə qatılmadı: "Seçkilər saxtalaşdırıldı. Hətta bunun əyani təzahürünü bir çox nüfuzlu dövlət başçılarının Paşinyanı qələbə münasibəti ilə təbrik etməməsində gördük. Bu da o deməkdir ki, Ermənistanın hazırkı rəhbərinin beynəlxalq siyasi arenada nüfuzu yoxdur. Deməli, 2019-cu ildə Nikol Paşinyanı daha ciddi sınaqlar gözləyir".
Millət vəkilinin sözlərinə görə, daxili və xarici siyasətdəki gərginlik Paşinyanın gələcək taleyinin sual altında olmasının xəbərçisidir: "Ermənistan işğalçılıq siyasəti ilə özünü regiondakı beynəlxalq əhəmiyyətli layihələrdən təcrid edib. Ərazilərimizi işğal altında saxlamaqla faktiki olaraq Türkiyə və Azərbaycanla münasibətləri mövcud deyil. İqtisadi məngənədə sıxılan Ermənistanı 2019-cu ildə daha çətin sınaqlar gözləyir. Nikol Paşinyan bunu nəzərə almalıdır. Onun işğal olunmuş əraziləri qaytarmaqdan başqa çıxış yolu yoxdur. Erməni xalqının rifahı, Ermənistanın inkişafı işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsindən keçir. Sadə erməni anaları da min bir əziyyətlə böyütdükləri övladlarının yad ölkənin torpağında ölməsini istəmir. Onlar dəfələrlə İrəvanda hökumət binası önündə etiraz ediblər. İşğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını bildiriblər. Paşinyan da bunu yaxşı başa düşür ki, əgər cəbhə xəttində Azərbaycan Ordusu əməliyyatlara başlasa, bu onun hakimiyyətinin sonu olacaq. Çünki, pərakəndə erməni silahlılarının nizami ordu qarşısında duruş gətirməyə gücü yoxdur. Biz bunu 2016-cı ilin aprel döyüşlərində də gördük".
Millət vəkili bildirib ki, 2019-cu ildə münaqişənin həlli istiqamətində irəliləyişlərin olacağına ümidlər böyükdür: "Azərbaycanın mövqeyi birmənalıdır, işğal edilmiş ərazilərimiz qeyd-şərtsiz azad edilməlidir. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız gec-tez azad ediləcək. Buna heç birimizin şübhəmiz yoxdur. Sadəcə Ermənistan hakimiyyəti uzun illərdir ki, bu prosesi yubatmağa, status-kvonu qorumağa çalışır. Bu isə yolverilməzdir. Paşinyan müharibə istəmirsə, torpaqları azad etməlidir. Onsuz da hazırda Paşinyanın nə Qərblə, nə də Rusiya ilə münasibətləri yolunda deyil. Onun yeganə çıxış yolu regional layihələrə qoşulmaq üçün ilk növbədə Azərbaycan torpaqlarının işğalına son qoyması ola bilər".
Politoloq Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirdikcə Azərbaycan onu təcrid etmək siyasətini daha gücləndirəcək. Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı xüsusilə vurğulayıb ki, artıq bütün dünya münaqişə vəziyyətində Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir: "Azərbaycan Ermənistanı təcrid vəziyyətində saxlamağa davam edəcək. Ermənistanda 20 il idi ki, hakimiyyəti zəbt etmiş, davamlı işğalçılıq siyasəti həyata keçirərək nəinki regional, bütövlükdə qlobal təhlükəsizliyə ciddi təhdid yaradan hərbi-xunta rejiminin siyasi səhnədən silinməsində Azərbaycanın təsirli rolu olub. Ermənistan işğalçılıq siyasətini davam etdirdikcə Azərbaycan tərəfi onu təcrid etmək siyasətini daha gücləndirəcək. Ölkə prezidentinin qeyd etdiyi kimi, hətta Ermənistanın üzv olduğu, Azərbaycanın isə üzv olmadığı təşkilatlarda belə, Azərbaycan ciddi mövqelərə, təsir imkanlarına malikdir. Bu da Ermənistanı daha da çıxılmaz vəziyyətə salıb. Həqiqətən də bu mənada KTMT çərçivəsində Ermənistanın ağır fiaskosunu xüsusi qeyd etmək lazımdır".
Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, ümumiyyətlə Ermənistanda vəziyyət getdikcə daha da gərginləşəcək: "Çünki Paşinyanın iqtisadi islahatları necə aparacağı ilə bağlı maliyyə imkanları yoxdur". Politoloqun sözlərinə görə, işğalçı ölkənin xarici borcları daha çoxdur: "Heç bir xarici ölkə Ermənistana böyük pullar vəd etmir. Hakimiyyətdə olduğu müddətdə ona 30-40 milyon avro vəd etmişdilər, amma heç onun siyahısını da verməyiblər. Ermənistanın daha böyük maliyyəyə ehtiyacı var. Bu mənada hesab edirəm ki, işğalçı ölkə bu problemlərlə üzləşəcək. Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsində addım atmasa, aydındır ki, cəbhə bölgəsində vəziyyət daha da gərginləşəcək. Eləcə də digər xarici siyasət kursunun müəyyənləşməsində çətinliklərlə üzləşəcək. Təbii ki, Ermənistan mətbuatı da yavaş-yavaş bundan yazmağa başlayıb. Qələbə eyforiyası bir qədər sonra keçəcək və o real problemlərin həlli ilə üzləşəcək. Əgər Paşinyan ilin ortasına qədər heç bir irəliləyiş əldə etməsə, ilin ortasına yaxın həm daxili, həm də xarici siyasətdə çox ciddi çağırışlarla, sınaqlarla üz-üzə qalacaq".