Azərbaycan Ordusu güclənir Layihə

Azərbaycan Ordusu güclənir

Azərbaycan Respublikasında aparılan planlı və mərhələli ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Silahlanmaya qəbul olunan uzaqvuran, böyük dağıdıcı gücə malik, yüksək dəqiqlikli silahlar buna bariz nümunədir.
2016-cı ilin aprel döyüşlərində düşmənin təxribat fəaliyyətlərinin qarşısını qətiyyətlə alan ordumuz, əks-həmlə ilə ona dağıdıcı zərbə endirməklə, strateji baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirmiş düşmən ordusu haqqında illərdi yaradılan mifi qısa zamanda darmadağın etdi.
Ekspert Yaşar Kərimov bildiribki, keçən il Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində 11 min hektar ərazi və Günnüt kəndi işğaldan azad edildi, həmçinin strateji yüksəkliklər geri qaytarıldı. Bununla da İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu, eləcə də düşmənin bütün fəaliyyəti və təminat məsələləri nəzarətə götürüldü. Qorxu və təlaş içərisində yaşayan Ermənistanda bu məsələ hələ də ictimaiyyət tərəfindən geniş müzakirə olunur.
Davamlı aparılan uğurlu fəaliyyət nəticəsində təmas xəttində əldə olunan üstünlükdən və aldığı dağıdıcı zərbələrdən düşmən hələ də özünə gələ bilməyib. Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchizatı da düşmən ordusundan üstünlüyünü təmin edən amillər sırasındadır.
Azərbaycan Ordusunun silahlanmasına qəbul olunan "Polonez" ƏTR kompleksi bir çox üstünlükləri ilə düşmənə atəşlə zərərvurma imkanlarını keyfiyyətcə yeni mərhələyə çıxarıb.
"Polonez" ƏTR kompleksi uzağa atış məsafəsi, raketin döyüş başlığının dağıdıcı imkanları, idarəetmə və tətbiqi üsulu ilə böyük imkanlara malikdir. "Polonez" nəinki döyüş meydanında düşmən mövqelərini, həmçinin bütün Ermənistanın hərbi və strateji obyektlərini vurmaq imkanına malikdir.
Düşmənə "Polonez" vasitəsilə 300 km məsafəyə qədər endirilən raket zərbələrinin qarşısını ala bilmədiyi çoxdan məlumdur. Silahın döyüş tətbiqi və raketin uçuş trayektoriyası bunu mümkünsüz edir. Həmçinin düşmənin belə zərbələrin qarşısını almağa heç bir imkanı yoxdur.
ƏTR kompleksinin texniki xüsusiyyətləri ona 50 saniyə müddətində bir yaylımla, 8 ədəd döyüşə hazır raketlə maksimal uzaqlıqda yerləşən düşmənin hədəf və obyektlərinə 6 dəqiqədən gec olmayaraq zərbə endirməyə imkan verir.
Belə obyekt və hədəflərə düşmənin əməliyyat düzülüşünün dərinliyində yerləşən yüksək dəqiqlikli silah sistemlərini, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərini, qoşunların əsas qruplaşmalarını, bazalarda yerləşən aviasiyasını, hava hücumundan müdafiə vasitələrini, idarəetmə məntəqələrini, radioelektron vasitələrini, arxa cəbhə və digər obyektlərini aid etmək olar.
ƏTR kompleksinin üstünlüyü ondan ibarətdir ki, istənilən şərtlərdə və sutkanın istənilən vaxtında tətbiq etmək mümkün olur. Belə olan halda raket zərbələrini dəqiq, operativ və sutkanın istənilən vaxtı endirməyə əlverişli şərait yaranır.
"Polonez", həmçinin çətin keçilən ərazilər üçün nəzərdə tutulub və MZKT-7930 "Astroloq" adlı təkərli şassi üzərində quraşdırılıb. Ona görə də "Polonez"in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.
Zərbə radiusu 100-300 km-ə çatmaqla, bir raket 275 m radiusda, 6 "Polonez"dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100 km2 ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox təşkil etmir, bu isə belə vasitələr üçün ideal göstəricidir.
Müqayisə üçün qeyd edək ki, 100 km2 ərazidə yerləşən düşmən alayına 6 ədəd kompleksdən ibarət bir batareya kifayət edir.
Ölkəmizə məxsus olan "Azersky" və "SPOT 6" peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən yüksək şəkildə müşahidə oluna bilir.
2018-ci ilin uğurlu hadisələrindən hesab olunan "Azersky" peykinin kosmosa çıxarılması ilə düşmənin obyektlərini müşahidə etmək və onların fəaliyyətini nəzarətdə saxlamaq artıq reallığa çevrilib. Bununla da istənilən düşmən obyektini müşahidə etmək və onun fəaliyyətini nəzərə almaqla həmin obyektə raket zərbələri endirmək mümkündür. Real vaxt rejimində düşmən haqqında əldə olunan görüntülərin məlumatları əsasında hazırlanan və "Polonez" vasitəsilə endirilən raket zərbələrinin effektivliyi və dəqiqliyi müvafiq olaraq yüksəkdir.
ƏTR kompleksinin raketi idarə ediləndir, bu isə ona zərbələri daha vacib hədəf və obyektlərə yönləndirməyə imkan verir. "Polonez" ƏTR kompleksinin üstünlüklərindən biri də odur ki, eyni vaxtda səkkiz raket ilə səkkiz hədəfə tək raket zərbəsi endirmək mümkündür.
Dağıdıcı və effektli tətbiq imkanlarına malik olan "Polonez" ƏTR kompleksi düşmənə qorxu yaşatmaqla yanaşı, yaxın gələcəkdə işğalda olan torpaqlarımızın azad olunması zamanı düşmənə atəşlə zərərvurmanın gedişində öz rolunu oynayacaq.
Düşmənin işğalçılıq siyasətindən əl çəkməsi, işğalçı qüvvələrini geri çəkməsi və raket zərbələrinin təsiri altından çıxarması hələ də gec deyil.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi əbədi deyil. Düşmənin danışıqlar prosesini uzatması, müxtəlif bəhanələr ilə danışıqlardan yayınması, onun məsələnin həllində maraqlı olmadığını göstərir. Ona görə də yüksək səviyyəli tribunalardan düşmənə dəfələrlə xəbərdarlıq edilir ki, "Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç bir zaman barışmayacaq".
Politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa, atəşkəsə riayət etməyin anlamı qalmayacaq.
Politoloq qeyd edib ki, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu maraqlı statistika açıqlayıb:"Onların araşdırmasına görə, 2018-ci il Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ildə ən sakit il olub. Yenə onların hesabatına görə 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir.
Buna baxmayaraq, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına görə, Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır. 2018-ci ildə 17 erməni hərbçi yol qəzalarında həlak olub, 13 nəfər xəstəliklərdən ölüb, 11 nəfər isə özünü öldürüb.
Bu hesabatdan gəlinən iki nəticə var:
Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür. Çünki, son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar. Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin, atəşkəsə riayət etsin. Məsələn, son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvəllər belə təxribatlara çox rast gəlirdik. Ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. Çünki, "Qarabağ klanı" əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Paşinyanın mövqelərini zəiflədəcək. "Qarabağ klanına" da elə bu lazımdır.
Hesabatdan gəlinən ikinci nəticə budur ki, Ermənistan ordusundakı hərbçilər müharibəsiz də bir-birini qırmaqda davam edir. 2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu hələ Helsinki Vətəndaş Assambelyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təhciz etmək İrəvana baha başa gəlir. Üstəgəl, qeyri-döyüş itkiləri azalmır. Ancaq bütün bunlar bizi arxayın salmamalıdır. Bəli, hələ ki, atəşkəsə riayət edirik. Ancaq Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa, atəşkəsə riayət etməyin anlamı qalmayacaq".
Bu arada Qafqaz institutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan jurnalistlərlə görüşü zamanı bildirib ki, Madrid prinsipləri münaqişənin yekun həllinə nail ola bilməz, yalnız sadəcə əsaslı danışıqlar üçün şərait yarada bilər.
Onun sözlərinə görə, bugünkü vəziyyətə əsasən haqqında danışıqlar aparılan iki növ ərazi var.
"Bunlardan biri Azərbaycanın tərkibinə qaytarılmalı olan ərazilərdir, digəri qaytarılması nəzərdə tutulmayan ərazilərdir", - deyə o qeyd edib.
İsgəndəryan əlavə edib ki, Ermənistan eyni vaxtda bir neçə istiqamətdə iş aparmağa məcburdur.
"İrəvan sərt olmalıdır, eyni zamanda güzəştlər görünüşü yaratmalıdır. Azərbaycan, Qarabağ, beynəlxalq ictimaiyyət, həmçinin daxili auditoriya ilə iş aparılması vacibdir. Bu istiqamətlərdən hər biri vacibdir.
Qarabağ münaqişəsi ilə bağlı "Madrid prinsipləri" öz aktuallığını itirməyib. "Madrid prinsipləri" münaqişənin yekun həllinə nail ola bilməz, yalnız sadəcə əsaslı danışıqlar üçün şərait yarada bilər", - deyə o sözlərini yekunlaşdırıb.

Cavid