17 oktyabr – Füzuli şəhəri günüdür Layihə

17 oktyabr – Füzuli şəhəri günüdür

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Bundan bir ay sonra, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldı. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd edilir. Belə ki, oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub.

Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb.

Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.

Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib. Azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır.

Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə ən müasir səviyyədə inşa edilib və istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir.

Əbədi qürur və iftixar mənbəyimiz olan tarixi Zəfərimizin nəticəsi olaraq artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. Yenidən qurulan, dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsrafil Kərimov deyib ki, 30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin “Aprel dərsi”ndən düzgün nəticə çıxarmağı xatırlatmışdı. O bildirmişdi ki: “Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

2020-ci ildə 44 günlük Vətən müharibəsində həmin şərəfli günün şahidinə çevrildik. Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz sahiblərinə qayitdı. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.

Dünya üçün maraqlı görünən Azıx mağarası insanlara uzun müddət vahiməli, əjdahaların və digər sehrli canlıların yaşadığı yer kimi görünüb. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdi ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir. Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardı.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.

Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi, sonradan isə Lələtəpə yüksəkliyi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edildi, daha sonra 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanıldı: “2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda olublar. Prezident tərəfindən əvvəlcə Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu.

Ölkə rəhbərinin Füzuliyə səfərləri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub. Prezident “Füzuli” yarımstansiyasının açılışını edib və Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Iki il əvvəl ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər.

Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Çox keçməz ki, bu diyarımız cənnət məkana çevrilər. Artıq ölkəmizin müxtəlif yerlərində məskunlaşmış məcburu köçkünlərin Füzuliyə qayıdışına başlanılıb. Ötən il sentyabr ayında işğaldan azad edilmiş Füzulinin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində 31 ildən sonra 8 nəfər XI sinif şagirdi üçün “Son zəng” keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub. Yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur.

Bu il keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş zamanı isə Prezident İlham Əliyev görüşün yekunlarına dair bəyanatında bildirib ki, Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək.

“Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri də hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaq”, - deyə dövlət başçısı əlavə edib”.

Cavid