“Paşinyan masa arxasında oturmaqdan qorxur” Layihə

“Paşinyan masa arxasında oturmaqdan qorxur”

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. O bildirib ki, münaqişə erməni xalqına əziyyətdən başqa bir şey verməyib.
"Biz hər dəfə qarşı tərəflə görüşdə Madrid prinsipi çərçivəsində münaqişənin həllində hansısa irəliləyişə nail olmaq istəyirik. Biz hər zaman erməni və Azərbaycan xalqını sülhə hazırlamaq üçün iş qururuq. Almaniya QHT-sinin hazırladığı reportajda münaqişə həll olunandan sonra birinci ildən iqtisadi inkişafa nail olacağımız qeyd olunub. Ermənistan tərəfinin, eləcə də baş nazirin son çıxışları pozitiv danışmağa imkan vermir. Ona görə də biz özümüz təhlil edək ki, danışıqlarda hansı istiqamətdəyik. Layçakdan da xahiş etdim, Ermənistanda öyrənsin ki, biz xalqı sülhə hazırlayaq, ya müharibəyə?"-, nazir qeyd edib.
E.Məmmədyarovun bu çıxışını şərh edən siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, nazir haqlı olaraq bu sualı İrəvana ünvanlayır. Çünki Ermənistanın baş naziri danışıqlar masasına oturmaqdan boyun qaçırır:
"Son aylar ərzində tərəflər intensiv olaraq danışıqlar aparırdılar. Hətta bu ərəfələrdə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü planlaşdırılırdı. Lakin Ermənistan tərəfindən səsləndirilən son bəyanatlar göstərdi ki, onlar bu görüşə hazır deyil. Paşinyan bütün imkanlarından istifadə edərək danışıqlara getmək istəmir. Niyə? Çünki son aylar ərzində danışıqlar prosesində Azərbaycanın maraqlarına uyğun müəyyən müsbət irəliləyişlər qeydə alınıb. Həmin nəticələr Minsk qrupu tərəfindən qaralama mətni şəklində qeyd edilərək saxlanılıb. Və danışıqlar prosesinin yeni mərhələsinin başlanmasını bu qaralamaların üzərində aparmaq niyyətində olduqlarını deyiblər. Məsələ burasındadır ki, münaqişə tərəfləri buna razılıq verməlidirlər. Azərbaycan tərəfi bu və ya digər şəkildə, şərti olaraq yeni gündəmlə razılaşıb. Amma Ermənistan tərəfi razılıq verməyib. Çünki gündəmdə Azərbaycanın Qarabağ icmasının danışıqlar prosesində yer alması təklif edilir və onlar burada Ermənistan icması ilə danışıqlar aparmağa imkanlar qazanırlar. Doğrudur, Azərbaycan-Ermənistan formatı dəyişmir. Amma burada həm də hər iki ölkənin nümayəndə heyəti tərkibində Dağlıq Qarabağ ermənilərinin və azərbaycanlılarının iştirakı nəzərdə tutulur. Ermənistan bu formatı bəyənməyib. Məhz buna görə də Paşinyan masaya oturmaqdan boyun qaçırır. Belə vəziyyətdə, əlbəttə ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsdərlərinə üz tuta bilər. Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsini göstərməklə aşkarlanır ki, bütün hadisələrin mənfi yönə doğru inkişafının məsuliyyətini Ermənistan tərəfi daşımalıdır. Cənab nazir haqlı olaraq Ermənistana "biz xalqı sülhə hazırlayaq, yoxsa müharibəyə" sualını ünvanlayır. Bu, ritorik sual olmasına baxmayaraq, eyni zamanda, praktiki əhəmiyyət daşıyır. Əgər biz bundan qabaq apardığımız danışıqlarda konkret nəticələrə gəlmişiksə, indi bu nəticələrə uyğun davranmayıb neynəməliyik?"
Ekspert qeyd edib ki, Paşinyan bir-birinə zidd bəyanatları ilə açıq-aşkar danışıqlar prosesini və xarici işlər nazirlərinin liderlərin görüşü ilə bağlı əldə etdiyi razılaşmanı pozur. O, bütün vasitələrlə çalışır ki, bu görüş baş tutmasın: "Paşinyan şərti olaraq görüş ərəfəsində Azərbaycanın üzərinə böhtanlar atır və Bakını danışıqlar prosesini yubatmaqda günahlandırır. Təkbətək danışıqlar ərəfəsində bu cür böhtanlar danışıqları pozmaq cəhdidir. Təbii ki, bu da səbəbsiz deyil. Hətta İrəvanın İranda son təxribatları təsadüfi deyil. Aydındır ki, Paşinyan rəsmi görüşdən və Bakı ilə üzləşməkdən qorxur".
Ekspertin sözlərinə görə, belə bir vəziyyətdə liderlərin görüşü baş tutmaya da bilər:
"Azərbaycana qarşı görünməmiş təxribatların başında duran, diplomatik təcrübəsi olmayan və küçə metodları ilə hərəkət edən biri ilə Qarabağ kimi bir həssas məsələnin müzakirəsi fayda verməz. Bu mənada bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Bu, əslində Minsk Qrupuna bir işarədir və hesab edirəm ki, nəhayət onlar gözlərini açıb real vəziyyəti təhlil etməlidirlər. Çünki Paşinyan son bəyanatları ilə Minsk Qrupunun işini şəksiz heçə endirib və onları pis vəziyyətdə qoyub. Belə bir rəhbərlə danışıqları aparmaq qeyri-mümkündür. Paşinyan bu gün bir söz deyir, sabah isə onu təkzib edir. Belə çıxır ki, İrəvan Bakı ilə razılaşıb, daha sonra onu asanlıqla poza bilər. Paşinyan nə qədər ki məsələyə qeyri-ciddi yanaşır, danışıqlar prosesindən nəsə gözləməyə dəyməz".
Azərbaycan və Ermənistan rəhbərlərinin mümkün görüşünü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli isə deyib ki, Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran əsas strateji məqsədləri birmənalı surətdə müəyyən edib.
Politoloq bildirib ki, erməni tərəfi real sülh danışıqlarına əl yeri qoymur:
"Paşinyan bir-birinə zidd bəyanatlarından geri qalmır və müxtəlif sayıqlamalarla danışıqlarda əsas hədəfin Bakını hərbi yoldan çəkindirməyin olduğunu söyləyir. Üstəlik, o, çəkinmədən Ermənistanın hücum taktikasına keçə biləcəyini bəyan edir. İrəvan sülhdən dəm vursa da, hərbi hazırlıqlara dair saxta bəyanatlarla bir növ Azərbaycana psixoloji təzyiq göstərməyə çalışır. İşğalçı dövlətin bu cür əda ilə danışması heç bir əndazəyə sığmır".
Politoloq bildirib ki, bütün hallarda tərəflər arasında danışıqların başlaması müsbət haldır:
"Çünki bütün müharibələrin sonu danışıqlarla nəticələnir. Düzdür, Bakının görüşə razılıq verməsi danışıqlara ümid etdiyi anlamına gəlmir. Azərbaycan bununla dünya ictimai rəyinə və beynəlxalq aləmə bir daha substantiv və nəticəli danışıqlara, regionda sülhün bərpası üçün əlindən gələni etməyə hazır olduğunu sübut etdi. Bakı haqlı olaraq İrəvandan da birmənalı bunu tələb edir və sonuncu dəfə İrəvanın nəbzini yoxlamağa hazırlaşır. Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran əsas strateji məqsədləri birmənalı surətdə müəyyən edib. Bu, ilk növbədə Qarabağ məsələsinin həlli və Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyətin verilməsidir. Bu fonda Ermənistanın növbəti sərsəmləmələri qəti rədd ediləcək. İrəvan bilməlidir ki, Bakı məsələnin sülhlə yanaşı, hərbi yolla da həllinə hazırdır. Bunu isə Ermənistanın növbəti görüşdəki davranışı müəyyən edəcək. İrəvan danışıqlarda vaxt udmaq taktikasına davam edərsə, Bakı bu süni oyunlara birdəfəlik son qoyacaq və problemin lazımı şəkildə həllinə start verəcək. Bu mənada düşünürəm ki, Paşinyan Bakının ona verdiyi sonuncu şansdan istifadə etməyi bacarmalıdır".
Bu arada Qarabağ ermənilərinin sıxışdırılmasından danışarkən deputat Elman Məmmədov bildirib ki, bəzən deyirlər ki, guya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasında, bütün bu məsələlərdə Qarabağ ermənilərinin təqsiri yoxdur. Çoxları Qarabağ ermənilərini bu hadisələrə Ermənistan ermənilərinin məcbur etdiyini irəli sürür. Qətiyyən belə deyil.
O qeyd edib ki, ən qəddar, ən barışmaz mövqedə həmişə Qarabağ erməniləri durublar:
"Münaqişənin başlamasının səbəbkarı, separatçılığa əl atanlar da onlar olublar. Tək 1988-ci ildə deyil, ondan öncə də dəfələrlə cəhd ediblər, Sovet hökumətinin mövcud olduğu 70 il ərzində də həmişə Qarabağ erməniləri Azərbaycandan ayrılıb, Ermənistanın tərkibinə qatılmaq arzusunda olublar. Bu məsələni həmişə qaldırmağa cəhd ediblər. Onlar bu gün də barışmaz mövqedədirlər, ən qəddardırlar. Hesab edirlər ki, onların yaşadığı ərazi tarixən ermənilərin olub. Halbuki tarixi faktlar var, arxivdəki sənədlər sübut edir ki, Qarabağ erməniləri adlandırılan etnik qrup son 200-250 il ərzində Suriyadan, İrandan, Türkiyədən və s. köçürülüb, ərazilərimizdə məskunlaşdırılanlardır".
E. Məmmədovun fikrincə, torpaqlarımızı işğaldan azad edəndən, ərazi bütövlüyümüzü bərpa edəndən, Qarabağ erməniləri Azərbaycan qanunlarını, Konstitusiyamızı qəbul edəndən sonra yenidən Azərbaycan vətəndaşı ola bilərlər:
"Biz o erməniləri vətəndaşımız kimi tanımalıyıq ki, bu illər ərzində Azərbaycana, azərbaycanlılara qarşı cinayət törətməyiblər.
Hər bir halda mən Qarabağ ermənilərini təqsirsiz kimi təqdim edilməsinin əleyhinəyəm. Erməninin hamısı yaxşı, pis fərqi qoyulmadan ermənidir. Ermənidirsə, demək, türk düşmənidir, vəhşidir, soyqırımı törədəndir, qaniçəndir, işğalçıdır".
Onu da qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı gələcək danışıqlarda Dağlıq Qarabağ konfliktinin həll formatı da müzakirə ediləcək.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Xanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bilirsiniz ki, bizim kontaktlar qeyri-rəsmi xarakter daşıyırdı. Biz, ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həllinin incəlikləri və metodları barədə danışmamışıq. Bizim növbəti görüşümüz danışıqlar formatının müzakirəsinə həsr ediləcək. Hesab edirik ki, problemin həlli üçün ilk növbədə effektiv format yaradılmalı, ilk növbədə Dağlıq Qarabağın burada iştirakı təmin edilməlidir", – deyə Paşinyan bildirib.
Xan isə Paşinyanın dedikləriylə razılaşmayıb. O, konfliktin həlli üçün nəzərdə tutulan hazırkı formatın saxlanılması gərəkdiyini bildirib. Komissar həmçinin Paşinyanın baş nazir olduğu dönəmdə Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında baş tutan danışıqların proqress olduğunu bildirib:
"Söhbət bizim dəstəyimizdən gedəndə, düşünürəm ki, ən yaxşısı indiki formatı saxlamaqdır. Yenilik xətrinə yeni nəsə yaratmağa ehtiyac yoxdur".
Cavid