“Paşinyanın Xankəndiyə səfəri əslində isterik addımdır” Layihə

“Paşinyanın Xankəndiyə səfəri əslində isterik addımdır”

Elçin Mirzəbəyli: "Yol verdiyi səhvlər onun üçün ciddi problemlər yaradıb"

Nikol Paşinyan Brüsseldəki sərsəm bəyanatından sonra danışıqlar prosesinini pozmağa yönəlik növbəti təxribat xarakterli addım atıb. Ermənistanın Təhlükəsizlik Şurasının Xankəndində toplanması aqressiv reaksiyanın nümayiş etdirilməsidir ki, əksər ekspertlərin fikrincə, bu, Paçinyanın bütün addımlarının fiaskoya uğramasından yaranan isterika ilə bağlıdı.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirib ki, ilk növbədə Paşinyanın bu addımları niyə atdığını müəyyənləşdirmək lazımdır. Onun sözlərinə görə, Paşinyan ardıcıl olaraq bir neçə müstəvidə uğursuzluğa düçar olub: "Birinci olaraq, onun Avropa səfəri və Avropa İttifaqındakı rəsmilərlə görüşünə diqqət çəkmək lazımdır. Görüşlərin hər birində Dağlıq Qarabağ separatçı rejiminin ayrıca bir subyekt kimi danışıqlar prosesinə cəlb olunmasının mümkünsüzlüyü onun diqqətinə çatdırıldı. Digər tərəfdən, ərazi bütövlüyü məsələsinin önəmli faktor olduğu həm Avropa İttifaqı Nazirlər Şurasının sədri, həm də xarici işlər üzrə komissarı tərəfindən ona bildirildi. Eyni zamanda, danışıqlar prosesinin uzadılması istiqamətində fərqli addımların yolverilməz olduğu vurğulandı və bildirildi ki, status-kvonun saxlanılması yolverilməzdir. Yəni danışıqlar prosesi ön şərt olmadan davam etdirilməlidir. Bunlar, şübhəsiz ki, Ermənistana qarşı kifayət qədər ciddi təpkilərdir. Həmçinin, Paşinyanın Avropa İttifaqından iqtisadi müstəvidə dəstək almaq cəhdləri də səfər çərçivəsində nəticə vermədi. Yəni Paşinyan tam uğursuzluğa düçar oldu. Bu uğursuzluğun ardınca isə növbəti bir uğursuzluq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı oldu. Orada da açıq şəkildə danışıqların formatının dəyişməsinin mümkünsüz olduğu, həmçinin ərazi bütövlüyü ilə bağlı Helsinki Yekun Aktının prinsipləri xüsusi olaraq, vurğulandı. Bütün bunlar Paşinyanın bu günə qədər irəli sürdüyü iddialarının üzərindən xətt çəkilməsi anlamına gəlir. Paşinyanın bütün bunlardan hiddətləndiyi göz önündədir".
Politoloq əlavə edib ki, Paşinyanın Xankəndiyə səfəri əslində isterik, erməni cəmiyyətinə hesablanmış populist addımdır: "Yuxarıda qeyd etdiyim iflasdan sonra Paşinyanın Ermənistandakı rəqibləri onu ciddi şəkildə ittiham etməyə başlayıb. Bütövlükdə Dağlıq Qarabağ məsələsi ilə bağlı tutduğu kursun, yol verdiyi səhvlərin onun üçün ciddi problemlər yaratdığı göz önündədir. Hətta qeyd olunur ki, Sərkisyan hakimiyyətdə qalsaydı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi nəticələr əldə oluna bilərdi. Yəni artıq bu formada ittihamlar ona qarşı səsləndirilir. Digər tərəfdən, Paşinyan iqtisadi müstəvidə verdiyi vədləri yerinə yetirmədiyi üçün də ona qarşı erməni cəmiyyətində etirazlar güclənməkdədir. Həmçinin də separatçı rejim, onun ətrafında olan və onu Ermənistandan stimullaşdıran qüvvələr bu prosesdə iştirak edirlər. Paşinyan məhz buna görə Dağlıq Qarabağa səfər etdi. O, bununla müqavimət göstərmək istədiyini, prosesdə fərqli mövqe sərgiləməyəcəyini, revanş edəcəyini göstərmək istədi. Əslində bu faktın özü də Paşinyanın növbəti səhvi kimi qiymətləndirilə bilər. Çünki separatçı rejimin danışıqlar prosesində subyekt kimi iştirak etməməsinin əsas səbəblərindən biri Azərbaycan torpaqlarınıın Ermənistan tərəfindən işğal edilməsi faktıdır. Hazırda oradakı separatçı rejimi himayə edən, qoruyan, bütövlükdə həmin ərazilərdə olan erməni hərbçilər də Ermənistanın silahlı qüvvələrinin nümayəndələridir. Belə olduğu təqdirdə Paşinyanın həmin əraziyə səfər etməsi, hərbi xidmətdə olan oğlu ilə şəkil çəkdirib paylaşması bir daha Ermənistanın işğalçı tərəf olduğunu, əslində Dağlıq Qarabağ adlı hər hansı bir subyektin olmadığını sübuta yetirən amildir".
Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, Paşinyan atdığı addımlarla yenidən özünün iddialarını təkzib etdi və özünü rüsvayçı vəziyyətə saldı: "Bu baxımdan onun bu "revanşları" danışıqlar prosesinə hər hansı təsir göstərməyəcək. Əslində onun Azərbaycan prezidenti ilə görüşü, prinsip etibarı ilə Paşinyan üçün münaqişənin həlli istiqamətində sonuncu bir şans kimi dəyərləndirilməlidir. Azərbaycan tərəfi Paşinyana indiyə qədər daha öncə verdiyi müəyyən bəyanatların yerinə yetirilməsi, danışıqlar prosesinin irəliləməsi və Ermənistanın işğalçı mövqeyindən əl çəkməsi üçün kifayət qədər şans verib. Göründüyü kimi, bu baş vermədi. Belə olduğu təqdirdə beynəlxalq ictimaiyyət də onun əleyhinə çevrilməyə başladı. Çünki Paşinyan təkcə region dövlətlərini deyil, bütövlükdə dünya birliyini də aldatdı, yalan danışdı və növbəti manipulyasiyaya yol verdi. Bu baxımdan biz artıq beynəlxalq müstəvidə Ermənistana olan təzyiqlərin şahidi oluruq. Növbəti mərhələdə əgər danışıqlar prosesi nəticə verməsə, düşünürəm ki, bundan sonra Azərbaycanın atacağı addımlar kifayət qədər sərt olacaq. O zaman həm Paşinyanın müharibə ritorikasına və Dağlıq Qarabağla bağlı sərgilədiyi absurd iddialara son qoyulacaq, həm də işğalçı rejimə qarşı təkcə Azərbaycanın deyil, eyni zamanda beynəlxalq güclərin də təzyiqləri güclənəcək".
Millət vəkili, politoloq Elman Nəsirov isə "Ermənistanın Təhlükəsizlik Şurası Xankəndində, Azərbaycan torpaqlarında toplanır. Ermənistan baş nazir Nikol Paşinyan da artıq Xankəndidədir. Heç şübhəsiz ki, bu açıq-aşkar təxribatdır. Hesab edirəm ki, Avropa İttifaqından, ATƏT rəhbərliyindən Ermənistana edilən təzyiqlər fonunda və eyni zamanda qarşıda gözlənilən Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin ilk rəsmi görüşü fonunda bu çox ciddi təxribatdır. Hətta deyərdim ki, bu, gözlənilən görüşün baş tutmamasına istiqamətlənmiş bir addımdır", - deyə vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqının Təhlükəsizlik və Xarici siyasət məsələləri üzrə komissarı Federika Mogerini aydın və birmənalı şəkildə söylədi ki, heç bir ilkin şərt irəli sürmədən danışıqlara getmək lazımdır: "Yəni Paşinyanın qondarma rejimi danışıqların tərəfi kimi qəbul etmək planı üstündən xanım komissar xətt çəkdi. Eyni zamanda Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han da anoloji yanaşmanı ortaya qoydu. ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak da Azərbaycanda səfərdə olarkən Azərbaycan Prezidenti cənab İlham Əliyevə söylədi ki, heç bir halda danışıqların formatına dəyişiklik olmamalıdır. Yəni o da qondarma rejimin danışıqlar prosesinə qatılmasının əleyhinə olduğunu bildirdi.
Bu reallıqlar fonunda Ermənistanın kemiş prezidenti və bu gün həbsxanada olan Robert Koçaryan Paşinyana bir ultimatum göndərdi ki, o Qarabağ münaqişəsi ilə bağlı təslimçi mövqeyə keçmək istəyir. Bilsin ki, Koçaryan həbsdə olsa da bir qarış da torpağın Azərbaycana qaytarılmasına imkan verməyəcək. Artıq "Daşnaksütyun" partiyası da Paşinyanı eyni tərzdə hədələməyə başlayıb. Yəni "Qarabağ kartı"ndan artıq bir-birinə qənim kəsilən tərəflər bir təzyiq vasitəsi kimi istifadə etməyə başlayıblar. Bütün bunların fonunda Ermənistanın Təhlükəsizlik Şurasının Xankəndində toplanması təxribatın bariz göstəricisidir. O belə addımlar atmaqla ilk növbədə daxili auditoriyanı sakitləşdirir və ona ittiham irəli sürən tərəfləri neytrallaşdırmaq istəyir. Hesab edirəm ki, bu çox məsuliyyətsiz və təxribatçı bir addımdır. Bu addıma görə bütün məsuliyyət Paşinyanın üzərinə düşür".
Siyasi şərhçi Nadir Şəfiyev diqqətə çatdırıb ki, Ermənistanın Təhlükəsizlik Şurasının Xankəndində toplanması açıq-aşkar təxribatdan xəbər verir: "Ümumiyyətlə, ilk dəfə deyil ki, bu kimi təxribatlar həyata keçirilir. Əslində bu, bir daha Paşinyanın əsil simasını göstərir". Onun sözlərinə görə, Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra özünü "demokrat", beynəlxalq sazişlərə, qaydalara sadiq olan bir adam kimi nümayiş etdirmək istəsə də, onun hələ ilk günlərdə verdiyi bəyanatlar və atdığı addımlar göstərdi ki, Paşinyan kifayət qədər sərsəm olmaqla yanaşı, eyni zamanda da provokasiyon addımlar atmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əngəllər törətməkdə davam edir: "O, "status-kvo"nun saxlanılması üçün əlindən gələni edir. Paşinyanın bütün addımları onu göstərir ki, Azərbaycan rəhbərliyinin, diplomatlarının bunun etdiyi hərəkətlərə qarşı elə bir sərt hərəkət etsinlər ki, bundan sonra həmişəki kimi erməni demaqoqiyasını, dünyadakı erməni lobbisini, tərəfdarlarını, havadarlarını işə salmaqla göstərsinlər ki, guya, rəsmi Bakı Ermənistanla Azərbaycan arasında olan dialoqu pozur və bu istiqamətdə işləmək istəmir. Yəni reallıqda bu provokasiyadır. Onlar istəsəydilər həmin tədbiri Ermənistanda da həyata keçirə bilərdilər və s. Bu sadəcə olaraq görüntüdür, provokasiyadır və Azərbaycanı qeyri-adekvat addımlar atmağa sövq etməkdir. Artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatı da təbii olaraq erməniləri silkələyib. Onlar başa düşürlər ki, artıq bütün dünya birliyində erməni maraqları və ermənilərin pozucu fəaliyyəti üzə çıxıb. Hətta bunu onların himayədarları belə gizlədə bilmirlər. Ona görə də yeni düşünülmüş provokasiyalara əl atılır və təbii ki, Paşinyan da bunun önündədir. Hesab edirəm ki, bu provokasiya kluminasiya nöqtəsinə çatır. Yəqin ki Azərbaycan diplomatiyası yaxın günlərdə, bəlkə də yaxın saatlarda bununla bağlı müvafiq qurumlara, beynəlxalq təşkilatlara, o cümlədən Minsk Qrupunun həmsədrlərinə öz mövqeyini çatdıracaq və təkliflərini də verəcək. Belə davam edərsə, düşünürəm ki, yaxın aylarda, həftələrdə Ermənistan rəhbərliyi, Paşinyan hökuməti real olaraq substantiv danışıqlara qoşulmasa və bu danışıqlardan irəli gələn müddəaları yerinə yetirməyə başlamasa, yəqin ki Azərbaycan öz gücü ilə Ermənistanı sülhə məcbur edə bilər. Bildiyiniz kimi, həmsədrlər bir neçə gün bundan əvvəl xalqları müəyyən bir sərt çağırışlardan kənar olmağa çağırmışdı. Düşünürəm ki, ermənilərin bu addımı məhz Azərbaycanı bu istiqamətdə provokasiya seçir. Yəni təbii olaraq buna mövqe bildirmək lazımdır".

Əli