İnsan hüquq və azadlıqları Layihə

İnsan hüquq və azadlıqları

Həmin hüquqlar hər bir dövlətin daxili qanunvericiliyi ilə müəyyən olunur

Müasir dövrün diqqət mərkəzində olan aktual problemlərdən biri də insan hüquq və azadlıqlarıdır. Bəşəriyyətin bütün tarixi insan hüquqları haqqında təsəvvürlərin formalaşması və inkişafı tarixi kimi özünü göstərir. Bu və ya digər cəmiyyətdə insan hüquqlarının tanınması və qorunması bilavasitə həmin cəmiyyətin forması, humanizm səviyyəsi, onun nə dərəcədə liberal olması, ümumi dövlətçiliyin inkişaf dinamikası ilə müəyyən olunur.
Məlumdur ki, insan hüquqlarının tanınması və müdafiəsi ideyası ilk öncə dövlət daxili hüquqda təzahür edib. Hər bir insan fərdi doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir ki, bu da əsasən təbii hüquq nəzəriyyəsi tərəfindən daha ətraflı öyrənilir. Həmin hüquq və azadlıqları təmin etmək və qorumaq dövlətin ən ali vəzifəsi kimi təzahür edir. Bu məqsədlə zəruri qanunvericilik atları qəbul olunur, mövcud qanunvericilik reallıqlarla uzlaşdırılır və s.
İrəli İctimai Birliyi Hüquq Mərkəzinin üzvü Rəşad Cavadovun fikrincə, İkinci Dünya müharibəsindən sonra insan hüquqları beynəlxalq səciyyə almış və bilavasitə dövlətlərin müvafiq öhdəlikləri kimi beynəlxalq aktlarda öz əksini tapıb. Qeyd etmək lazımdır ki, mövcud beynəlxalq müqavilələr bilavasitə insanlara hüquq və ya azadlıq vermir. Həmin hüquq və azadlıqlar hər bir dövlətin daxili qanunvericiliyi ilə müəyyən olunur. Beynəlxalq aktlarda tez-tez işlədilən "hər kəsin... hüququ vardır" mexanizmi insanın mövcud hüquq və azadlğını bir daha təsdiq edir. Həmin hüquq və azadlıqların təmini isə öhdəlik kimi beynəlxalq aktların tərəfləri olan dövlətlərin üzərinə qoyulur, yəni dövlət müqavilələrin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən olunmuş hüquq və azadlıqları yurisdiksiyası daxilində olan hər bir insan, hər bir şəxs üçün təmin edəcəkdir: "Şərh etmək istədiyim məsələ əsas etibarilə insan hüquq və azadlıqlarından biri sayılan "sərbəst toplaşmaq azadlığı" ilə bağlıdır. İlk öncə sərbəst toplaşmaq azadlığının nə olduğuna diqqət yetirmək lazımdır, yəni onun anlayışı öyrənilməlidir.
Sərbət toplaşmaq azadlığı əsas insan hüquqlarından biri kimi müxtəlif milli və beynəlxalq aktlarda təsbit olunub. Müasir qanunvericilik aktlarında vətəndaşların siyasi və ictimai fəallığının formaları kimi toplaşmaq azadlığının mitinq, yığıncaq, nümayiş, piket və s. üsullarla həyata keçirilməsi öz əksini tapıb. Bu cür yığıncaqlar əsas etibarilə insanların hər hansı bir məsələyə etirazını açıq bildirmək üçün təşkil olunur. Bu ən müxtəlif məsələlərlə - siyasi, iqtisadi, sosial, ictimai və s. problemlərlə bağlı ola bilər. İnsanların bir yerə toplaşaraq öz fikirlərini açıq ifadə etməsi heç də həmişə siyasi maraqlarla bağlı olmasa da, bir çox hüquq ədəbiyyatlarında dinc toplaşmaq azadlığı siyasi hüquq və azadlıqların tərkib hissəsi kimi nəzərdən keçirilir. Bu azadlıq (və ya hüquq da adlandırmaq olar) fikir azadlığı və fikri ifadə etmə azadlığı ilə sıx əlaqədardır, çünki yuxarıda qeyd olunan toplaşmaq azadlığının həyata keçirilməsinin hər hansı forması ən müxtəlif məsələlər üzrə fikir ifadəetmə və fikir mübadiləsi aparılması üçün əlverişli və demək olar ki, əvəzolunmaz vasitə kimi çıxır edir. Terminin mahiyyəti ilə bağlı ilk növbədə qeyd etmək lazımdır ki, toplaşmaq azadlığı, birləşmək azadlığı və s. bu kimi hüquqlarla sıx bağlılıqda nəzərdən keçirilən dinc toplaşmaq azadlığı yalnız dinc və silahsız yığıncaqları nəzərdə tutur. Bəzi sənədlərdə isə bu hüququn "dinc toplaşmaq azadlığı" adlandırılması göstərilən fikri bir daha tamamlayır. Yəni insanların hər hansı məsələ ilə bağlı keçirdikləri toplantılar dinc xarakterli olmalı və həmin toplantını təşkil edənlər tərəfindən heç bir qanun pozuntusuna yol verilməməlidir. Təsadüfi deyildir ki, toplantıları keçirmə qaydasını pozmağa görə cinayət qanunvericiliyində məsuliyyət nəzərdə tutulub. Belə ki, AR Cinayət Məcəlləsinin 169-cu maddəsi toplantıları keçirmə qaydasını pozmağa görə 300 manatadək cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə sanksiyaları nəzərdə tutur".
Hüquq ədəbiyyatlarında bu azadlığın hüquqi məzmunu ayrıca olaraq 3 hüquq formasını (iştirak baxımından) özündə ehtiva etməsi göstərilir ki, həmin hüquqlar da aşağıdakılardır:
- şəxsi fəal hərəkətlər hüququ;
- tələb etmək hüququ;
- iddia hüququ.
Sərbəst toplaşmaq azadlığının hüquqi məzmununu bu şəkildə təsnif edən alimlər qeyd edirlər ki, bu hüquq ümumhüquqi prinsip olan "qanunla qadağan olunmayan hər şeyə icazə verilir" formasında çxış etməlidir.
Məlumdur ki, istər federativ olsun, istərsə də unitar, hər bir demokratik dövlətin Konstitusiyasında bu müddəa əsas etibarilə insan hüquq və azadlıqları bölməsində digər hüquq və azadlıqlarla yanaşı qeyd edilir. Yeni müstəqillik qazanmış Azərbaycan Respublikası da demokratik cəmiyyət qurmağı öz qarşısına vəzifə kimi qoymuşdur. Bu mənada belə bir hüququn Azərbaycan qanunvericiliyinə salınması təbii haldır. Belə ki, Azərbaycanın 1995-ci il 12 noyabr tarixində referendumla qəbul olunmuş ilk müstəqil Konstitusiyasının 49-cu maddəsi ümumilikdə bu azadlığa həsr olunub.
Konstitusiyamızda nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının özünəməxsusluğu ondan ibarətdir ki, bir sıra beynəlxalq konvensiya və əksər ölkələrin konstitusiyasından fərqli olaraq AR Konstitusiyasında vətəndaşların dinc toplaşmasını nəzərdə tutan hər hansı tədbir, istər bu yığıncaq olsun, istərsə də qanunvericilikdə nəzərdə tutulan hər hansı digər formada, onları təşkil etmək üçün hər hansı bir məhdudiyyət qoyulmur. Lakin müddəanın məzmununa diqqət yetirmək vacib əlamətdir. Belə ki, bu cür toplaşmaq üçün onu təşkil edəcək olan insanlar qabaqcadan müvafiq dövlət orqanlarını xəbərdar etməklə öz sərbəst toplaşmaq azadlığı hüquqlarını həyata keçirə bilərlər.
Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı 13 noyabr 1998-ci ildə qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı haqqında" AR Qanunu ilə tənzimlənir. Qanunda "toplantı" anlayışı - "bir neçə şəxsin xüsusi məqsədlə ictimai yerlədə müvəqqəti toplaşması" kimi ifadə olunur və onun yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket formaları sadalanır. Qanunun 3-cü maddəsində qeyd edilir ki, "AR Konstitusiyasının 49-cu maddəsində təsbit edilmiş sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bu qanun əsasında tətbiq edilir və dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir". Bu qanuna müvafiq olaraq toplantı təşkil edəcək olan insanlar müvafiq dövlət orqanını ən azı 5 gün qabaqcadan xəbərdar etməlidir və bir qayda olaraq həmin toplantının keçirilmə yeri müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir. Həmçinin qeyd olunur ki, aksiyalar dövlət obyektlərindən ən azı 150-200 metr aralıda keçirilməlidir. İcazəli aksiya ilə beynəlxalq və ya dövlət əhəmiyyətli tədbirlər üst-üstə düşərsə, aksiya ləğv edilə bilər. Qanunun III fəslinin 7-ci maddəsində qeyd olunur ki, "Sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız qanunla və demokratik cəmiyyətdə zəruri olan ictimai və dövlət mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısını almaq, iğtişaş və cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının, əxlaq normalarının və mənəviyyatın mühafizəsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə qoyula bilər".
Bununla yanaşı qanunun müvafiq maddələrində toplantı təşkilatçılarının hüquq və vəzifələri, toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının hüquqları öz əksini tapıb. Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsində yığıncaqlar və birləşmək azadlığı öz əksini tapıb. Orada qeyd olunur, maddə 11:
1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.
Göründüyü kimi AR Konstitusiyasından fərqli olaraq bu konvensiyanın dispozisiyasında toplaşmaq azadlığı birləşmək azadlığı ilə yanaşı qeyd edilir. Həmin Konvensiyaya görə dövlətlər bir sıra digər müddəalarda olduğu kimi 11-ci maddə ilə bağlı yalnız vətəndaşların bu sahədəki fəaliyyətinə mane olmamaq öhdəliyi götürmür, eyni zamanda bu cür toplantı iştirakçılarının onların əleyhinə olanlardan müdafiəsini də öhdəlik formasında öz üzərinə götürür.
Qeyd ediləsi vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Respublikasından fərqli olaraq bir sıra dövlətlər, o cümlədən Rusiya, Almaniya, Belçika və s. sərbəst toplaşmaq azadlığını yalnız öz vətəndaşları üçün nəzərdə tutur.
Sonda qeyd etmək istərdik ki, sərbəst toplaşmaq azadlığı nisbi hüquqlar sırasına daxildir və bu baxımdan da Avropa İnsan Hüquqları Konvensiyasında da qeyd olunduğu kimi bu hüquqa mütləq təminat verilmir.

Cavid