Bu gün Xalq artisti Tofiq Kazımovun doğum günüdür Mədəniyyət

Bu gün Xalq artisti Tofiq Kazımovun doğum günüdür

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın görkəmli teatr rejissoru, Dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 ili ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

Orijinal yaradıcılıq dəst-xətinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirib. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olub və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırıb. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazıb. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanıb, respublikanın mədəni həyatında hadisəyə çevrilib. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynayıb.

Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci il avqustun 2-də avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.