Bu İl Ağdərənin Çapar kəndində daha 23 ev bərpa ediləcək Hadisə

Bu İl Ağdərənin Çapar kəndində daha 23 ev bərpa ediləcək

Ağdərənin Çapar kəndində 104 fərdi ev var. Onlardan 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Məlumatda bildirilib ki, sözügedən kənddə sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, Çapar kəndi Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.