“Qondarma rejimdə keçirilən saxta seçkilərdə AŞPA-nın mövqe bildirməməsi bir daha göstərdi ki...” Layihə

“Qondarma rejimdə keçirilən saxta seçkilərdə AŞPA-nın mövqe bildirməməsi bir daha göstərdi ki...”

İlyas Hüseynov: “Onların “məqsədləri” ilə əməlləri arasında böyük təzadlar var”

“2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm mesajlar verildi. Videokonfrans zamanı dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxundu. Eyni zamanda, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debatdan və qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən də söz açdı”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili Siyasətin Təhlili Departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Politoloq əlavə etdi ki, əvvəlcə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debata toxunan dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı canlı efirdə həm tarixi həqiqətlər, həm də münaqişələ bağlı həqiqətlərin geniş auditoriyaya çatdırılmasında imkan olduğunu bildirdi: “Münhen Təhlükəsizlik Konfransı imkan verdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünyaya çatdırılsın.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı dünya miqyasında təhlükəsizliklə bağlı birnömrəli konfransdır. Burada dünyanın təhlükəsizliyi məqsədilə geniş fikir mübadiləsi aparılır, regional münaqişələrin həlli perspektivləri müzakirə edilir. Bu auditoriyanın tamaşaçılarının sayı milyonlarla ölçülür. Tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərlərinin canlı efirdə debata dəvət olunmasını nəzərə alaraq bu debata çox böyük maraq var idi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debatda bütün dünya bir daha gördü ki, erməni təbliğatı saxtakarlıq, yalan və mifologiya üzərində qurulub. Azərbaycanın mövqeyi isə tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Buna görə də Münhen Təhlükəsizlik Konfransının yekunlarına əsasən deyə bilərik ki, Ermənistan təbliğatı darmadağın edildi və onların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyuldu. Əlbəttə, istisna edilmir ki, bu cəhdlər bundan sonra da göstəriləcək, ancaq artıq buna heç kim inanmayacaq”.
İ.Hüseynov bildirdi ki, debatda Ermənistanın Baş naziri Nikol Paşinyan özünü “demokrat” imici altında göstərməyə cəhd göstərsə də onun bu niyyəti ürəyində qaldı: “Ermənistanın rəhbərinin ingilis dilində öz fikirləri aydın və təmiz çatdıra bilməməsi isə onu gülünc vəziyyətdə göstərirdi. Ermənistanın Baş naziri bu günün reallıqlarından çıxış etmək əvəzinə, münaqişənin həlli haqqında fikirlər irəli sürmək yerinə tarixi saxtakarlığa yol vermək cəhdləri və digər hiyləgər manevrləri onun qeyri-konstruktuv mövqeyini bir daha bütün dünyaya canlı yayında nümayiş etdirdi. Ermənistanın münaqişənin müddətinin uzatmaqla bağlı təşəbbüsləri, status-kvonu qorunmaq cəhdləri və danışıqlar xatirinə danışıqlarda iştirak etməsi bizim üçün adi bir hala çevrilib. Lakin bu cür addımların bütün dünyanın gözü önündə və Münhenin ali tribunasından əyani şəkildə nümayişi Ermənistana böyük zərbə endirdi. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan rəhbərlərinin canlı efirdə debatından sonra qonşu dövlətin jurnalistləri, siyasi təhlilçiləri, müxalifər mediası və sosial şəbəkə istifadəçiləri Nikol Paşinyanı tənqid atəşinə tutdu və bu diplomatik-siyasi zərbənin izləri hələ uzun müddət Ermənistan cəmiyyətində hiss olunacaq.
Buna görə də həm münaqişə, həm Cənubi Qafqazın tarixi ilə bağlı keçirilmiş bu tədbir Azərbaycanın aktivinə yazıldı və Münhendə böyük bir uğur qazanıldı. Azərbaycan xalqının cənab Prezident İlham Əliyevə ünvanladığı on minlərlə mesajlarda, məktublarda da bu zəfərə görə minnətdarlıq bildirildi”.
Politoloqun sözlərinə görə, videokonfrans zamanı qondarma “seçkilər”ə də toxunan dövlət başçısı bildirdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır: “Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri” Ermənistanın mövqeyinə növbəti böyük zərbə endirdi. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət, dövlətimizin çevik, operativ və məqsədyönlü fəaliyyəti, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndirdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri –Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası öz mövqeyini nümayiş etdirdi. Avropa İttifaqı, hətta son dövrlər ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən Avropa Parlamenti də açıqlama verdi. Eyni zamanda, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Qeyd olunan beynəlxalq və regional təşkilatlarda birləşən ölkələrin sayına baxanda görürük ki, bu dövlətlər kifayət qədər nüfuzludur və beynəlxalq münasibətlərdə fəal aktor kimi çıxış edirlər. Bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Türkdilli dövlətləri birləşdirmək ideyası ilə çıxış edən Türk Şurası, 120 ölkəni özündə Qoşulmama Hərəkatı, 50-dən çox ölkənin üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı, 30-a yaxın üzvü olan Avropa İttifaqı və 50-yə yaxın ölkəni birləşdirən ATƏT qondarma “seçkiləri” qınadı. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını bütün dünya birliyi qəbul edir. Beynəlxalq təşkilatların bəyanatlarına əsaslanaraq deyə bilərik ki, bəyanatlarda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur”.
Ekspertin fikrincə, Dağlıq Qarabağda yayılan infeksiya halları gizlədilərək Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz “seçki” keçirilməsi bunu göstərir ki, bu qondarma qurumun və Ermənistanın rəhbərliyi üçün insanların sağlamlığı ən sonuncu faktor kimi nəzərdən keçirilir: “Bunun ardınca, infeksiyanın yayılmasını Ermənistan etiraf etsə belə, 14 aprel 2020-ci il tarixində yenidən bütün insanların həyatını təhlükəyə ataraq, “seçki” şousunun ikinci turu da təşkil olundu. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətə çevrilib və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır. Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edirlər.
Azərbaycan Respublikasının siyasətinin ana xəttini Azərbaycan vətəndaşı və onun maraqlarının qorunması təşkil edir. Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşaya biləcəyi Azərbaycan dövləti tərəfindən dəfələrlə bəyan olunub. Yalnız bundan sonra Azərbaycan Respublikasının vətəndaşı olmağın verdiyi imtiyazlardan bərabər hüquqlu şəkildə yararlanmaq olar.
Bu “seçkilər” bir daha göstərdi ki, qondarma rejim burada yaşayan əhalinin sağlamlığına da biganə yanaşır. Eyni zamanda, qeyd etmək lazımdır ki, bütün dünyada koronavirus infeksiyasının geniş vüsət aldığı bir dönəmdə “seçkilər”in keçirilməsi nonsens kimi qiymətləndirilir.
Videokonfrans zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında AŞPA-nın qondarma “DQR”də keçirilən “seçkilərə” münasibət bildirməməsi məsələsinə də toxundu. Heç kimə sirr deyil ki, bu təşkilat uzun illərdir Azərbaycanı qaralamaq, şər, böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir. Bu təşkilatda cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar, Azərbaycanın uğurlarını qəbul etmək istəmirlər. Lakin Azərbaycan dövləti Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünya miqyasında uğurlar əldə etməkdə davam edir. Buna görə də AŞPA-dan Azərbaycana gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur, onların verdikləri qətnamələr, qərarlar kağız parçasından artıq deyil. Qondarma rejimdə keçirilən saxta seçkilərdə AŞPA-nın mövqe bildirməməsi bir daha göstərdi ki, onların “məqsədləri” ilə əməlləri arasında böyük təzadlar var. Bu qurumun məqsədi Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaqdır”.

Əli