“ATƏT Dağlıq Qarabağda ermənilərin süni məskunlaşmasına göz yumur” Layihə

“ATƏT Dağlıq Qarabağda ermənilərin süni məskunlaşmasına göz yumur”

Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra dünyanın fərqli ölkələrindən bura humanitar yardım aparılır. Ermənistan KİV xəbər verir ki, bu ölkədən Livana 3 xüsusi reys planlaşdırılır.
Reyslərdən 2-si artıq həyata keçirilib. Humanitar yardım daşıyan təyyarələrdən biri Ermənistan, digəri isə qondarma Qarabağ rejiminin adından Beyruta uçub.
Qarabağdan Livana yardım daşıyan reysin Xocalı aerportundan, yoxsa Yerevandan uçuşu həyata keçirdiyi sual doğurub.
Məsələyə separatçı rejimin rəhbərinin köməkçisi Artur Aqanbekyan aydınlıq gətirib. O, təyyarənion Ermənistan hökuməti tərəfindən ayrıldığını dilə gətirib.
“Ermənistan hökuməti bizə ayrıca təyyarə ayırıb. Humanitar yardıma Qarabağda istehsal olunmuş yağ, cem və mürəbbələr daxildir”-deyə Aqanbekyan açıqlama verib. O, Beyruta uçuşun Yerevan hava limanından gerçəkləşdiyini əlavə edib.
Politoloq Zaur Məmmədov deyib ki, Yaxın Şərqdən ermənilərin işğal altındakı torpaqlara köçürülməsi yolverilməzdir. Bu vətəndaşlar arasında həm də terrorçular var.
Ekspert xatırladıb ki, Azərbaycan prezidenti ötən ay öz çıxışlarının birində qanunsuz köçürülmə siyasətini pisləmiş, ATƏT-in faktaraşdırıcı missiyasının son dövrlərdə regiona gəlməməsini tənqid etmişdi: “ATƏT-in faktaraşdırıcı missiyaları sonuncu dəfə 2005-2010-cu illərdə Azərbaycanın ciddi təhriki ilə işğal edilmiş ərazilərə gəlib.
Yəni Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı hesabatlarında qeyd olunub. Lakin artıq uzun müddət keçib və bu dövr ərzində Suriyadan ailələrin bölgədə yerləşdirilməsinə dair məlumatlar var. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır”.
Zaur Məmmədov hesab edir ki, işğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasəti həyata keçirməkdir: “Xarici İşlər Nazirliyi də avqustun 8-də erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.
İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır”.
Onu da bildirək ki, qondarma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. Birinci Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir. Ekspertlər isə qeyd edir ki, İrəvan Livan ermənilərini Ermənistandan daha çox işğal altındakı Azərbaycan ərazilərinə köçürməyə çalışacaq. Çünki Ermənistanın indiki sosial-iqtisadi vəziyəti xaricdən yeni şəxslərin cəlbinə imkan vermir. Qarabağa köçürülən ermənilərə isə ilk mərhələdə diaspor yardım edir.
Politoloq Mirsamir Məmmədov da qəzetimizə verdiyi açıqlamasında bildirib ki, Livanda onsuz da iqtisadi vəziyyət ağır idi, partlayışdan sonra daha da gərginləşdi: “Livanda yaşayan ermənilər zaman-zaman Dağlıq Qarabağa köçürülüblər, yəni işğal altında olan ərazilərimizdə süni erməni məskunlaşma prosesi aparılıb. Bu dəfə də çox güman ki, Livandakı partlayışdan sonra ermənilər Dağlıq Qarabağa köç edəcək. Ermənistan rəhbərliyinin siyasəti budur ki, Yaxın və Orta Şərfq ölkələrindən erməniləri bura gətirsin. Bunun üçün onlara müəyyən məbləğdə vəsait də ayrılıb”.
Politoloq onu da qeyd edib ki, ATƏT və onun Minsk qrupunun faktaraşdırıcı missiyası bu prosesi nəzarətə almalıdır və beynəlxlaq hüquq normalarına uyğun ölçü götürməlidir: “Amma illərdir ki, beynəlxalq təşkilatlar ermənilərin süni məskunlaşma prosesinə göz yumurlar. Ermənistanın özündə vəziyyət acınacaqlıdır, Paşinyan hakimiyyəti bu məsələdə də rəsmi Bakıya məğlub olduğunu etiraf etməkdən qorxur. Bu gün erməni ictimaiyyəti Paşinyanın yaxasından yapışıb ki, gəncləri qırğına verməsin. Artıq onlar da başa düşüblər ki, Azərbaycan Qarabağı qaytaracaq”.
Yeri gəlmişkən, Dağlıq Qarabağın Azərbaycana qaytarılacağı məsələsi elə erməni siyasilərinin dilindən də eşidilir.
Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, siyasətçi David Şahnazaryan bildirib ki, Artsax Silahlı Qüvvələrinin ərazilərdən (beş rayondan) çıxarılması və ikinci mərhələdə, işləməyəcək bəzi kommunikasiyaların açılması, Azərbaycanın tərkibinə daxil olması istisna olmamaqla Dağlıq Qarabağın hansısa müvəqqəti statusudur və bu əraziləri azərbaycanlılara qaytaracaqlar: «Bu faktı vurğulamaq yerinə düşər ki, Paşinyan hakimiyyətə gələn ilk günlərdə danışıqları əvvəlki hakimiyyətdən qalan nöqtədən davam etdirməyəcəyini dedi, guya o öz nöqtəsindən danışıqlar aparır. Lavrov Paşinyanın həmin «bəndini» üzə çıxardı, bu da bəzi ərazilərin qaytarılması, qalan məsələlərin, o cümlədən Dağlıq Qarabağın statusunun gələcək danışıqlara saxlanılması deməkdir. Ermənistan Xarici İşlər Nazirliyi və ümumilikdə erməni tərəfi reallığı gizlətməkdə, yalan danışmaqda davam edir. Absurd, bir-birinə zidd olan açıqlamalar verilir: Nikol Paşinyan deyir ki, qərar Ermənistanı, Artsaxı və Azərbaycanı qane etməlidir, Zohrab Mnatsakanyan iddia etdi ki, “heç bir danışıq yoxdur”, “bu məsləhətləşmədir”, “masada sənəd yoxdur”.
D.Şahnazaryan onu da vurğulayıb ki, Lavrov tarixən Ermənistan-Rusiya münasibətlərinin ən aşağı səviyyəsini qeyd edib: "Artıq respublika ictimaiyyəti ilə səmimi olmağın, reallığı gizlətməməyin vaxtıdır, hansı ki, baş nazir artıq iki ildən çoxdur məhz bunu edir”.
Ermənistanın Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov isə deyib ki, Ermənistan hakimiyyəti Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan-Azərbaycan sərhəd gərginliyi ilə bağlı beynəlxalq arenada heç nə etməyib.
Şarmazanov qeyd edib ki, Ermənistan cəmiyyəti müasir dövrdə məyusluq mərhələsinə daxil olub.
“2018-ci il 2008-ci ilin rəngli inqilabının davamı idi, revanşistlər geri döndülər, ox Qarabağ məsələsidir”, - deyə o bildirib.
Politoloq Ramiz Alıyev isə bildirib ki, Dağlıq Qarabağda ermənilərin süni məskunlaşdırılması prosesi çoxdan aparılır, bu günün mövzusu deyil. İşğalçı Ermənistan rəhbərliyi hər zaman xaricə etdikləri rəsmi səfərlərdə orada yaşayan ermənilərə böyük vədlər verərərk, onları Dağlıq Qarabağda yaşamağa, işləməyə dəvət ediblər. Bir müddər bu vədlərə aldanıb Dağlıq Qarabağa gələn ermənilər sonradan oranı tərk etmək məcburiyyətində qaldılar: “Dağlıq Qarabağda da vəziyyət Ermənistanda olduğu kimi acınacaqlıdır. Sadəcə Ermənistan rəhbərliyi işğal etdiyi Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırma prosesindən siyasi alət kimi istifadə edir. Xaricdən bura gətirilən ermənilər Ermənistan hakimiyyətinin əlində alətə çevriliblər. Bundan əvvəl də Suriya ermənilərinin Qarabağa köçürülməsi prosesi həyata keçirilib. Onda da Suriyadakı müharibəni bəhanə edirdilər. İndi də Livanda baş verən partlayış Ermənistan hakimiyyətinin əlinə göydən düşmə olub. Bunu bəhanə gətirərək, oradakı erməniləri qanunsuz şəkildə Dağlıq Qarabağ bölgəsinə erməni ailələrinin yerləşdirilməsi üçün hərəkətə keçiblər”. Politoloq qeyd edib ki, hazırda Livan Erməni İnqilab Federasiyasının gənclər birlikləri partlayışda ermənilərin zərər çəkdiklərini iddia edərək, ermənilərin Qarabağa yerləşdirilməsi istiqamətində hərəkətə keçiblər: “Nədənsə beynəlxalq təşkilatlar bu prosesə göz yumurlar. ATƏT-in Minsk qrupunun susqunluğu məlumdur. Çünki o qrupun hər üç həmsədr ölkəsi ermənipərəst mövqedən çıxış ediblər. Bəs Avropa Şurası, BMT, Avropa ittifaqı və ya digər qurumlar nədən ermənilərin belə qanunsuz məskunlaşma prosesi barədə bir söz belə demirlər? Axı 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qanunsuz olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur. Bütün beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycanın xeyrinə qəbul edilən qərar və qətnamələrə hörmətsizlik edir. Biz hələ Dağlıq Qarabağda terrorçuların yerləşdirilməsi, oranı narkotiklərin yetişdirilməsi məkanına çevrildiyini demirik. Dünya birliyi işğalçıya “dur!” deməlidir. Dağlıq Qarabağa Livandan gətirilən terrorçu lar bütün dünya üçün təhlükəlidir”.
R.Alıyev bildirib ki, rəsmi Bakı dərhal bu məsələni beynəlxalq səviyyədə ictimailəşdirməli və beynəlxalq təşkilatların diqqətini bu istiqamətə yönləndirməlidir: “ATƏT-in faktaraşdırıcı missiyasini Dağlıq Qarabağa dəvət etməliyik. Bilirik, onsuz da ermənilərin mövqelərindən çıxış edəcəklər. Amma bütün hallarda bizim bu prosesə susmamağımız lazımdır. Amma bir məsələ də var. Inanmağım gəlmir, Livandan Dağlıq Qarabağa gələn erməni orada uzun müddət qalsın. Qarabağda acından ölən erməniləri gördükdən sonra baş götürüb Avropaya qaçacaqları şübhəsizdir. Bir vaxtlar da Ermənistan hakimiyyəti imkanlı iş adamlarının investisiya yatırmaq üçün Dağlıq Qarabağa dəvət etmişdi. Gəldilər, bir az işlədikdən sonra, mənasız olaraq bura vəsait yatırdıqlarını anladılar və işlərini yarımçıq qoyub Avropaya qaçdılar. Ermənilər inanırlar ki, Azərbaycan Dağlıq Qarabağı geri qaytaracaq, ona görə risk edib başqa ölkənin ərazisində məskunlaşmaq istəmirlər”.

Cavid