Vətəndaş cəmiyyəti yalnız demokratik quruluşlu ictimai formasiyada mövcud ola bilər Layihə

Vətəndaş cəmiyyəti yalnız demokratik quruluşlu ictimai formasiyada mövcud ola bilər

( Əvvəli ötən sayımızda)

Onu da qeyd edək ki, demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq, hakimiyyətin əsas mənbəyi sayılır. Lakin xalqın iradəsinin ifadəçisi, xalq hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi çıxış edir. Bununla bərabər xalqın bilavasitə öz iradəsini ifadə etmək, ona məxsus olan hakimiyyəti bilavasitə həyata keçirmək hüququ vardır (məsələn, dövlət və ya ictimai həyatın hər hansı bir məsələsi üzrə ümumxalq səsverməsi olan referendum yolu ilə).
Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini əməli olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür, cəmiyyət yalnız onun dövlət təşkilatı formasıyla məhdudlaşa bilməz. Cəmiyyətdə dövlət strukturları ilə yanaşı insanların birgə fəaliyyət və başqa birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm təsir göstərir. Söhbət vətəndaş cəmiyyətindən gedir ki, bunlara ictimai qurumların, siyasi partiyaların, həmkarların, yaradıcı birliklərin, dini birliklərin təşkilat və fəaliyyətləri, habelə iqtisadiyyat sahəsi (mülkiyyət, əmək, sahibkarlıq), elm və texnika, təhsil, tərbiyə sahəsi, cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir.
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün fikrincə, bu gün QHT-lər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan dövlətinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında və s. istiqamətdə inkişafında, həyata keçirilən proseslərində çox fəal iştirak edirlər. Ölkənin elə bir sahəsi, elə bir istiqaməti ola bilməz ki, biz orada QHT-lərin, onların təmsilçilərinin iştirakını, fəallığını, onunla bağlı effektiv çalışmalarını, gərəkli məsləhətlərini görməyək: “QHT-lərin xüsusən mühüm dövlət proqramlarında fəallığı, ictimai təşkilat təmsilçilərinin təmsilçiliylə burada oynadıqları rol da çox faydalıdır. Dövlət-özəl sektor-QHT əməkdaşlığının inkişafı günü-gündən artmaqda, bu üçbucağın qurulması sayəsində həyata keçirilən əməkdaşlıq isə cəmiyyətimizə faydalar gətirməkdədir. Hüquqi dövlət quruculuğu prosesində, qanunun aliliyinin təminatında tanınmış və peşəkar ictimai xadimlərimiz, üçüncü sektor təmsilçilərimiz öz töhfələrini verməkdədirlər. Lakin bu şəraitin birdən-birə yarandığını, faydalı və səmərəli əməkdaşlığın tez bir şəkildə qurulduğunu, QHT qanunvericiyilinin sürətli və mükəmməl şəkildə formalaşdığını söyləmək mümkün deyil. Belə bir nəticəyə gəlib çıxmaq üçün illər boyunca mübarizə aparılmış, “qeyri-hökumət təşkilatı” anlayışının “qeyri-dövlət təşkilatı” olmadığını izah etmək, cəmiyyətə qəbul etdirmək üçün çox çalışmalar həyata keçirilmişdir”.
M.Göyüşlü onu da vurğulayıb ki, QHT fəaliyyətinin ancaq “qrant yeməkdən” ibarət olduğunu düşünən cəmiyyətdə könüllü şəkildə işlər görmək, əldə olunan qrantları, layihələri ictimai faydalı işlərə sərf etmək o qədər də asan deyildi. Əlbəttə layihələri təyinatı üzrə xərcləməyən çoxsayl QHT-lər də var idi. Ancaq bu həmin sektorun faydalı çalışmalar həyata keçirməyini inkar etmək üçün əsas ola bilməzdi. QHT-lərin fəaliyyətinin anti-dövlət mahiyyətli olduğunu düşünən çox böyük bir qrupa, xüsusən də məmurlara bu işin fəlsəfəsinin, mahiyyətinin doğru-dürüst çatdırılmasında çoxsaylı ictimai təşkilat təmsilçiləri, bu işə ürəkdən girişmiş könüllülər ordusu Azərbaycanın QHT tarixində izini buraxan işlər həyata keçirmişlər: “Uzun mübarizələrdən və çalışmalardan sonra QHT-Hökumət əməkdaşlığı qarşılıqlı gərginlikdən qarşılıqlı faydalı əməkdaşlığa gəlib çıxdı. Elə bir səviyyəyə çatdı ki, respublikamızda dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni bir yardım, dəstək müstəvisində inkişafı və onun konturlarının müəyyənləşdirilməsi məqsədilə Prezidentin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası" təsdiq edildi. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, bu dəstəyin təmin edilməsinin əsas vasitələri, onlara maliyyə yardımının şərtləri ilə bağlı məsələlər əksini tapıb. Sənəddə QHT-lərin ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi baxımından onlara dövlət dəstəyinin formaları müəyyən edilib. Bu formalar vasitəsilə respublikada QHT-lərə dövlət tərəfindən göstərilən müxtəlif xarakterli və məzmunlu yardımların istiqamətləri konkretləşdirilib. Bu sənəd QHT-lərə Azərbaycan dövlətinin maddi dəstəyini deyil həm də, təşkilati, texniki, hüquqi, mənəvi və s. sahələrdə yardımını, ən əsası isə birgə əməkdaşlığın yeni konturlarını müəyyən etdi. Hüquqi dövlət quruculuğunun hər sahəsində QHT təmsilçilərinin aktiv iştirakını daha da genişləndirdi. Konsepsiyadan sonra Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması QHT-Hökumət əməkdaşlığının qurulmasının zirvə nöqtəsi oldu. Bununla da Azərbaycanda QHT maliyyətləşdirilməsinin, daxili donorçuluğun inkişafında da böyük dəyişiklik oldu”.
QHT sədri qeyd edib ki, əsasən xaricdən maliyyələşən ictimai təşkilatların Dövlət Dəstəyi Şurasının, müxtəlif nazirlik və komitələrin müsabiqələrindən keçərək layihələrin icrasında, yəni Azərbaycan dövlətinin quruculuğu prosesində daha da aktiv rol aldılar. Artıq Hökumət-QHT-özəl sektor əməkdaşlığı qurulmuş, qarşılıqlı faydalı çalışmaların nəticəsi hər sahədə özünü göstərməkdədir: “Azərbaycan QHT-ləri öz fəaliyyətlərini yalnız daxildə həyata keçirməklə qalmayır, xaricdə də Azərbaycan həqiqətlərinin yayılmasında aktiv iştirak edirlər. Ölkəmizdə QHT-lərin iştirak etmədiyi hansısa layihə, tədbir, çalışma tapmaq mümkün deyil. Bu sahədə çox böyük könüllülər ordusu çalışır, öz intellektləri və ideyaları ilə ölkəmizin hüquqi dövlət quruculuğu prosesinə, gələcəyimizin işıqlı və parlaq olması üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycan daxilində uğurlu əməkdaşlıq modeli quran QHT-lərimiz regional və beynəlxalq miqyasda da faydalı çalışmaları ilə örnək olmaqdadırlar”.
Etiraf edək ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin də ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında rolu müstəsnadır. QHT-lərin mənası, funksiyaları, əhəmiyyəti və fəaliyyətləri barədə əhali geniş məlumatlı olmasa da, intellektual insanlar və cəmiyyətin ictimai fəalları arasında bu barədə informasiya kifayət qədərdir. Respublikamızda fəaliyyət göstərən QHT-lər əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya, gənclər və digər sahələrdə fəaliyyət göstərir, oz istiqamətlərinə uyğun müxtəlif layihələr həyata keçirirlər. Onlar insan hüquqlarının təbliğində, əhalinin müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində layihələr həyata keçirirlər.
Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü Böyükağa Mikayıllı bir qədər fərqli düşündüyünü bildirib. Onun fikrincə, əgər söhbət hüquqi dövlət quruculuğundan, vətəndaş cəmiyyətinin inkişafından gedirsə, QHT-lərin birmənalı olaraq xüsusi rolunu vurğulamalıyıq. Əslində vətəndaş cəmiyyəti ilə QHT-ləri bir-birindən ayrı təsəvvür etmək də mümkün deyil. Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının inkişafı daim dövlətin qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması da ölkədə vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş ən mühüm addım kimi dəyərləndirilə bilər: “Diqqət yetirək: bu qurumun yaradılması QHT-lərin fəaliyyətinin canlanmasında nə qədər önəmli rol oynadı. QHT-lərə əsaslı maliyyə yardımının ayrılması onlar tərəfindən neçə illərdir ki, əhəmiyyətli layihələrin reallaşmasına yol açır. Bu gün Azərbaycanda həyatımızın demək olar ki, bütün sahələrini əhatə edən QHT-lər fəaliyyət göstərməkdədir. Bu QHT-lərin həyata keçirdikləri layihələr də rəngarəngdir, müxtəlifdir. Amma təəssüflər olsun ki, QHT-lərin heç də hamısı cəmiyyətin problemlərinin həllinə birmənalı olaraq nüfuz edə bilmirlər. Məsələn, bu gün şübhə yoxdur ki, təhsil sahəsində müəyyən problemlər mövcuddur. Amma biz təhsil sahəsində fəaliyyət göstərən QHT-lərin bu problemlərin həllinə müdaxilə etdiklərini, fundamental təkliflərlə çıxış etdiklərini görmürük. Halbuki, təhsillə bağlı olan QHT-lərdən cəmiyyət təkliflər, tövsiyələr gözləyir. Eləcə də elm sahəsində fəaliyyət göstərən QHT-lər. Dövlət qurumları hiss etməlidrilər ki, ölkədə ictimai mövqeyi dəstəkləyən, görülən işlərə obyektiv münasibət bildirən, lazım gələndə səhvləri, nöqsanları deyən QHT-lər var. Amma təəssüf ki, təhsil sahəsində bu mövqeyi sərgiləyən QHT görünmür. Elm və təhsil sahəsində çalışan QHT-lər bu sahənin inkişafına təkan verən layihələrlə çıxış etməlidirlər. Elə layihələr meydana qoymalıdırlar ki, elmimiz və təhsilimiz, nəticə etibarilə cəmiyyətimiz ondan faydalansın. Həm də bu layihələr elə layihələr olsun ki, geniş dairəni əhatə etsin, hansısa problemin həllinə təsir göstərsin. Hesab edirəm ki, zamanla Azərbaycan QHT-ləri cəmiyyətin daha aktual problemləri ilə gündəmə gələcəklər”.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə isə, vətəndaş cəmiyyətinə nəzəri baxımdan müxtəlif dövrlərdə müxtəlif yanaşma tərzləri olubsa da, son nətcədə həmin cəmiyyət haqqında yekdil fikirlər formalaşmışdır. Belə ki, bu cəmiyyət dövlətin monopolyasından kənarda ayrı-ayrı insanların, insan toplumunun bir-birindən asılı olmayan, lakin əlaqədə olan son dərəcə sosial əhəmiyyətli ictimai sistemdir. O cümlədən, insanların mənəvi dəyərlərini yaşadan və onu inkişaf etdirib gələcək nəsillərə çatdıran ictimai mexanizmdir. Vətəndaş cəmiyyəti insanların müxtalif ictimai spektrlərini- etnik, dini, siyasi, qohumluq və s. zəmində foralaşmış və onların əlaqələrinin qanunla tənzimlənən təşkilatlanmış formasıdır. Bütün bunlara rəğmən məhz vətəndaş cəmiyyətini dövlətlər üçün demokratiyanın barometri hesab etmək mümkündür. Yəni ölkələrin demokratiyalılıq meyarı etalon olaraq onun bətnində formalaşan vətəndaş cəmiyyətinin keyfiyyəti ilə ölçülür. Şübhəsiz, vətəndaş cəmiyyəti yalnız demokratik quruluşlu ictimai formasiyada mövcud ola bilər. Bu səbəbdən demokratik hüquqi dövlət quruculuğunu özünün əsas məqsədlərindən biri kimi bəyan etmiş Azərbaycanda da vətəndaş cəmiyyəti quruculuğu bir problem olaraq son dərəcə əhəmiyyət kəsb edir.

Cavid