“Türk dünyası mediasında vahid informasiya sisteminin gələcək imkanları olduqca böyükdür” Layihə

“Türk dünyası mediasında vahid informasiya sisteminin gələcək imkanları olduqca böyükdür”

"Türk dünyasının səsinin beynəlxalq səviyyədə yetərincə eşidilməməsi vahid media şəbəkəsinin formalaşdırılmasını zəruri edir"

Bu gün türk dünyasının mediasının sıx əməkdaşlıq formasında fəaliyyət göstərməsi zəzruidir. Amma təəssüf ki, bunun şahidi olmuruq, hətta bəzən arzuolunmaz mənzərələr də yaranır. Bu yaxınlarda hətta türk dövlətləri arasında bizə daha yaxın olan Türkiyə mediasında "Sabah" qəzeti və "CNN türk" telekanalının "yanlışlığı" bu istiqamətdə ciddi problemlərin olmasından xəbər verir. Bu səbəbdən də ekspertlər daha sıx əlaqələrin vacibliyini vurğulayırlar.
"Türksoylu xalqların elektron media kataloqu" adlı kitabın müəllifi, jurnalist Əfsanə Ələsgərli bildirib ki, "2011-ci ilin oktyabr ayında Bakının ev sahibliyi etdiyi Türkdilli Ölkə və Toplumların II Media Forumundan üç il keçsə də, həmin tədbirdə yaşadığım zəngin təəssüratları heç vaxt unutmaram. Saxadan Balkanlara qədər türk coğrafiyasının müxtəlif bölgələrində yaşayan türk xalqlarının tanınmış jurnalistlərinin bir araya toplanması həqiqətən tarixi hadisə idi. Türkiyənin 2010-cu ildə Ankarada Türkdilli Dövlətlərin I Media Forumunu təşkil etməsi tarixi zərurətdən irəli gəlməklə yanaşı, həm də səmərəli bir təşəbbüs idi".
Onun sözlərinə görə, son dövrlər türk xalqları arasında ictimai, mədəni, dostluq münasibətlərinin möhkəmlənməsi eyni kökdən olan xalqların media orqanları arasında əməkdaşlığın genişlənməsi üçün zəmin yaradır: "Bütün bu amillərin fonunda dünyada gedən ictimai-siyasi və tarixi proseslərdən asılı olaraq, türk dünyası vahid media şəbəkəsi-vahid türk dünyası informasiya sistemi anlayışı meydana gəldi. Vahid informasiya məkanı termini, əslində, ideya-məzmun baxımından o qədər də yeni deyil. Ümumtürk mətbuat tarixinə nəzər yetirdikdə, Çar Rusiyası tərkibində yaşayan türk-müsəlman əhalinin hamısına doğma olan, onların oxuya biləcəyi qəzet nəşri ideyası mütərəqqi ziyalılar tərəfindən hələ XIX əsrdə ortaya atılmış, onun reallaşdırılması üçün cəhdlər edilmişdi. Böyük türk ziyalısı İsmayıl bəy Qaspıralının çıxardığı "Tərcüman" qəzeti bu baxımdan ümumtürk nəşri rolunu oynaya bilib. Çünki o, təkcə Krımda deyil, imperiyanın ucqarlarındakı bir çox türk-müsəlman bölgələrində də oxunurdu. 1926-cı ildə Bakıda düzənlənmiş I Türkoloji qurultayda Əhməd Baytursunun təşəbbüsü ilə sovet türkləri üçün ortaq bir qəzetin çıxarılması məsələsi gündəmə gəldi. Lakin bu dəyərli təşəbbüs SSRİ-də milli düşüncəli ziyalılara qarşı "pantürkizm" damğası ilə aparılan repressiya dalğası nəticəsində gerçəkləşmədi. Müasir dövrdə regional və beynəlxalq müstəvidə müharibə və mübarizələrin media vasitəsilə "informasiya hücumu" şəklində aparılması medianın nə dərəcədə vacib olduğunu göstərir. Bu baxımdan türk dövlətləri və toplumlarına qarşı bəzi hallarda beynəlxalq səviyyədə olan qərəzli mövqe, türk coğrafiyasında baş verən proeslərə ikili standartlarla yanaşılması, hadisələri obyektiv deyil, yalnız Qərb maraqlarından dünyaya tanıdılması qeyri-obyektivlik və türk dünyasının səsinin beynəlxalq səviyyədə yetərincə eşidilməməsi vahid media şəbəkəsinin formalaşdırılmasını zəruri edir". O, həmçinin əlavə edib ki, vahid informasiya məkanının yaranmasının üstünlükləri və onu zəruri edən aşağıdakılardır:"
- Türk xalqları arasında xəbər mübadiləsinin artırılması və informasiyanın vahid coğrafi məkanda dövr etməsi;
- türk xalqlarının vahid etnik və milli kimlik baxımından ortaq dəyərlər ətrafında birləşməsi;
- türk xalqlarının mənəvi, siyasi və iqtisadi birliyinin təmini;
- bu coğrafiyada baş verən hadisələr barədə beynəlxalq ictimaiyyətə obyektiv xəbərlərin çatdırılması;
- türk toplumlarına xaricdən olan zərərli informasiya təzyiqinin dəf olunması;
- beynəlxalq aləmdə türk birliyi və gücünün formalaşdırılması və s."
Əfsanə Ələsgərli deyir ki, müasir dünya jurnalistikasında bir-birinə qonşuluq, qohumluq baxımından yaxın olan xalqların mediaları artıq, demək olar ki, vahid informasiya siyasəti strategiyasını həll ediblər: "Bu, özünü daha çox informasiya agentlikləri sahəsində göstərir. Latın Amerikası Xüsusi Xəbər Agentliyi-ALASEL, Ümumafrika Xəbər Agentliyi-PANA, Ərəb Xəbər Agentlikləri Federasiyası-FANA, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı - OANA, Latın Amerikası Milli Xəbər Xidmətləri Təşkilatı - ASİN kımi təşkilatlar dünyaca tanınmış və uğurla fəaliyyət göstərən qurumlardır.
Türk dünyası mediasının üzərinə bir sıra vəzifələr düşür. Bunları aşağıdakı kimi ümumiləşdirib qeyd etmək olar:
- Hər bir dövlət və toplumun digər türk ölkələrində baş verən vacib siyasi, ictimai və mədəni hadisələri yetərincə işıqlandırması;
- mətbuatda və elektron resurslarda "Türk dünyası" adlı rubrikanın təşkili;
- türk xalqlarının mədəni irsi, musiqisi və s. mövzulara aid ümumı verilişlərin, dərgi və internet resurslarının hazırlanması;
- türk xalqlarının mənafe və maraqlarına zidd məqamlardan qaçılması;
-jurnalist materiallarında, yeri gəldikcə, türk xalqlarını birləşdirən ortaq dəyərlərə, mədəni irsə istinad edilməsi;
-jurnalistlərin eyni kökdən olan digər xalqlara yazılarında tolerant yanaşılması, ayrı-seçkilik və üstünlük mövqeyi bildırən ifadələrdən imtina edilməsi;
-türk cəmiyyətlərində baş verən gərgin münaqişə və proseslərdən informasiya hazırlayarkən birbaşa mənbəyə diqqət edilməsi və mövzuya diqqətlə yanaşılması;
-jurnalistlərin xalqlar arasında sülhü, dostluğu və həmrəyliyi əsas tutması;
-jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, fikir və təcrübə mübadiləsi;
-türk dünyası jurnalistlər birliyinin yaradılması və onların fəaliyyətini tənzimləyən ümumi fəaliyyət planı və davranış kodeksinin qəbulu;
-Türk Dünyası Jurnalistika Mərkəzinin yaradılması, burada jurnalistlərin peşə vərdişləri ilə yanaşı, türk dünyası ədəbiyyatı, mədəniyyəti, tarixi və digər zəruri mövzularda bilgi və dünyagörüşlərinin artırılması;
- türk dünyası mətbuat tarixini, müasir jurnalistika problemləri və inkişaf istiqamətlərini araşdıran elmi işlərin, kitabların, dərs vəsaitlərinin yazılması və müxtəlif türk dillərində çapı;
- türk dövlətlərində jurnalistika fakültələrində "Türk xalqları jurnalistikası" adlı fənnin tədrisi;
- türk dövlətləri və toplumlarında media holdinqlərinin iş prinsipinin təhlili və beynəlxalq təcrübənin öyrənilməsi; ölkələrin media holdinqləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, gələcəkdə türk dünyasını əhatə edə biləcək beynəlxalq arenada nüfuz sahibi olan güclü media holdinqlərin yaranması".
Onun fikrincə, hələlik vahid informasiya şəbəkəsi tam formalaşmasa da, müxtəlif ölkələrdə ümumtürk xarakterli media nümunələri yaranmaqdadır: "Gələcəkdə türk mediası vahid informasiya məkanının formalaşması üçün onların "zəncirin halqaları" funksiyasında çıxış etməsi şübhəsizdir.
Yaxın gələcəkdə türk coğrafiyasında vahid informasiya məkanının qurulması aşağıdakı mərhələlərdən keçə bilər:
- Hər bir toplum və dövlətdə medianın türk coğrafiyasına geniş yer ayırması;
-türk dünyasına yönəlik regional nəşrlərin, saytların, verilişlərin fəaliyyətinə stimul verilməsi;
-türk dövlətləri və toplumlarının aparıcı media qurumları arasında informasiya mübadiləsi barədə əməkdaşlıq, müxbir postlarının genişləndirilməsi;
-aparıcı media qurumlarının vahid bir platformada birləşməsi (məsələn; Türkdilli dövlət və toplumların Media Forumu), vahid informasiya siyasətinin memorandumunun, jurnalist şəbəkəsi üçün qaydalar toplusunun hazırlanması".
Jurnalistin sözlərinə görə, SSRİ-nin dağılması və 7 müstəqil türk dövlətinin meydana gəlməsilə türk dünyası mediası yeni mərhələyə qədəm qoydu: "1992-ci ilin noyabrında Ankarada yaradılan Türkdilli Ölkələrin İnformasiya Agentlikləri Birliyi türk dünyası ilə bağlı xəbərlərin dünyaya qərəzsiz və obyektiv çatdırılması, qurumun üzvləri arasında əməkdaşlıq əlaqələri, qarşılıqlı təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi üçün yaradılması təqdirəlayiqdir. Qurum türk dövlətləri və toplumları arasında xəbər əlaqələrinin zəifliyi ucbatından və digər obyektiv səbəblərin nəticəsi kimi meydana gəlib. Birliyin yaradıcı üzvləri, Türkiyədən Anadolu agentliyi, Azərbaycandan AzərTAc, Qazaxıstandan KazTag, Qırğızıstandan Kabar, Türkmənistandan TürkmenPress, Şimali Kipr Türk Cümhuriyyətindən TAK-dır. 2008-ci il aprelin 29-dan mayın 3-dək Bakıda TKA Baş Məclisinin "Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu" mövzusunda VII iclasında media sahəsində müzakirələr faydalı oldu. Yekunda Bakı Forumunun qərarı ilə "Başinform", "Tatarinform" və "Krım xəbərləri" agentliklərinin Birliyə üzv qəbul edilməsi qurumun əhatə dairəsini genişləndirdi. 2010-cu il dekabrın 21-22-də Türkiyənin Ankara şəhərində düzənlənən Türkdilli Ölkələrin I Media Forumu və 2011-ci il oktyabrın 28-30-da Bakıda reallaşan Türkdilli Ölkə və Toplumların II Media Forumu türk soyundan olan ölkə və xalqların, toplumların bir araya gəlməsi və ortaq problemləri müzakirə edib vahid əməkdaşlıq perspektivləri baxımından tarixi hadisə oldu. Üçüncü ənənəvi forum isə Qırğızıstanda keçirildi.
Son illər Türkiyənin təşəbbüsü ilə türk dünyasını əhatə edən ortaq media qurumları meydana gəlməkdədir. 2009-cu ildə yeni televiziya kanalı-TMB yayıma başladı. Türk dünyası musiqisini tanıtmaq və türk xalqları arasında mədəni körpü olmağı qarşısına məqsəd qoyan "Turkish Music Box" ("Türk Musiqi Qutusu") qısa zamanda müxtəlif coğrafi məkanlarda yaşayan türk xalqlarının maraqla izlədiyi populyar kanala çevrilmişdir. 2009-cu il martın 29-dan yayıma başlayan və bütün türk coğrafiyasını əhatə edən "TRT AVAZ" qısa müddətdə türk ellərinin ortaq səsi olmağı bacarmışdır. Türk dünyası mediasında vahid informasiya sisteminin gələcək imkanları olduqca böyükdür. Bu məsələnin reallaşması türk dövlətləri və muxtar qurumlarının əsas media qurumlarının mütəmadi olaraq bir araya gəlməsi, qarşılıqlı əməkdaşlıqdan və yuxarıda qeyd edilən təkliflərin həyata keçirilməsindən asılıdır".

Əli