Ermənistanın təcavüzü beynəlxalq təşkilatların sənədlərində Layihə

Ermənistanın təcavüzü beynəlxalq təşkilatların sənədlərində

BMT-nin qətnamələri niyə yerinə yetirilmir?

II yazı

Ötən sayımızda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsiylə bağlı 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrindən bəhs etmişik. Bu qətnamələrdə ermənilərin işğalçılıq siyasətindən və Dağlıq Qarabağda erməni hərbi birləşmələrinin qeyd-şərtsiz tərk edilməsinin vacibliyindən danışılıb.
Bəs bu günədək BMT kimi nüfuzlu təşkilatın qətnamələri niyə yerinə yetirilmir? Bu sual uzun illərdir ki, Azərbaycan rəsmiləri tərəfindən ən yüksək tribunalardan səsləndirilir.
Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov deyib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin heç biri yerinə yetirilmir. Onub sözlərinə görə burada ikili standartdan söhbət gedir: "Münaqişənin həllinə ikili standartla yanaşırlar. Liviyada və Yuqosalaviyada aksiyalar, böhranlar baş verən zaman BMT qətnamə qəbul etdi və tez müddətdə qətnamələrin icrasına başlanıldı. Ora qoşun göndərildi. Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnamə qəbul edib. Amma o qətnamələrin hələ heç bir yerinə yetirilməyib.
22 ildir BMT-nin TŞ Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr bəs niyə yerinə yetirilmir? Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ hərə bir tərəfdən Rusiyaya qarşı sanksiyaya qəbul edirsiz? Bəs 20 ildir ki, Ermənistana qarşı niyə sanksiyalar qəbul etmirsiz? Axı bizim də ərazilərimiz işğal edilib".
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, keçmiş səfir Metyu Brayza da Ziyafət Əsgrovun dediklərini təsdiqləyib. "Düzdür, ikili standartlar var. Mənim diplomatlığım dövründə Rusiya kənarda durub özünü sülhün tərəfdarı kimi təqdim edirdi. İndi rusiyalı həmsədr də Qarabağ münaqişəsinin həlli prossesində iştirak edir. Mən inanamıram ki, rusiyalı həmsədr münaqişənin həll edilməsini istəməsin".
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Amin Madani bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamələr qəbul edib: "Bu sənədləri yerinə yetirmək lazımdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu qətnamələrin icrasını təmin etmək üçün siyasi iradə göstərməli və səmimi olmalıdır".
A.Madani Azərbaycanın İƏT daxilində aktiv fəaliyyətini təqdir etdiyini bildirib. O xatırladıb ki, ötən il BMT TŞ-də sədrlik edən Azərbaycan BMT və İƏT arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş təşkil edib. Baş katib Azərbaycanın Şərqi Yerusəlimin (əl-Qüds) inkişafında rolundan da danışıb. Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan və digər dünya ölkələri ilə bağlı kifayət qədər qətnamələr qəbul edilib.
Amma bu günə qədər Qarabağla bağlı verilən tələblərlə yanaşı, kifayət qədər icra edilməyən qətnamələr var. Bu, böyük dövlətlərin maraqları ilə izah olunur.
Politoloq Razi Nurullayev bildirdi ki, BMT-nin qətnamələrinin yerinə yetirilməməsində ciddi bir səbəb axtarmaq bir az sadəlövhlük olardı: "Çünki BMT-nin tək Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağla bağlı dörd qətnaməsi yox, bundan əlavə Afrika və Latın Amerikası, Cənub-Şərqi Asiya və Avropa ölkələri, Fələstinlə bağlı qəbul etdiyi minlərlə qətnamə də yerinə yetirilməmiş vəziyyətdə qalır. Bu da ondan irəli gəlir ki, BMT artıq daha çox könüllü bir birliyə çevrilib. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurası monopoliyadadır. Orada qərarın qəbul olunması üçün 5 daimi üzv konsensusla bütün məsələlərə hə deməlidir. Burada isə hər zaman ABŞ, Fransa və Böyük Britaniya üst-üstə düşür. Çinlə Rusiya isə bu və ya digər şəkildə bir çox məsələlərə veto qoya biliblər.
Onun üçün də həmin qətnamələrin yerinə yetirilməsində güc variantının tətbiq olunması kimi məsələlər gündəmdən çıxır. Bu baxımdan da Dağlıq Qarabağla bağlı qəbul olunmuş dörd qətnamənin yerinə yetirilməməsi də məhz BMT-nin dişsiz bir qurum olması məsələsindən irəli gəlir. Buna görə də zaman-zaman həm Almaniya, Rusiya, Türkiyə, İspaniya tərəfindən çox məsələlər qaldırılıb ki, BMT-nin strukturunda dəyişiklik olsun.
O beş ölkənin monopoliyasından çıxarılsın. BMT-nin strukturunda mobil qüvvələr yaradılsın. Qətnamələrin yerinə yetirilməsi üçün bir mexanizm olsun. Bunlarla bağlı hələ ki, ciddi qərarlar qəbul olunmayıb. Onun üçün də BMT-nin qəbul etdiyi qətnamələrin artıq elə bir ciddi təsiri olmur.
Sadəcə olaraq, danışıqlarda, diplomatik gedişlərdə o ölkələrin əlinə bir əsas verir ki, məhz BMT çərçivəsində də əgər bu qətnamə qəbul olunubsa, demək bu qətnaməyə səs verən ölkələr də həmin qətnamədə qeyd olunan məsələlərlə razılaşırlar. Həmin məsələlərdə də erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu da o anlama gəlir ki, həmin ərazilər BMT tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Bu baxımdan qətnamələr əhəmiyyətlidir, amma yerinə yetirilməsi üçün Ermənistana təzyiq, güc tətbiqi lazımdır. Buna isə BMT getməyəcək".
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev deyir ki, Qarabağ məsələsi ilə bağlı konkret addımların atılmaması dəfələrlə qeyd olunub: "Biz bunu 2002-ci ildən bəri dəfələrlə bunu vurğulamışıq ki, yaxın perspektivdə bu barədə real addımların atılması da gözlənilmir. Bu da onunla bağlıdır ki, Azərbaycan - Ermənistan münaqişəsinin qalmasında dünyada maraqlı olan qüvvələr var. bu qüvvələr indiki halda regionda sabitliyin qorunmasında da o qədər də maraqlı deyillər. Bu regionda sülhün və sabitliyin bərqərar olması bölgədə söz sahibi olmaq istəyən qüvvələrin gələcəkdə xarici siyasətinin anatomiyasını üzə çıxara bilər. Bütün hallarda əlbəttə qətnamələrin yerinə yetirilməməsi BMT-nin özünə başucalığı gətirmir. Çünki bu qətnamələrin yerinə yetirilməsi bütün hallarda böyük güclərin, xüsusi ilə BMT-nin özünə, onun nizamnaməsindən irəli gələn müddəalara müəyyən qədər hörmət və ehtiram yaradardı. Qarabağ probleminin hər hansı bir formada həllini yaxın gələcəkdə gözləmək düzgün olmazdı. Ümumiyyətlə, mən inanmıram ki, yaxın on ildə bunu həll etmək mümkün olsun. Çünki, nə qədər ki, regionda böyük güclərin enerji maraqları var, bu ölkələr arasında inteqrasiyanın həyata keçirilməsində, regional sülhün bərqərar olunmasında həmin qüvvələr maraaqlı olmayacaqlar. Yəni, Damokl qılıncı kimi bu problem həm Azərbaycanın, həm Ermənistanın başının üzərində dayanacaq və bu konflikt hər iki ölkəyə qarşı yaxın on ildə təzyiq vasitəsi kimi istifadə olunacaq. Azərbaycanın ərazi bütövlüyünün ən yüksək səviyyədə təmin olunması şərti ilə bu münaqişə həll oluna bilər. Bu, məncə, Ermənistanın da xeyrinə olacaqdır. Yalnız bu yolla regionda sülh və sabitlik bərpa oluna bilər. Qalan bütün hallar isə mən belə düşünürəm ki, yaxın vaxtlarda mümkün olmayacaq. Hərb variantına gəldikdə isə regiona təhlükə gətirdiyi üçün, xüsusi ilə neftin hasilatına, ixracatına kifayət qədər təhlükə yaratdığı üçün böyük güclər bundan narahatdırlar. Əlbəttə, Azərbaycan hakimiyyəti dəfələrlə deyib ki, bu məsələnin dinc variantlarla həlli yolları hələ tükənməyib. Mən də belə düşünürəm ki, nəinki tükənməyib, hətta ən optimal bir variantdır ki, bu münaqişə dinc yolla həll olunsun".
Qafqaz və Beynelxalq Münasibətlər Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı: "Hamıya məlumdur ki, danışıqların ancaq bir adı var: vaxt udmaq!. Nə qədər bəzi görüşlər üçün "uğurlu keçib" – desələr də, mövqelərdə heç bir yaxınlaşma yoxdur. Danışıq yolu ilə münaqişə o vaxt həll oluna bilər ki, mövqelərdə irəliyə doğru addım atılsın. Fransanın və Rusiyanın mövqeləri birmənalı şəkildə bəllidir. BMT-dən belə bir qərarın çıxmasına ola bilsin ki, Fransa və Rusiya veto qoysun. Hərbi yolla məsələnin həllini düşünsək, yəqin ki, iki-üç gün ərzində Azərbaycan Ermənistana qalib gələ bilər. O zaman da ortaya yenə Rusiya amili çıxır. Nə qədər ki, Rusiyanın Cənubi Qafqazda və Qarabağdakı maraqları dəyişməyib, hərbi yolla məsələnin mümkün deyil, amma bu məsələ sabit bir şey deyil. Çünki, bizim də enerji məsələsindən dolayı Rusiyanın siyasətinə təsir imkanlarımız artıb. Bizim artıq nəinki Rusiya, eyni zamanda dünya enerji resurslarına təsir etmək imkanlarımız var. Burdan belə çıxır ki, birinci növbədə Rusiyanın neytrallaşdırılması əsas şərtdir. Bunun üçün də Azərbaycanın daha güclənməsi lazımdır".

Cavid