Cənubi Azərbaycan şairlərinin dilindəki xəlqilik, təbiilik və ifadəlilik... Güney Azərbaycan

Cənubi Azərbaycan şairlərinin dilindəki xəlqilik, təbiilik və ifadəlilik...

Azərbaycan xalqının gündəlik həyatında, yazılı və şifahi ədəbiyyatında şair sözü həmişə yüksək məna ifadə edib. İstər şifahi xalq poeziyası, istərsə də klassik poeziya daim xalqımızın həyatnda müstəsna rol oynayıb. Şübhəsiz, poeziyanın həm şərəfli, həm də ağır yükünü minillər boyu daşımışlar və daşımaqdadılar. Əsas isə odur ki, Azərbaycan mühitində poeziya daim zəhmətkeş təbəqələrə, əməksevər insanlara, xalqın adət-ənənələrini, milli dəyərlərini öz həyatlarında yaşayanlara xidmət edib. Əsl poeziya heç zaman sifarişlə yazılmayıb, qan püskürən hökmdarları, xalqın qanını soran xaqanları mədh etməyib. Əsl poeziya xalqın bədii təfəkkürünün, bədii dühasının məhsulu olduğu üçün xalqın özünə xidmət göstərib.
Realizm (Sovetlər dönəmində uydurulduğu kimi materializm əsasında formalaşan realizm yox, həqiqi gerçəkliyi əks etdirn realizm) poeziyanın həm mündəricatının həyatiliyində, xalqın mübarizəsini, gündəlik həyatını, arzularını əks etməsində, həm də lirik qəhrəmanın real psixoloji cizgilərlə təsvirində özünü göstərib. Realist ədəbiyyatda mündəricə ilə forma vəhdəti daha parlaq şəkildə gözə dəyir və həqiqi realist əsərlər yalnız mündəricəsi, materialı ilə yox, formasının da xəlqiliyi, xalq danışıq dilinə, təfəkkürünə yaxınlığı, sadəliyi və təbiiliyi ilə başqa əsərlərdən seçilir.
Həqiqi realist poeziyanın məziyyətlərindən biri oxucuda yarandığı dövr barədə təsəvvür oyatmaqdır, bir sözlə, əsl sənət əsəri parlaq bir güzgü kimi dövrünü, zəmanəsini bizə göstərir, eyni zamanda bu günü yaxşıca dərk etməyə, gələcəyə baxmağa kömək edir. Bədii əsər məhz ona görə bədii əsərdir ki, tarixin konkret dövrünü, konkret xalqı və mənliyə, orijinal simaya malik olan insanları bədii şəkildə, obrazlar vasitəsilə göstərə bilir. Sənəti, idrakın başqa vasitələrindən ayıran budur. Tarix elmi bizə olub keçmiş əhvalatlardan və ya hazırki vəziyyətdən danışır, faktlara əsaslanırsa, bədii əsər əxlaqların mənzərəsini yaradır. Sənət əsərində zəmanəni görmək hər şeydən əvvəl o dövrdəki insan ehtirasları və fikirləri ilə tanış olmaq, cəmiyyətin mənəvi-psixoloji həyatı barədə aydın təsəvvür hasil etməkdir. Biz müasirlik ruhunu bədii əsər üçün böyük keyfiyyət sayırıq. Həm də bu, yalnız idraki cəhətdən deyil, estetik cəhətdən də böyük keyfiyyətdir. Bu cür əsərlər istidir, hərarətlidir, işıq verir. Onları yaratmaq ancaq dərin vətəndaşlıq duyğularına, iti düşüncəyə, humanist qəlbə, hərarətli könülə və yüksək fəlsəfi şüura malik olan həqiqi istedadlara qismət olur. Axı zəmanəni, əsri əks etdirmək-onun qabaqcıl meyllərini göstərmək, onları müdafiə etmək deməkdir.
Azərbaycan ədəbiyyatının parlaq bir səhifəsi 1950-1980-ci illərdə Cənubi Azərbaycanda yazıb-yaradan şairlərlə, onların meydana gətirdikləri bir-birindən dəyərli əsərlərlə bağlıdır. Onların yaratdıqları əsərlər özlərindən əvvəlki sələflərinin heç birini nəinki təkrar etmir, fikri-fəlsəfi mündəricəsi və bədii-estetik keyfiyyətləri ilə tamamilə onlardan fərqlənir, parlaq orijinal xüsusiyyətlərə malikdir. Xaqani, Nizami, Məhsəti, Nəsimi, Füzuli, Xətayi, Qətran Təbrizi, Saib Təbrizi, Seyid Əzim Şirvani kimi ölməz dühaların yaratdığı şeir xəzinəsini yeni incilərlə zənginləşdirmək əlbəttə, adi istedadların işi deyil, ancaq böyük istedada nəsib olan sənətkarlara bu nəsib ola bilər. Böyük istedadlar üçünsə klassik irs hər şeydən əvvəl böyük məktəbdir, ölməz nümunədir. Onlar bu irsə nəhayətsiz həyəcanla yaxınlaşır, məsuliyyətin ağırlığını duyaraq ona çox ciddi münasibət bəsləyir, dədə-babanın açdığı cığırla ləyaqətlə irəliləyirlər. Böyük sənətkarlar və sənət əsərləri min bir tellərlə əsrin, zəmanənin psixoloji, fikri həyatı ilə, ideoloji meylləri, siyasi-ictimai, mənəvi-əxlaqi xüsusiyyətləri, tələbləri ilə bağlı olur. Bu əlaqənin mürəkkəb və çoxcəhətli olduğunu, hər sənətkarın fərdi xüsusiyyətləri, zövqü və görüşləri ilə şərtləndiyi də məlumdur. Poeziyanın ən əsas tələbi isə xalqın zövqünə, arzularına, həyatına müvafiq gələn xəlqilik üzərində köklənməsidir.
Xəlqilik-1950-1980-ci illər cənublu şairlərin bütün ünsürlərinə, dilinə, obrazlar silsiləsinə, təşbehlərinə, bütün tellərinə və ilmələrinə hopub. Şübhəsiz, bunların hamısı bu şairlərin əsərlərinin milli zəminlə, milli qaynaqlarla, xalqın həyatı, ruhi aləmi, adət və ənənələri, folkloru ilə bağlılıqlarından irəli gəlir. Bir şey tamamilə mübahisəsizdir ki, bu şairlərin lirikası həyata sağlam fəlsəfi baxışı, forma sadəliyi, məzmun aydınlığı, sadə və çox ifadəli dil etibarilə, yəni bütün mündəricə və bədii formasının anlaşıqlığı, tez qavranılması və təsirliliyi ilə xalqa yaxındır, onların zövqünə və estetik tələblərinə uyğundur.
Bu dövrdə yazıb-yaradan şairlərin realizminin formalaşmasında və xəlqiliyində xalq yaradıcılığının, folklorunun böyük təsiri olub. İstər Təbrizdə, istər Ərdəbildə, istər Urmiyada, istərsə də Cənubi Azərbaycanın başqa bölgələrində folklor və aşıq poeziyası çox inkişaf edib. Saz çalıb söz demək buralarda çox qədim tarixə malikdir. Təbriz aşıqlarının Qazax və yaxud Borçalı aşıqlarından demək olar, heç bir yönü ilə fərqlənmədiyini də çoxları bilir. Sadaladığımız bölgələrdə uşaq gözünü açandan saz-söz məclislərinə düşür, ata-anasından, baba-nənəsindən, el-obadan şirin nağıllar eşidir, el şənliklərində aşıqların söylədikləri dastanlara qulaq asır, bu da onun təxəyyülünün inkişaf etməsində, eyni zamanda gəraylılara, təcnislərə, müxəmməslərə, bayatılara bələd olmasında olduqca əhəmiyyətli rol oynayır.
Cənubi Azərbaycan şairlərinin təfəkküründəki, dilindəki xəlqilik, təbiilik və ifadəlilik heç şübhəsiz ki, bununla bağlıdır. 1950-1980-ci il cənublu şairlərin başda Seyid Məhəmmədhüseyn Şəhriyar olmaqla gözəl xüsusiyyətləri, novatorluqları, Azərbaycan ədəbiyyatına göstərdikləri xidmət onların sadə, təmiz, bədii dildə əsərlər yaratmasıdır. Bəlkə də bu heyrətamizdir. Dövlət dili fars dili olan, fars dilində təhsil alan İranda bu şairlər Azərbaycan dilinin sadə, adi danışıq dilində elə ifadələr, tərkiblər, obrazlar silsiləsi, təşbehlər, istiarələr, təkrirlər, idiomlar, hətta cinaslar yaradıblar ki, onlar məna dolğunluğu və gözəlliyi ilə adamı heyran edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan ədəbiyyatı hər zaman, hər dövrdə aktual yaradıcılıq problemi sayılan ənənə və novatorluq prinsiplərinə əsaslanıb. Novatorluq isə yeni üslubla, daha geniş, daha bəşəri, eyni zamanda, səmərəli axtarışlar yolu ilə inkişaf edir. Novatorluq yeni dövrün ab-havasını, mürəkkəb ictimai və intelektual təcrübəsini əks etdirə bilən forma və janrlardan faydalanmaq yolu ilə əks olunmaqdadır.
Şairləri bir neçə növə bölmüşlər: aşiqanə əsərlər yaradan şairlər, təbiət şairləri, vətənpərvərlik mövzusunda qələm işlədən şairlər və b. Ən əsası isə odur ki, şair hansı mövzuda yazırsa-yazsın, hansı problemləri çözürsə-çözsün, hansı ümmanlarda üzürsə -üzsün, hansı ənginliklərdə süzürsə-süzsün, fərqi yoxdur, şair aşiqdir. Şairin qəlbi, ürəyi, ruhu, könlü və bütün varlığı sevgi ilə doludur. Haqq aşiqidir şair. Bu amildir onu şair edən, ona qələm tutub gecəsini-gündüzünə qatıb bir-birindən gözəl nümunələr meydana gətir¬məyə vadar edən. Şairi sülh carçısı, azadlıq harayçısı, əmin-amanlıq nümayişçisi, haqq və ədalət səsləyicisi, bərabərlik müdafiəçisi edən də budur. Şairin sevda ilə dolu qəlbi daim insanların, bəşər övladının xoşbəxtliyini, firavanlığını istər. Hafiz, Nizami, Şəms Təbrizi, Mövlanə Cəlaləddin Rumi, Xəyyam, Sədi, Yunus Əmrə, Rudəki, Nəsimi, Füzuli, Xətayi, Seyyid Əzim, M.Ə.Sabir, Mehmet Akif Ərsoy, Məhəmməd Hadi, Hüseyn Cavid, Mikayıl Müşfiq və bir çox şairlərin istəyi, amalı, arzusu yalnız və yalnız bu idi. Bəşər övladı sülh-əmin amanlıq, haqq-ədalət içində ömür sürsün. Kimsə kimsəni incitməsin, hamı bir-birinə rəğbət, hörmət, məhəbbət bəsləsin. İmkanlılar imkansızlara kömək etsin, güclülər gücsüzləri incitməsin, zənginlər, yoxsullara yardım etsinlər, hər əli iş tutan, hər pul qazanmağı bacaran, əlillərə, zəlillərə, şikəstlərə kömək etsin. Həssas insanların ruhunun peşəsi olan şairlik bəlkə də dünyanın ən sülhsevər xalqlarından biri olan azərbaycanlılar arasında yəqin ki, bütün başqa xalqlara nisbətən daha çox yayılıb.
20-ci əsrin ikinci yarısında yazıb-yaradan şairlər; Əmir Xosrov Darai, Məmmədəli Məhzun, Səhənd, Şəhriyar, Sahir, Mirmehdi Çavuşi, Sönməz, Savalan və b. şairlər də məhz bu qəbildəndirlər. Bu sənətkarlar da cahan sərgisinə solmaz çiçəklər bəxş etmişlər.
1950-1980-ci illərdə Cənubi Azərbaycanda yazıb-yaradan şairlər şübhəsiz ki, cürbəcür nəsillərə məxsus sənətkarlar idi. Məsələn Həbib Sahir də bu illər ərzində yüksək bir coşqu ilə yazıb yaradırdı. Eyni zamanda ondan 39 yaş kiçik olan Əziz Cabbarlı (Sazlı) da 1970-ci ildən ədəbi fəaliyyətə başlamışdı. Belə misallardan kifayət qədər gətirmək olar. Bu da onu subut edir ki, bu 30 ilin ümumi mənzərəsi heç də solğun, yekrəng deyil və bu mənzərə belə bir nəticə üçün əsas verir ki, 1950-1980-ci illərin şeiri, bu illər ərzində fəaliyyət göstərmiş müxtəlif nəsillərin birgə yaradıcılıq əməkdaşlığı, qarşılıqlı təsir, ünsiyyət və təmas şəraitində inkişaf edib.
Bu şairlər müxtəlif mövzulu, müxtəlif janrlı, müxtəlif ölçülü əsərlər yaratsalar da, bu əsərlərin oxunuşundan, təhlilindən anlaşılır ki, xalqa bağlılıq, xalq yaradıcılığından bəhrələnmək, xalq adət-ənənələrinə dərin hörmət və ehtiram, olduqca həssas və incəliklə yanaşmaq, milli dəyərləri ön plana çəkmək, xalqın məişətini, həyatını əsas xətt kimi aparmaq onların əsas meyarı olub, yüksək vətənpərvərlik və vətəndaşlıq hissi onların poetik qüdrətlərini mənsub olduqları xalqa tərəf istiqamətləndirməyə xidmət göstərib. Bütün bunlar ümumazərbaycan şeirinin xalqa bağlılıq ənənələrinin heç zaman köhnəlmədiyini açıq-aşkar bəyan edir.

Vüqar Əhməd,
professor