Kərkükdə azərbaycanlıların torpağı kürdlərə verilir Güney Azərbaycan

Kərkükdə azərbaycanlıların torpağı kürdlərə verilir

Kərkükdə şəhər valisinin istəyi ilə türkmanlara aid sənədli evlərin dağıdılmasına başlanılıb. Peşmərgəyə yaxın olan kürd əsilli vali Necmettin Kerimin evlərin sökülməsi ilə bağlı imzaladığı sənəd türkmanlar tərəfindən sərt etirazla qarşılanıb.
"Biz türkman olduğumuz üçün sənədli evlərimizi sökdürürsünüz, nə üçün digər tərəfin – kürdlərin sənədsiz evlərinə, obyektlərinə toxunmursunuz. Hətta kürdlərə türkmanların torpaqlarını qəsb edərək binalar inşa etməsinə imkan yaradırsınız", - deyə türkmanlar valiyə etirazlarında bildiriblər.
İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad Salihi də məsələyə münasibət bildirib: "Evlərin sökülməsi ilə bağlı sənəd hər kəsə tətbiq olunmalıdır. İraq konstitusiyasında (anayasa) hər kəsin mülk sahibi olmaq haqqı tanınır. Bu gün Kərkük valisi türkmanların sənədli evlərinin "qanunsuz inşa olunduğunu" iddia edir. Necmettdin Kerim, sənin səlahiyyətin daha çox olsaydı, nə edərdin? Yəqin türkman millətinin dilini kəsərdin".
Publika.az xəbər verir ki, Salihi türkmanlara səslənərək hər şeyə rəğmən, evlərini müdafiə etməyə çağırı: "Ey türkman milləti, evlərini sökən ekskavatorların önünə çıxın, daşlayın, lazım olarsa, həbsə düşün, hətta ölün, amma haqqınızı qoruyun. Mən yanınızdayam, küçələrə çıxıb etiraz edin. Bu dövlət dövlət deyil, istədiyini edir, əsas odur ki, özünüzü müdafiə edəsiniz".
Qeyd edək ki, 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) İraqa girərkən yaranan qarışıqlıqdan istifadə edən kürdlər Kərkükə tarixində ən böyük zərbəni vurdular. Belə ki, həmin vaxt Kərkük Əmlak Qeydiyyatı İdarəsinin binası kürdlər tərəfindən yandırıldı. Bununla da, Kərkükdə türkman evlərinin sənədi, həmçinin şəhər əhalisinin demoqrafik vəziyyəti ilə bağlı bütün arxiv sənədləri məhv edildi.
Türkiyədə fəaliyyət göstərən Alevi Vakıflar Federasyonu (AKF) başqanı Doğan Bermek 2013-cü ildə Publika.az-a müsahibəsində bu barədə bildirmişdi: "Bununla Kərkükün türkmanlardan alınaraq kürdlərə verilməsi prosesi başladıldı. Çünki Qərb Kərkükdə Kürdüstan dövlətini qurmaq istəyir".
Bir sıra ekspertlərə görə, İraq müharibəsində əsas məqsədlərdən biri də Səddamı devirməklə bu bölgədə kürd dövlətinin yaranması üçün yeni imkanlar yaratmaq olub.