İranda üç azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb Güney Azərbaycan

İranda üç azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda üç azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmani (Yekanlı) təxminən 6 aylıq həbs həyatından sonra aprelin 15-də ailələrinin qoyduğu mülk girovu qarşılığında Təbriz Mərkəzi Həbsxanasından azad ediliblər.
R. Rəzəvi 300, H. Əliməhəmmədi 200 və T. Kermani də 300 milyon tümənlə azadlıqlarına qovuşublar.
Qeyd edək ki, R. Rəzəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən 2013-cü il dekabrın 4-də səhər saatlarında evində həbs edilib. Ertəsi gün isə evdə axtarış aparılıb, R. Rəzəviyə məxsus kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsə salınması Urmiya gölünün qurumasına etiraz toplantılarına qatılıb çıxışlar etməsi və ötən il Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin "Traktorsazi" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Cəzirə" futbol komandaları arasında keçirilən görüşdə "Güney Azərbaycan İran deyil!" şüarı yazılmış banner qaldırması ilə əlaqələndirilir. O, Təbrizin "Səhənd" stadionunda "Traktor" futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, hakimiyyətin əleyhinə təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərməkdə, pantürkist qruplara qoşulmaqda və s. günahlandırılıb.
H. Əliməhəmmədi və T.Kirmani isə ETTELAAT əməkdaşları tərəfindən 2013-cü il noyabrın 4-də həbs ediliblər. Hər iki azərbaycanlı fəalın evində axtarış aparılıb, onlara məxsus əşyalar götürülüb. Onlar Təbrizin "Səhənd" stadionunda "Traktor" futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, İran bayrağını yandırmaqda, hakimiyyətin əleyhinə təbliğat aparmaqda, hökumət əmlakını dağıtmaqda və dini müqəddəsləri təhqir etməkdə günahlandırılırlar.
Həbsdə saxlandıqları müddətdə azərbaycanlı fəalların psixi və fiziki işgəncələrə məruz qoyulduğu bildirilir.