S.C.Pişəvərinin deputat mandatı niyə ləğv olundu? Güney Azərbaycan

S.C.Pişəvərinin deputat mandatı niyə ləğv olundu?

1-ci yazı

Pəhləvi sülaləsinin hakimiyyətdə olduğu illərdə (1925-1979) İran Şura Məclisi tarixində 14-cü çağırış məclisə seçki kompaniyası qədər gərgin, qarşıdurmalı, çox fraksiyalı məclis olmamışdı. Bu, hər şeydən əvvəl zaman, durum və siyasi qüvvələr arasında qarşıdurma imkanlarının mövcudluğu ilə bağlı olmuşdu. İran Şura Məclisinə 14-cü çağırış Əli Söheyli və Məhəmməd Said Mərağeyinin hökumətlərinin hakimiyyətdə olduğu illərə (fevral-aprel 1942; mart-noyabr 1944) təsadüf edir. 14-cü Məclisə seçki kompaniyası 1322-ci il Xordad ayının son həftəsində (1943-cü ilin iyununda) start götürmüş, 1323-cü ilin (1944-cü ilin) yayında başa çatmışdı. Məclisdə mövcud olmuş 136 deputat kürsüsü uğrunda 800 namizəd iştirak etmişdi ki, bunlar da ən azı 6-7 fraksiyanı təmsil edirdilər.
Fraksiyalar öz məzmun və siyasi əqidələrinə görə biri-birindən fərqli idilər və hər biri öz məqsədlərinə və siyasi hədəflərinə görə İrandakı müttəfiq dövlətlərin qüvvələrinə arxalanırdıl ar. Məsələn, Seyid Ziyanın baŞçılıq etdiyi belə adlanan "Mihən pərəstan" (vətəni sevərlər) fraksiyası ingilislərə, "Səltənət tələban" (Şahpərəstlər) mövcud rejimə, doktor Müssədiqin başçılıq etdiyi "Fraksion Milli" (Milli fraksion) milli burjuaziya və müstəqil mövqeli ziyalılara, İXP-sı İHT, "Azadlıq cəbhəsi", "Zid faşist" təşkilata və s. "sol" təmayüllü qüvvələr sovetlərə söykənirdilər. Başqa sözlə desək, hər fraksiya öz hədəf və məqsədinə görə özünə dəstək tapmaq zorunda olmuşdu.
Antirejim qüvvələrin səy və istəyinə baxmayaraq Söhili hökumətinin fəallığı və irtica qüvvələrinin ona köməyi nəticəsində keçmiş 13-cü məclis nümayəndələrinin 60 faizi 14-cü Məclisə mandat ala bilmişdilər. Bu 14-cü çağırış Məclisdə qüvvələr nisbətinin Şahpərəst və mürtəce qüvvələr tərəfində olacağını əvvəlcədən nişan verirdi. İXP fraksiyasına 10 nəfər daxil idi (S.M.İskəndəri, Murtaza Yəzdi, İyrəc İskəndəri, Rza Radməneş, Rəhmanqulu Xələtləri, Firudin Kəşavərz, Əbdülsəməd Kambəxş, Məhəmməd Pərvin Günabadi, Ardaşes Ovanesyan, Tağı Fədakar).
Bu 10 nəfərdən biri məclis açılan ərəfədə vəfat etmiş (Süleyman Mirzə İskəndəri), digəri (Rəhman Xələtbəri) Rza Şaha (Mozandaranda) təziyə tutduğuna görə İXP tərəfindən deputat mandatından məhrum edilmişdi. Beləliklə, 14-cü Məclisdə İXP-nı 8 deputat təmsil etməli olmuşdu.
Azərbaycandan İran Şura məclisinə Təbriz şəhər əhalisinin vətənsevər və demokratik qüvvələri tərəfindən bir neçə mütərəqqi şəxsiyyətlər sırasında Seyid Cəfər Pişəvərinin də namizədliyi 14-cü çağırış Şura Məclisinə irəli sürülmüşdü. S.C.Pişəvərinin deputatlığa namizəd göstərilməsi İXP, mütərəqqi təşkilat və
cəmiyyətlər tərəfindən müdafiə edilmişdi. Onun namizədliyi sovetlər tərəfindən də müdafiə edilmişdi. "Seyid Cəfər Pişəvəri, "Ajir" qəzetinin müdiri... on altı min təbrizlinin rəyini almaqla Məclisə nümayəndə seçildi. Pişəvəri bu seçkidə sovet dövlətinin də mənəvi nüfuzundan bəhrələndi. Haqq üçün deməliyik ki, ona verilən rəyləri Təbriz əhalisi fəhlələr və zəhmətkeşlər seçki qutularına salarkən heç bir əyintiyə yol verməyiblər". Mənbələrdə belə bir fakt qeyd olunur ki, seçkilərdə S.C.Pişəvərinin şəksiz qələbəsini hiss edən rejim məmurların, o cümlədən Təbrizdəki dövlət valisi Müqəddəm, Seyid Ziya və onların adamları səsləri parçalamaq məqsədi ilə iki yüz nəfərdən artıq adamın namizədliyini irəli sürmüşlər. Ancaq irticanın bütün cidd-cəhdinə baxmayaraq... S.C.PiŞəvəri 15.780 səslə İran məclisinə vəkil seçildi. Halbuki dövlətin dəstəklədiyi və maddi cəhətdən çox imkanlı olan Fətəli İpəkçiyan 10 min səsdən artıq əldə edə bilməmişdi.
S.C.Pişəvərinin xalq kütləsi içərisində böyük hörmətə malik olduğunu görən vali general müqəddəm karxanalarda (fabrik, zavodlarda), emalatxanalarda və iş yerlərində iş vaxtının saat 18-də qurtarması və zəhmətkeşlərin işdən çıxan vaxt səsvermə məntəqələrinin bağlanması haqda xüsusi göstəriş vermişdi. Bu vasitə ilə də S.C.Pişəvərinin xeyrinə rəy vermək istəyənlərə süni əngəl və maneələr törədilmişdi.
Tehran məmurlarının törətdikləri çoxsaylı maneələrə baxmayaraq Təbrizdən Məclisə göstərilmiş 12 nəfər namizəd içərisində S.C.Pişəvəri Rəhim Xoydən sonra səslərin sayına görə ikinci yeri tutmuşdu. S.C.Pişəvərinin seçilməməsi üçün törədilən çoxsaylı maneələrə baxmayaraq o, 16 min nəfərə yaxın Təbrizlinin rəyini almağa müvəffəq olması Təbrizdəki dövlət məmurları və irtica üçün ağır zərbə olmuşdu. Hətta bu məsələ üstündə "... Təbriz ostandarı (vali) mərkəzdən yetərincə danlaq almışdı".
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, S.C.Pişəvərinin parlamentə namizədliyinin uğurlu olmasını İXP Təbriz Əyalət Komitəsi rəhbər Pişəvəri ilə heç vaxt düz gəlməyən erməni Ardaşes Ovanesyan öz adına çıxır və bu işdə onun böyük "zəhməti" və "qayğısı" olmasını qeyd etmişdi. Halbuki sənədlərdə və S.C.Pişəvərinin məqalələrində və xatirələrində A.Ovanesyan S.C.Pişəvərinin şəxsiyyətinə və məsləkinə hələ "Qəsr-Qacar"dakı zindan dövründən müxalif bir adam olduğu qeyd edilir. S.C.Pişəvəri və zindanda olarkən və azadlığa çıxıb siyasi fəaliyyətini davam etdirərkən A.Ovanesyanı oportinist "solçu" kimi xarakterizə etmişdi. Təbriz kimi ayıq, inqilabçı və yad yerdən gələn rəhbərliyə dözməyən müsəlman bir şəhərə kənardan A.Ovanesyan kimi bir erməninin partiya rəhbərliyinə təyin edilməsini S.C.Pişəvəri İXP başçılarının kadr siyasətindəki günahlarından biri hesab etmişdi.
S.C.Pişəvərinin 14-cü çağırış Məclis seçkilərindəki uğurunu az qala tam öz adına çıxan Ardaşes öz xatirələrində belə bir uydurmanı nağıl edir ki, guya "Pişəvəri Tehrandan yola düşməzdən əvvəl güman edirmiş ki, Təbrizdəki seçkidə mən ona müxalif olacağam. Buna görə də o, bir neçə nəfərdən, o cümlədən Süleyman Mirzədən və doktor Yəzdidən məktub alıb gətirmişdi ki, mən ona seçkidə kömək edim. Mərkəzi Komitədəki yoldaşlar sonralar mənə dedilər ki, o, (Pişəvəri - Ə.R.) söz verdi ki, İXP-na yenidən üzv olacaq və Hizb Tudənin (İXP) Məclisdəki fraksiyasma daxil olacaq".
A.Ovanesyan sonra söyləyir ki, "... seçkilərdə namizədlər hələ rəsmən elan edilməmişdi ki, qəflətən kabinetimin qapısı döyüldü, Pişəvəri nigaranlıq keçirən vəziyyətdə otağa daxil oldu. Məlum oldu ki, vəziyyəti onu məcbur edib ki, kömək üçün mənə müraciət etsin. Həmin an fikirləşdim ki, hisslərə qapanmayım, keçmişdə olanlan unudub ona kömək edim ki, o məclisə vəkil seçilə bilsin...".
A.Ovanesyanın dediklərindən belə çıxır ki, İXP-nin bu erməni "Komissan" Təbrizdə rəhbərlikdə olmasaydı S.C.Pişəvəri Məclisə deputat seçilə bilməyəcək idi. Halbuki S.C.Pişəvəri 10 il həbsdə olanda, sonrakı dövrlərdə də və 1947-ci ildə Bakıda "xatirələr"ini yazanda da həmişə Ardaşes Ovanesyanı cəmiyyətə radikal "solçu", "vaxtsız banlayan xoruz", hərəkat rəhbərliyində ixtilaf salan, dedi-qodu yaradan, özündən razı bir adam kimi təqdim etmişdi. Belə olan halda A.Ovanesyanın S.C.Pişəvəriyə "dostluq münasibəti" göstərməsi haqda dedikləri yəqin ki, uydurma və qondarmadan başqa bir şey ola bilməzdi.
"Qəsr-Qacar" zindanından həbsdən və Kaşan şəhərinə sürgündən sonra 1945-ci ilin yayınadək Tehranda yaşayan S.C.Pişəvəri bir neçə dəfə Azərbaycana gəlmiş, müxtəlif bölgələrdə olmuş, Azərbaycandakı vəziyyətlə yaxından tanış idi. Bu tanışlıq təkcə zahiri görüş yox, ayrı-ayrı zümrələrin nümayəndələri ilə canlı söhbət, ünsiyyət yaradan görüşlər olmuşdu. Sonralar o, xalqına, onun istək və düşüncəsinə yetərincə bələd olmadığını özü üçün bağışlanmaz günah sayırdı. Seçki kompaniyası ilə əlaqədar bir neçə ay Azərbaycanın Şəhər, rayon, qəsəbə və kəndlərində xalqla olan görüşlər S.C.Pişəvəridə öz soydaşları haqqında böyük inam və dərin təəssürat yaratmışdı. S.C.Pişəvəri Tehrana qayıtdıqdan sonra "Ajir"də çap etdirdiyi "Biz nə deyirik, millət nə istəyir?" adlı məqaləsində yazmışdı: "Seçkilərdə altı aylıq mübarizə istər-istəməz məni millətin içərisinə çəkdi... Bütün təbəqələrə mənsub insanlarla tanış oldum. Onların bir çoxunun hətta evinə getdim". Millətinin mübarizə əhval-ruhiyyəsinin bu həddə olduğunu təsəvvür etməyən S.C.Pişəvəri yazırdı ki, "... etiraf etməliyəm ki, cəmiyyətə yol göstərməyə çalışan rəhbər olsam da, onu bu qədər tanımırdım, ehtiyacları, amal və arzuları ilə yaxından tanış deyildim. Əslində dövlət və Məclis kimi mətbuatın da millətin vəziyyəti ilə bağlı düzgün təsəvvürü yox idi. Mən dövlətin siyasəti və ölkənin taleyi haqqında kəndlilərlə çox söhbət etdim. Hər bir kəndli kəndxudadan, jandarmalardan, kənd ərbabından, təhsilli maliyyə işçilərindən, vəzifədə olan məmurlardan tutmuş ali dövlət məqamlarınadək onlara etdikləri zülm, əziyyət və zorakılıqdan başqa bir şey görmədiklərini deyirdilər".
S.C.Pişəvərinin seçicilərlə bağlı Azərbaycan əhalisi ilə görüşləri Tehran hakimiyyətinin xidmətində duran məmurları və ali məqam sahiblərini rahat buraxmadı. Onlar gah seçkilərin keçirilməsi vaxtını, gah da Məclisin təşkili tarixini müxtəlif bəhanələrlə geri çəkir, seçiciləri ələ almaq üçün müxtəlif vasitələrə (pul təklif etmək, hədiyyə vermək və son hesabda qorxutmaq və s.) əl atsalar da S.C.Pişəvərinin Məclisə gedən yolunu kəsə bilməyiblər. Məclis seçki komissiyası 1322-ci ilin Xordadın sonunda (iyun 1943) başlasa da onun rəsmi açılışı, 6 isfənd 1322-ci ildə (fevral 1944) baş tutmuşdu. Təbrizdən seçilən deputatların mandatı 1323-cü ilin tir ayında (iyul 1944) Məclisin gündəliyinə gətirildi. Əvvəl mütərəqqi vətənpərvər şəxsiyyət olan Hacı Rəhim Xoinin mandatı səsə qoyulmuşdu. Onun əleyhinə danışan Babildən seçilmiş və öyrədilmiş Şəriətzadə çıxış etdi və deputatları ona səs verməməyə çağırdı. Nəticədə Təbrizdən seçilmiş H.R.Xoinin mandatı 99 deputatın səs verməsi ilə 48:48 nisbətində (üç nəfər bitərəf qalmaqla) rədd edilmişdi.

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar"
şöbəsinin müdiri