Zindandakı fəalın hüquqları pozulub Güney Azərbaycan

Zindandakı fəalın hüquqları pozulub

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə bir aydır Təbrizin mərkəzi zindanında saxlanan fəal Salar (Mikayıl) Turinin şərti azadlığa buraxılmasına mane olunur.
"Oyannews.com"un xəbərinə görə, məhkəmə rəsmiləri azərbaycanlı fəalın mülk girovu qarşılığında şərti azadlığa buraxılması xahişi ilə razılaşsa da, Təbriz zindanının rəhbərliyi bəlli olmayan səbəbdən Salar Turinin azadlığa buraxılmasına mane olur, fəalın azadlıq prosesini ləngidir.
Xatırladaq ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Üskü şöbəsinin əməkdaşları Salar Turini mayın 4-də iş yerində həbs edib. İş yerində yoxlama aparılıb, azərbaycanlı fəala məxsus bir sıra əşyalar götürülüb.
ETTELAAT əməkdaşları Salar Turini apararkən yaxın adamlarına deyiblər ki, onun barəsində çıxarılmış 4 aylıq həbs cəzası üçün tutublar.
Salar Turi milli zəmində apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutulsa da, sonradan mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.