İslam inqilabından sonrakı dövrdə (1979-2000-ci illər) Güney Azərbaycan ədəbiyyatında epik şeirin inkişafı Güney Azərbaycan

İslam inqilabından sonrakı dövrdə (1979-2000-ci illər) Güney Azərbaycan ədəbiyyatında epik şeirin inkişafı

1-ci yazı

Rza şah Pəhləvi hakimiyyətinin bu mərhələsi İranda mühüm tarixi-siyasi hadisələrin baş verməsi ilə əlamətdardır. Belə ki, iqtisadi irəliləyişlə ictimai münasibətlər arasında olan tərs mütənasiblik və uyğunsuzluq, 1973-cü ilin neft böhranı, ölkəyə təkcə neftdən gələn gəlirin plansız inkişafı və ölkə iqtisadiyyatı ilə bağlı sahələrin inkişafına ayrılmış məsrəflərin nizamlanmamış şəkildə aparılması, nəticədə İran cəmiyyətində balansın pozulması və hökumətin real irəliləyiş şəraitində xalqa verdiyi vədləri həyata keçirməməsi, aşağı təbəqə ilə yuxarılar arasında qarşıdurmanın dərinləşməsi, burada işləyən və yaşayan xarici ölkə, xüsusilə Amerika vətəndaşlarının yüksək səviyyədə yaşaması, mənəvi-əxlaqi dəyərlərə əhəmiyyət verilməməsi növbəti sosial partlayışa gətirib çıxardı. Əsəbləri gərilmiş xalq kütlələri 1979-cu ildə ayağa qalxdı, İranda İslam inqilabı baş verdi və qələbə ilə nəticələndi, "nümayişçilərlə qoşunların kütləvi və qanlı toqquşmalarının gedişində (1978-1979) şah diktaturası devrildi. Ölkədə indiyədək görünməmiş siyasi rejim - "İslam demokratiyası" rejimi quruldu". Beləliklə, yüz illik mübarizədən sonra "İran yalançı müstəqillikdən öz həqiqi tarixi məcrasına döndü. İran nə Amerika, nə Rusiya və nə də Qərbi Avropanın diktəsi ilə deyil, ilk dəfə öz yolunu müəyyən edən, həqiqi müstəqil ölkəyə çevrildi".
Bu tarixi-siyasi dövrdə İranda və Güney Azərbaycanda ədəbiyyat, söz sənəti dinamik inkişafını davam etdirib. Müasir Azərbaycan və fars ədəbiyyatının qüdrətli nümayəndəsi Şəhriyar öz zəngin bədii irsi ilə həm anadilli, həm də farsdilli klassik poeziyanın canlı ənənələrinin yüksəlməsi üçün güclü zəmin yaratmış, Nizami, Füzuli, Sabir, Möcüz yolunun davamçısı kimi hər iki ədəbiyyatın inkişafında böyük rol oynamış, yeni ədəbi nəslin yaranmasına, dövrünün poeziyada əks olunmasına güclü təkan vermişdi. Yaşar Qarayev "Şair və zaman" tandeminin obyektiv mahiyyətini dəqiq ifadə edib: "Hər dövr və nəsil öz şairini elə ona görə böyük poeziyaya gətirir ki, əvəzində şair də öz nəslini, dövrünü böyük poeziyaya gətirsin. Əks təqdirdə isə, bu böyük bədii estetik qanunauyğunluğun pozulduğu yerdə isə poetik nəsillər və fərdiyyətlər arasında təbii münasibətlərin də qanunauyğunluğu pozulur və tarixə, əbədiyyətə yeni nəsillər əlavə olunmur".
1970-2000-ci illərdə Güney ədəbiyyatına məhz ustad Şəhriyarın ədəbi nəsli gəldi. Artıq formalaşmış Şəhriyar ədəbi məktəbinin ardıcılları yeni-yeni şeir və poemaları ilə Güneydə söz sənətini daha sürətlə inkişaf etdirdilər. Qeyd etdiyimiz kimi, Əlirza Purbozorg Vafinin "Eynalıya salam" poeması da "Şəhriyar-Heydərbaba" məktəbindən qaynaqlanaraq yarandı. Şairin müqəddiməsindən aydın olur ki, Şəhriyarın "Heydərbabaya salam"ına yazılmış nəzirələr içərisində ən çox təqdir etdiyi poemalardan biri məhz "Eynalıya salam" olmuşdu.
Güney Azərbaycanın Firuzabad kəndində dünyaya gələn Bəxtiyar Muğanoğlu (1961) mövcud çətinliklər ücbatından yalnız ibtidai təhsil almaqla kifayətlənib, lakin təhsili natamam olsa da, Tanrının bəxş etdiyi şairlik təbinin diqtəsilə bir-birindən maraqlı şeirlər yazaraq məşhurlaşıb. Daha çox milli məsələləri və Vətən tarixi, uluyurdun, xalqın tarixi keçmişini ədəbi müstəviyə gətirməsilə diqqəti cəlb edib. "Heydərbabaya salam" poemasının vəzn və üslubunu, mövzu özəlliyini saxlayan "Ay Savalan" adlı mənzuməsinə və şairə həsr etdiyi digər şeirlərinə görə müasirləri onu "Şəhriyar ədəbi məktəbinin davamçısı" kimi dəyərləndiriblər. Poemadan bir neçə misraya diqqət edək:

Ay Savalan, mən də gəzim qoy düzü,
Ellərimə deyim dildən haqq sözü,
Çəkir haqqın intizarın mərd özü,
Deyər: Haqlar bu dünyada qalacaq,
Nahaqları atəşlərə salacaq.

Özünü sonsuz qəmlər həmdəmi və saysız dərdlər yoldaşı adlandıran Abbas Bariz (1921-2011) "Heydərbabaya salam"a nəzirə yazdığı "Eldayağına salam" poemasını "nazik ürəyi və həssas qəlbi olan" oxuculara təqdim edir:

Mən yatardım anam oyaq qalardı,
Keçmişlərin bir-bir yada salardı,
Qəm saz ilə mənə lay-lay çalardı,
Anaların laylasının nəvası,
Uşaqların ruhlarının səfası.

Mahmud Sadıqpur Şami (1949) də "Kənd cevizi" poemasını Şəhriyarın "Heydərbabaya salam" mənzuməsinə nəzirə yazmış, əsərin dəst-xəttini, formasını saxlamış, ancaq müraciət obyektini dəyişmiş, şairin adını şükranlıqla yad etmişdi. Şami ustadı saydığı Şəhriyarın təkcə dil və üslub xüsusiyyətlərini, qafiyə və vəzn sistemini deyil, məna və məzmun özəlliyini də önəmsəmiş, şairin poetik yolu ilə gedib. Şəhriyarın "Heydərbabaya salam"da nümayiş etdirdiyi parlaq türkcə "Kənd cevizi" poemasının da gözəlliyidir. Ustadın işlətdiyi el deyimləri, dua-sənalar, alqış və qarğışlar "Kənd cevizi"ndə xüsusi bədii qat yaradıb.

Kənd cevizi, daha kefin saz olsun,
Xəyalında bahar olsun, yaz olsun.
Tamahkarın ömrü görüm az olsun.
Sənin adın həmişəlik qalacaq.
Şami səni dildən-dilə salacaq.

Kənd-kəsəyin bəzəyi, meyvəsi insanların dolanışıq qaynağı olan nəhəng ceviz-qoz ağaclarının hər hansı məqsədlə kəsilməsi şairin həssas qəlbini incidir. Nəhəng ağacın kəsiləndən sonra yerə düşməsini coşqun tufanın qopması kimi mənalandırır və həmin günü pis gün sayaraq heç vaxt unutmayacağını, zamanı gəlincə qisasını alacağını ərz edir. Təsəllisi isə odur ki, kənd cevizi cismən, fiziki baxımdan məhv olsa da, mənən diridir və bu dəfə onun qələmində bitəcək:

Kənd cevizi qisasını alaram,
Onu səndən pis günlərə salaram,
Tərifində elə qələm çalaram.
Belə bilmə sən çapıldın itərsən,
Bu yol mənim qələmimdən bitərsən.

"Abbas Kərimi Ox "Zəngan şəhəri" adlı əsərində Heydərbabadan ilham alaraq Zəncanın tarix kitabını vərəqləyir, yurdun böyük alimlərini tanıtdırır, ürək sözlərini və xalqın dərdlərini dilə gətirir".
Əli Daşqın (1955) Vətənin təkcə Güneyinin deyil, Quzeyinin də problemlərini, dərd və acılarını bir sıra şeirlərinin və "Əsir torpaq - Qarabağ" poemasının baş mövzusuna çevirib. Ermənistanın Azərbaycana qarşı yürütdüyü əsassız torpaq iddialarını gerçəkləşdirmək uğrunda apardığı ədalətsiz müharibə vətəndaş şairin də qəlbinə dağ çəkib. Ə.Daşqın da bu ədalətsiz savaşda əldən gedən torpaqların ağrısını bu poemada yaşamış, işğal olunmuş bütün rayonlarımızın - Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Xocalı, Ağdam, Xankəndi, Füzuli, Cəbrayıl, Zəngilanın dərdinə ağı demiş, Vətəndə Vətənsiz qalan yurddaşlarımızın böyük dərdini poetikləşdirib:

Gözəl Şuşa! Cabbarı yada salanda,
Natəvandan utanıram!
Üzeyirə üz tuturam,
Xana, Seyidə baxıram,
Bülbül gəlir xatirimə,
Düşürəm ölüm-dirimə
Əsir Şuşa! Qala Şuşa!

Ə.Daşqın "Xalac köyü" poemasını isə onu dünyaya gətirən, böyüdüb boya-başa çatdıran anasına və qoynunda doğulduğu dogma Xalac kəndinə həsr edib. Sərbəst vəzndə, axıcı və təsirli bədii dildə, lirik ovqatda qələmə alınmış poemada şairin anasına və doğma kəndinə, onun dağına, daşına, məsum qızların qəh-qəhəsinə, ayağı xınalı kəkliklərin qaqqıltısına həsrəti, dərin sevgisi önə çəkilir. Poemada şairin xüsusi ustalıqla yaratdığı poetik fiqurlar oxucunun qəlbində kövrək əks-səda doğurur, onun nəzərini böyüdüyü məkana yönəldir. Anasının gəzib dolaşdığı, səhər-axşam çalışdığı Xalac kəndinə, ata evinə daim gələcəyinə söz verməsinə baxmayaraq, onun ölümündən sonra yoxluğuna, niskillinə dözə bilmədiyinə görə getmədiyini etiraf edir. Poemada sevgi yolunda qutsal dəyərlərə, çörəyə, suya and içən, müqəddəs kitaba əl basan şairin həyatında olan üç istəklisinin - ölkəsinin, anasının və sevgilisinin hər birinin yaşatdığı üzüntü son dərəcə təsirlidir:

Qüsura baxma annə!
Sevgilim üç oldu bilirsən:
Sən, ölkəm, o...
Səni erkən itirdim,
Ölkəmi hala qazanamadım,
Onu isə gec buldum!

1970-ci illərdə İranda və Güney Azərbaycanda şahlıq istibdadı əleyhinə baş vermiş tələbə hərəkatına başçılıq etmiş, buna görə həbs olunmuş, işgəncələrə məruz qalmasına baxmayaraq sınmamış, cəlladlara əyilməmiş, öz qürurunu, şərəfini daim uca tutmuş, fəqət eynən Oxtay kimi az ömür sürmüş Mərziyə Əhmədi Üskülü Dalğa (1934-1973) "kimsədən qorxub çəkinmədən əsərlərində şah rejiminə, ərbablara, kafir və qaniçən amerikan hərbçilərinə qarşı bədii cəhətdən olduqca yüksək, bitkin əsərlərlə çıxış edib". Onun "Əşrəf Dehqani üçün" yazdığı eyniadlı poemada yüksək sənətkarlıqla yaratdığı ayrı-ayrı poetik lövhələr Mərziyə xanımın bədii portret yaratmaq ustalığının da göstəricisi olur:
Qapıda dayanıb bir çopur əfsər,
Kartlarımıza baxır, icəri qoyur,
Gözləri qızarıb, ağzı kəflərıib,
Hirs ora baxarda adamı boğur.
Bir əlində batum, birində bisim,
Bir ucdan bağırır, döyür, savaşır.

Məktəbə gələnlərin kartını yoxlayıb içəri buraxan, xoşuna gəlməyənləri həmin andaca tutub polis idarəsinə aparan, haqqını tələb edənlərin qarşısında aciz duruma düşən gözətçinin xarakterini və mənfur niyyətini müəllif canlı bənzətmə - metaforalarla açıqlayır. Dərsə tələsən bir qızın yolunu kəsib "Kartınızı verin!" dediyində haqqını bilən və ona: "Sənin nə haqqın var yolu kəsəsən!" - deyən cəsarətli qızın qorxmazlığını digərlərinin alqışlamasından qəzəblənən əfsərin - gözətçinin halını müəllif belə mənalandırır:

Yaman toxunuri bu iş əfsərə,
Varlığı bənzəyən gözətçi itə,
Nifrət gözətçisi, zor gözətçisi,
Anası utanır verdiyi südə.

Poemada Güney Azərbaycanda və İranda inqilabçı kimi tanınmış həm şah, həm də Ayətullah Xomeyni rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri, İran xalq partizanları - fədailərin təşkilatçısı və rəhbərlərindən olmuş şəhid yazar Mərziyə Üskülü çətin və şərəfli həyat yaşamış Əşrəf Dehqaninin arzularını və onun timsalında şəxsi düşüncələrini də sərgiləyir. O, pedaqoq idi, yoxsul uşaqlara dərs deyir, türk dili və ədəbiyyatının incəliklərini öyrədirdi…

Esmira Fuad
filologiya üzrə elmlər doktoru