Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 14-cü yazı  Güney Azərbaycan

Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 14-cü yazı 

Azərbaycan Milli Hökuməti özünün bir illik fəaliyyətində demokratiya sahəsində bir sıra mühüm islahatları və tədbirləri həyata keçirmişdi. Şəxsiyyətin azadlığı, söz, mətbuat və vicdan azadlığı qanunla qorunurdu. Bu sahədə görülmüş mühüm işlərdən biri İran tarixində ilk dəfə olaraq demokratik seçki qanununun qəbul edilməsi olmuşdu. 46 maddədən ibarət olan bu qanun Milli Hökumətin fəaliyyətə başladığı ilk günlərdə qəbul edilib, qüvvəyə minmişdi. Qanunda Milli Məclisə seçkilərin müstəqil, gizli və azad şəraitdə aparılması nəzərdə tutulurdu və kənardan hər hansı müdaxilə qanunla qadağan edilirdi. İran seçki tarixində ilk dəfə olaraq seçkilərdə qadınlara kişilərlə bərabər hüquq verilmişdi. Onların da seçib, seçilmək səlahiyyəti var idi. Qanun 20 yaşına çatmış bütün Güney Azərbaycan vətəndaşlarına seçkidə iştirak etmək hüququ verirdi. 27-80 yaş arasında Azərbaycanda yaşayan bütün vətəndaşlar Milli Məclisə deputat (vəkil) seçilə bilərdi, bu şərtlə ki, İran təbəəsi və Azərbaycan sakini olmuş olsun. Vətəndaşlığı olmayanlar, hər hansı cinayəti etdiyinə görə məhkum olunmuşlar, Milli hökumət əleyhinə çıxanlar seçki hüququndan mərhum edilmişlər. Məclisə seçilən hər bir şəxsdən Azərbaycan dilini bilmək tələb olunurdu. Seçki qanununda seçkilərin qanun çərçivəsində keçirilməsi üçün bütün imkanlar işə salınmış və demokratik əsaslar müəyyənləşdirilmişdi. Azərbaycan Milli Məclisinin fəaliyyəti haqda Məclisin daxili nizamnaməsi haqda, əyalət və vilayət əncümənlərinin hüququ və səlahiyyəti və bələdiyyələr haqda və digər sahələrə aid qəbul edilmiş qanunlar demokratik prinsiplərə sökənməklə yanaşı, dünyadakı sivil qanunları nümunə kimi qəbul etmişdi.
Azərbaycan daxilində milli münasibətlərdə tarazlıq yaratmaq və vicdan azadlığına riayət etmək AMH-nin fəaliyyət proqramında diqqət mərkəzində saxlanılan məsələlərdən olmuşdu. Azərbaycanda yaşayan digər millətlər və etnik qruplara öz milli mədəniyyətini inkişaf etdirmək, ana dilində məktəblər açmaq və nəşriyyat işi ilə məşğul olmağa heç bir qadağa və məhdudiyyət yox idi. Mərasimlər keçirmək, ibadətlər etmək, ziyarətgahlara getmək və s. tam azad və maneəsiz idi və onlara dövlətin himayəsi var idi.
AMH-in məramına zidd olmayan və Azərbaycanın müstəqilliyi əleyhinə yönəlməyən siyasi və ədəbi qüvvələrə siyasi, elmi birliklərə cəmiyyət və təşkilatlara fəaliyyət azadlığı vermiş, onların hüququ qanunla qorunurdu. Azərbaycan cəmiyyətinə yenicə daxil olan demokratiya az müddətdə mühüm irəliləyişə nail olmuş və ümumiran üçün örnək olan addımlar atılmışdı.
Cəmi bir il ömür sürmüş Azərbaycan Milli hökumətinin iqtisadiyyat və quruculuq sahəsində gördüyü işləri bir çox müəlliflərin (o cümlədən amerikanlı Con Furan) yazdığı kimi Rza şah rejimi heç 20 ilə də yerinə yetirə bilməzdi. Azərbaycan milli hökumətinin icra etdiyi iqtisadi tədbirlər sırasında Azərbaycan kəndlisi üçün çox vacib olan torpaq islahatı, heç şübhəsiz ki, başlıca yer tutmuşdur.
Məlum olduğu kimi 21 Azər inqilabı qalib gəldiyi vaxta qədər Güney Azərbaycan iqtisadi inkişaf cəhətdən İranın geridə qalmış əyalətlərindən biri idi. Azərbaycanın iqtisadiyyatında, milli məhsulun həcmində və milli gəlirdə kənd təsərrüfatı aparıcı mövqeyə malik idi. Həmin dövrə (1945-1946) aid olan statistikadan məlum olur ki, Güney Azərbaycanda yaşayan əhalinin 85 faizinin dolanması aqrar sektorla bağlı olmuşdu. Şəhər və rayonlarda yaşayan 1,4 milyon əhalinin əksər hissəsinin dolanması demək olar ki, kənd təsərrüfatı ilə əlaqədar idi. Aqrar münasibətlərdə hakim olan ərbab-rəiyət qaydası, istehsalın orta əsrlərdən qalma üsula əsaslanması, məhsuldar torpaqların və başlıca su mənbələrinin varlı mülkədar və mənsəb sahiblərinin əlində cəmlənməsi və başqa səbəblər Güney Azərbaycan kəndlisinin yarıac-yarıtox yaşamasının başlıca səbəbi idi.
21 Azər hərəkatında kəndlilərin hərəkatın aparıcı qüvvələrdən biri kimi (o cümlədən fədai dəstələrində) təzahür etməsi kəndlərdəki haqsızlıq, zorakılıq və ədalətsizliklə bağlı idi. Bu mənada AMH-nın fəaliyyət proqramında aqrar məsələnin ön plana çəkilməsi təsadüfi deyildi.
«12 Şəhrivər» bəyannaməsində verilmiş vədlər əsasında AMH aqrar sahədə üç mühüm qanun qəbul etmişdi: «Müsadirə torpaqlar haqqında qanun», «İstifadəsiz qalmış torpaqların bölünməsi haqqında qanun» və «Artıq və məsrəfsiz torpaqların bölünməsi haqqında qanun».
Müsadirə edilib torpaqsız və az torpaqlı kəndlilər arasında bölüşdürülən torpaqlar xalq hərəkatına və AMH-ə xəyanət edib Azərbaycandan qaçmış şahpərəstlərin torpaqları idi. Bu haqda Azərbaycan Milli Məclisi rəyasət heyətinin qəbul etdiyi 27 Bəhmən 1324-cü il tarixli (fevral 1945) qanununda deyilir ki, «Azərbaycanı tərk edib Tehrana və sair nöqtələrə gedib, Azərbaycanın azadlığı və Milli hökumət əleyhinə təbliğat aparanlar - istər azərbaycanlı və istərsə də qeyri-azərbaycanlı olsun-onların daşınan və daşınmayan mülk, əmlak və sərvəti xalqın və dövlətin xeyrinə müsadirə edilsin». Milli Məclis rəyasət heyətinin «Xalisələrin bölünməsi haqqında» qəbul etdiyi başqa bir qanunda isə deyilirdi: «Rza şah Pəhləvinin səltənət tarixindən 21 Azər 1324-cü ilə qədər Azərbaycanda olan... xalisələr və su mənbələri kəndlilər arasında əvəzsiz olaraq bölunməlidir».
Bunlardan başqa mülkədarların ixtiyarında olan, lakin istifadəsiz qalan torpaqların mülkədarlardan alınıb torpaqsız kəndlilərə verilməsi haqda da qanun qəbul edilmişdi. Müsadirə olunmuş və xalisə torpaqların uçota alınması və kəndlilərin ixtiyarına verilməsi tədbiri daxili işlər, ədliyyə, maliyyə və kənd təsərrüfatı nazirliyi nümayəndələrinin iştirakı ilə icra olunurdu. İstifadəsiz qalmış torpaqların torpaqsız və az torpaqlı kəndlilərə verilməsi kənd əncümənlərinə həvalə edilmişdi.
Yuxarıda adları çəkilən qanunlar əsasında aparılan torpaq islahatı ilə 1946-cı ilin əvvəllərində 437 parça mülk, 372 kənddəki xalisə torpaqları yoxsul kəndlilərin ixtiyarına verilmişdi. Mülkədarların artıq torpaqları hesabına 380 min hektar əkin sahəsi əvəzsiz olaraq kəndlilər arasında bölüşdürülmüşdü.
Azərbaycandakı 1945-1946-cı illər xalq hərəkatına heç də yaxşı münasibət bəsləməyən amerikalı müəllif Con Furan AMH-nın bir ildə xalqın xeyrinə icra etdiyi tədbirlərin böyük miqyasda olduğunu etiraf edərək yazır: «247066 hektar əkin sahəsi 209096 kəndli ailəsi arasında əvəzsiz bölüşdürülmüş və üstəlik kəndlilərin sərf etdikləri əmək müqabilində mülkədarlardan aldıqları 30 faiz natural məhsul 85 faizə qaldırılmışdı». Müəllif Təbrizdəki ingilis konsulunun Londona göndərdiyi raport¬dan belə bir parçanı misal gətirərək yazır: «...Torpaq islahatı, işsizliyin aradan qaldırılmasına yönəldilən tədbirlər və bu istiqamətdə digər işlər Azərbaycanda xalq kütləsinin Milli hökumətlə həmrəyliyini yaratmışdı».
Kəndli ilə mülkədar arasında münasibətləri nizamlayan və məhsul bölgüsündə kəndlilərə olan ədalətsizliyi aradan qaldırılmaqda 21 maddədən ibarət qanunun əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bu qanuna qədər mülkədar torpağını əkib-becərən kəndli təkcə konkret əməyinə görə pay alırdısa, yeni qanun kəndlilərdən alınan bütün vergi və rüsumları ləğv etdi və həm də iş, toxum və şumlama payını kəndliyə, torpaq və su payının mülkədara çatmasını qanuniləşdirdi. Bu bölgüdə iş 3 pay, torpaq 1 pay, şumlamaq 2, toxum 1 pay olaraq qəbul edilmişdi. «Torpaq qanununda kəndlilərdən alınan nəqd natural vergi və mükələfiyyətlər ləğv edildi. Mülkədarların kəndliyə icarəyə verdiyi torpağı istədiyi vaxt geri alması, kəndlinin kənddən köçürülməsi və s. bu kimi ədalətsiz hüquqlar feodalların və xanların əlindən alındı».
Aqrar kəndli məsələsinə aid AMM-in qəbul etdiyi və AMH-in icra etdiyi qanunlar demokratik və humanist məzmununa görə Yaxın və Orta Şərqdə bu tarixə qədər bənzəri olmayan tədbirlər idi.
1945-1946-cı illərdə demokratik və ədalətli əsaslar üzrə keçirilmiş torpaq islahatı təkcə Azərbaycanda yox, bütün İranda çox ciddi təsir buraxmışdı. AMH-nin süqutu ərəfəsində və ondan sonrakı illərdə İranın müxtəlif bölgələrində ortalığa gətirilən torpaq islahatları və bu sahədə götürülmüş addımlarda AMH-in aqrar sahədə gördüyü tədbirlərin təsiri danılmazdır.
Azərbaycanda hər cür şəraitin və imkanların (yeraltı, yerüstü sərvətlər, xammal, təbii və fiziki imkanlar və s.) olmasına baxmayaraq, hakim dairələrin baxımsızlığı, ayrı-seçkilik və şövinist siyasəti nəticəsində Azərbaycan sənaye cəhətdən İranın geridə qalmış ucqarlarından birinə çevrilmişdi. Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycanda müasir səviyyəli bir sənaye müəssisəsi belə tapmaq mümkün deyildi. «Həmin dövrə aid olan statistik rəqəmlərdən bəlli olur ki, ölkədəki 69 toxuculuq fabrikindən cəmi üçü, 8 meyvə-tərəvəz konserv zavodundan, 90 bitki yağı çəkən zavoddan, 26 pambıq təmizləmə zavodundan heç biri də Azərbaycanda mövcud deyildi... Ölkənin ümumi milli məhsulunda Azərbaycanın payı başqa əyalətlərdən geri qalmadığı bir təqdirdə, bu gəlirdən Azərbaycana çatan pay o qədər az idi ki, bu payla Təbriz əhalisini belə dolandırmaq mümkün deyildi».
Milli sənayenin dirçəlişinə nail olmaq, ən əvvəl xalq üçün istehlakı zəruri sahələri işə salmaq, xalqın tələbatının heç olmasa bir hissəsini milli sənaye hesabına təmin etmək, bununla yanaşı işsizliyi və yoxsulluğu qismən də olsa aradan qaldırmaq üçün Azərbaycan Milli Hökumətinin qarşısında çox ciddi və ağır vəzifələr dururdu. Bununla bağlı 1325-ci il 19 fərvərdin (1946-cı il aprel) tarixli qanun səciyyəvidir. 6 maddədən ibarət olan bu qanunda mədənlərin, yeraltı sərvətlərin, meşələrin milliləşdirildiyi elan olunur, dövlətin dəstəyi ilə sənaye və istehlak məhsulların kooperativlərinin yaradılmasına, fəaliyyəti dayanmış və yarımçıq işləyən dövlət sənaye obyektlərinin ayrı-ayrı şəxslərə icarəyə verilməsinə, milli sənaye sahiblərinə xammalın alınmasında, vergi və rüsumların ödənilməsində güzəştlər nəzərdə tutulmuşdu.

Əkrəm Rəhimli