Güney Azərbaycan soraqları Avropada Güney Azərbaycan

Güney Azərbaycan soraqları Avropada

Amerikanın İndiana Universitetinin professoru, görkəmli alim, türk folklorunun Amerikada tanıdılması ilə bağlı çoxsaylı elmi işlərin müəllifi İlhan Başgöz 1984-cü ildə Güney Azərbaycan aydınlarından olan Əli Əsgər Müctəhidinin "Əmsal və hekəm dər ləhceye-məhəlliye-Azərbaycan" ("Azərbaycan yerli dialektlərində atalar sözləri və hikmətlər") kitabını "Azərbaycan atalar sözləri" ("Azerbaijanian proverbs") adı ilə çap etdirib. Bu dəyərli əsərin redaktoru Həsən Cavadi və professor İlhan Başgöz kitaba ön söz yazıblar.
Əli Əsgər Müctəhidi 1905-ci ildə Təbrizdə varlı ziyalı ailəsində doğulub. O, gənc yaşlarından Azərbaycan ədəbiyyatına, ayrıca olaraq folkloruna böyük maraq göstərib, onları öyrənib, bir sıra folklor materialı toplayıb. Onun topladığı Azərbaycan atalar sözləri ilk dəfə 1955-ci ildə Təbrizdə çap edilib. O, Güney Azərbaycanın bölgələrini qarış-qarış gəzib, folklor materiallarını toplayıb və sistemləşdirib. Əli Əsgər Müctəhidi türk, fars, ingilis, fransız, ərəb dillərini bildiyinə görə topladığı Azərbaycan atalar sözlərinin bu dillərdəki mümkün qarşılığını da verib.
Kitaba ön söz yazan professor İlhan Başgöz Azərbaycan atalar sözlərinin toplanmasını bir milli iş kimi dəyərləndirib, atalar sözlərini Güney Azərbaycanda yaşayan türklərin öz milli varlıqlarını qorumaq, təsdiq etmək vasitəsi kimi dəyərləndirib. Professor İlhan Başgöz milli irsə münasibətdə yaşadıqları rejimin yaratdığı şərait baxımından Quzey Azərbaycanla Güney Azərbaycan arasında fərqlərin olduğunu bildirib. O, Quzey Azərbaycanda 1926-cı ildən başlayaraq Azərbaycan ata sözlərinin nəşri ilə bağlı görülmüş işləri xatırladıb. Alim bu işlər sırasında Hənəfi Zeynallının 1926-cı ildə Bakıda çap olunmuş "Azərbaycan ata sözləri", Həmid Araslının 1938-ci ildə Bakıda çap etdirdiyi "Atalar sözü", Əbülqasım Hüseynzadənin 1956-cı ildə Bakıda çap etdirdiyi "Atalar sözü", 1956-cı ildə Bakıda rus dilində nəşr olunmuş "Azərbaycan atalar sözləri və deyimləri" və Əhliman Axundovun 1968-ci ildə Bakıda çap etdirdiyi "Azərbaycan folkloru antologiyası" kitablarının adını çəkib. Alim bununla yanaşı XX yüzillikdə Azərbaycanın güneyində folklor materiallarının toplanması və nəşri ilə bağlı görülmüş işləri də qeyd edib. Onun fikrinə görə, gözəl ziyalı Əli Əsgər Müctəhidinin kitabı Güney Azərbaycanda türk atalar sözlərinin toplanması sahəsində görülmüş ən ciddi işlərdən biridir.
Amerikanın İndiana Universitetinin çap etdirdiyi "Azərbaycan atalar sözləri" ("Azerbaijanian Proverbs") kitabında üç mindən çox atalar sözü və hikmətli deyimlər var. Kitaba Təbriz Universitetinin professoru Məhəmməd Əli Daneşvər izah xarakterli ön söz yazıb. Professor Məhəmməd Əli Daneşvərə görə, atalar sözləri və hikmətli deyimlər hər bir mədəniyyətin gücünü göstərən qiymətli xəzinədir. Atalar sözü və hikmətli deyimlər məxsus olduğu xalqın duyğu və düşüncələrini, arzu və istəklərini, dünyagörüşlərini, istedad və qabiliyyətlərini, əxlaq ölçülərini göstərir. Atalar sözlərini öyrənmək onun aid olduğu xalqı tanımaq deməkdir.
Bundan başqa Əli Əsgər Müctəhidi tərəfindən kitabın xarakterini, özəlliklərini, tərtib prinsiplərini açıqlayan giriş sözü verilib. O, giriş sözündə göstərir ki, bu atalar sözləri indi də Güney Azərbaycanda insanlar arasında yaşayır. Onları toplamaq, sistemləşdirmək çox önəmli bir məsələdir. O, atalar sözlərini toplayarkən bu nümunələri söyləyicinin dediyi kimi qələmə alıb. Əli Əsgər Müctəhidi kitabı aşağıdakı prinsiplər əsasında tərtib edib.
O, atalar sözlərinin dil və üslubuna toxunmayıb, kitabın sonunda əlifba sırası ilə çətin sözlərin lüğətini verib. Lüğətdə Azərbaycan türkcəsində bir söz verilib, sonra bu sözün farsca tərcüməsi, daha sonra isə verilmiş sözün başqa bir sinonimi göstərilib.
Azərbaycan türkcəsində verilmiş atalar sözlərinin qarşısında farsca, bir sıra hallarda ərəbcə, bəzən ingiliscə və fransızca qarşılıqları verilib. Müəllif əsasən daha geniş yayılmış atalar sözlərinə yer verib, bir sıra hallarda isə bu atalar sözlərinin və hikmətli deyimlərin variantlarını da göstərib.
Müəllif Azərbaycan atalar sözlərini əlifba sırası ilə təqdim edib. Əli Əsgər Müctəhidi kitabın sonunda mənbə və qaynaqları da göstərib. O, bu qaynaqlar sırasında Mirzə Əli Əkbər Xan Dehxudanın, Qulamrza Vahidinin, Yusif Rəhmətinin, Mirzə Əli Batkubinin, Hacı Hüseyn Ağa Xətayinin, Sadiq Əmir Aslaninin, Mirzə Yusif Xan Rəyahinin, Mirzə Məhəmmədtağı Mərağinin və bir sıra başqa şəxslərin tərtib etdikləri kitabların adını çəkir. Bütövlükdə onun göstərdiyi qaynaqların sayı 41-dir. Bununla yanaşı Əli Əsgər Müctəhidi fars, ərəb, ingilis, fransız dillərində nəşr olunmuş çoxsaylı qaynaqlardan da istifadə edib.
Kitabın özəlliklərindən biri də budur ki, tərtibçi Azərbaycan atalar sözünü və bu atalar sözünün farsca, ərəbcə, ingiliscə və ya fransızca qarşılığını göstərdikdən sonra həmin atalar sözünün mümkün variantını da mətnə əlavə edib. Bundan sonra müəllif təqdim olunmuş atalar sözünün ifadə etdiyi mənanı çox qısa şəkildə açıqlayıb. İndi də Əli Əsgər Müctəhidinin kitabında toplanmış çox dəyərli atalar sözləri ilə bağlı bitkin təsəvvür yaratmaq üçün bir sıra nümunələr verməyi zəruri sayırıq:

"Annıyana (anlıyana) bir tikə, ya bir kəlmə bəsdir".
"Balığı hər vəxt dudsan tazədür".
"Cücəni payızda sayarlar".
"Kəsik baş söyləməz olar".
"Yeyənlə geyəninkin Allah yetirər" və s.

Əli Əsgər Müctəhidinin "Azərbaycan atalar sözləri" kitabı Azərbaycan folklorunu, ayrıca olaraq Azərbaycan atalar sözlərini tanıtmaq baxımından çox dəyərlidir. Müəllifin uzun illər boyu Güney Azərbaycanın bölgələrini gəzərək topladığı atalar sözlərini sistemləşdirməsi, çap və tərcümə etməsi, onlara zəruri izahlar yazması, atalar sözlərinin dilinə toxunmaması məsələyə elmi yanaşmanın nəticəsidir.
İngilisdilli qaynaqlarda Azərbaycan folkloru ilə bağlı öyrənilən məsələlərdən biri də tapmacalardır. Amerika alimi Andres Tietz "Türk və İran tapmacaları" adlı məqaləsində Türk və İran tapmacalarını müqayisə edərkən Azərbaycan tapmacalarından da nümunələr verib. O, araşdırmasında Azərbaycan tapmacalarının orijinalını verməklə yanaşı, onları ingilis dilinə də tərcümə edib. Alim Azərbaycan tapmacalarını araşdırarkən qaynaq olaraq 1928-ci ildə Bakıda Hənəfi Zeynallının çap etdirdiyi "Azərbaycan tapmacaları" və eyni ildə Vəli Xuluflunun Bakıda nəşr etdirdiyi "Tapmacalar" kitablarından istifadə edib.
Bu araşdırmanın ən önəmli cəhətlərindən biri odur ki, alim tapmacaları şərh edərkən demək olar, bütün türk məkanında, məsələn, Türkiyə türkləri, qaqauz türkləri, Azərbaycan türkləri, türkmən türkləri, uyğur türkləri, tatar türkləri və özbək türklərində eyni tapmacanın variantlarını üzə çıxarıb və onları fars-tacik tapmacaları ilə müqayisə etməyə çalışıb. Alim bu yolla türk və fars xalqlarının mədəniyyətində, folklor düşüncəsində sıx bağlılığın olduğunu irəli sürüb. Bu xalqların dilləri ayrı-ayrı dil ailələrinə daxil olsa da, bu dillər bir-birinə təsir edib, türk sözləri fars dilinə, fars sözləri də türk dilinə keçib. O, fikrini təsdiq etmək üçün tez-tez türk və fars tapmacalarından misal gətirmişdir. Bunlardan birinə baxaq:

Türk: Sabah dört ayaklı,
Ögle iki ayaklı,
Akşam üç ayaklı.
(Emekliyen çocuk, delikanlı, bastonlu ihtiyar)

Fars (Tehran):

Sobh çahar past,
Zohr do pa,
Əsr se na.
(Adam)

Sübh dördayaqdır,
Günorta ikiayaqlı,
Axşam üçayaqlı.

Göründüyü kimi, eyni anlayış demək olar ki, eyni obrazlarla verilib. Hər iki tapmaca yığcamdır və bir insanın doğuluşundan ölümünə qədər olan bir mərhələni dəqiq biçimdə ifadə edir. Bu tapmacalar arasında ancaq dil fərqi var. Alim bu oxşarlığın təsadüfi olmadığını sübut etmək üçün başqa misallar da gətirir. Məsələn:

Türk: Alemi bezer,
Kendisi çıplak gezer. (İgne)

Fars:

Həme ra mipuşanəd,
Əmma xodəş həmişe loxt əst. (Suzən)
Aləmi bəzər,
Özü lüt gəzər. (İynə)

Məqalənin önəmli cəhətlərindən biri də budur ki, alim türk tapmacalarını verərkən ayrı-ayrı türk xalqlarının folklorundan istifadə etdiyi kimi, bu tapmacaların farsca qarşılığını verəndə də farsdilli xalqların, məsələn, əfqan, tacik xalqlarının folklorundan istifadə edib.
Müəllif məqaləsində tapmacaların poetik quruluşuna da toxunur. Ona görə, tapmacaların həcmi kiçik olsa da, onların böyük mənası var. Dörd sətirdən ibarət olan tapmacaların poetik quruluşu, o sıradan qafiyələnməsi manilərdəki kimidir. Adətən birinci misra giriş məzmununda olur, əsas fikir isə üçüncü və dördüncü misralarda verilir. Birinci və ikinci misranın ayrılıqda demək olar, heç bir mənası olmur. Ancaq təkərləmədə olduğu kimi, əsas fikrin deyilməsi üçün şərait hazırlayır. Səslərin təkrarı, müəyyən bir obrazın əyani görüntüsünün yaradılması başlıca ideyanın verilməsinə xidmət edir. Alim bu fikrini əsaslandırmaq üçün Qaqauz və Azərbaycan folklorundan nümunə verib.

Qaqauz:
Min min minare,
Dibi kanare.
Yüz bin çiçek,
Bir lale.
Azərbaycan (Qarabağ):
Min minarə,
Dibi qarə.
Yüz min çiçək,
Bir yarpaq.
(Ulduzlar, ay)
Azərbaycan (Zəngəzur):
Çiy ipəy,
Çiləmə ipəy.
Yüz min çiçəy,
Bir yarpaq.
(Ay və yıldızlar)

Bu tapmacalardan da göründüyü kimi, ilk iki misra ("Min min minarə, dibi kənarə", "Min minarə, dibi qarə", "Çiy ipəy, çiləmə ipəy") ilk baxışda tapmacanın məzmunu ilə bağlı deyil. Ancaq əslində ilk iki misra sonrakı misralarda ifadə olunan fikrin deyilməsinə yol açır. Belə ki, ilk iki misrada olan "min min minarə" deyimi çoxluğu, sayılması mümkün olmayan bir anlayışı ifadə edir. Elə göydəki ulduzları da saymaq mümkün deyil. Başqa yöndən isə birinci, ikinci misra ilə üçüncü, dördüncü misra arasında səs bağlılığı da var.
Alim şərti olaraq "səma tapmacaları" adlandırdığı tapmaca mətnlərini araşdırarkən ayrı-ayrı türk xalqlarının eyni məzmunlu tapmacalarında bir sıra söz fərqlərinin olduğunu da göstərib. Məsələn, səma anlayışı ilə bağlı Krım türklərinin söylədiyi tapmacada səma "lalə" sözü ilə ifadə edilib. Ancaq eyni məzmunlu Azərbaycan tapmacasında səma anlayışı "piyalə" sözü ilə bildirilib. Alim bu cür fərqlərin səbəbini ayrı-ayrı türk xalqlarının Osmanlı türklərinə və ya Mərkəzi Asiya türklərinə yaxınlığı ilə izah edir. Azərbaycan türkləri hər zaman Osmanlı türkləri ilə sıx bağlı olub.

Vəfa İbrahimova,
filologiya üzrə fəlsəfə doktoru