Deyilən söz yadigardır… Güney Azərbaycan

Deyilən söz yadigardır…

Şeyx Məhəmməd Xiyabani:
- Ey ölməz Azərbaycan, başını uca tut, yaşa və əbədi var ol!
- Azərbaycanı azərbaycanlı azad etməlidir.
- Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir.
- Təbiət ümumi bir mübarizə meydanıdır ki, həyatı qaliblərə mükafat olaraq verir. Bu böyük mübarizədə zəiflər və gücsüzlər yaşaya bilməzlər.

***

Professor Məhəmmədtağı Zehtabi:

Azad doğulan insana qandal nə gərəkdir?
Qandalları qırmışlara zindan nə gərəkdir?
Dünya, nələrin var?
Əfsanələrin var?
Biçarə bəşər, ölçüyə gəlməz kədərin var.
Qanlar tökərək qandalı qırdın ayağından,
Qandalları yığdın və qayırdın yekə zindan!
Daim başın üstündə gəzir qəm və fəlakət…
***

Sultanəli Mirzəzadə - S.C.Pişəvərinin ən sədaqətli, vətənpərvər fədailərindən biri

Sultanəli Mirzəzadə Azərbaycan Demokrat Firqəsinin ən yaşlı üzvlərindən idi. S.Mirzəzadə Firqə yaranandan bu günə qədər 75 illik bir müddətdə onun adi üzvü və sıravi əsgəri olub. 1945-ci ilin dekabrından əlinə silah götürüb Firqənin göstəriş və tapşırıqlarını bir fədai olaraq yerinə yetirib. S.Mirzəzadə 1945-1946-cı illərdə həm Cənubi Azərbaycandakı milli-demokratik hərəkat zamanı və həm də onun məğlubiyyətindən sonrakı mühacirət illərində Azərbaycan Demokrat Firqəsinə, onun amal və hədəflərinə, Azərbaycan Milli Hökumətinə qəlbən, ruhən, bütün varlığı ilə sadiq şəxslərdən biri olub.
S.Mirzəzadə mühacirət dövründə də Firqə sıralarında olub onun göstərişlərini sədaqətlə yerinə yetirib. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin göstəriş və məsləhəti ilə XX əsrin 60-70-ci illərində Firqənin Mərkəzi Komitəsinin təlimatçısı, Firqənin Ağstafa rayon komitəsinin rəhbəri vəzifələrində çalışıb.
Hüquq üzrə fəlsəfə doktoru olan Sultanəli müəllim uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətlə məşğul olub, 1945-ci ilin dekabr ayının 12-də Təbrizdə təşkil olunmuş Azərbaycan Milli Məclisinin fəaliyyətini araşdırıb, bu barədə çoxlu sayda dəyərli əsərləri işıq üzü görüb.
S.Mirzəzadə həm gənclik, həm yaşının ahıl çağlarında da yorulmadan Vətəni və milləti qarşısında layiqincə xidmət göstərib. 7 oktyabr 2020-ci il tarixində 95 yaşında Bakıda vəfat edib.

***
Pişəvəri fədaisi Sultanəli Mirzəzadənin Azərbaycan Demokrat Firqəsinin II qurultayındakı cıxışı

Əziz və dəyərli dostlar, qonaqlar, hörmətli toplantı iştirakçıları!
Mən, Sultanəli Mirzəzadə Azərbaycan Demokrat Firqəsinin sağ qalmış üzvü kimi öz adımdan və hazırda Firqənin mənim kimi ahıl yaşına çatmış aqsaqqalları adından bu əlamətdar gün münasibətilə hamınızı və bütün Firqə təəssübkeşlərini ürəkdən salamlayıb toplantımıza uğurlar arzulayıram.
Mən Firqə yaranandan bu günə qədər onun üzvü, sıravi əsgəri olmuşam. 1945-ci ilin dekabr ayında ələ silah götürüb Firqəmizin göstəriş və tapşırıqlarını bir fədai olaraq yerinə yetirmişəm.
Astara şəhəri qəddar şah quldurlarından azad edilərkən yerli firqə fəalları sırasında olmuşam. Yaşadığım şəhərdə əmin-amanlıq yaratmaq işində Milli Hökumətimizin bir polis işçisi kimi hüquq-mühafizə orqanlarında çalışmışam. Mənə verilən tapşırıqları həmişə can-başla yerinə yetirdiyim üçün Azərbaycan Milli Hökumətinin ali mükafatı olan “21 Azər” medalı ilə təltif olunmuşam.
Əziz dostlar!
Bunları qeyd etməkdə məqsədim odur ki, mən Azərbaycan Demokrat Firqəsinə, Azərbaycan Milli Hökumətinə qəlbən, ruhən, bütün varlığımla bağlı şəxs olmuşam.
Mühacirət dövründə də Firqə sıralarında olub onun göstərişlərini can-başla yerinə yetirənlərdən biri olmuşam və bu gün də varam. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin göstəriş və məsləhəti ilə XX əsrin 60-70-ci illərində Firqənin Mərkəzi Komitəsinin təlimatçısı, Firqənin Ağstafa rayon komitəsinin məsulu vəzifələrində çalışmışam. Əməyim Firqə rəhbərliyi tərəfindən dəfələrlə Tərifnamə və Fəxri Fərmanlarla qiymətləndirilib.
Çox təəssüf edirəm ki, 1960-cı ildən sonra o vaxtkı Sovet rəhbərlərinin buyruğu ilə Firqə öz müstəqilliyini əldən verdi, amma biz firqəçilər Firqəyə olan bağlılığımızı və istəklərimizi bir an belə itirmədik. Qəti şəkildə inanırdıq ki, gün gələcək, uğrunda çoxsaylı qurbanlar verilmiş və bir illik hakimiyyəti illərində Vətənimiz Azərbaycan üçün böyük və tarixi əməllərin sahibi olan bu Firqə yenə müstəqil, xarici və daxili buyruq və təsirlərdən azad bir şəkildə müstəqil təşkilat kimi yenidən mübarizə meydanına qayıdacaq.
Mən bu gün Allahıma şükür edirəm ki, bu yaşda o günü – Azərbaycan Demokrat Firqəsinin 2-ci Konqresinin çağrılması gününü sizin toplantınızın timsalında görmək mənə qismət oldu. Bu münasibətlə sizi, Firqə təəssübkeşlərini, fədai övladlarını, bütün xalqımızı təbrik edirəm. Sonda arzu edirəm ki, Firqəmizin 3-cü Konqresi Təbrizdə təşkil edilsin. Mübarizə meydanına müstəqil, xoş məram və niyyətlərlə qədəm qoyan Firqə, sənə uğurlu, zəfərlərlə dolu sabah arzulayıram!
Soltanəli Mirzəzadə,
ADF-nin 94 yaşlı üzvü
Bakı, 9 noyabr 2019-cu il