Həyatını millətinin azadlığına həsr etmiş şəxsiyyət Güney Azərbaycan

Həyatını millətinin azadlığına həsr etmiş şəxsiyyət

Pişəvəriyə kömək etmədilər

1945-ci ildə Güney Azərbaycanda xalq hərəkatı qələbəyə qovuşmuş, Milli Hökumət yaranmışdı. Bir il ərzində Milli Hökumət tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirilmişdi. Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-də yaradılıb. İlk dəfə firqənin tərkibinə 77 Azərbaycan ziyalısı daxil idi. Bunların çoxu vaxtilə Səttarxan Hərəkatında, eləcə də Xiyabani hərəkatında iştirak etmişdilər. Camaat görür ki, firqənin məramnaməsində qoyulan məsələlər onları qayğılandıran problemlərdir. Az vaxtda partiya camaat arasında tanınır, tərəfdarlarının sayı artmağa başlayır. Partiyanın Mərkəzi Komitəsinə Seyid Cəfər Pişəvəri başçılıq edirdi. 2 gün sonra "Azərbaycan" qəzeti nəşrə başlayır. Firqənin 18 noyabr 1945-ci ildə keçirilən ikinci geniş plenumu yaddaqalan olur: o vaxta kimi firqənin bütün fəaliyyəti sülh aspektində olmuşdu. Bu mərhələdə şaha, baş nazirə, hətta böyük dövlətlərin başçılarına da müraciət olunur ki, Azərbaycan xalqı müstəqillik, azadlıq, milli muxtariyyət istəyir. Tehran xalqın azadlıq istəyinə, bu yöndə tələblərinə süngü ilə cavab verdiyi üçün ikinci plenumda qərara gəlinir: artıq yumruğa yumruqla cavab verilsin. Firqə xalq kütlələrinin rəyini öyrənmək üçün 1945-ci il noyabrın 25-də Milli Konqres çağırır. Milli Konqres 14 maddədən ibarət qətnamə qəbul edir. Qətnamənin bir surəti təkrarən şaha, İran Məclisinə, İran hökumətinə və böyük dövlətlərin başçılarına göndərilir. 39 nəfərdən ibarət Milli Heyətə S.C.Pişəvəri rəhbərlik edirdi. Ə.Rəhimli deyir: "Milli Konqres Tehrana müraciət etdi ki, bizə ölkəmizi idarə etməyə imkan verin. Pişəvəri deyirdi ki, artıq ayrı yolqalmadı. Təxminən 40 gün ərzində Güney Azərbaycanın ayrı-ayrı şəhərləri, bölgələri, yaşayış məntəqələri şah qoşunlarından azad edildi. Həmin dövrdə əgər Moskva tərəfindən Güney Azərbaycana hər hansı miqdarda silah verilmişdisə, bu silahı xalq ona görə almırdı ki, onlar Sovetlərin dediyi kimi hərəkət etsinlər. Ona görə alırdılar ki, Vətəni hər mənada düşməndən azad etsinlər. 12 dekabra kimi Azərbaycanın bütün şəhərləri, bölgələri (Təbriz və Urmiyadan başqa) azad edildi.
Dekabrın 12-də Təbriz azad olunur. Təbriz qarnizonunu alınmasında həyata keçirilən taktika Seyid Cəfər Pişəvərinin böyük sərkərdəlik qabiliyyətini, məharətli taktikaya malik olmasını aşkara çıxardı. Urmiyadakı qarnizon isə ciddi müqavimət göstərmək istəyirdi. Urmiya ətrafında bütün kəndlərdə firqə üzvləri qətlə yetirilmiş, talanlar olmuşdu. Bu qarnizonun əlində 3 tank var idi. Dekabrın 19-da Urmiya şəhəri bu qarnizondan azad olundu. Urmiyanın azad olunmasında da rusların iştirakınıqeyd edirlər. Ancaq Urmiyanın azad olunması milli qüvvələrin gücü ilə olmuşdu. Dekabrın 19-da Güney Azərbaycan tamamilə azad olundu, Azərbaycan Milli Hökuməti yaradıldı. 21 Azər Hərəkatında xalqın bütün təbəqələri iştirak edirdilər.
Bir il ərzində Azərbaycan Milli Hökuməti çox işlər görmüşdü. Amerikalı araşdırmaçı Con Furon yazır ki, Rza şahın 20 ildə həyata keçirə bilmədiyini buhökumət bir il ərzində gerçəkləşdirmişdi. İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarıldı, çox işlənən ərzaq məhsulları üzərindən vergilər götürüldü. Təbrizin xiyabanları asfaltlaşdırıldı, savadsızlığın ləğv edilməsi ilə bağlı kurslar açıldı. Radiostansiya və kitabxanalar işə salındı, banklar milliləşdirildi. Körpə evləri açıldı, xəstəxanalar təsis edildi, ana dilində kitablar çap olundu. Bu dövrdə Azərbaycan türklərindən başqa burada yaşayan digər xalqların nümayəndələri də eyni hüquqlara malik idilər. Onlara ana dillərində məktəb açmağa, teatr yaratmağa, kitab çapetməyə icazə verilirdi. Siyasi partiya yaratmağa da icazə verilirdi, bu şərtlə ki, fəaliyyət Azərbaycan Milli Hökumətinin əleyhinə olmasın. Sənaye, kənd təsərrüfatı sahəsində böyük işlər aparıldı. Milli hökumətin ən böyük işi torpaq islahatı ilə bağlı idi. Əvvəlcə Milli Hökumət tərəfindən ölkədəki bütün torpaqlar siyahılaşdırıldı. İnqilab zamanı ölkədən qaçan torpaq sahiblərinə - mülkədarlara radio və mətbuat vasitəsilə xəbərdarlıq edildi ki, əgər 15 gün ərzində hansı torpaq sahibi Vətənə qayıtmasa, onun torpağı müsadirə olunacaq. İlk növbədə belə torpaqlar islahata cəlb edildi. Milli Hökumət qurulana kimi Güney Azərbaycanda dövlət hesabına qurulmuş 2 müəssisə var idi. Bunlardan biri Qoşaçayda (Minabadda) qənd zavodu, Təbrizdəki elevator (taxıl saxlamaq üçün anbar) bu qəbildən idi. GüneyAzərbaycanda toxuculuq sənayesi obyektləri, gön-dəri zavodu, kibrit fabriki, gəbətoxuma müəssisəsi, çoxlu xırda emalatxanalar və s. hamısı milli sərmayə ilə fəaliyyət göstərirdi. Tehran bu müəssisələrin müstəqil fəaliyyət göstərməsinə mane olurdu: onların xammalı başqa əyalətlərdən gəlməli idi. Qoyulan gömrük haqları çox yüksək idi. Milli Hökumət dövründə karxanalar açıldı, bunlara çoxlu işçi qüvvəsi cəlb edildi. Emalatxanalar dövlət tərəfindən himayə olunmağa başladı. Milli Hökumətin xüsusi proqramı hazırlandı. Maarif və mədəniyyət sahəsində hökumətin gördüyü ən əhəmiyyətli məsələlərdən biri Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi idi. 1925-ci ildə Rza şah hakimiyyətə gələn kimi Azərbaycan türkcəsini rəsmi şəkildə qadağan etmişdi. Həinki tədrisdə, ümumiyyətlə, türk ailələrində türkcənin işlədilməsi belə qadağan edilmişdi. Güney Azərbaycanda Milli Hökumətin mövcudluğu dövründə 400-ə kimi məktəb tikilmiş və təmir olunmuşdu. Fars şovinizminin uzun illər çəkən hakimiyyəti dövründə Azərbaycan türkcəsində olan yurd-yer adları farslaşdırılmışdı. Pişəvəri hökuməti dövründə bu adların türkcələşdirilməsinə başlanıldı. Təbrizdəki xiyabanlara Səttarxanın, həmçinin Xiyabaninin adları verildi. İşlərdən ən mühümü milli universitetin təşkili idi. Qəzetlər çıxmağa başladı.
Vəziyyət qəfil dəyişdi. Moskva göstəriş verdi ki, Azərbaycan Milli Hökuməti Tehranla dil tapsın və razılığa gəlsin. Pişəvəri iki məngənə arasında qalır. Tehran hökuməti rəhbərliyinə Qəvamüssəltənə keçən kimi vəziyyət tamamilə dəyişir. 1946-cı ilin martında Qəvamüssəltənə Moskvaya gəlir. Moskvanın şərti bu oldu ki, Tehran Güney Azərbaycanda olan neft mədənlərinin istismarını Sovetlərə versin. Bu şərtin yerinə yetiriləcəyi təqdirdə Moskva sovet qoşunlarını İrandan çıxaracaq. Sovet qoşunları 1946-cı il mayın 9-na qədər Güney Azərbaycanda idilər. 1946-cı ilin aprelində Pişəvəri Tehrana getdi. Pişəvəri Tehrana getmək istəmirdi, bilirdi ki, təzyiqlər olacaq. Artıq Sovetlər Pişəvəriyə aşkar sezilən şübhələrlə yanaşırdı. Çünki Pişəvəri müəyyən məsələlərdə Moskvanın dediklərini yerinə yetirmirdi, dolayısı, ya açıq şəkildə müqavimət göstərirdi. Danışıqların ilkin mərhələsi Tehranda olur. Bu danışıqlarda Pişəvəri olduqca sərt mövqe tutur. Şərt qoyur ki, Azərbaycanın muxtariyyatı olmalıdır, Azərbaycanın gəlirinin 75 faizi özünə qalmalıdır, Azərbaycan türkcəsi Azərbaycan məktəblərində geniş, xüsusi şəkildə tədris olunmalıdır və s. Ümumiyyətlə, bütün milli tələblər yerinə yetirilməlidir. Tehran tələbləri qəbul etmir. Pişəvəri geri qayıdır, danışıqların nəticəsi haqqında radio ilə xalqa məlumat verir. İyunun 10-da Pişəvəri Moskvanın təzyiqilə Təbrizdə danışıqları davam etdirir. Təbriz danışıqlarında Pişəvəriyə zor gücünə barışıq qərardadını imzaladırlar. Qərardada görə, Tehran qoşunları 15-ci məclis seçkilərini keçirmək üçün Azərbaycana gələndə buna maneçilik törədilməməli idi. Habelə Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinə qadağa qoyulmaması, firqəçilərin təqib olunmaması qarşılıqlı şərtlərdə nəzərə alınmışdı. İran tərəfdən bu müqavilədə tez-tez "gələcəkdə" sözü işlədilir. Məsələn, "Gələcəkdə orta məktəblərdə Azərbaycan dili tam tədris olunacaq", "Gələcəkdə Zəncan yenidən qaytarılıb Azərbaycana veriləcək" və s. Tehran qoşunları Zəncana daxil olan kimi burada qırğınlar oldu. Bütün milli qüvvələrə, firqə üzvlərinə, Pişəvəri hərəkatına rəğbət bəsləyənlərə qarşı qırğınlar başlandı. Bu hadisə 1946-cıilin noyabrında olmuşdu. Məncə, bu zaman Pişəvəri hökuməti bir şansı itirdi. O, bu zaman müqavilədən çıxa bilərdi. Çünki İran tərəfi müqavilənin şərtlərini kobudcasına pozmuşdu. Ancaq Pişəvəri bunu eləmədi. Çünki üstəgəl Moskvanın təzyiqləri ona imkan vermədi.
Zəncan alınandan sonra Pişəvəri başa düşür ki, əgər İran orduları beləcə irəliləsələr, növbəti Azərbaycan şəhərlərini, xüsusən də Təbrizi bu cür aqibət gözləyir.Pişəvəri Azərbaycan Milli Hökuməti rəhbərliyi adından Mircəfər Bağırova müraciət edir: "Əgər bizə adi silahlardan bir miqdar versəniz, nəinki Azərbaycanı düşməndən xilas edərik, hətta Qəzvini, Tehranı şah qoşunlarından xilas edərik. Əhalidə əhval-ruhiyyə çox güclüdür". Həmin gün Pişəvəri "Azərbaycan" qəzetində "Öldü var, döndü yoxdur" adlı məqalə ilə çıxış edir. Bağırov tərəfindən Pişəvərinin məktubuna cavab mənfi olur.
Pişəvəriyə kömək etmədilər. Artıq bu zaman Azərbaycan Milli Hökuməti süquta uğramaq ərəfəsində idi. Məqsəd Pişəvərini bütünlüklə hərəkatdan təcrid etmək idi. Pişəvərinin növbəti səhvi onun Təbrizdən çıxması idi. Bu, mənəvi cəhətdən əhalinin əhval-ruhiyyəsinə təsir etdi. Şah təyyarələri Güney Azərbaycan ərazisinə müraciətnamələr səpələyən zaman xain qüvvələr hücuma keçdilər. Qırğın bu mərhələdən sonra xüsusi xarakter aldı, Azərbaycanın bütün bölgələrini, o cümlədən Təbrizi əhatə etdi. Pişəvərini sərhəddən dekabrın 19-da keçirmişdilər. Şah qoşunları isə dekabrın 20-21-də Təbrizə girdi. Bütün dünyaya səs saldılar ki, Azərbaycanda qırğınlar baş alıb gedir. Ona görə də qoşun təkcə seçkilərin keçirilməsin təmin etməklə bağlı yox, ilk növbədə qırğının qarşısını almaq üçün gedir. Qoşun gələndən sonra bir neçə ay ərzində rəsmi şəkildə 25 min nəfər soydaşımız İran qoşunları tərəfindən güllələndi və asıldı.

Əkrəm Rəhimli,
araşdırmaçı