Bircə gəlib göz yaşımı silən yox... Güney Azərbaycan

Bircə gəlib göz yaşımı silən yox...

Bir su olub daşlarından axaydım, gül-çiçəkli dağlarına baxaydım...

1950-1980-ci illərdə Güney Azərbaycan poeziyasının məzmunu, mövzu dairəsi dəyişməklə yanaşı bədii ifadə vasitələri, forması da güclü təbəddülata uğ¬rayıb, kamilləşərək, yeni boyalarla, yeni rənglərlə, yeni bədii pri¬yomlarla zənginləşib. Bu dövrdə Şəhriyar, Həbib Sahir, Sə¬hənd, Haşım Tərlan, Sönməz, Savalan və başqa qüdrətli şair¬lər yetişib, Güney Azərbaycan sənəti çərçivəsindən çıxaraq Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran sənətkarlar da məhz bu dövrdə yetişib. Seyid Məhəmmədhüseyn Şəhriyar hər zaman qeyd olunduğu kimi həm mənaca, həm də estetik cəhətdən xeyli gücləndirib. Klassik ədəbiyyatımızın, folklorumuzun qaynaqlarından bol-bol şirə alıb, xalq yaradıcılığını dərindən mənimsəyib, eyni zamanda böyük novator sənətkar kimi Güney Azərbaycan poeziyasını yeni mərhələyə qaldırıb. Azərbaycan poeziyasının zəngin xəzinə¬si, qızıl ənənələri Şəhriyarı yetirmişsə, Şəhriyar da bu poeziyanı zirvələrə qaldırıb.
Milli-mənəvi dəyərləri, xalqın yüksək idraka, iti şuura, işıqlı zəkaya sahib olduğunu göstərmək üçün güneyli şairlər tez-tez xalq adət-ənənələrindən söhbət açır, onları poetik ifadələrlə, incə detallarla, bədii-estetik bir şəkildə oxucunun nəzərinə çatdırırlar. Azərbaycan xalqının adət-ənənələrinin zənginliyi, bolluğu, gözəl¬liyi, dərin fəlsəfi mənası, ideoloji çəkisi onların olduqca qədim zamanlardan gəlməsindən, cürbəcür mərhələlərdən keç¬mi¬şindən xəbər verir. Bu da Azərbaycan xalqının olduqca qədim tarixə, mədəniyyətə malik olduğundan xəbər verir. Şübhəsiz ki, adət-ənənələr xalqın folkloru ilə sıx surətdə bağlıdır, daha doğ¬rusu, xalq adət-ənənələri folkloru yaşadan obrazdır, eyni zamanda folklorun görüntüsü, maraqlı, mənalı, nəcib səhnəsidir.
Sadə xalqın, daha doğrusu, şahların, xaqan¬ların fironluğu nəticəsində inanılmaz dərəcədə əziyyət çəkən kəndlilərin olduqca acınacaqlı həyatına acıyan, onların dərdlərini, qəm-möhnətlərini özününkü hesab eləyən Şəhriyar yaradıcılığındakı əsas ali məqsəd hər şeydən öncə xalqının taleyini bütün prob¬lem¬lərdən vacib hesab etməsindədir və bəlkə də dahi şairin şeir¬lə¬rindəki obrazlı düşüncələr məhz bu səbəbdən oxucunu valeh edir. Şəhriyar Azərbaycanı həqiqətən sevən bir şair kimi öz əsərlərində Azərbaycanı, eyni zamanda Azərbaycan xalqını dün¬yaya tanıt¬ma¬ğa çalışıb. O, Azərbaycan xalqının yüksək mə¬nə¬vi keyfiyyət¬lərini, nəcib sifətlərini, humanizmini göstərməklə yanaşı onun yaşadığı həyatı, adət və ənənələrini də öz qüdrətli qələmi ilə tə¬cəs¬süm etdirib. Xalqın həyatında, məişətində nə varsa, ha¬mısını bədii boyalarla, poetik lövhələrlə göstərib, bir sözlə, sadə xalqın sürdüyü həyatı, adət-ənənəsini, bayramlarını, mərasim¬lərini hər cəhətdən olduqca yüksək bir formada əks etdirib.
İstər Şəhriyar, istərsə də onunla birlikdə Azərbaycan poeziyası xəzinəsinə olduqca qiymətli ləllər bəxş edən məsləkdaşları yuxa¬rıda qeyd olunduğu kimi, xalq adət-ənənələrinə dərindən bələd idilər və bunların tərifini yaradıcılıqlarında müntəzəm olaraq elə obrazlı şəkildə əks etdirirdilər ki, oxucu xalq adət-ənənələrini düşüncələrində məhz bu şəkildə, yəni olduğu kimi xarakterizə edirdi.
Adət - uzun müddət, bəzən əsrlərdən bəri xalqın həyatında təsbit olunmuş, kök salmış və nəsildən-nəslə keçən, ictimai rəylə tənzim edilmiş, ümumi qəbul olunmuş normalardır, insanların cə¬miy¬yətdə, xüsusən ailə-məişət sahəsində davranış qaydalarıdır. Məsələn, xalqımız üçün xas olan qonaqpərvərlik, böyüyə, ağsaq¬qala, ağbirçəyə hörmət, qonşuya, kiçiklərə, ehtiyacı olanlara qay¬ğı, xeyirdə-şərdə birlik, qız köçürəndə, oğul evləndirəndə qo¬hum-əqrəba, dost-tanış, qonşu həmrəyliyi və i.a.
Ənənə - insanların cəmiyyət həyatının bütün sahələrində ta¬rix¬dən yaranmış, təşəkkül tapmış, möhkəmlənmiş, qərarlaşmış, təkrarlanan davranış, ünsiyyət normaları, qaydalarıdır ki, bunlar ictimai rəy tərəfindən, hamı tərəfindən qorunur və nəsildən-nəslə keçir.
Adət və ənənələr sosial-psixoloji, sosial-mənəvi xarakterə malik olan hadisələrdir. Onlara xas olan bəzi ümumi cəhətləri qeyd edək: varislik. Adət və ənənələr vasitəsilə əvvəlki nəsillərin əldə etdiyi təcrübə, vərdişlər, bilik, davranış və ünsiyyət norma¬ları, qayda və prinsiplər sonrakı nəsillərə ötürülür, sınaqdan çıxanları, mütərəqqi olanları saxlanılır, möhkəmlənir, inkişaf etdirilir. Adət sahəsində buna çox zaman irs də deyilir.
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə, dahi şair M.Ə.Sabir əsərlərində avam ca¬maatın gözünü açmaqdan ötrü əllərindən gələni əsirgəməmişlər:

Səs ucalaşdı, qoymayın!
Millət oyaşdı qoymayın!
Rişteyi-dərsə, məktəbə...
Cümlə dolaşdı qoymayın!
İş yavalaşdı, qoymayın!

El uyuşub azanlara,
Gündə qəzet yazanlara,
Od vurulub qazanlara,
Qaynadı, daşdı, qoymayın!
Həddindən aşdı qoymayın!

Tərk eləyin cavanları,
Zərrəcə yoxdu qanları,
Sözləri doğru isə də,
Başları saşdı, qoymayın!
Çöhrə təraşdı, qoymayın!

Sehri, füsunu xoşlayın,
Şairi, şeiri boşlayın,
Məktəb ilə bu firqənin,
Bağrı badaşdı, qoymayın!
Nikbəti var, səsin kəsin!
Qarğa dilaşdı, qoymayın!
Çox pis ulaşdı, qoymayın!

1950-1980-ci il Güney Azərbaycan şairləri xalqı münafiqlərə inanmamaq üçün bir sıra olduqca mənalı əsərlər meydana gətirmişlər ki, bunlardan biri də Abbas Barizdir. Şairin "Yalançı falçı və baxıcıların tənqidi" şeiri buna parlaq subutdur:

Əl çək, dəxi gəlməz işə bir də bu yalanlar.
İndi kora-peşmandı xürafata uyanlar.
Yer kürrəsi üstündə gəzir əkripilanlar.
Ulduzlara yol tapmağa işlərlər bu saət
Falçı, dəxi insaf elə ey kani cəhalət.
Sən baxtaçan olsan əgər, öz bəxtin açarsan,
Falçı, dəxi insaf elə, ey kani-cəhalət.
Sən də baxıcı xalqı inandırma özündən.
Girəm ki, avamlar başa düşmürlər sözündən.
Xənaslığın asarı hüveydadı gözündən.
Şeytan kimi qəlbində gəzir fikri-xəbasət
Sən də dəxi insaf elə, ey kani-cəhalət.
Tas qur, dua yaz, qoyma təbibə gedə bimar.
Qaz qəbrini biçarələrin, day nə sözün var?
"Div var", "pəri var", gəlməsin eylə daha təkrar.
Qorxma, hələ ki, var bu cəmaətdə himaqət,
Yüz il bundan sonra yenə qanmaz bu cəmaət.
Pusidə bu sözlər bizi qoy lap dala salsın,
Biz neyləyirik elmi, bizə şöbədə qalsın.
Hərdən biri gəlsin, bu qərar ilə pul alsın.
Bariz, demə bu millətə bihudə dəlalət,
Müşgüldü müəssər ola bunlarda hidayət.

Göründüyü kimi Abbas Bariz xalqı aldadan fırıldaqçı falçıları ifşa eləyir, eyni zamanda onlara inanan avam insanları tənqid atəşinə tutur. Abbas Bariz öz yaradıcılığında xalqı ağrıdan, acıdan elə bir mövzu yoxdur ki, ona toxunmamış olsun. Lakin bununla yanaşı şair heç vaxt mənsub olduğu xalqın adət-ənənələrini unutmayıb, meydana gətirdiyi olduqca dəyərli, və mənalı poeziya nümunə¬lərinin bir çoxunun naxışlarını xalq adət-ənənələri ilə bəzəyib. Biz bunu şairin bir çox əsərlərində, o cümlədən "Eldayağına salam" şeirində görə bilərik:

Eldayağı el yaylağa gələndə,
Dağ-dərələr çiçəklənib güləndə,
Yorğun maral kirpiklərin siləndə
Bizdən də bir salam olsun sizlərə,
Yalqız gəzən oğlanlara, qızlara.

Eldayağı, gün yerindən çalanda,
Hücum çəkib ölkələri alanda,
Şair ona baxıb heyran qalanda,
Salam edər sünbüllərə, güllərə,
Həsrət ilə baxar yaşıl çöllərə.

Eldayağı, yaz köynəyin sərəndə,
Çal kəkliklər yamaclardan süzəndə,
Qızlar çıxıb növruzgülü dərəndə,
Bir su olub daşlarından axaydım,
Gül-çiçəkli dağlarına baxaydım.

Eldayağı, ördəklərin üzəndə,
Çil kəkliklər yamaclarda süzəndə,
Dünya bilsin, sənin bu torpağında,
Şərafətli iyid canlar bəslənib,
Səttarxantək qəhrəmanlar bəslənib.

Eldayağı, Təndirlinin başında,
Gözəl kəklik yuva bağlar daşında,
Bir cəzbə var gözlərinin qaşında,
Aşiqləri odur salan dağlara,
Həsrət qoyan gül-çiçəkli bağlara.

Çənli dağlar, çox kəsməyin aranı,
Al üstündən örtülməyən qaranı,
Dərman olsa, tez sağaldar yaranı,
Heyif olsun, hər dərdimi bilən yox,
Bircə gəlib göz yaşımı silən yox.

Bu şeiri Şəhriyarın "Heydarbabaya salam" poemasının davamı kimi də qəbul etmək olar. "Eldayağı" da "Heydərbaba" kimi simvolik obrazdır, müdriklik timsalıdır. Burda həm vətən, həm torpaq, həm xalqın bütün milli-dəyərlərini, adət-ənənələrini, mə¬nəvi keyfiyyətlərini, nəcib sifətlərini, mədəniyyətini, əzəmə¬tini, qururunu, basılmazlığını, əyilməzliyini, yenilməzliyini özündə cəmləmiş nəhəng bir obraz canlanır. Şair, ustad Şəhriyarın "Heydərbaba" ilə dioloqa girdiyi kimi "Eldayağı" ilə açıq söhbətə girir. Sualı da özü verir, cavabı da. Çünki bu da "Heydərbabaya salam"dakı kimi şairin əslində lirik "Mən"idir. Bu lirik "Mən"də xalqın mənəviyyatı, tarixi, mənəviyyatı toplaşıb. Şair həm vətənin, torpağın gözəlliyi vəsf edir, həm xalqın həyatını göz önünə gətirir, həm də dərdini danışır. Şair çənli dağlara müraciət edəndə bilavasitə xalqın yəqin ki, qiyamətə qədər yaşayacaq adət-ənənəsini yada salır; "Al üstündən örtdürməyin qaranı",-deyir...

Vüqar Əhməd
professor