İslam dövlətinin hədəfi Fərat çayının qərbidir Dünya

İslam dövlətinin hədəfi  Fərat çayının qərbidir

İslam Dövləti şimali Raqqanın suriyalı üsyançıların və kürd qüvvələrin əlinə keçməməsi üçün uzun və gərgin mübarizə aparıb

Cavid

İslam Dövləti lazımi avadanlıq və ən çox ehtiyac duyulan qüvvələrin təmin edilməsi üçün əsas təchizat yollarının müdafiəsinə üstünlük verəcək. İslam Dövləti hücum əməliyyatlarında çeviklik nümayiş etdirməyə davam edəcək. Suriya hökuməti və üsyançı qüvvələr bir-birlərinə qarşı döyüşməkdən əl çəkib diqqətlərini və ehtiyatlarını İslam Dövləti ilə mübarizəyə yönəltməli olacaqlar. Döyüş meydanında böyük çeviklik göstərən İslam dövləti Suriya-Türkiyə sərhədində daha çox ərazini əldə saxlamaq üçün həyata keçirdiyi genişmiqyaslı hücumla üsyançı qüvvələri çaşdıra bilib. İslam dövlətinin bölgədə qüvvələrinin sayını azaltdıqdan sonra taktikalarında gözlənilməz dəyişiklik etməsi üsyançılara qarşı uğur əldə etməsi isə nəticələnib. Soran şəhərini ələ keçirən İslam dövləti Mari şəhərinə doğru irəliləyir. Ancaq Hələb şəhəri və digər əyalətlərdən dəstək qüvvələr göndərilməsi sayəsində Suriyanın üsyançı qüvvələri İslam dövlətinə qarşı güclü əks-hücumlar təşkil etməyə başlayıblar. Hər iki tərəf mövqelərini gücləndirməklə məşğul olduğundan döyüşün nəticəsi hələ məlum deyil, tarazlıq qorunur.

Hələb uğrunda döyüş

"Stratfor" yazır ki, islam dövlətinin Hələbin şimalında irəliləməsi Türkiyədən keçən təchizat yolları ilə bağlı narahatlığının artması ilə əlaqədardır. Ötən il ərzində Azad Suriya Ordusu və Kürdlərin Xalq Qoruma Birlikləri tərəfindən təşkil olunan hücumlar İslam Dövlətinin Suriya-Türkiyə sərhədində yerləşən mövqe və şəhərlər üzərində nəzarətinin zəifləməsinə səbəb olub. Ötən həftələrdə isə Azad Suriya Ordusuna bağlı olan "Euphrates Volcano" birliyi açıq şəkildə Raqqa əyalətində İslam Dövlətinin əlində olan Tel Əbyad şəhərini hədəf götürüb. Kürdlərin Xalq Qoruma Birliklərinin əl-Həsəkədən şərqə doğru irəliləmələri və "Euphrates Volcano" birliyinin Hələbdən qərbə doğru hücuma keçmələri nəticəsində Tel Əbyad İslam Dövlətinin əlindən çıxa bilər. Verilən məlumatlara görə, İslam Dövləti hətta döyüşçülərinin ailələrini şəhərdən çıxarmağa və Raqqa şəhərinə doğru köçürtməyə başlayıb. İslam Dövləti şimali Raqqanın suriyalı üsyançıların və kürd qüvvələrin əlinə keçməməsi üçün uzun və gərgin mübarizə aparıb. Bununla belə, qrup artıq başa düşür ki, hava hücumundan müdafiə üçün dəstək göstərilən bu qüvvələrlə açıq bir əraziyə görə uzun müddət mübarizə aparmaq mümkün olmayacaq. Kobani uğrunda gedən döyüş zamanı dərsini almış və inadla uğursuz bir strategiyanın izlənilməsinin yaxşı nəticələnmədiyini görmüş İslam Dövləti artıq Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən hava hücumundan müdafiə üçün dəstək göstərilmədiyi ərazilərə diqqətini yönəltməyə başlayıb.İslam Dövlətinin hədəfi Hələb əyalətinin şimal sərhəddi, yəni Fərat çayının qərbidir. Bura İslam Dövlətinin hələ də tam nəzarəti altında olan yeganə sərhəd mövqeyi olmaqla yanaşı eyni zamanda çox hissəsi islamçı üsyançı qruplaşmaların əlində olan bir regiondur. Bu qruplaşmaların bir çoxu əl-Nüsrə Cəbhəsi ilə əlaqəli olduğundan ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən bu bölgəyə hava dəstəyi təmin edilməsi ehtimalı daha azdır. İslam Dövlətinin təchizat yolları, üsyançıların isə regiondakı sadiq qüvvələrlə bağlı narahatlıqları qrupun diqqətini Hələbə yönəldir.

Dəməşq üçün bir nemət

İslam Dövlətinin Hələbə hücum etməsi iki baxımdan Suriya hökumətinin maraqlarına xidmət edir. Birincisi, bu hücum suriyalı üsyançıları əyalətdəki sadiq qüvvələrə qarşı gözlənilən hücumu təxirə salmağa vadar edib. Ötən bir neçə ay ərzində Hələb cəbhəsində nisbətən sakitlik olub, regiondakı üsyançılar isə şəhərdə və şəhər ətrafında hökumət tərəfindən tutulan mövqelərə hücum üçün hazırlaşıblar. Bu hücumun ölkənin cənubunda yerləşən Dera şəhərindəki üsyançılar tərəfindən hazırlanan oxşar hücumla eyni vaxtda müəyyənləşdirilmiş olması da mümkündür. Bundan başqa, Hələbdəki dövlətə sadiq qüvvələrin təchizat yollarında təhlükələr olduğundan və Dəməşq digər cəbhələri ön plana çəkdiyindən onlara əlavə yardım çox az göndərilib. Hazırda üsyançıların başı İslam Dövlətinə qarışdığı üçün planlaşdırılmış hücumu təxirə salmalı olduqlarından, Hələbdəki dövlətin tərəfində olan qüvvələr bir növ vaxt qazanıb. İkincisi, İslam Dövlətinin Hələbə soxulması İdlib əyalətində hökumət qüvvələrinə qarşı dəfələrlə qələbə qazanmış Ceyş əl-Fəth üsyançı qrupunu çoxlu sayda döyüşçüsünü mühasirədə qalmış müttəfiqlərinə kömək üçün Hələb cəbhəsinə göndərməyə məcbur edib. İslam dövlətinin Ceyş əl-Fəth təşkilatı daxilindəki başlıca qruplardan birini təşkil edən Əhrar əl-Şam döyüşçülərinin ailələrini ələ keçirməsi ilə bağlı çıxan xəbərlər əsasında deyə bilərik ki, Ceyş əl-Fəth üsyançılarının əsas diqqəti şimali Hələbdə İslam Dövlətinə yönəldəcəyi ehtimalı artıq daha çoxdur. Üsyançı qüvvələrin diqqəti Hələbə yönəltmələrinin Suriya hökuməti üçün xeyri olsa da, hökumətin İslam Dövlətinin ölkənin digər bölgədəki fəaliyyətləri nəticəsində yaranan başqa problemləri də var. Palmira şəhərini ələ keçirən İslam Dövləti hökumətin əlində olan əsas şəhərlərdən biri Homsa yaxınlaşırlar. İslam Dövlətinin regiondakı döyüşçüləri eyni zamanda T4 hərbi hava bazasına hücum etməyə hazırlaşır. Dövlətin ən önəmli hərbi hava bazalarından biri olan T4 şərqi və mərkəzi Suriya üzrəində aparılan əməliyyatlarda da həlledici rol oynayır. İslam Dövləti Suriyada üsyançı və hökumət qüvvələrinə qarşı böyük təhlükə təşkil etdiyini göstərir. Uzun müddətdir döyüşçülərinin əksəriyyətini bir-birləri ilə apardıqları döyüşlərə həsr etmiş üsyançı qruplar və Dəməşq getdikcə daha yaxşı başa düşür ki, İslam dövlətinin ölkədəki daxili münaqişədən istifadə edib müdafiəsi zəif olan bölgəni ələ keçirməsinə imkan verə bilməzlər. Vəziyyətin nə dərəcədə ciddi olması özünü onda göstərir ki, İslam Dövləti əvvəllər yaxınlaşa bilmədiyi və əhalinin sıx məskunlaşdığı Hələb, Homs və Dəməşq kimi yerlərdə qüvvələrini irləşdirir.İslam Dövlətinin də üsyançı və koalisiya qüvvələrinin Türkiyədən keçən təchizat yollarını bağlamaq cəhdləri kimi təhlükələrlə üzləşməsinə baxmayaraq, bu qruplaşma bir sıra yerlərdə hələ də öz qüvvəsini saxlaya bilir. Təmin etdiyi hər bir yeni baza, şəhər və ya təchizat anbarı Suriyanın vətəndaş müharibəsində rolunu daha da artırır, bu isə ona İraqla sərhəddə yeni müvəffəqiyyətlər gətirir. İslam Dövləti Suriya hökuməti və üsyançı qüvvələrin döyüş planları və hədəflərində getdikcə daha önəmli bir amilə çevrilir, buna görə də, vətəndaş müharibəsində iştirak edən tərəflər əsas diqqəti bu qruplaşmaya yönəltməlidirlər.