“AKP-nin təkbaşına hökumət qurmasına mane olan əsas səbəb HDP-nin 10 faizlik barajı aşıb parlamentə düşməsi oldu” Dünya

“AKP-nin təkbaşına hökumət qurmasına mane olan əsas səbəb HDP-nin 10 faizlik barajı aşıb parlamentə düşməsi oldu”

Elxan Şahinoğlu: "İndi AKP çalışacaq ki, qarşıdan gələn seçkilərdə HDP parlamentə düşə bilməsin"

Türkiyədə müvəqqəti hökumətin formalaşmasından sonra ölkədə siyasi canlanma yaranıb. 7 iyun parlament seçkilərindən sonra müxalifətlə koalisiya qura bilməyən hakim Ədalət və İnkişaf Partiyası çətinliklə də olsa əksəriyyəti bitərəflərdən ibarət olmaqla keçid hökuməti qura bildi. İndi həm Türkiyə cəmiyyəti, həm də siyasi müşahidəçilər mövcud siyasi böhranın bundan sonra, yəni noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər aradan qalxa bilmə ehtimalı üzərində təhlil aparır. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı bildirib ki, müvəqqəti hökumət Türkiyəni üzləşdiyi siyasi böhrandan çıxara bilməyəcək: "Bu hökumətdə fərqli siyasi cərəyanların nümayəndələri təmsil olunur, ona görə də problemləri həll edə bilməyəcək. Müəyyyən bir qərarlar verilə bilər. Amma yekdil bir hökumət olmadığına görə, bu iki ayı yola verməyə çalışacaqlar ki, ölkə hökumətsiz qalmasın, Türkiyəni növbəti seçkiyə aparsınlar. Bütün diqqətlər noyabrın 1-də keçiriləcək seçkilərə yönəlib. Seçki təbliğatı başladığına görə, baş nazir Əhməd Davudoğlunun da başı seçki kampaniyasına qarışacaq. Ola bilsin ki, hökumət bir neşə dəfə toplansın. Ancaq ciddi qərarlar çıxarılmayacaq". Politoloq hesab edir ki, AKP hökumət böhranından çətinliklə çıxa bilsə də seçkilərdə təkbaşına qalib gəlmək imkanını yenidən itirə bilər. Bu halda AKP yenidən koalisiya qurmaq üçün müxalifətə müraciət etmək məcburiyyətində qalacaq: "7 iyun seçkilərində AKP-nin təkbaşına hökumət qurmasına mane olan əsas səbəb Xalqların Demokratiya Partiyasının (HDP) 10 faizlik barajı aşıb parlamentə düşməsi oldu. İndi AKP çalışacaq ki, qarşıdan gələn seçkilərdə HDP parlamentə düşə bilməsin və onun səslərini parçalamasın. Eyni zamanda, terrorçulara qarşı aparılan hərbi əməliyyatlar AKP-nin reytinqini müəyyən qədər artırıb. Millətçi ruhlu insanlarda ümid yaranıb ki, Türkiyə dövləti separatçılara öz sözünü dedi. Çünki PKK ilə aparılan danışıqlar müsbət nəticə vermədi, terrorçular silahı yerə qoymadı və AKP onlara qarşı qətiyyətli mübarizə aparır. Bu da hakim partiyanın reytinqini artırır. Ancaq noyabrın 1-də keçiriləcək seçkilərdə də nəticələr 7 iyun seçkilərinə oxşaya bilər. Belə olan təqdirdə AKP əvvəlki kimi ya CHP ilə, ya da MHP ilə koalisiya qurmağa məcbur olacaq". Elxan Şahinoğlu qeyd edib ki, müvəqqəti hökumət hazırda Türkiyədə milli valyutanın sürətli devalvasiyası, işsizliyin artması, valyuta ehtiyatlarının sürətlə azalması kimi çətin iqtisadi problemləri həll edə bilməyəcək: "Türkiyədə iqtisadi vəziyyət ağırlaşır. Amma bu problemləri həll etmək hazırkı hökumətin vəzifəsi deyil. Ən böyük iqtisadiyyata malik olan Çin, Rusiya kimi dövlətlərin milli valyutası dəyərdən düşür. Bu, Türkiyə iqtisadiyyatına da təsir göstərir. Bəlkə də seçkilərdən sonra yeni və elə bir güclü hökumət formalaşcaq ki, Türkiyəni düşdüyü iqtisadi problemlərdən xilas edə biləcək. Ancaq bu indiki şəraitdə mümkün deyil".
Elxan Şahinoğlu "Sərsəng" su anbarı ilə bağlı məsələyə də toxunub. O, xatırladıb ki, Sərsəng su anbarı ilə vaxtilə ATƏT-in Minsk Qrupu həmsədrləri də məşğul olub. E. Şahinoğlunun sözlərinə görə, 2014-cü ilin mayında həmsədrlər bölgəyə səfərlərinin yekunu olaraq bəyanat hazırladılar: "Həmsədrlər bəyanatlarında xüsusi bir təkliflə də çıxış etmişdilər: Tərəflər işğal altında qalan Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılıq əldə etsinlər.Rəsmi Bakı bu təklifə müsbət yanaşa bilməzdi. Çünki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın separatçı liderləri ilə dialoqa getmir. Rəsmi Bakı yanlız Ermənistanla sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi ilə müzakirə apara biləcəyini dəfələrlə bəyan edib. Ona görə də, sülh sazişi imzalanmadan rəsmi Bakının Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparacağı real deyil. Rəsmi Bakı həm də ondan ehtiyat edir ki, Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılaşma əldə olunsa, İrəvan bu faktoru Bakının faktiki Dağlıq Qarabağın rəhbərliyini tanıması kimi tədqim edəcək. Buna baxmayaraq, həmsədrlər AŞPA nümayəndəsinin hesabatına əsaslanaraq yenidən Sərsəng su anbarının birgə istifadəsi məsələsini aktuallaşdıra bilərlər.Ancaq rəsmi Bakının mövqeyi dəyişməyəcək. Sərsəng su anbarı yalnız sülh sazişi imzalandıqdan sonra birgə istifadə üçün müzakirə predmeti ola bilər. Rəsmi Bakının həmsədrlərdən sadəcə istəyi bu ola bilər ki, onlar Dağlıq Qarabağın separatçı liderlərinə təsir etsinlər ki, Sərsəng su anbarından Azərbaycan rayon və kəndlərinə qarşı təhdid vasitəsi kimi istifadə edilməsin. Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını planlaşdırarkən, Sərsəng su anbarının da təhlükəsiz şəkildə nəzarət altına alınması haqqında düşünmək məcburiyyətindədir. Çünki Sərsəng su anbarının qəsdən partladılması ətrafa böyük ekoloji fəlakət yarada bilər".