“Köləliyin də qiyməti var” Dünya

“Köləliyin də qiyməti var”

Elxan Şahinoğlu: "Ermənistan bu köləliyin qarşılığında Rusiyadan daha ucuz qaz alacaq"

Asim Mollazadə: "Rusiyanın öz for-postuna münaqişənin həllində hansı addımları atmaqla bağlı necə əmrlər vermsəi hələlik bəlli deyil"

Sahib Alıyev: "Azərbaycanın Rusiyaya Ermənistan kimi forpost olmayacağı hər kəsə aydındır"

Elçin Bayramlı: "Moskvanın fövqəlmaraqları hazırkı şəraitdə Ermənistanı yox, Azərbaycanı müdafiə və cəlb etməyi əmr edir"

Sərkisyanın Rusiyaya səfəri, Rusiyanın bu ölkəyə satdığı qazın qiymətini aşağı salması, həmçinin 200 milyon dollar güzəştli krtedit verməsi suallar yaradıb. Ekspertlər bu barədə nə düşünürlər?
"Köləliyin də qiyməti var, Ermənistan bu köləliyin qarşılığında Rusiyadan daha ucuz qaz alacaq", - deyən politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Ermənistana qazı min kubametrə görə 165 dollara satmaq qərarını verib: "Misal üçün Rusiya Ukraynaya qazı 268 dollara satır. Ermənistan prezidenti Serj Sərkisyan Moskva səfərini şərh edərkən silah almaq üçün Rusiyadan 200 milyon dollar güzəştli kredit alacağının anonsunu da verib. Lavrov Bakıya gəlir və bizi hədələyir ki, işğalçıya qarşı müharibəyə başlamayın, o biri tərəfdən də baş işğalçını Moskvaya çağırıb deyirlər ki, "möhkəm ol, arxandayıq, bu da sənə silah üçün pul". Bundan sonra hələ də deyirik ki, Rusiya Azərbaycanın "strateji tərəfdaşı"dır".
Millət vəkili Asim Mollazadə deyib ki, Rusiya Ermənistan üçün qaz qiymətlərini aşağı salıb və silah alması üçün ona borc verib: "Bunun müqabilində Rusiya Ermənistana- öz for-postuna bir sahib kimi Qarabağ münaqişəsinin həllində hansı addımları atmaqla bağlı necə əmrlər verib, hələlik bu bəlli deyil". Onun sözlərinə görə, Serj Sarkisyanın bundan sonrakı faəliyyətində hər istiqamətdə dəyişiklik olacaq.
Millət vəkili Sahib Alıyev isə öz facebook səhifəsində yazıb ki, Serj Sərkisyanın prezident Vladimir Putinin hüzurunda Rusiyanın Ermənistana cəbbəxanasını yeniləmək üçün 200 milyon dollar güzəştli kredit verməsi haqqında açıqlamasının arxasında iki məsələ dayana bilər: "Birincisi, 2-3 ay bundan öncə anons edilən kredit məsələsini təzə bir şeymiş kimi yenidən qabardılması onunla bağlı ola bilər ki, Sərkisyanın üzərinə yeni öhdəliklər qoyulub.
Bir qayda olaraq, ciddi hərbi sövdələşmələr kamera önündə dilə gətirilmir. Əgər dilə gətirilirsə, demək, dilə gətirən tərəf bunun qarşılığında dilini gödək edəcək nələrəsə gedib.
Amma bu da ola bilər ki, Moskvanın Ermənistana satdığı qazın qiymətini yenidən ucuzlaşdırması və bu kredit məsələsinin qabardılması ermənilər arasında Rusiyaya qarşı artan narazılığı azaltmaqla yanaşı, həm də Sergey Lavrovun Azərbaycana səfərinin nəticələrindən, daha dəqiqi nəticəsizliyindən doğur. Yəni rəsmi Bakı Kremlin müəyyən arzularına müsbət cavab verməyib, onlar da məhz indi Sərkisyanı Moskvaya çağırıb Ermənistana bəzi güzəştlər etməklə bir güllə ilə 2 dovşan vurmağa çalışırlar. Bir tərəfdən Ermənistanda Rusiyaya qarşı getdikcə artan və daha da artacağı proqnozlaşdırılan narazılıqları önləmək istəyir, digər tərəfdən isə bununla bizi qıcıqlandırmaq niyyəti güdürlər.
Bütün hallarda Azərbaycanın Rusiyaya Ermənistan kimi forpost olmayacağı hər kəsə aydındır. Hər kəsə o da aydındır ki, iki ölkə arasında strateji müttəfiqliyin yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən, ədalətli həllindən keçir.
Yəni top ermənilərin ağasının meydançasındadır. Və proseslərin necə sürətlə dəyişdiyini nəzərə alsaq, deməliyik ki, o, orada çox qalası deyil. O da unudulmamalıdır ki, başqa toplar da var. Ancaq onlarla oynamırlar, onlardan atırlar...".
"Altay" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı isə deyib ki, əgər Rusiya Qarabağ problemini həll etməyi qarşısına məqsəd qoyubsa bu düzgün addımdır, yox əgər bu addım yalnız regionda öz təsirini saxlamağa hesablanıbsa onda bu o qədər də yaxşı effekt verməyəcək. Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bakı, Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfərini şərh edən E. Bayramlı Rusiyanın Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həll prosesində güzəştə məcbur etmək üçün müəyyən gedişlərdən istifadə etdiyini bildirib: "Məsələn, qazın qiymətini ucuzlaşdırır, silah satmağa razılıq verir. Bununla həm regionda problemin həllində özünün əsas rolunu ortaya qoyur, həm də Ermənistanı Qərbə yaxınlaşmaqdan saxlayır. Əgər Rusiya Qarabağ problemini həll etməyi qarşısına məqsəd qoyubsa bu düzgün addımdır, yox əgər bu addım yalnız regionda öz təsirini saxlamağa hesablanıbsa onda bu o qədər də yaxşı effekt verməyəcək. Rusiya cənub-qərb sərhədlərində 2 ölkəni itirmiş olacaq– Qərb yönümlü kursa keçə biləcək Azərbaycanı və Gürcüstanı tamam itirəcək, bununla Ermənistana və İrana quru yolu bağlanmış olacaq. Avrasiya İttifaqına Azərbaycanı da cəlb etmək mümkün olmayacaq, regionda Moskvanın müttəfiqləri azalacaq. Azərbaycan və Türkmənistan Avropanı Rusiyanın qaz asılılığından xilas etmək üçün çalışacaqlar və Kremlin Avropaya iqtisadi təsir rıçaqlarından biri zəiifləyəcək. Lakin Kremldə o qədər də ağılsız adamlar oturmayıblar. Rusiyanın fövqəldövlət maraqları tələb edir ki, Azərbaycan Aİİ-yə, KTMT-yə və Gömrük İttifaqına üzv olsun, öz qazını birbaşa Qərbə yox, Rusiyaya satsın ki, o da Avropanın belini daha çox qıra bilsin, Qafqazda 3 respublikadan 2-ci Rusiyanın müttəfiqi olsun, Azərbaycanla ticarət əlaqələri artsın, rus şirkətləri burada genişmiqyaslı işləsin, Xəzərdə əhatəli Rusiya zonası yaransın (Qərbin buraya girmək imkanı sıfıra endirilir), İranla birbaşa quru əlaqəsi itirilməsin, dollardan imtina edərək qarşılıqlı hesablaşma sisteminə Bakı da qoşulsun və s. Göründüyü kimi, Moskvanın fövqəlmaraqları hazırkı şəraitdə Ermənistanı yox, Azərbaycanı müdafiə və cəlb etməyi əmr edir. Lakin öz acından ölən çoxəsrlik qulbeçəsinin də bu güzəştin əvəzində ağzına bir şey atmaq lazımdır ki, bunu da düzgün şəkildə etdi. Baş verənlər onu deməyə əsas verir ki, dövlətimizin apardığı siyasət, üstəgəl Rusiya ətrafında yaranmış mürəkkəb geosiyasi vəziyyət Qarabağ probleminin həllində ən ideal imkan yaradıb. Son gönlər regionda baş verənlər, cəbhə xəttində yaranan situasiya və ordumuzla bağlı bəzi tədbirlər göstərir ki, ağacın lap yuxarı ucunda yerləşmiş meyvə tam yetişib, artıq onu dərmək vaxtıdır. Bu meyvəni dərmək üçün nərdivanı isə Rusiyadan alacağıq. Nəyin bahasına olursa olsun. Düzdür, belə vəziyyət Qərbin xoşuna gəlməyəcək və buna mane olmaq üçün erməni lobbisinin əli ilə min bir oyundan çıxmağa cəhd edəcəklər, lakin artıq onların tullanmaqlarının dalınca getmələrinin tam vaxtıdır".

Əli