Vadimir Putinin Sovet xülyası Dünya

Vadimir Putinin Sovet xülyası

O, qəsdən soyuq müharibə atmosferi yaratdı

Cavid

Dünyanın altı güclü ölkəsi ilə İran arasında nüvə sazişinin bağlanması birdən çox ölkənin birgə fəaliyyətinin qələbə çaldığını göstərdi. Əgər həmin qüvvələr – BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya – digər mübahisəli məsələləri də həll etmək üçün birgə çalışsaydılar, bütün dünyada yeni əməkdaşlıq və stabillik dövrü başlaya bilərdi.
Təəssüf ki, bu ehtimalın gerçəkləşməsi mümkün görünmür. Çinin Cənub Çin dənizindəki fəaliyyətindən İslam dövlətinin Yaxın Şərqdə irəliləməsinə qədər rəqabət və münaqişələr uzunmüddətli regional nizam üçün təhlükə yaradır. Ancaq, yəqin ki, ən ciddi münaqişə Rusiya Prezidenti Vladimir Putinin ekspansionist ambisiyalarının mərkəzinə çevrilmiş ölkədə, yəni Ukraynada baş verən münaqişədir.
"Project-Syndicate" yazır ki, Rusiyanın Krımı ilhaq etməsi və Şərqi Ukraynada separatçıları dəstəkləməsi Qərblə münasibətlərini pozdu və Putin Amerikanın başında gəldiyi liberal dünya nizamına qarşı ideoloji cəhətdən öz "mühafizəkar dəyərləri"ni qoyaraq qəsdən soyuq müharibə atmosferi yaratdı. Buna baxmayaraq, Suriyadakı qırğın, İslam dövlətinə qarşı mübarizə, nüvə silahlarının yayılmasının qarşısının alınması, Arktikada maraqların toqquşması kimi mühüm əhəmiyyətə malik məsələlər Rusiyanın iştirakı olmadan həll edilə bilməz.
Buna görə də, Qərb üçün çətin olsa da, Rusiyanı razı salmaq üçün müəyyən cəhdlər göstərilməsi zəruridir. ABŞ Rusiyanın həssas olduğu məsələlərə artıq laqeyd yanaşmamalı və Rusiyanın NATO ölkələri ilə sərhədləri ilə əlaqədar təhlükəsizlik maraqları öz həllini tapmalıdır. Ukrayna parlamentinin Rusiya yönümlü separatçı regionların muxtariyyətini təsdiqləməsi sülhün bərpa edilməsi üçün lazım olan əsl güzəşt ola bilər.
Bütün bunlara baxmayaraq, Rusiyadan da çox şey asılıdır. Sovet İttifaqının soyuq müharibə dövründəki "böyük qüvvə" statusunu geri qaytarmaq istəyi həmin dövrün verdiyi dərsləri unutdurur. Sovet İttifaqı davamsız bir imperiya idi; nizamın təcrid və ikiqütblülükdən asılı olduğu bir dövrdə davam gətirə bilməyən bir imperiya bu gün mövcud olan çoxqütblü qlobal siyasi sistemdə də yenidən yaradıla bilməz.
İqtisadiyyatı getdikcə zəifləyən və ABŞ-a qarşı istifadə edə biləcəyi güclü ittifaqları olmayan Rusiya hazırda Qərbə qarşı gələ biləcək mövqedə deyil. Putin iyul ayında BRICS (Braziliya, Hindistan, Çin, Rusiya və Cənubi Afrika) və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində qeyd etdiyi kimi, Rusiya və BRICS tərəfdaşlarının dünya və qlobal iqtisadiyyat üzrə gələcək liderlərə çevriləcəyini ümid edir.
Ancaq bariz həqiqət belədir ki, nə BRICS, nə də Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyanı Ukraynadakı əməllərinin nəticələrindən qoruya biləcək vahid bir ittifaqa çevrilməsi mümkün görünmür. Bu qruplaşmaların dəyər və strateji maraqları arasındakı fərqlər onların müxtəlif üzvlərinin Qərblə mövcud olan fikir ayrılıqları qədər kəskindir.
Rusiyanın Çinlə ikitərəfli əlaqələri də bu baxımdan istisnalıq təşkil etmir. Bu iki ölkə arasındakı münasibət Çinin Rusiya enerjisindən asılılığı, alternativ dünya nizamının nəzəri əsası kimi "təsir dairələri"nə ortaq dəstək və Qara dənizdə birgə aparılan hərbi təlimlər üzərində qurulsa da, onların maraqları Mərkəzi Asiyada toqquşur. Belə ki, Çin burda təsirini artırmaq üçün böyük investisiyalar axtarışındadır. Ötən il Putin Qazaxıstanın müstəqilliyini sorğulayarkən Çin ölkənin suverenliyini dəstəkləməkdə gecikmədi. Kremldə narahatlıq doğuran başqa bir məsələ də Rusiyanın kimsəsiz Uzaq Şərq sərhədlərinə Çinin potensial hücum təhlükəsidir.
Daha önəmlisi də odur ki, Çinin iqtisadiyyatı Qərb, xüsusilə də ABŞ bazarlarına çıxışdan asılıdır. Çin zəifləyən iqtisadiyyatının daha böyük tərəddüd yaratdığı bir vaxtda birbaşa marağında olmayan məsələlərə görə ABŞ-la gərginlik yaradacaq bir vəziyyətdə deyil. Bu məsələlərdən biri də Cənub Çin dənizindəki ərazi iddialarıdır.
Rusiyanın zəif ittifaqlar qurmasına baxmayaraq, Putin hələ də qətiyyətli görünür. Putinin nüvə arsenalı ilə öyünməsindən başqa hələ bu yaxınlarda hökumət dəniz qüvvələri haqqında yeni doktrina qəbul edildiyini elan edib – hətta bu doktrina Almaniyanın birinci dünya müharibəsindən əvvəl hərbi-dəniz qüvvəsi ilə Britaniyaya meydan oxumasını xatırladır. Diplomatik uzlaşma əldə edilməzsə, Putin öz yoluna davam edərək ölkəni NATO ilə tam bir münaqişə astanasına gətirə bilər.
Belə bir münaqişə başlamasa belə, Rusiyanın bütün Avrasiyada nüfuzunu bərpa etmək üçün Putinin göstərdiyi cəhdlərin ağır nəticələri ola bilər. Təəccüblü deyil ki, Qazaxıstan və Belarus Rusiyanın ekspansionist siyasətinə qarşı ehtiyatlı davranırlar.
Putin keçmiş prezident Dmitri Medvedyevin Qərblə "modernizasiya tərəfdaşlığı" konsepsiyasını da rədd edib. Ancaq Rusiya üçün modernizasiyaya gedən yol nə Avrasiya Gömrük İttifaqı, nə də müdafiə sənayesini sənayeləşmənin hərəkətverici qüvvəsinə çevirmək üçün göstərilən səydir. Uzun sözün qısası, bunlar bir vaxtlar uğursuz olmuş və yenə olsa, yenə də uğursuz olacaq Sovet modelinə xas yollardır.
Əgər Putin, həqiqətən də, Rusiyanın iqtisadiyyatını şaxələndirmək və gücləndirmək, bununla da əhalinin həyat səviyyəsini qaldırmaq istəyirsə, Qərbdən müasir texnologiya və xarici investisiya cəlb etməlidir. Bunun üçün isə demokratik islahatlar keçirməli, Qərblə yeni diplomatik əlaqələr qurmalıdır.
Rusiya alternativ bir beynəlxalq sistem yaradacaq vəziyyətdə deyil, lakin əgər Putin müasir dövrə uyğun gəlməyən xarici siyasət izləməyə və düşmənçiliyə davam edərsə, mövcud sistemi sarsıda bilər. Bu isə stabilliyi pozan bu qədər problemin olduğu bir vaxtda heç kim üçün yaxşı olmaz.
Qərb NATO-nun genişlənməsi kimi strateji məsələlər üzrə Rusiyanın narahatlığını aradan qaldırmağa çalışmalıdır. Ancaq bu da Putinin Rusiyanın zəifliyinin mənbəyini, yəni Sovet İttifaqının uğursuzluğunu qəbul edə və ya görə bilməməsinin öhdəsindən gəlməyə kömək etməyəcək.