Putin Suriya ilə bağlı hansı fikirdədir? Dünya

Putin Suriya ilə bağlı hansı fikirdədir?

"Politico" jurnalı müəyyən araşdırma apararaq mütəxəssislərin fikri ilə maraqlanıb

Cavid

Ötən həftə BMT-də çıxış edən Vladimir Putin Qərbin Bəşir Əsədə dəstək olmamasını ciddi səhv kimi dəyərləndirib. Rusiya bombaları Suriyadakı hədəflərə düşəndə isə bir çoxları Putinin səhv etdiyini qeyd etməyə başladı. Başqa ekspertlər isə Putini strateji qrossmeyster adlandırdı.
Rusiyanın müdafiə naziri Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ İŞİD-ə qarşı mübarizədə eyni fikiri bölüşürlər. ABŞ-ın müdafiə naziri Eş Karter isə qeyd edib ki, Rusiyanın bombaladığı ərazilərdə İŞİD döyüşçüləri olmaya bilər. ABŞ tərəfi artıq birinci dəfə deyil ki, Rusiyanın danışıqda ayrı, əməldə ayrı fəaliyyət göstərdiyini qeyd edir. Rusiya zərbələri İŞİD-lə mübarizə məqsədi ilə endirdiyini bildirsə də, əsl səbəb müzakirə mövzusuna çevrilir.
Bu səbədən də "Politico" jurnalı müəyyən araşdırma apararaq mütəxəssislərin fikri ilə maraqlanıb. O, sadəcə ABŞ-a gücünü göstərir? Yoxsa Əsədi xilas etmək niyyətindədir? Bəlkə o həqiqətən İŞİD-i yox etmək fikrindədir? Və yaxud da rusiyalı diktatorun məqsədi adi insanların başa düşə biləcəyi səviyyədə deyil?

***

Edvard Lukas, "Economist" nəşrinin əməkdaşı, "Avropa siyasəti" araşdırmalar mərkəzinin vitse prezidenti

Rusiya qalib gəldi. Qərb diplomatiyası və ABŞ liderliyi üçün acınacaqlı olan ötən həftənin yekunlarını belə adlandırmaq olar. Avropanın cəbhəyə yaxın dövlətləri belə hesab etməlidir. Həftə Putinin BMT-dəki uğurlu çıxışı ilə başladı. O, hakimiyyətdə maraqlı olan lider kimi çıxış etdi. O, Qərbi etinasızlıqda günahlandıraraq, İŞİD qurbanlarına görə həyacan keçirdiyini bildirdi. Obama özünü ən zəif tərəfdən görsətdi. Ritorikanın siyasəti əvəz etdiyini qəbul edən lider kimi.
Həmin gün Putin daha bir uğur qazandı. Obama ilə göz - gözə görüşdü. Rusiya KİV-i baş verənləri Ukrayna konfliktinin səbəb olduğu siyasi izolasiyanın sonu kimi dəyərləndirdi. Ardınca Rusiya Suriyaya silah və qoşun göndərdi. Burada əsas məqsəd Əsədi müdafiə etməkdir. İŞİD-in təyyarələri yoxdur və bu səbəbdən də Rusiyanın Hərbi hava Qüvvələri Suriyada dominantlıq edəcək. Rusiya bu addımla ABŞ-ın nüfuzuna böyük zərbə vurdu və hərbi diplomatiya qanunlarını pozdu. ABŞ təşvişə düşüb, lakin hələ ki cavab verməyib.
Belə qərara gəlmək olar ki, artıq Ukrayna məsələsi bağlandı. İndi Rusiya üçün yeni əyləncə başlayıb: Suriya. Burada rəsmi Moskva Əsədin müdafiəçisi rolunda çıxış edir. Əsəd sivilizasiya tərəfdarı, Qərb isə İŞİD-də dəstək verən tərəf kimi göstərilir. Lakin mən belə hesab edirəm ki, Rusiyanın Suriyadakı fəaliyyəti heç bir nəticə verməyəcək. Nəticədə Suriyada vəziyyət qəlizləşəcək, miqrantların Avropaya axını davam edəcək. Rusiya isə bütün bunları kənardan gülümsəyərək izləyəcək.
Putin həm də digər məqsədinə də çatmış oldu. Hərbi, iqtisadi və diplomatik zəyifliyinə baxmayaraq, Rusiya Qərbi özü ilə, özünə sərf edən şəkildə hesablaşmağa məcbur etdi. Suriyadakı vəziyyətin nəticəsində Putin artıq cavabdeh şəxsə çevrilib, hansına ki, kömək üçün müraciət edirlər.
Ən maraqlısı isə odur ki, Qərb baş verənləri başa düşmür. Onlar elə düşünürlər ki, sanksiyalar Putini sarsıdır. O, Ukraynada məğlub olub və bu addımı ilə özünü bərpa etmək istəyir. Putinin fəaliyyəti cəld reaksiya və möhkəm əsəbə dayanır. Onun aləmində biz uduzuruq o isə qalib gəlir. İndi o qiymət müəyyənləşdirə bilər.

***
Alek Lun, Politico nəşrinin jurnalisti

Ukraynanın, Kreml üçün 1 nömrəli problem olduğunu unutmaq olmaz. Rusiyanın Suriyadakı hava hücumları Bəşir Əsədin mövqeyini daha da gücləndirəcək. Uzunmüddətli gözləntilərə əsasən isə demək olar ki, Rusiyanın Suriyadakı fəaliyyəti, müəyyən danışıqlar zamanı üstünlüyə hesablanıb. Putin artıq Ukrayna səbəbindən düşdüyü siyasi izolasiyadan qurtulub və Obama ilə görüşərək müəyyən xallar toplayıb. Pərdə arxasında onlar nəyi müzakirə edirdi? Rusiyanın Ukraynadakı maraqlarını? Sanksiyaların bitmə vaxtını? Bütün bu suallar gözlənilmədən gündəliyə salınıb.

***

Ben Cuda, "Politico Europe" nəşrinin əməkdaşı, "Kövrək İmperiya: Rusiya Putini necə sevdi və necə sevmədi" kitabının müəllifi

Əgər kimsə desə ki, mən Putinin nə etmək istədyini bilirəm, bilin ki o yalan danışır. Kreml Qərbdən çox uzaqlaşıb. Belə uzaqlaşma Brejnevin dövründən sonra hələ olmamışdı. Qərbin ən məlumatlı araşdırmalar mərkəzi belə dəqiq bilmir ki, Rusiya rəhbərinə tövsiyələri kim verir və onu məlumatla kim təchiz edir.
Dəqiq bildiyimiz isə belədir. Putin tam olaraq izolasiya olunub və Yaxın Şərqdəki vəziyyətin çətinliyini nəzərə almadan düşünülməmiş addımlar atır. Krim, Donbass, Suriya – bunların heç birinə eyni gözlə baxılmır. Rusiya zəifləməkdə olan Qərbə təzyiqini daha da artırır. Digər mövqedə irəliləmək üçün, Rusiya müəyyən güzəştlərə də gedə bilər. Suriya ilə bağlı məsələdə Rusiya güzəştə gedə bilər, əvəzində isə Ukrayna məsələsi onun xeyirinə həll olunmalıdır və sanksiyalar aradan qaldırılmalıdır. Neftin ucuzlaşması və sanksiyalar Rusiyanı pis vəziyyətdə qoyur, bu səbədən də Suriya ilə bağlı atılan addım sanksiyaların götürülməsinə hesablana bilər. Əsl səbəbi isə biz bilmirik.

***

Maşa Qessen, "Simasız adam: Putinin yüksəlişi" kitabının müəllifi, jurnalist

Mən hesab edirəm ki, Putinin əsas məqsədi Rusiyanın gücünü nümayiş etdirməkdir. O, Sovetin köhnə qaydalarından istifadə edir: Güc və şantaj. Əsas məqsəd budur: Siz bizə qulaq asmalısınız və danışıqlardan kənarda saxlamamalısınız. Bu ismarıc birbaşa ABŞ-a ünvanlanıb. Ümumiyyətcə isə ismarıcın mətni belədir: "Mən sizin ölkəyə gələrək sizə şans vermişəm. Mən mülayim danışmağa hazır idim. Lakin siz mənim Əsəd hakimiyyətdə qalmalıdır ideyama dəstək olmadınız. Görək indi nə deyəcəksiz."
Putin hesab edir ki, Suriyadakı vəziyyətin bu həddə çatmasında günahkar ABŞ-dır. Məhz onlar inqilaba dəstək olublar. ABŞ Ukraynada da eyni ilə fəaliyyət göstərib. O əmindir ki, Rusiyadakı protestlərin arxasında da ABŞ dayanır. Əgər şəxsi münasibətlər müzakirə mövzusu deyilsə, onda Əsədin dəstəklənməsi həmrəylik nümayiş etdirməyə hesablanıb.

***

Endryu Vays, "Karneqi" mərkəzinin vitse prezidenti. Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı

Putini böyük strateq adlandırmaqda tələsirlər. O böyük impravizatordur. O, ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətsizliyini tamamlamağa çalışır. Mən inanmıram ki, Putin addımlarını əvvəlcədən hesablasın. Suriyada müharibə ərsəyə gəlmək üzrədir, o isə Rusiyanı bu müharibənin mərkəzinə atır. Vaxt gələcək cihadçılar Suriyada Rusiyalılara qarşı çıxacaqlar. Bu münaqişə Moskvaya qədər də gəlib çıxa bilər. Rusiyanın fəaliyyəti Əsəd rejiminə ruh verəcək, eyni zamanda cihadçıları da stimullaşdıracaq.
Putinin Ukraynaya qarşı aqresiyası faciə ilə nəticələndi. Suriyada da vəziyyət eyni ilə olacaq. Kremlin Milli təhlükəsizlik baxımından addımları birmənalı deyil. Putin İŞİD-ə qarşı yaradılmış koalisiya (ABŞ-ın sədrlik etdiyi) ilə müzakirə aparmadan qabağa düşərək, Suriyadakı vəziyyəti daha da qəlizləşdirmək niyyətindədir. Putin odla oynayır. Suriyada hesablanmamış və gözlənilməz hərbi qarşıdurmalar baş verə bilər.

***

Anders Aslund, Atlantik Şurasının əməkdaşı

Putinin Suriya ilə bağlı bir sıra məqsədləri var. Onun Ukraynadakı fəaliyyəti uğursuzluqla başa çatdıqdan sonra bir ildir ki, Putin qələbə ilə nəticələnəsi bir münaqişə axtarırdı. Ukraynadakı uğursuzluğunu sığortalamaq və unutdurmaq üçün bu vacib addım idi. Uzun müzakirələrdən sonra Putin Suriya variantının üzərində dayandı. ABŞ bu ərazidəki fəaliyyətini məhdudlaşdırıb, Avropanın başı isə qaçqınlara qarışıb. Əsəd isə Rusiyanın köhnə və yaxın tərəfdaşıdır. Rusiyanın İraq və İranla birgə fəaliyyəti isə ABŞ-ı çətin vəziyyətə salır. Putin İŞİD-in tərkibində mübarizə aparan Rusiya vətəndaşlarını da bombalamağa hazırdır (təxminən 2500 nəfər). Bu addımla o ABŞ-ı və Qərbi daha genişmiqyaslı əməkdaşlığa təhrik edə bilər.
Lakin belə taktikanın ciddi çatışmamazlıqları var. ABŞ-la mümkün hərbi toqquşma riski ərəfəsində olan Putinə Qərb çətin ki, güzəşdə gedər. Avantürist siyasətinə görə Qərb böyük ehtimalla sanksiyaları daha da gücləndirəcək. Müasir silahlarla Suriyadakı Rusiya fəaliyyəti ölkəyə baha başa gələ bilər. Krımla Donbas da Rusiyaya baha başa gəlir. Neftin qiymətinin, eləcə də rublun məzənnəsinin düşməsi dollarla göstərilən Rusiyanın Ümumi Daxili Məhsulunun da düşməsi ilə nəticələnib. Ruslar Yaxın Şərqdə müharibə aparmaq istəmirlər. Bu faciənin sonu görünmür. Putinin Suriyadakı fəaliyyəti Rusiyadakı siyasi sabitliyi poza bilər.

***

Kit Qessen, "n+1" nəşrinin əməkdaşı

Qərb üçün, Putinin siyasəti fərqli deyil. Rəsmi Moskva Qərb kimi davranır, lakin bir qədər kobud və bəhanəsiz. Ona görə də Putinin Suriya ilə bağlı fikri nədir -sualını verməzdən öncə, biz özümüz özümüzə belə bir sual verək: "Yaxşı bəs bizim Suriya ilə bağlı fikrimiz nədir?" Biz orada neyləmək niyyətindəyik? Bizim də fəaliyyətimiz Suriyaya bomba tullamaq və əhalini silahlandırmaqdan ibarətdir. Hakimiyətə gələrək müharibəni dayandıracağına söz verən yeni hakimiyyət bizim üçün yeni müharibə tapıb.
Putinə gəldikdə isə o həm ziyarət , həm də ticarət prizmasına uyğun davranır. Pis hazırlanmış ABŞ planlarını pozmaq yaxşıdır. Rusiyanın tərafdaşlarından birini xilas etmək isə ondan da yaxşıdır. Suriyanı bombalamaqla Rusiya öz istəyini həyata keçirmək istəyir. Putinin Suriya ilə bağlı planı nədir? Yaxşı heç nə və ya yeni heç nə.