Qüdsdə hücumlar Dünya

Qüdsdə hücumlar

Köhnə toqquşmalarda yeni qəzəb

Cavid

Qüds fələstinlilərlə israillilər arasında toqquşmaların mərkəzində dayanır. Hər ikisi də bu şəhəri paytaxt sayır. Hər ikisinin də milli rəmzləri bu şəhərdə yerləşir. Bəlkə Təl-Əvivin çimərliklərində, barlarında bu toqquşmaları unutmaq olar. Ancaq Qüdsdə bu çox çətindir.
BBC müxbiri Jeremy Bowen yazır ki, kimlərsə bura "Sülh şəhəri" də deyir. Son iki həftədə fələstinililərin yəhudilərə qarşı həyata keçirdiyi 20-dən çox bıçaqlama hücumlarının yarısı da bu şəhərdə baş verib. Qüdsdəki İsrailin ən böyük avtobus vağzalında çərşəmbə gecəsi bir fələstinli bir israilli qadını bıçaqlayıb. Polis deyib ki, hadisədən sonra fələstinli avtobuslardan birinə minmək istəyib. Ancaq sürücü qapıları bağlayaraq ona mane olub. Daha sonra hadisə yerinə göndərilən xüsusi təyinatlı polis atəş açıb həmin fələstinlini öldürüb.
Əslində bu şəhər iki ildən çoxdur təhlükəli şəkildə qaynayırdı. Benyamin Netanyahu hökumətinin "bölünməmiş əbədi paytaxt" adlandırdığı bu şəhərdə yəhudilər üçün ev tikmək milli vəzifə sayılır. Fələstinlilər isə bu şəhərdə özlərini evlərindən, torpaqlarından çıxarılmış kimi hiss edir. İki həftədəir davam edən toqquşmalardan sonra İsrail təhlükəsizlik tədbirlərini atırıb. Ancaq İsrail hökumətinin yüksək səviyyəli nümayəndəsi deyir ki, bütün tədbirlərə baxmayaraq hər an nəsə ola bilər. Çünki son hücumları hansısa qruplar yox, ayrı-ıayrı adamlar törədir.
Bəs təhsilli, çoxu da bundan əvvəlki zorakılıqlara qarışmamış fələstinli gənclər küçədə niyə yoldan keçən bir yəhudini bıçaqlayır? Qüdsün şərqində, yəhudilərin yerləşdiyi gənc israilliləri bıçaqlayan 15 yaşlı Hasan Mahanianın atası Halid Mahania ilə görüşdüm. Hadisə vaxtı Hasan vurularaq öldürülüb. Yanındakı 13 yaşlı xalası oğlu da üstünə sürülən maşının altında qalaraq yaralanıb.
İsrail tərəfi bildirir ki, bu hücumları radikal baxışlı adamlar internet yoluyla qızışdırır. Ancaq Halid Mahania deyir ki, oğlunun telefonu keçən ildən xarab olub. O gündən nə telefondan, nə də evdən internetə girməyib. Üstəlik ata uşaqları bir- biri ilə daha çox danışsın, daha çox kitab oxusunlar deyə evdəki televizoru da çıxardıb atıb. O, oğlunun nə üçün belə bir iş gördüyünün səbəbini izah edə bilmir. Deyir ki, oğlu tipik yeniyetmə olub. Siyasətlə maraqlanmayıb, radikallıqdan danışmağa isə dəyməz. Bunu deyib ata ağlayır.
Fələstinlilərin çoxu deyir ki, fələstinlilərin bir nəsli də torpaqlarında işğalın ədalətsizliyi və insan qürurunun ayaqlar altına atılmasıyla tamamilə gələcəklərindən qopur. İsrailin "xalqı müdafiə" adı ilə qeyri-bərabər güc tətbiq etməsi də fələstinlilərin qəzəbini artırır. Problem isə fələstinlilərlə israillilər arasında həll olunmamış toqquşmalardır. Bu qədim şəhəri sarsıdan zorakılığın mərkəzində bu dayanır.