Putin Əsədə söz verdi Dünya

Putin  Əsədə söz verdi

Suriya prezidenti Rusiya səfərindən məmnun qalıb

Cavid

Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfəri də Suriya məsələsinin tez bir zamanda çözüləcəyi anlamını verdi. Kreml bildirir ki, Suriya prezidenti Bəşər Əsəd oktyabrın 20-də axşam saatlarında Moskvaya gedib və rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Kremlin sözçüsü Dmitry Peskov Əsədin görüşünü "işgüzar" adlandırıb. Deyib ki, Əsəd axşam gəlib və tərəflər Suriyada islamçı silahlılara qarşı birgə hərbi kampaniyanı müzakirə ediblər.
Peskovun sözlərincə, danışıqlarda "terrorçu qruplarla" mübarizə, Rusiyanın Suriyada hərbi əməliyyatları, hava zərbələrini davam etdirməsi də müzakirə olunub. Əsəd Putinə Suriya hərbçilərinin planları barədə məlumat verib.
Bu danışıqların baş tutduğu gündə Moskvayla Vaşinqton Suriya hava məkanında Rusiya və NATO təyyarələri arasında insident risklərini minimum endirmək üçün razılaşma imzalayıblar. Məlumatı Pentaqon yayıb. Razılaşmaya əməkdaşlıq zonaları, yaxud hədəflərlə bağlı informasiyanın paylaşılması daxil deyil.
Əsəd Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib ki, Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar beynəlxalq hüquq normaları çərçivəsindədir.
O, Rusiyanın Yaxın Şərqdə terrora qarşı apardığı əməliyyatları yüksək qiymətləndirib: "Terrorizm üzərində qələbə çalacağımıza və Suriyanı yenidən quracağımıza ümid edirəm. Hər kəsin sülh içində yaşadığı bir ölkə quracağıq. Tək Suriya rəhbərliyi yox, bütün Suriya xalqı ölkənin gələcəyi prosesində iştirak etmək istəyir. Əgər Rusiya olmasaydı, terrorçular Suriyanın böyük qismini ələ keçirərdi. Suriyada siyasi həllin qarşısındaki yeganə əngəl terrordur. Təbii ki, hərbi əməliyyatların sonunda siyasi addımlar da atılmalıdır".
Suriya prezidenti Bəşər Əsəd Vladimir Putinlə görüşdə terrorçularla mübarizədə etdiyi köməyə görə də Rusiya liderinə təşəkkür edib. "İnterfaks" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. "Hər şeydən əvvəl Rusiya rəhbərliyi və onun xalqına Suriyaya göstərdiyi köməyə görə böyük minnətdarlığımı bildirirəm. Onlar Suriyanın birliyi və müstəqilliyinin arxasında dayanıblar. Ən vacib odur ki, bütün bunlar beynəlxalq qanunvericilik çərçivəsində edilir", - Əsəd deyib.
Suriya prezidentinin sözlərinə görə, böhranın başlanmasından bu yana Rusiya tərəfindən atılan addımlar Suriyada hadisələrin daha faciəli ssenari üzrə inkişafına imkan verməyib. Rusiya prezidenti isə Əsədə problemin siyasi yolla nizama salınmasında kömək etməyə söz verib. Bu arada "Reuters" agentliyinə Türkiyə hökumətindəki yüksək vəzifəli 2 səlahiyyətli bildirib ki, Türkiyə altı ay sonra iqtidardan getmək şərti ilə Suriyada Bəşər Əsədin iştirak etdiyi keçid hökumətini qəbul etməyə hazırdır.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl keçid hökumətində Bəşər Əsədin ola biləcəyi barədə açıqlama vermişdi. "Yeni Şafak" nəşrinin yazarı Abdülkadir Selvi hazırda müzakirə edilən həll planının detallarını qələmə alıb. Yazar qeyd edir ki, Türkiyənin də daxil olduğu və "9-lar" adlanan ölkələr qrupunun təklif etdiyi həll planında Əsədin vəzifəsində səlahiyyətləri məhdudlaşdırılaraq saxlanılması nəzərdə tutulur. Plana görə, "Muhaberat" (Suriyanın kəşfiyyat xidməti) və Suriya ordusu Əsəd deyil, keçid hökumətinə bağlı olmalıdır. Keçid hökumətinin rəhbərliyi həm Əsədin gələcəyini müəyyənləşdirməli, həm də ölkəni Əsəddən sonrakı dövrə hazırlamalıdır. Rusiyanın istəyi isə odur ki, Əsəd müharibə cinayətlərinə görə mühakimə olunmasın, ailəsinin təhlükəsizliyi təmin edilsin və hansı ölkədə yaşayacağına dair özü qərar versin.