Kremlin faciəvi nəticələr verə biləcək yanlışı Dünya

Kremlin faciəvi nəticələr verə biləcək yanlışı

Rasmussen: "Aİ və NATO sayəsində Rusiyanın əsrlər boyu Qərb sərhədlərində axtardığı stabillik artıq əldə edilib"

Cavid

Rusiyanın Ukraynaya qarşı təcavüzü təkcə zərərçəkən insanların sayına görə yox, eyni zamanda tamamilə mənasız olduğuna görə dövrümüzün böyük tragediyalarından biridir. Əslində, Rusiya liderləri Qərbin məqsədlərini yanlış dəyərləndirib və hər iki tərəfin maraqlarına zərbə vuran yersiz qarşıdurma yaradıblar.
İqtisadiyyatları qarşılıqlı əlaqədə olan, Avropada və Avropadan kənarda siyasi hədəfləri üst-üstə düşən Rusiya və Qərb sülhsevər əməkdaşlıqdan çox şey qazana bilərlər. Kreml isə Qərb qüvvələri ilə əməkdaşlıq etmək əvəzinə onlara üz çevirdi. Bunun səbəbi isə Rusiyanın Avropa İttifaqının və NATO-nun müvafiq olaraq, "qonşuluq" və "açıq qapı" siyasəti vasitəsilə tədricən genişlənmələrini özünə qarşı bir təhlükə hesab etməsi idi. Bu da Rusiyanın Ukraynanın Aİ ilə assosiasiya müqaviləsi imzalamaq planlarına Krımı ilhaq etməklə və Şərqi Ukraynada "dondurulmuş münaqişə" yaratmaqla cavab verməsinə gətirib çıxardı.
"Project-syndicate.org" Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi, Anders Foq Rasmussenin bu məsələ ilə bağlı fikirlərini dərc edib.
Rasmussen yazır ki, heç şübhəsiz, Rusiyanın bu düşüncəsi yanlış idi:"2002-ci ildə Danimarkanın baş naziri kimi rəhbərlik etdiyim və Kopenhagendə keçirilən Aİ sammitində ittifaqın ən böyük genişlənməsi üzrə Avropa liderləri arasında razılıq əldə edildi. NATO-nun Baş Katibi kimi isə ən böyük qonşumuz ilə əməkdaşlıq qurmaq üçün NATO-Rusiya Şurasına beş il sədrlik etmişəm.
Həqiqət belədir ki, Mərkəzi və Şərqi Avropanın gənc demokratiyaları sülh, inkişaf və firavanlığın həsrətində olduqlarına görə, Aİ və NATO-ya üzv olmağa çalışırdılar. Aİ və NATO-nun genişlənməsinə səbəb olan amil Rusiyadan bir qisas almaq istəyi yox, həmin gənc demokratiyaların ambisiyaları idi.
Rusiya qonşularının Aİ və NATO-ya qoşulmaq qərarından şikayətlənməməlidir. Belə ki, elə bu qərar özü iqtisadi inkişaf və təhlükəsizlik üzrə irəliləyiş əldə edilməsinə yol açıb. Aİ və NATO qanun aliliyi və azlıqlara hörmət əsasında güclü demokratik qurumların yaradılmasını, sərhəd mübahisələrinin sülh yolu ilə həll edilməsini dəstəkləyib.
Təhlükəsiz və firavan Mərkəzi və Şərqi Avropa hər bir kəsə, xüsusilə də, Rusiyaya fayda verir. Bu gün Aİ Rusiyanın ən böyük xarici bazarıdır. Rusiyanın Aİ ilə sərhəddi isə digər hüdudların ən stabil və təhlükəsiz yeridir.
Əslində, heç bir NATO müttəfiqi Rusiyaya hücum etməz, belə ki, belə bir hərəkət beynəlxalq hüququn əsas prinsiplərindən birini – digər ölkələrin suverenliyinə hörmət prinsipini pozmuş olar. NATO-nun sərhəd mübahisələrinin qeyri-zorakı yolla həll edilməsi öhdəliyi vardır.
Uzun sözün qısası, Aİ və NATO sayəsində Rusiyanın əsrlər boyu Qərb sərhədlərində axtardığı stabillik artıq əldə edilib. Rusiya bunu qeyd etməli və Qərblə əlaqələrini gücləndirmək imkanından istifadə etməlidir.
2009-cu ildə NATO-nun Baş Katibi vəzifəsinə gəldikdən sonra Rusiya ilə əlaqələrin gücləndirilməsini əsas prioritet kimi ön plana çəkdim. 2010-cu ilin sonuna qədər elə görünürdü ki, biz daha sıx əməkdaşlığa doğru irəliləyirik. NATO-Rusiya Şurasının üçüncü sammitində Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyev və sammitdə iştirak edən digər 28 ölkənin prezidenti "həqiqi strateji tərəfdaşlıq" qurmağı öhdəliklərinə götürdükləri birgə bəyanatla çıxış etdilər.
Bunun üstündən beş il keçib və Rusiya artıq bizim üçün strateji tərəfdaş yox, strateji bir problemdir. Hətta Rusiyanın hərbi doktrinasında NATO ölkənin təhlükəsizliyi üçün xaricdən gələn əsas təhlükələrdən biri kimi göstərilir.
Artıq Rusiyanın Qərblə münasibətlərinin yenidən təyin olunmasının vaxtıdır. İlk addımı qarşıdurmanın zərərləri olduğunu və əməkdaşlığın bu zərərlərin əvəzini ödəyə biləcəyini göstərərək Aİ, ABŞ və digər NATO üzvləri atmalıdır. Bu da Rusiyaya qarşı iqtisadi sanksiyaların, Ukraynaya isə iqtisadi yardımın davam etdirilməsi deməkdir. Təhlükəsizlik baxımından NATO ərazi müdafiəsini gücləndirməli, müttəfiqləri də Ukraynaya müdafiə imkanlarını artırmağa kömək etməlidir. Aİ və ABŞ Rusiyaya qarşı sağlam və vahid siyasət izləməyə davam etməlidir.
Bu yanaşma hazırkı qarşıdurmaya son verməyə və Rusiyanın qarşısına Qərblə münasibətlərini bərpa etməsi üçün məcburiyyət qoymağa imkan verir. Əlbəttə, əgər əməkdaşlıq əldə olunarsa, Rusiya razılaşmış olduğu beynəlxalq saziş və normalara riayət edəcəyini göstərərək itirdiyi etimadı yenidən qazanmalıdır.
Uzlaşdırıcı yanaşma münaqişəni uzatmaqdan başqa bir işə yaramayacaq. Qərb nə qədər tez Rusiyanı geri çəkilməyəcəyinə inandırarsa, münaqişə də o qədər tez bitər. Yalnız bundan sonra Rusiya Aİ, NATO və ABŞ-la konstruktiv əməkdaşlıq yoluna qayıdacaq".